Məşhur bir şeirdə
yanlışlıqlar
Babalarımızın " yanlışlıq da bir naxışdır” fikri heç də həmişə özünü doğrultmur. Mən bu qənaətə satirik şeirimizin bayraqdarı Qasım bəy Zakirin məşhur "Durnalar” qoşmasını bir daha oxuyanda gəldim.
Mən, yanlışlığı hələ orta məktəbdə Qasım bəy Zakirdən əzbərlədiyimiz və dəfələrlə nəşr olunmuş "Durnalar” şeiri ilə görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı” kitabında Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin və Qasım bəy Zakirin eyni məzmunlu, lakin fərqli hissiyatlarla yazılmış "Durnalar” qoşmasının müqayisəsində gördüm.
Qasım bəy Zakirin vəfatı tarixindən altı il sonra anadan olmuş Firidun bəy Köçərli yeniyetməlik və gənclik illərində, necə deyərlər, şairi görənləri görmüşdü. O özü bu barədə belə yazır:
"Qasım bəyi görənlərin, o cümlədən mən fəqirin atası mərhum Əhməd bəy Köçərlinin rəvayətinə görə, o zati-şərif xoşsurət və xoşsima, ağ bədənli, uca qamətli, zəifülbünyə bir vücud imiş. Göyçək , ağıllı və göy rəngə mail gözləri var imiş. Simasından, hərəkət və süknasından asari-nəcabət və rəşadət görünərmiş. Danışığı fəsih və sövtü dilkəş olmağa görə, çoxların özünə mail edərmiş və o danışanda ona qulaq asmamaq olmazmış”.
İndi gələk Qasım bəy Zakirin "Seçilmiş əsərləri” ndə zaman-zaman çap olunmuş "Durnalar” qoşmasına. Qasım bəyin "Seçilmiş əsərləri”ndəki "Durnalar” qoşmasını Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı” kitabındakı "Durnalar” ilə tutuşduranda xeyli misra və bənd fərqləri gördüm. Görünür hansısa naşı redaktor sovet dövründə senzuradan çəkinərək çar Rusiyası dövründə yaşayıb yaratmış şairin şeirinə "əl gəzdirməyi” vacib sanmışdır. Müqayisə üçün nəzər salaq. Qasım bəyin "Seçilmiş əsərləri”ndə "Durnalar”ın ilk bəndi belədir:
Bir saat havada qanad saxlayın,
Nizam ilən gedən qoşa durnalar!
Qatarlanıb nə diyardan gəlirsiz
Qaqqqıldaşa-qaqaıldaşa, durnalar?
Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı” kitabında:
Bir saat havada qanad saxlasın,
Rəhm edin didəmdə yaşa, durnalar!
Qatarlaşıb hansı yerdən gəlirsiz,
Qaqaqıldaşı-qaqqıldaşa, durnalar?!
Şübhə etmirsən ki, Qasım bəy "Nizam ilə gedən qoşa durnalar” yox, məhz elə bu cür yazardı: "Rəhm edin didəmdə yaşa, durnalar!”.
Çox güman ki, Zakir bu "Durnalar” qoşmasını müasiri, çar Rusiyasının məmur-hakimi Mouravov-Tarxanovun hökmü ilə Bakıya sürgün edilib gözdustağı edildiyi dövrdə yazmışdır. Əks təqdirdə şair belə yazmazdı:
Bu viladə hər gün tökülür qanlar,
Yavaş-yavaş keçin, səsniz anılar.
Laçın yatağıdır bizim məkanlar,
Qorxuram sürbəniz çaşa, durnalar!
Şairin "Seçilmiş əsərləri”ndə isə ikinci bənd belədir:
Mən sevmişəm yarın ala gözünü,
Nəsib ola bir dəm görəm üzünü;
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?!
Firidun bəyin təqdimatında bu bənd qoşmanın dördüncü bəndidir və xeyli fərqlidir.
Mən sevmişən onun çəmən-düzünü,
Nəsib ola bir də görəm üzünü,
Yoxsa danışırsız vətən sözünü,
Veribsiniz nə baş-başa, durnalar!
Görünür naşı redaktor Zakirin yurd həsrəti ilə yazdığı "Mən sevmişəm onun çəmən-düzünü” misrasını düz başa düşməyib, "Mən sevmişəm yarın ala gözünü” kimi yazaraq yanlışlığa yol verib. Zakir durnalara müraciətlə soruşur ki, "Yoxsa danışırsınız vətən sözünü”, məmur-redaktorsa sovet dövründə "vətən sözü”ndən ehtiyatlanıb, onu "dilbər sözü” ilə əvəz edib və qaş qayırdığı yerdə vurub gözünü çıxardıb.
Zakir yazır ki:
Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz vətən deyib ağlaram,
Mən də sizin kimi qəribi-zaram,
Eyləməyin məndən haşa, durnalar!
Vaxtilə bu gözəl şeirdə düzəlişlər edən redaktor klassik şairimizə "vətən deyib” ağlamasını rəva bilməyib, "canan deyib” ağlamasını daha münasib bilibdir. Amma təəssüf:
Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib ağlaram,
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin məndən haşa, durnalar!
Klassik şairlərimizin şeirlərində çətin anlaşılan ərəb-fars tərkibli sözlərə rast gəlmək olar, ancaq məntiqsiz misralara yox, ona görə də onların poeziyasına müdaxilə etmək yanlışlığa yol açar.
Qasım bəy
Zakirin şəxsiyyəti
və yaradıcılığı
hər zaman ehtirama layiqdir. Çünki, "Zakirdən əvvəl elin və xalqın
dərdlərindən, sözgəlişi
qəbilindən olaraq,
üstüörtülü surətdə bir və ya iki
beyt yazan tək-tük şairlərimiz
olmuşsa da, Zakir kimi cəsarətli,
hər bir sinfin eybini, suçunu apaçıq üzünə çırpıb
xəyanət və cinayətin də tamamilə gözlərinin
içinə söyləyəni
olmamışdır” (Salman
Mümtaz).
Mustafa
Çəmənli
Ədalət.- 2020.- 9 iyul.- S. 6.