Aşıq
Bilal oğlu Aşıq Ağalar
Təbiətin
oyanan çağında, havadan baharın asılıb
qaldığı vədəsində, səhərin
gözü açılar-açılmaz qara zurnanın
şirin, şaqraq səsi Qəşəd kəndini
başına götürdü. Kalvalı Əli kişinin
zurnasının səsiydi bu. "Cəngi" havasına
oyanan kənd əhli səs gələn səmtə - Mirzə
Bilalın dahrasına axışdı. O Mirzə Bilalın
ki, Qəşəddə, cəmi Şirvanda
çoxlarının evində, ocağında
çalıb-çağırmış,
toy-düyününü şadlandırmışdı. O
Mirzə Bilalın ki, ilk oğul övladı dünyaya gəlmişdi
və çiyin yoldaşı, sənət dostu Kalvalı
Əli Kərimovun gözaydınlığı,
muştuluğu, əhdi idi bu səhər kəndi
başına yığan "Cəngi".
Ad axtarmadılar bu uşağa, zatən adı doğulmamışdan qoyulmuşdu. Aşıq Bilal da, Əli Kərimov da əhd etmişdilər ki, hər ikisi yolunu gözlədikləri övladları oğlan doğularsa, həyatdan nakam getmiş sənət dostları xanəndə Ağaların adını qoysunlar uşaqlara. Beləcə, 1913-cü ilin yazında bir Dədə sənətkarın ocağında sənətə, sənətkara hörmət, məhəbbət, ehtiram, etibar naminə Ağalar adını yaşadan bir oğul da doğuldu.
Böyüdü, sazla, sözlə havacatla. Əhli-hal arasında hal əhli kimi. Nəslinə, şəcərəsinə, irsinə sədaqət və ehtiramla böyüdü. Şirvan aşıq sənətinə və bu sənətin sultanı Aşıq Mirzə Bilalın adına layiq - aşıq Ağalar kimi yaşadı, yaratdı, tanındı.
Hərçənd, söz Şirvan aşığından düşürsə, Şirvan aşıq mühiti və onun özəllikləri barədə qısaca xatırlatma vermək borcumdur. Şirvan torpağı nağılla, dastanla, bayatı, atalar sözləri, lətifələrlə zəngindir. Bu folklorun ən geniş qolu, məxsusi yeri, özünəməxsus xüsusiyyətləri ilə seçilən Şirvan aşıqlığıdır.Şirvan aşıqlığı zəngin bir məktəbdir. Bu məktəbin kökü xalq yaradıcılığına bağlıdır.
Şirvan folklorunun öyrənilməsi və nəşr işləri ilə ardıcıl məşğul olan f.e. doktoru, professor S.Qəniyev göstərmişdir ki, Şirvan aşıq mühitinin regional özünəməxsusluq kəsb etməsində Şirvanşahlar dövlətinin həlledici rolu olmuş, bu dövlətin sərhədləri daxilində mövcud olan Şirvan folklor mühitinin, Şirvan mədəni həyatının tərkib hissəsi, onun bir parçası olmaqla yerli mədəni mühitin başqa layları ilə qarşılıqlı münasibətlərdə olmuşdur. (S.Qəniyev "Şirvan folklor mühiti", Bakı, 1999)
Professor M.Qasımlı özünün "Aşıq sənəti" (Bakı, 1996) monoqrafiyasında aşıq sənətinin genetik qaynaqları, tarixi yaranışı, təşəkkülü məsələlərini diqqətlə araşdırmışdır. Oxu və çalğı üslubunda xanəndə tərzini qabarıq görüntülərlə əks etdirdiyinə görə, Şirvan mühitinin musiqi repertuarı ənənələri aşıq repertuarından xeyli fərqlənir. Bununla belə, Şirvan aşıqlarının musiqi repertuarında Azərbaycan aşıq sənətinə məxsus olan klassik saz havaları da mühüm yer tutur.
Şirvan aşıqlarının XV-XVIII əsrlər üzrə aşıq Dostu Şirvani, aşıq Saleh, aşıq Rüstəm, aşıq İbad, XIX və XX əsrin I yarısı üzrə Baba Rəxsan, aşıq Mürsəl Babaş oğlu, aşıq Soltan, aşıq Qənimət, aşıq Cəlal, aşıq Daşdəmir, aşıq Zeynalabdin, aşıq Bilal, aşıq Şamil, aşıq Abbas, XX əsrin II yarısından sonrakı aşıq Pirməmməd, aşıq Ağalar, aşıq Əhməd, aşıq Şakir, aşıq Qurbanxan, aşıq Pənah, aşıq Bəylər, aşıq Məmmədağa, aşıq Barat, aşıq Xanmusa, aşıq Xanış, aşıq Şərbət, aşıq Rza, aşıq Mahmud, aşıq Yanvar və başqalarının sənət irsi müəyyən qədər öyrənilmişdir və müasir aşıqlarımız üçün örnək, məktəbdir. Bu sənətkarların əldə olunan şeirlərində yaşadıqları dövrün abhavası, yurdumuzun füsunkar gözəllikləri öz poetik ifadəsini tapa bilmişdir.
