“Səsləndirdiyim bəzi
şeirlərə görə
özümdən üzr
istəyirəm”- MÜSAHİBƏ
Həmsöhbətimiz şair, qiraətçi Anar Adildir.
-Səsini, şeiri duymağını çox adam qeyd edir. Buna baxmayaraq digərləri qiraətçi kimi sizdən daha populyardı .
-Ümid edirəm ki, qeyd edənlər, təkcə şeirini səsləndirdiyim adamlar deyil. Şeiri duymağa gəldikdə səsimə uyğun gələn mətni, şeiri səsləndirəndə daha da gözəl alınır. Uzun müddət görmədiyin doğmanı görəndə ona necə sarılırsansa, şeirə də sarılıb sətirlərini qucaqlamaq gərək. Qaldı ki, populyar olmaq, mənim popular olmamağım mənə əziyyət vermir. Mən şeir, mətn səsləndirməsi ilə son iki-üç ildir məşğulam. Düşünürəm ki, hələ pis getmir. Qarşıda aylar, illər var.
- Bu kimi ideyaları gerçəkləşdirmək üçün nə qədər xərc lazım olur. Tutaq ki, bir şeiri yaxşı studiyada səsləndirmək və video-roliklə təqdim etmək üçün.
-İdeya gerçəkləşdirmək, studiyada hansısa səslənən mətnə video-rolik çəkmək elə də xərc aparmaz zənnimcə. Ancaq mənəvi tərəfi doydurmaq üçün, telefonda səsləndirdiyin şeir də kifayət edər. Doğrudur, hər nə qədər də dansaq işimizdə məşhuricahan sevdası var.
-Qiraətdən pul qazana bilirsən?
-Olur. Bərəkətieşq
- Düzünü desək, qiraətlərinə bir qədər məsuliyyətsizsən. Halbuki youtube və digər sosial, media ilə bundan yaxşı qazananlar var. Sənsə bu kimi hallara laqeydsən.
-Bir - iki dəfə cəhd etmişəm yutub səhifəmi genişləndirməyə. Bir - iki baxış olub. O da özüm olmuşam. İnstaqramda, feyzbukda paylaşıram. Qiraətdən elə də pul qazanan yoxdu Yutubda. Varsa da azdır. Yutub baxış sayına görə az məbləğ ödədiyi ölkədi Azərbaycan.
-Hansı meyarlarla şeiri seçib səsləndirirsən.
-Şeiri seçib səsləndirməyim... Hər şairin barmaq sayı ilə sayılacaq, mətni olan şeiri var. Düzdü, şeiri olmayan şairlərimiz də var. Odlar yurdu ölkəsindən əlavə şair yurdu olan yerdə yaşayırıq. Şeiri boylu buxunlu, gödək incə bel, tənqidçilərin tərif atəşinə tutub tərifləməsinə, bəyənisi, şərhi çin səddi boyda olmağına görə yox, alındığına görə uzun ömürlü şeir, mətn olmağına inandığım üçün səsləndirirəm. Bəzən üzümün yumşaqlığına görə səslənənən nələrəsə görə fürsət tapıb özümdən də üzr istəyirəm.
- Saytda bir layihən də var. Səhv etmirəmsə Pərviz Cəbrayıl redaktordu. Düzün de, əsasən öz tanış və dostlarının şeirlərini səsləndirməyi tapşırır, ya necə?
-Bəli, reinkarnasiya layihəsi. Pərviz Cəbrayıl sözə xəyanət edən adam deyil. Belə hal baş verməyib. Baş verə bilməsi də mümkün deyil. Bütün mətni, şeiri olan şair və yazıçıların səslənmələrini layihədə görəcəksiniz. Hissə - hissə baş verir. Ay ərzində iki - üç səslənmə olur.
- Bəziləri deyir ki, mətn yarada bilməyənlər bacarığına uyğun olaraq ya tənqidçi olur, ya da səsi varsa qiraətçi. Səni nə gətirdi qiraətə?
-Söz zatən var. Sözü üzə çıxartmaq. Tənqidini əsaslandıra bilirsə nə gözəl. "Bu şeirdə bölgü pozulub, bu şeir də başı açıq qalıb" deməklə tənqid olmaz. Mən qızıma yazdığım şeiri səsləndirmişəm ilk dəfə. Səslənməyə də belə başlamışam. Hələ də ciddi işlərə imza atdığımı düşünmürəm. Heç vaxt mətbuatda dərc olunmağıma görə 'ah canım redaktorum' ifadəsini sərgiləməmişəm.
- Sayt ətrafı, içində şair və yazıçı, qiraətçi olub bir-birinin reklamıyla məşğul olan ədəbi qurplaşmalar var. Bəlkə biz də "kruq” yaradaq. Sən məni reklam elə, mən də səni. Onsuz da bu gün bir-birini bəh-bəhlə təqdim edənlərin mahiyyəti budur.
- Dairə varsa ora "girmək" üçün gözləməlisən sağı da, solu da. Ən yaxşısı düz getmək. Bəzən o "kruq"a daxil olmaq istəyənlər bayırda qalanda dairənin dar olmasın günahlandırır. İnandırım ki, ürəyi gedir ora üçün. Zatən siz də yaxşı bilirsiniz ki, çox adamı aldadıb şair, yazıçı olmağına. İnandıran sayt, redaktor və.s var. Heyif deyil bu qədər ağaclara?...
-Yaxın zamanlara hansı planların var?
-Qismət olsa "Hüznlü Demokratiya" kitabımı, dünya özünə gələndən sonra dərc etməyi düşünürəm. Şeirlərimi məcburi kiminsə qulağına yeritməmişəm. Gecə 12 dən sonra yazmamışam. Beyin məhsulunu yetişən kimi dərdinsə sənindi. Düşünüb alınmasını istəmədiyim planlarım da var. Konkret bir plan yoxdur. Olacağına inanıram. Fərqli və səbrli.
Söhbətləşdi: Emin
Piri
Ədalət.- 2020.- 9 iyul.- S. 7.