BİZİ BİR ARAYA VƏTƏN SƏSLƏDİ

  

Hərdən heç inanmağım gəlmir. Elə bilirəm ki, yuxu görürəm. Və siz də elə hesab edin ki, mən yuxuluyam və sayaqlayıram. Belə olsa sizə də, mənə də rahat olar. Nə sözümün başına ip salmazsınız, nə fikrimə qulp qoymazsınız, nə də bu yuxunu yozmağa çalışmazsınız. Sizə də xoş olar, mənə də. Ona görə "sizə də, mənə də deyirəm ki, sizə xoş olan hər nə varsa, o bütünlüklə mənə də bir iynə ucu düşər yəqin ki. Yəni...

Bəli, 2016-cı ilin aprelindən sonra yavaş-yavaş əvvəlki duruma tərəf meyllənmişdik. Yenə oturub Lazımdan danışırdıq, Lazımın qeybətini edirdik. Və hətta Lazıma minnətçi də axtarırdıq. Sonra yavaş-yavaş bu hisslərimiz də bir az paslandı. Və nəhayət, pandemiya gəlib aldı başımızın üstünü. Elə Lazımın da kitabı bununla bağlandı. Görünür, bizim unutqanlığımız Allaha xoş getmədi. Ona görə də içimizdə mürgüləyən Vətən hissini, vətəndaşlıq borcunu oyatmaq üçün hardasa şeytanın dabanı tapdalandı. Və şeytan da özünün aləti olan ermənini elə qıdıqladı ki, biz də gördük top səsləri gəlir... qradlar uçuşur... mərmi yağışı yağır... Bax, onda bir anın içərisində yuxumuz da qaçdı, laqeydliyimiz də pərən-pərən düşdü. Dilimizə gələn ilk söz Vətən oldu. Anladıq ki, yatmaq, mürgüləmək, Lazım sorağına çıxmaq lazım deyil. Əksinə, hamımız bir olub, birlikdə Vətən deyib vətənin sipərinə çevrilməliyik. Necə ki, bu ayın bəlli tarixində, yəni iyulun 12-də biz bunu etdik. Azərbaycan ayağa qalxdı. Kəndlər, şəhərlər, eləcə də Bakı bir gecədə vətənləşdi. Hər kəs bayrağına sarılıb döyüşə, cəbhəyə getməyə səfərbər oldu. İstər qaçqını, köçkünü... istər barıt qoxusu duymuş, səngər havasını ciyərlərinə çəkmiş keçmiş döyüşçü, əsgərlər... istər bığ yeri yenicə tərləyən oğullar... hətta onlara qoşulan qızlar, xanımlar...

Bizi bir araya Vətən səslədi... bizi bir araya Şəhid zabitlər, əsgərlər topladı... bizi bir araya ruhlar səslədi... Bax, həmin vaxt, həmin o zaman kəsiyində hardansa bir pıçıltı eşitdim – Şəhid ruhun pıçıltısını:

 

Anam... bacım... can yarım

Saçına əl uzatma...

Sizlə qalır anlarım –

Yolumu gəl, uzatma!..

 

Ahını bük, at suya

Axıb getsin, qurtulsun...

Ad da tap qoy, ad, suya –

Hərdən bu ad tutulsun...

 

Qaşınızın arası

Qoymayın ki, düyülsün...

Darıxanda, xatirəm –

Üstünüzə yüyürsün....

 

Səngərdəki yerimə

Güllə dəyməz bir daha...

O yerdə olanlardan -

Danışacam Allaha!..

 

Anam... bacım... can yarım

Sizi tez-tez görəcəm!..

İndi var qanadlarım –

Yuxunuza dönəcəm!..

***

Hə, biz kimliyimizi dərk edəndə daha anlayışlı, daha duyğusal və daha qətiyyətli oluruq. Müdrik bir deyim var: "Türk özünə qayıdanda böyük olur”. Həqiqətən də özünə qayıtmaq, özünü görüb özündən dünyaya baxmaq həm böyüklükdü, həm də müdriklik. Çünki o böyüklük sənə daha böyük çevrədə dərk etmək, daha böyük anlamda düşünmək və qiymət verib nəticə çıxarmaq şəraitini yaradır. Belə olduğu halda, nə Lazımı gözləmirsən, nə də atacağın addımın məsuliyyətindən çəkinmirsən. Bilirsən ki, nə etməlisən və necə etməlisən. Axı, çiyninə götürdüyün yük təkcə özünün, ailənin deyil, həm də millətindi, Vətənindi! Deməli, sən millətlə, vətənlə birlikdəsən. Ona görə də arxanda Vətəni görüb, yanında milləti görüb qərar verirsən. O qərar da millətin adından vətən naminə olur!..

