Canavarlar Qarabağda
qaldı
...Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan.
Sözlü qızlar sevgilərini qaçaqaçda
salıb itirdilər...
Bakıda doğulub. Yaşı çatmayıb Qarabağdan
qaçanların cərgəsinə qoşulmağa. Ruhu köçkündür.
Didərgin kimi gəzir Bakı küçələrini. Şeirləri
həmişə ələ verir onu. Ağdam səngərinin havası
var bütün şeirlərində. Bütün köçkün
uşaqların taleyini yaşayır, onların acısına ağlayır.
Ana bətnində didərgin düşən uşağı da
onun hissləri kimi özündə, ruhunda duyur:
Gedir bir qadın -
bətnində körpəsi,
kürəyində ayağını itirmiş əri...
Bir qadın gedir,
bətnindəki uşaq da
Addımlayır atasının yerinə...
Qadının canında gizli bir üşütmə:
- Sabah deməzlərmi,
bu körpənin ayaqları kimdəndir?!
Müharibədən sonralar müharibədən daha dəhşətli
olur. Əsl müharibələr müharibə bitdikdən sonra
başlayır. Sonanın düşmən yerlərini bilməsin
deyə, övladının ağzını yumub nəfəsini
kəsdiyi kimi... Müharibədən sonranın uşaqları,
uşaqlıqları ömrü boyu travma və ya nəfəssiz
yaşayır bu dünyanı.
Bizi müharibə şeirləri doğmalaşdırdı.
Sonra Gənc Ədiblər Məktəbi, həyat yolu, acılar,
sevinclər... Bəlkə də onu tanıdığıma görə
şeytani bir hisslərimə minnətdaram. Müharibələrə
təşəkkür edirəm, hər atılan mərmiyə
toplara, tanklara təşəkkür edirəm, nə yaxşı
faciələr var deyirəm. Olmasaydı, onu tanımazdım. Müharibələrdə
və onun yaratdığı bütün uşaq ölümlərini
metamorfoz bildi. Onun şeirlərində bütün uşaqlar ölsə
də, ölmədi... Hər biri mələyə çevrildi.
Yer üzündə bir uşaq azalır, göy üzündə
bir mələk artır.
Əsəbiləşər, amma dalaşmaz, sənə olan
hirsini Heminqueydən, Ekodan, Nabokovdan, Vonnequtdan və başqalarından
çıxar. Onların kitabını oxumaqla...
Sevgidə qürur gözləmir, bütün insanları sərhədləri
aşmağa, ruhu azadlığa təslim edib parabüzənlərə
qoşulub uçmağa səsləyir:
Göndərməyin parabüzənləri
sevdiyinizin arxasınca,
düşünün.
Bəlkə də,
barmağınızın ucundakı böcək
elə sizi aparmaq üçün gəlmiş...
Müharibələri evə, mental dəyərlərin yaratdığı
məişət qovğasına kimi gətirir. Bəlkə də
bütün müharibələr bizim kiçik daxmalardan çıxan
"səni sevmirəm" sözüylə başlayır. Elə
bütün müharibələr. Sevgisizlik, anlayışsızlıqdan.
Körpə gözü önündə döyülən anaların
hayqırtısıdır, o körpələrin üsyanıdır
bütün dünya müharibələri. "Ata, anamı döymə"
deyən qızcığazın ümididir müharibədə
atəşkəsin yaranacağına.
Ona yaşamaq sadəcə fel kimi maraqlıdır. Paltosunun
deşiyini sorğu-suala tutan küləyi üşüsə
sinəsinə sıxıb nəfəsiylə isidər.
Ana ola bilməyən bütün qadınların üzünə
baxa bilmir. Doğulmamış uşaqlara görə üzr istəyir
o qadınlardan, utanır onlardan. Peşmandı doğulduğuna...
Amma yenə də o "ana"ların sığala həsrət
əllərinə bir bəhanə tapır, bir pişik balasını
və s...
Bilməzsiniz
sizə həsrət qalanların
evdə pişik saxlamasının ağrısını.
Qonşuda bir qadın var
dibçəkdəki güllərinə
qızım deyir, pişiyinə oğlum...
Şuşanın musiqi estetikası, mədəniyyəti, ritmi
şeirlərinə, davranışına qədər sirayət
edib. Kimsənin ciddiyə almadığı birini saatlarla dinlər,
dərdini bölüşməsini gözlər, sonra Orxan Pamukdan
müsahibəsi də dərc olunar.
