“Əməkdar jurnalist” adını alanların təəssüratları
Milli mətbuatın
yaranmasının 145 illiyi
ilə əlaqədar
olaraq ölkə prezidenti İlham Əliyev bir sıra jurnalisti fəxri fərman və adlarla mükafatlandırıb.
"Əməkdar jurnalist” adını alan həmkarlarımız bu barədə təəssüratlarını adalet.az-a bölüşüb.
Faiq Qismətoğlu:"İnsan öz halal haqqını alanda ondan böyük şirinlik ola bilməz. Insan öz istedadının, zəhmətinin bəhrəsini görəndə onun Allaha və dövlətə inamı daha da artır. Əgər bir şeyi sənə Allah qismət edibsə, onun qarşısını heç bir mənbə kəsə bilməz. "Qurani-Kərim”də buyrulur ki, gərək hər şeyi Allah istəsin. O istədikdən sonra həmin arzuna qovuşa bilərsən. Görünür, Allah da məni yaddan çıxarmayıb. Mən bu mükafata görə cənab prezident İlham Əliyevə qəzetimizin təsisçisi, baş məsləhətçisi Aqil Abbasa, baş redaktor İradə Tuncaya minnətdarlığımı bildirirəm. Çünki onlar mənim ailəmi, balalarımı, nəvələrimi sevindiriblər. Sevinc göz yaşından gözəl nə ola bilər? Bu ad münasibətiylə yüzlərlə dostlarım mənə zəng edərək təbrik ediblər. Hamsına minnətdaram. Allah bu ölkənin prezidentini və xalqımızı qorusun. Qoy almayanlar da , haqqı olanlar da nə vaxtsa əməkdar jurnalist adını alsınlar və onun şirinliyini hiss eləsinlər. "
Sevinc Vaqifqızı:"Əməyimə verilən ən yüksək dəyər kimi qiymətləndirəm bu mükafatı. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuatımızın 145 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda adımı görmək böyük qürur hissi yaşatdı mənə. Cənab Prezident başda olmaqla üzərimdə əməyi olan müəllimlərimə təşəkkür edirəm. "APA QROUP "da çalışıram və bu dəyəri bütün həmkarlarıma verilən ən böyük mükafat hesab edirəm.”
Aydın Bağırov:"Dövləti tərəfindən öz sahəsi üzrə ən ali mükafata layiq görülmək bir yaradıcı insan üçün yüksək stimul, böyük motivasiyadır. Həm də işə yeni sevgi, ciddiyyət və məsuliyyət deməkdir. Çalışacam, bu fəxri ada, bundan sonrakı bütün fəaliyyətim zamanı da jurnalistikamızın həqiqi dəyərlərinə sadiq biri olum. Azərbaycan Prezidentinə Milli Mətbuat Günü jurnalistlərə verdiyi bu yüksək qiymətə görə təşəkkürümü bildirir, fəxri ad alan, təltif olunan həmkarlarımı təbrik edirəm.”
Emin Piri
Ədalət.- 2020.- 24 iyul.- S. 4.