Keçən əsrin əvvəllərindən başlayaraq, Şirvan aşıq mühitinin zirvəsində taxt-tac qurmuş aşıq Bilal ənənəsi mühitin bir çox ustad sənətkarı tərəfindən təbliğ olunmuş, qorunmuş və zənginləşmişdir. Aşıq Bilal öz ədəbi mövqeyinə görə aşıq poeziyasının ana xəttində özünə elə bir mövqe seçib dayanmışdır ki, ondan sonra yetişən Şirvan sənətkarları Dədə Bilalın təsirindən kənarda qala bilməmişlər. Handa ki, bu sənətkar Dədə Bilalın öz ocağında yetişə, öz varisi, öz canı, öz qanı ola...
Beləcə, aşıq Bilaldan öyüd aldı, dərs aldı Ağalar. Elin ağsaqqalı (gənc yaşından), baş biləni, mirzəsi, şairi, aşığı, nə xoşbəxt ki, onun atasıydı, böyüyüydü. Ruzini el-oba tökürdü başlarından. Məclislərdə yerləri yuxarı başdaydı. Günləri ah-zardan uzaq, toy-düyünlə, çal-çağırla keçirdi. Bəxtəvər idilər, bədnəzərə gəldilər, bəd dillərə düşdülər...
Qara eynəklilər, qara maşınlarda bir gün dayandı doqqazlarında... Millət vəkili, professor Rafael Hüseynov demişkən: - "Haqq aşığını öldürdülər.Haqqın işığını söndürdülər.Günahı o idi ki, aşıqdı.Günahı o idi ki, el-oba onu sevirdi.
Günahı o idi ki, bircə kəlmə "gəl" desəydi, camaat ardınca düşərdi..."
Qara günləri başladı Ağaların. Xoşbəxtliyi kimi təhsili də, aşıqlığı da yarımçıq qaldı. Hər şeylərini aldılar əllərindən, ancaq, qürurlarını itirmədilər. "Xalq düşməninin" oğlanlarının üçü də faşizmə qarşı döyüşdülər. Kişi kimi döyüşdülər. "Düşmən" damğasını,ləkəni sildilər qanları, yaraları ilə adlarından...
Boğazından aldığı yara ilə döndü müharibədən Ağalar. Sanki namərd faşist bu boğazın, bu səsin onunçün, elobası üçün gərəkli olduğunu bilərəkdən qəsd etmişdi ona. Bir müddət məyus oldu. Əlinə saz almağa, oxumağa, aşıb-daşan sənət eşqini hayqırmağa qorxdu. Ancaq, qohum-qardaş, dost-tanış, bu soyun idiminə bələd olan hər kəs: - oxu, - dedi, ürək-dirək verdi ona. Bu bulaq qurumamalıdı, bu çeşmə korşalmamalıdı.
Oxudu. Məclislərə çıxdı. Boy-buxunu da, şəsti də, məclisdə meydangirliyi də eyzən Bilal idi. Şirin-şirin nağıl, dastan söyləməsi, deyişməsi də bənzəyirdi, səsi də... ancaq bir az pəsdən, bir az bəm. Yarası imkan vermirdi. Qara günləri arxada qoyub qalxmağı bacardı Ağalar. Böyük oğul ailəni başına yığdı, dolandırdı. Sazı da əlinə alıb çaldı, çağırdı, yazdı, yaratdı atası kimi...
Görən neyləmişdim çərxi-fələyə,
Gəlmədi axırım, əzəlim mənim.
Bir kəsin bağına daş atmamışam,
Anadan pak olub əməlim mənim...
Yeddi arxam ilə ucadır adım,
Xəlilli nəslidir əslim, soyadım,
Atam Bilal olub mənim ustadım,
Ağalar, qoy bilsin hər elim mənim.
Bəli, beləcə aşıq Ağalar artıq 50-ci illərdə böyük sənətkarlar yetişdirən Şirvan aşıq mühitinin gerçək ustadına çevrildi. 300-dən çox şeiri, 4 dastan-rəvayəti və qəlb titrədən avazı ilə yaddaşlara hopdu.
Yaradıcılığını nəzərdən keçirərkən klassik aşıq poeziyasının ənənələrinə sadiq qalan aşıq Ağaların şeirlərinin janr və üslub əlvanlığı diqqət çəkir. Bu baxımdan onun gəraylı və qoşmaları daha səciyyəvidir.
(ardı
növbəti sayımızda)
Yaqut
Bahadurqızı,
Filologiya
üzrə fəlsəfə doktoru
Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir.
Ədalət.-
2020.- 9 iyul.- S.7.