"SÖZÜN XAQANI” HAQQINDA SÖZ 

Salam olsun, çox dəyərli oxucum! İnanıram ki, bu söhbətimiz də maraqlı alınacaq. Belə əminliyimi şərtləndirən başlıca amil mövzunun əhəmiyyətli və vacib olmasından qaynaqlanır. Özünəqayıdış dönəmini yaşadığımız bir zamanda belə söhbətlərə mümkün qədər çox yer verilməli və vaxt ayrılmalıdır.

Bax elə adi bu sadaladığım “yer”, “vaxt” anlayışlarının uzlaşmasında apardığımız söhbət əslində özgözlüyündə bir “hadisə”-dir. Və artıq bu üç anlayışın bir arada olması isə tarix deməkdir. Tarix isə bizim iradəmizdən asılı olmayaraq artıq yaşanmış an, baş vermiş hadisə, gələcəyə özül olacaq keçmişdir. Məhz bu səbəbən vaxtaşırı tarixə müraciət etmək, soy-kökümüzü tanımaq, tanıtmaq vacibdir. Ədəbiyyat tariximizə baxdıqda, A. Bakıxanov, İ. Qutqaşınlı, M. S. Ordubadi, Y. V. Çəmənzəminli, Makulu, S. Vurğun, B. Bayramov, İ. Şıxlı, İ. Əfəndiyev, İ. Muğanna, Ə.Cəfərzadə, F.Kərimzadə ənənələrinin Y.Oğuz, Ə.Nicat kimi tanınmış, müasirlərimiz olan yazarlar tərəfindən bu gün də uğurla davam etdirlməsi sevindirici haldır. Ancaq, olduqca sevindirici hal odur ki, bu sahədə görülən işlər bununla kifayətlənmir. Məsələn, son iki ildə tanış olduğum kitablardan yuxarıda sadaladığım müəlliflər qədər məşhur olmayan müasirimiz şair-publisist Qələndər Xaçınçaylının “Güllə işığında” və yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povestləri tarixilik baxımından misilsiz sənət əsərləridir. Bugünkü söhbətimizin mövzusu isə ən son tanış olduğum “Sözün xaqanı” kitabı barədə olacaq. Kitabın müəllifi artıq ədəbi mühitdə öz sözünü demiş, istər şeirləri ilə, istərsə də publisistik yazıları ilə oxucu rəğbətini qazanmış Sona Abbasəliqızı İsmayılovadır.

QISA ARAYIŞ :

Sona Abbasəliqızı Göyçə mahalında anadan olub. BDU-nun (keçmiş ADU-nun) Jurnalistika fakültəsini bitirib.

Səkkiz kitab müəllifidir.

Azərbaycan yazıçılar və Jurnalistlər, İraq-Türkmən Yazıçılar, Özbəkistan Yazıçılar Birliklərinin üzvüdür. Dəfələrlə Dövlət tərəfindən mükafatlandırılıb. "Ziyadar"mükafatına layiq görülmüşdür.

Uzun müddət dövrü mətbuatda məsul vəzifələrdə çalışıb. "Sözün xaqan"-ı romanı müəllifin doqquzuncu kitabıdır. Çıxarılan hər kitabı çalışdığı Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilir.

Sona xanım artıq 32 ildir ki, Neft şirkətində çalışır. Yüzlərlə Vətən həsrətli şeirlərin, bir-birindən oxunaqlı hekayələrin, iki povesti, məqalələrin və ən nəhayət səkkiz bədii və publisistik kitabın müəllifidir. Haqqında söhbər açdığımız “Söz xaqnı” müəllifin oxucularla doqquzuncu görüşüdür.

Kitabda adı keçən romandan əlavə “Tale yolu” adlı bir povest və “Ümid”, “Ürək unutmur”, “Səssizliyin səsi” kimi üç hekayə də yer alıb. “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabın naşiri, redaktoru və eyni zamanda ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Nadir Məmmədlidir. Bundan əlavə Ağri İbrahim Çeçen Üniversitesi Eğitim fakültəsi dekani və Atatürk Üniversitesi Kazim Karabekir Eğitim fakültəsi yabanci dillər Eğitimi bölüm başkanı alman dili eğitimi ABD başkani Professor. Dr. Melik Bülbül kitaba tarixilik baxımından dəyər qazandıran son söz yazmışdır.

“Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn, yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır.

Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı”tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış Əfzələddin Xaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır.” – Bu fikirlər məhz hörmətli professorumuz Nadir Məmmədlinin kitaba yazdığı ön sözdəndir.