Bəli, son günlərin hadisələri elə dinamik, elə sürətlidir ki, düşünməyə, seyr etməyə zaman çatmır. Təkcə statistika özü adamı həm coşdurur, həm də kövrəldir. Hardasa rast gəldim, təksə son iki gündə 15 minə yaxın insan döyüşə getmək üçün, cəbhəyə yollanmaq üçün rəsmi müraciət edib. Həmin statistikanın özünün şəxsən məndə yaratdığı qürur hissini ifadə etməkdə çətinlik çəkirəm . Deməli, biz özümüzə dönəndə həqiqətən həm böyük, həm də dağı dağ üstünə qoymağa qadirik. Təbii ki, burda bir nüans var: o da idarə etmək, yönəltməkdi. Şükürlər olsun ki, sözünü deməyi bacaran, necə deyərlər, quşu gözündən vurmağı haqq edən əsgərimiz, zabitimiz kifayət qədərdir. Bunu düşmən də bilir... bunu düşmən dəyirmanına su tökən də bilir... hətta düşməni kənardan həvəsləndirən həmin o şeytanlar da bilir!..

Deməli, günümüzün reallığı özümüzə dönüşlə, qayıdışla ifadə olunubdu. Biz bu dərketmənin içərisində bir işıqlı yolun ipucunu çözə-çözə addımlamağa, özü də qətiyyətli şəkildə səfərbər olmuş formada getməyə başlamışıq. Ona görə də mən hava durumunu təkcə barıt qoxulu yox, həm də qələbə ovqatlı, qələbə sevdalı hiss edirəm, yaşayıram. İçimdən keçən bu durum məni illərin sıxıntısından, ağırlığından, onun qəddimi əyən yükünün altından çəkib çıxarır. Bu, bir utanc yüküdü! Hələ o zaman Şuşa işğal ediləndən sonra mən bu misraları yazmışam. Təsəvvür edin ki, doğulduğun kənd düşmən əlində... bunun ardınca da Şuşa düşmən caynağında. Belə bir şəraitdə ümidin doğrandığı, baltalandığı bir ovqatda öz-özümə pıçıldamışdım ki:

 

Yüz dərdim dərmansız keçər

Bir dərdə dərman – özüməm!..

Yüz dərdim yadımdan çıxar –

Bir dərdin fikrin çözürəm...

 

Ocağım, közüm qaralıb

Qan damıb, gözüm qaralıb...

Utancdan üzüm qaralıb –

Büzüşüb dərdə dözürəm...

 

Əriyir ömrüm, yaşım da

Əriyir dağım, daşım da!..

Papağım düşmən başında –

Bakıda papaq gəzirəm!..

 

Quruyan qeyrət damarım

Daşlaşan qeyrət damarım...

Oyansın, dadım, tamlanım –

Dişimlə sıxıb, əzirəm...

***

İndi xəyalım uzaqları dolaşdığı bu anda yəqin ki, səngərdə silahlar susmur. Düşmən yenə cəbhə boyu təxribatlar törətməkdə, dinc sakinlərə təsərrüfat işləri ilə məşğul olan adamlara atəş açmaqdadır. Mən əminliklə bilirəm ki, Vətən torpağı Şəhid qanıyla suvarılır. Amma heç kim səngəri... evi... kəndi tərk etmir. Hər kəs öz işinin başında, hər kəs öz səngərindədi. Görünür, bizim bu iradəmiz, bizim bu torpaq sevdamız bizimlə bölüşənlərə, bizə tor quranlara gözlənilməz oldu. Onlar fikirlərində nə qədər yanıldıqlarını yəqin ki, gec də olsa anlayıblar. Və yaxud da hesablamalarında nə qədər yanıldıqlarına peşman olublar. Ümumiyyətlə, bizi tanımaq onlara asan gəlsə də, nəticə göstərir ki, biz heç özümüz də kifayət qədər özümüzü tanımırıq. Bax, bu prizmadan baxanda düşmənlərimizin heç zaman bizi tam tanıya bilməyəcəklərinə içimdə bir inam var. Təbii ki, elə o inama da söykənib özüm-özümü, öz çevrəmi və bütövlükdə öz kimliyimi daha içdən, daha dərindən öyrənməkdə israrlıyam. Düşünürəm ki, israrımla hardasa həm də toparlanmış oluram. Bilirəm ki, kiməm və nə etməliyəm!..