İki şəhər arasındakı zaman tunelində var-gəl
edir. Bəlkə də İstanbulda oxuması bir bəhanədir
səmaya qalxmaq üçün. Əli Kərimin "Aut"
şeirindəki kimi. Yerdən görə bilmədiyi Qarabağ
torpaqlarını səmadan görə bilmək, təyyarə
pəncərəsindən ana bətnindən didərgin düşdüyü
o yurda əl yelləmək...
Savadlı, yoxsa istedadlı deyimlərinin tutduğu ədəbi
mühitimizdə heç birinə aid olmayan tək-tük şəxslərdəndir.
O, savadlı istedaddır.
Sevgi və sevişməyi vəhdətdə tutur. O zamana kimi
sevişmə ruhsal olsun, heyvani düşüncələrin instinkti
deyil. Qadın əzablarına ağlamaq da var taleyində:
Tərləmiş qadının
bədəninə baxanda anladı ki,
indi o bütün bədəniylə ağlayır...
Qadın da anlamışdı.
Bayaq ona möhkəm sarılan kişi
sevişmirdi,
Özünü çarmıxa çəkirdi
qadının bədənində...
Süqut etmişdi qadının içindəki
son sərkərdə-ümid.
Kişi stolun üstünə
bir az pul qoyub çıxmışdı...
Ruhsal aləmdə gəzintilərdən sonra erotizmin akkordunu
da vurur Hitlerin katibəsi vasitəsilə. Müharibə həm
də erotikadır... Qadın köynəyinin düymələri
minalar və ya minalanmış ərazi, ayaqların səmaya doğru
işarəsi isə kapitulyasiya və ya təslimçilik...
Anaların hörmədiyi qızların saçı uzanmır
deyərək Şərqdə arzulanmayan qız körpələrini
hamıdan çox sevir. İmkanı olsa oyuncağı olmayan
bütün körpələrin kuklası olar özü.
Yazıya baxıram, adını belə çəkmədim.
Onsuz da bütün sözlər, adlar uydurmadır, var olan, həqiqətsə
bircə ruhdur. Duyduqların, yaşadıqların, yaşatdıqların,
yaratdıqların elə sənin adındır.
Yazını elə insan gülüşünə həsrət
masalara, tənhalığa - mənə həsr etdiyi şeirlə
bitirirəm.
Undergraund
(Emin Piriyə)
Nə gözlərindən, nə əllərindən
içməyindən tanıyıram adamları.
Boş verin, "Bədən dili" seminarlarını.
Nizami küçəsində
"Əyyubun kafesi" dediyimiz o zirzəmidə,
Yeraltı Aidin səltənətində
nə adamlar gördük, nə içkilər içdik,
nə söhbətlərə şahiddir o kafenin qulaqları.
Axtarsanız, nisyə dəftərlərini
görəcəksiniz tanıdığınız şairlərin
adlarını.
- Ofisiant!
- Masaya içki gətir ən acısından!
Qədəh-qədəh həyatlarını yaşayanları,
içib dava salanını, ağlayanları
görmüşəm o zirzəmidə.
Adamlar görmüşəm orada
gözlərində həyat əlaməti yox.
Adamlar görmüşəm
kafenin sınıq güzgüsündə
özünü öpəcək qədər
tənha, kimsəsiz, heç nəsiz,
şeirləriylə yox, yaşadıqlarıyla şair.
Adamlar görmüşəm
özünü unudub gedən
sonra qayıdıb deyən:
- bağışlayın, "mən"i görməmisiniz
ki?
təxminən mən yaşdadır, mən boyda,
gözləri qəhvəyi, qıvrımsaçlı,
amma məndən bir az kədərli,
amma məndən bir az tək,
amma məndən bir az qərib,
çiyinləri mənimkindən bir az bükülü...
- Ofisiant!
- O televizorun səsini azalt!
Masamızın üçüncü qonağı olardı
Ahmet Kayanın "Yetiş nerdesin"i.
Amma masaya yaxınlaşıb
"Nəsə lazımdır?" - deyən
ofisiantdan başqa heç kim gəlməzdi...
Soyuq qış axşamlarında
ürəyimizi sevgiylə
dodaqlarımızı şeirlə isidərdik....
Badələr dolur, badələr boşalır...
Dost, dur gedək, Yeni il yaxınlaşır.
- Ofisiant!
- Bu ömrün hesabını gətir!
Emin
PİRİ
Ədalət.-
2020.- 18 iyul.- S. 11.