 

Mənim fikirlərimə gəlincə Hüseynbala Mirələmovun “Son səfər” povesti Nəsimi haqqında, Nəsimi dövrü haqqında, həmin dövrün Şamaxısı, Azərbaycanı – yəni bu coğrafiya üçün zəruri məlumatlar baxımından nə qədrər qiymətlidirsə, Sona Abbasəliqızının “Sözün xaqanı” romanı da Xaqani - Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. – haqqında, onun yaşadığı dövür haqqında məlumatlılıq baxımından zəngin mənbə hesab oluna bilər. Ümumiyyətlə, onu qeyd etmək istəyirəm ki, Sona xanım tarixi roman janrına yanaşması, bu yanaşmada qarşıya qoyduğu məqsəd və nailyyəti alqışa layiqdir. Əsərin sonluğunu nəzərə almasaq demək olar ki, təbiət mənzərələrindən tutmuş, insanların davranışları, müxtəlif hadisələrin təsvirləri, dialoqların tərtibi, müəyyən söz və ifadələrdən yerində, düzgün istifadə etmək kimi bütün zəruri məsələlər uğurla öz həllini tapmışdır. Yuxarıda qeyd etdiyim kimi yalnız sonluq hissədə, artıq roman bitdikdən – hər şey gözəl başlayıb, inkişaf edib, yekunlaşdıqdan - sonra hansısa texniki səbəbdən zamanın itməsi, uyğunsuzluq baş verir. Bu halla biz nəsr əsərlərinin çoxunda məhz sonluqda rastlaşırıq. Belə hallarda müəlliflər ya bilərəkdən bu addımla nəsə əlavə bir məlumat çatdırmaq istəyirlər, ya da sonluqda müxtəlif səbəblərdən, bəlkə də ani diqqətsizlikdən xırda qüsurlar yaranır. Ancaq onu da əlavə etmək istəyirəm ki, bu uyğunsuzluğun həmən ardından “... Təbrizin mərkəzində də Bakıdakı kimi yaraşıqlı, güllü-çiçəkli Xaqani parkı var. Parkın girəcəyində Əfzəlləddin Xaqaninin şərəfinə böyük və əzəmətli bir abidə də ucaldılıb. Xiyabanın yaxınlığında “İslamın Firuzəsi” adlandırılan Göy məscid, məscidin içərisində Həqiqi təxəllüsü ilə tanınan hürufi şair, Qaraqoyunlu dövlətinin Beşinci Sultanı Müzəffərəddin Cahan şahın və onun xanımının dəfn olunduğu məqbərə yerləşir. Cahan şah Həqiqi Azərbaycan türkü idi... Şairlər məqbərəsində isə şamaxılı Azadlıq zəvvarının – əslən oğuz türkü olan Xaqani Şirvaninin başdaşına bu sözlər yazılıb: “Bu qəbir rəhmətlik, bağışlanmış, filosofların və şairlərin böyüyü, həkim Əfzələddin İbrahim Xaqani ibn Əli Şirvaninindir. Hicri beş yüz doxsan beşinci ilin şəvval ayı” 21 . ... Burada uyuyan dörd yüzdən çox şairin cərgəsindən sanki söz mülkünün xaqanının – orta əsr Şərq intibahının "Zöhrə ulduzu" sayılan Xaqani Şirvaninin ölməz və əbədi səsi gəlir: “bir əcəm türküyəm... Tanrı istəyən... ” … “

belə bir gözəl sonluqla öz fikrini tamamlayır və oxucuda tam fikir formalaşmasına xidmət edən bitkin məlumat ötürməyi bacarır.

“Sözün Xaqanı” romanı haqqında təsuratlarımı aşağıdakı kimi yekunlaşdırmaq istəyirəm:

- Müəllifin romanı yazmağa ciddi hazırlaşdığı, mütaliəsi və səfərlərinin nəticəsi göz qabağındadır. Bu təqdirəlayiq və bütün gənc yazarlara tövsiyə olunmalı bir örnəkdir,

- Romanın həcmi müasir tələblərə tam cavab verir,

- Dili səlisdir və aid olduğu dövrlə səsləşir,

- Tarixilik baxımından zəruri məlumatlarla zəngindir,

- Ən əsası olduqca vacib bir mövzuya müraciət etməklə əslində cəsarətli bir addım ataraq ədəbiyyatımıza gözəl, bitkin, tam məlumat yüklü bir əsər qazandırmışdır. Nəzərinizə çatdırıram ki, görkəmli şairimiz Məmməd Rahimin “Xaqani” mənzum dramından sonra Xaqani haqqında ikinci iri həcmli əsər, nəsrdə isə ilk nümunədir. Bütün bu sadaladıqlarıma görə Sona xanımı təbrik etmək olar.

Qeyd etdiyim kimi kitabda adı çəkilən romandan əlavə bir povest və üç hekayə də var. Kitabın diqqətəlayiq xüsusiyyətlərindən biri də odur ki, bu povest və hekayələrin də ruhu kitabın ümumi ruhu, abu-havası ilə uyğunluq təşkil edir və özünəməxsus xüsusi bir vəhdət yaradaraq birlikdə tarixilik ampulasından çıxış edirlər.

Sonda yenə söhbətimizin əvvəlindəki məsələyə qayıtmaq istəyirəm. İlk öncə Sona xanıma belə bir xeyirli işə imza atdığına görə təşəkkür edir, sonra üzümü gənc yazarlara tutaraq demək istəyirəm ki, araşdırsalar nə qədər haqqında yazılmalı Kərəmlilərimiz, Nəsimilərimiz, Xaqanilərimiz, Hadilərimiz, Qəmküsarlarımız var... Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib sona qədər həmsöhbət olduğunuz üçün qarşınızda baş əyir və sonsuz təşəkkürlərimi çatdırıram.

 

Zaur Ustac,

şair-publisist.

Ədalət.- 2020.- 9 iyul.- S.6.