“Əfsanə
adam”
Azərbaycan Jurnalistikasının
tanınmış nümayəndələrindən biri, görkəmli
ictimai xadim Aydın Quliyevin 60 yaşı tamam olur.
Qələmin, sözün, müqəddəsliyini həmişə uca tutan, istedadlı insanları yaman gözlərdən qoruyan, sadə, səmimi, xeyirxah, kövrək, Aydan arı, sudan duru, sözü qılınc, özü dağdan ağır məğrur kişi, ürəyi, qəlbi doğma Vətənlə döyünən misilsiz Azərbaycan oğlu Aydın Quliyev!
Xasiyyəti, xarakteri ilə doğulduğu Naxçıvan torağına bənzəyən Aydın bəyin bu sözləri onun portret cizgilərini gözlərimiz önündə necə də aydınca canlandırır: "Tanıyanlar xarakterimə bələddirlər. Mənim aləmimdə insan daxilən özünü hansısa mərtəbəyə layiq bilirsə, bu ləyaqətli düşüncələrini bütün şəraitlərdə, bütün məqamlarda hörmətli, izzətli tutmağı bacarmalı və onu ayaqlar altına atıb urvatsız etməməlidir.
Əgər düşüncələrini həyata keçirmək üçün məmur qapılarında boyun bükdüsə, "mənə onu verin, bunu verin” kimi təmənnalarda bulundusa, həmin anda insanın şərəf və ləyaqətinin zədələnmiş olduğunu düşünürəm. Təvazökarlıqdan uzaq olsa da deməliyəm... bu yaşda, bu təcrübədə Azərbaycanda yeganə baş redaktoram ki, heç bir fəxri adım yoxdur...”
Təmənnasız sevgisi ilə yurdunu-yuvasını, dostlarını, doğmalarını, süsləyən Aydın bəyə Xəlil Rza Ulutürkün bu misraları necə də yaraşır:
Gözəl yaşamışam mən öz ömrümü,
Onu zərgər kimi naxışlamışam.
Gül, çiçək kimi yox, duz-çörək kimi
Möhtac olanlara bağışlamışam.
Dövlətimizi,dövlətçiliyimizi öz canı qədər sevən Aydın bəyin böyük Heydər Əliyev sevgisi var. Ulu öndər haqqında ilk analitik kitabın müəllifi olduğu üçün bu gün də qürur hissi duyur. Heydər Əliyev kimi təmannasız, son nəfəsinədək xalqının, insanlığın, bütövlükdə bəşəriyyətin uğrunda mübarizə aparan böyük insanları öz idealı sayır.
Heydər Əliyevin siyasi fəaliyyətinin ən çətin vaxtlarında onun yanında, yolunda olan azsaylı insanlardan olduğu üçün özünü xoşbəxt sayır.
Aramızda bir mərtəbəlik məsafə var. "Azərbaycan” nəşriyyatinin altıncı mərtəbəsində yerləşən, baş redaktoru olduğu "Bakı-Xəbər” qəzeti ilə təsisçisi və baş redaktoru olduğum "Yada düşdü” jurnalı arasında qəribə bir dostluq, mehribanlıq, simsarlıq körpüsü var.
Başçılıq etdiyim Respublika "Xatirə Kitabı ” redaksiyasının Qarabağ uğrunda şəhid olan igid oğullarımız haqqında nəşr etdirdiyi silsilə kitabların mətnləri də öncə Aydın bəyin təşəbbüsü ilə "Bakı-Xəbər” də işıq üzü görüb həmişə.
Qəzetlər tarixin birinci qaralama nüsxəsi, həm də salnaməsidir. Mətbuatın bu bol vaxtında Respublikamızda ən isti, aktual, mötəbər xəbərləri məhz "Bakı-Xəbər”də tapmaq mümkündür, -desəm heç də yanılmaram.
Rəhmətlik yazıçı Nahid Hacızadə həmişə zarafatla deyərdi: "Bu əfsanəvi Aydın bəy belə orijinal başlıqları hardan tapır görəsən? Qəzeti əlinə alan kimi başlıqlar sənə qəzeti əlindən yerə qoyma deyir”.