Bu yaşanan zaman kəsiyinin dalğasında özünə yer tapmaq o qədər də asan deyil. Düzdür, dalğalar adamı vurub harasa atır, harasa yönəldir. Amma biri var dalğa ata, biri də özün dalğaya baxmadan, ona təslim olmadan öz istiqamətini müəyyənləşdirəsən, tapasan. Bu mənada mən içimə iç dünyama çökmüş, ona sahib olmuş varlığın diqtəsini də heç vaxt unutmuram. Əksinə, həmin o diqtə ilə yaşadıqlarım üst-üstə düşüb, əl-ələ verib daha da güclü edir məni. Deməli, o həm də mənim iç dünyamdakı zəfərimdi, qələbəmdi. O zəfər, o qələbə sözə çevriləndə, misraya hopanda həm özümü ifadə etmiş oluram, həm də səni. Deməli, son nəticədə bu həmahənglik, bu həmrəylik ümid bayrağı kimi dalğalanır sənin də, mənim də ürəyimdə, ruhumda! Baxmayaraq ki, burada yük daha çox ürəklərə düşür. Axı:

 

Bəxt yuvadı uçurmusan, qurmusan

Ürəyimə dil yarası vurmusan...

Gəlib vallah, düz qapıda durmusan –

Nə açmırsan, nə keçmirsən içəri...

 

Xəyallanıb, açıq qalıb qollarım

Ot bitirən çığırlarım, yollarım...

Allahamı, ya sənəmi yalvarım –

Nə yığışmır, nə köçmürsən içəri...

 

Daş tapmıram ağır gələ daşımdan

Qovruluram tüstüm çıxır başımdan...

Nə qədər ki, su süzülür aşımdan –

Bil, taleyi sən seçmirsən, içəri!

 

Göyü yerə, yeri göyə calamaq

Xəyal işi – yaddaşda od qalamaq!

Əbülfətə, Boz qurd kimi ulamaq –

Qismətini heç biçmirsən içəri!..

***

Yazımın əvvəlində baş verən hadisələrə bir xəyal kimi, yuxu kimi yanaşdığımı və bunu da sizə elə xəyal kimi, yuxu kimi danışdığımı söylədim. Bilmirəm qəbul etdiniz, yoxsa yox, amma mənim həqiqətən də içimdə çox qəribə bir ilğım var. O ilğım elə bil ki, Şuşadı, kəndimdi, işğal olunmuş ərazilərimizdi və mən ona tərəf gedirəm. O da iynə boyu tərpənir yerindən. Hiss edirəm ki, o da yerimək, o da gəlmək istəyir. Amma nəsə qoymur, imkan vermir. Mən çaşqın bir durumda o ilğımın bitəcəyindən, çəkilib gedəcəyindən ehtiyat edə-edə gedirəm ona tərəf. Sən də yanımdasan, elə siz də... birlikdə gedirik. Gedirik ki, qovuşaq o ilğıma. İnanın ki, içimdəki bu istək, bu ilğım havası yuxu deyil. Əksinə, bu, gerçəyin özüdü. Yəqin ki, sizlər də indi məhz mənim olduğum durumdasınız. Ona görə ki, bugünün havası başqa cür ola bilməz. Əks halda, mən üzümü hər birinizə tutub deməyə məcbur olacam:

 

Əyib qanad-qanad

yolub yarpaq-yarpaq

çırpıb budaq-budaq

sonra da budayın -

məni məndən qurtarın!..

 

Əyəndə qanad-qanad

yolanda yarpaq-yarpaq

çırpanda budaq-budaq

sonra da budayanda –

sıxılın, nə utanın!..

 

Bütün hallarda bilin,

mən öz yaxasın, əlin

bir də ürəyin, dilin

haqqa, bir də ki, ona

tapşırdım hər bir halda -

bitdi bunla sual da...

***

Dəyərli oxucum! Bu yazımın ovqatına qoşula bildinsə, demək, mən könlümə, ruhuna xoş olan nəsə deyə bilmişəm. Yox, qoşula bilməyibsənsə, onda mən özümdən inciyəcəm. Sənə irad bildirməyə haqqım çatmır. Ümumiyyətlə isə bu günlər irad axtarmaqdansa, bildiyimizə ipucu axtarmaq məncə daha doğru qərardı. Bəs sizcə?!..

Əbülfət MƏDƏTOĞLU

Ədalət.- 2020.- 18 iyul.- S. 8.