Hərdən mənə elə gəlir ki, hamıya çətin, ağır iş kimi gələn qəzetçilik Aydın bəy üçün asan, su içimi kimi bir işdir. Hansısa Amerika yazıçısının sözləridir: "Yaxşı qəzet, nüfuzlu mətbuat millətin öz-özü ilə söhbətidir”. Bu fikirlə mən də razıyam. Gündəlik ictimai-siyasi həyatımızda baş verənlər üçün birinci ağlımıza gələn fikir bu olur ki, "görəsən qəzetlər bu barədə nə yazırlar?”.
Qəzetçilik Aydın bəy üçün rənglər, səslər içində uyuyan sehirli bir dünyadır. Hər yazının boyunu, biçimini, yerini, təsir gücünü ondan yaxşı bilən yoxdur. Qələm dostumuz keçdiyi bu şərəfli ömür yolu ilə böyük təcrübəyə, ilahi qüdrətə malikdir.
İstər ziyalı insan, istər peşəkar jurnalist, istər görkəmli ictimai xadim, istər siyasi analitik, istərsə də nüfuzlu müəllim... hər sahədə o parlaq simadır.
Ancaq onun ən qiymətli sərvəti böyük şəxsiyyət olmasıdır. 60 illik ömründə sarsılmayan, basılmayan, qoltuqlara qısılmayan, mərd-mərdanə kişi ömrü, ziyalı, jurnalist, ömrü yaşayan görkəmli ictimai xadim Aydın Quliyev ömrünün ən müdrik, ən gözəl çağlarını yaşayır.
Ad günün mübarək, əfsanə adam,
Açılan bu sabah yubileyindi.
Gənciyin uzaqdan əl edir sənə,
Günlər yel qanadlı, illər yeyindi.
Naxçıvan qüruru hopub ömrünə,
Ruhunda igidlik, mərdlik ətri var.
Ürəyin bir ovuc yurd yaddaşıdır
Nağıla bənzəyir keçdiyin yollar.
Bir zülmət gecədə Ay işığıtək
Hər gün əməlindən boylanır
adın.
Nəciblik önündə güzgüyə dönən
Mənalı ömrünün gözləri
aydın.
Alın yazısımı, can yanğısımı
Bu altmış naxışlı ömür-gün
yolu?
Köksündə döyünən o geniş ürək
Vətən sevgisiylə doludur, dolu.
Bütün gözəlliklər saralıb, solur
Yaxşılıq solmayan bir yaraşıqdır.
Aydın sabahlara bizi aparan
İynənin gözündən keçən
işıqdır.
Tanrının bəxtinə yazdığı tale
Sənin əllərinlə naxışlanıbdır.
Xeyirxah əməllər, kövrək nəğmə tək
Haqqın qapısında alqışlanıbdır.
Namərdə, nakəsə arxa çevirib
Alnından öpmüsən yaxşılıqların.
Bəzən günahını əfv eyləmisən
Qabağına keçən naşılıqların.
Sınmadın zamanın tufanlarında
Adını, andını uca saxladlın.
Ayların, illərin tutub əlindən
Ömrün "altmışını” gəlib
haqladın.
Haqqın işığında sən yol gedirsən,
Amalın müqəddəs "Quran” boydadır.
Arzu zirvəsinə sərib baxdığın
Vətən xəritəsi Turan boydadır.
Səni ucalığa ucaldan qələm
Hər gün gəlib keçir söz işığından.
Ürəyin bir yanar ocağa dönüb
Hamıya pay verir öz işığından.
Qeyrət kitabıdır mənalı ömrün,
Qəlbin dənizlərdə bir yaşıl ada.
Dostların könlündə sən bir nəğməsən
Uzaqdan yol gələn, əfsanə adam.
Yaşa, yarat, əziz dost!
Dostların, doğmaların, xalqınla xoşbəxt ol!
Sən xoşbəxt olmağa layiqsən, əfsanə Adam!
Məmmədli, Nəzakət.
Ədalət.- 2020.- 18 iyul.- S. 12.