Az da olsa deyə bildimsə - Aygün Səmədzadə
Heç qollu-budaqlı
ağaca baxdınızmı?
Şahanə duruşlu
yarpaqları arasından
möcüzəvi bir
gözəllik boylanan
ağaca baxdınızmı?
Oxşamaq istədinizmi
ona? Mən istəyirəm. Eyni bir ağaca yüz dəfə baxsam da fərqli
gözəlliklər görürəm.
Hər budağın,
hər yarpağın
öz sirli dünyası var elə bil. Ona
səhnədə baxanda
o şahanə duruşlu
ağaclar düşür
yadıma. Onu yaratdığı musiqilərlə
şaxələnən, ucalan,
bizi sehrli, məftunedici gözəlliyə
aparan ağaca bənzədirəm - musiqi
ağacına. Konsertlərdə səhnədə dayananda kökü vətən torpağında olan musiqiləri ilə şaxələnən, ucalan
möhtəşəm duruşlu
musiqi ağacına baxıram sanki. Öz mahnılarını
ifa edəndə qolunu azacıq qaldırıb ovuclarını
yana açır.
Elə bil musiqini onu korlamaq
istəyən əcaibliklərdən
qorumaq istəyir. Əslində qoruyur da.
Aygün Səmədzadəni
deyirəm. Müsiqi tarixi üzrə
fəlsəfə doktoru,
onlarla elmi və publisitik məqalənin müəllifi,
Türküstan, Həsrət,
Qumsal, Eşq kimi simfonik lövhələrin,
vokal instrumental kompozisiyaların, romansların,
rəqslərin yaradıcısından,
on illərin hiti olan və
olacaq mahnılarına,
neçə-neçə tamaşada,
filmdə musiqilərinə heyran olduğumuz bəstəkardan
danışıram.
Hər il
qürurumuz olan Cumhiriyyət gününü
qeyd edirik 28 mayda. `Bu günə
nə veririk görəsən, işimizlə,
zəhmətimizlə, var
olmamızla? Təkcə
tənqidlə, giley –
güzarla, gözləməklə
güclü dövlət
- sağlam cəmiyyət
yaratmaq olmaz. "Mən xalqım, vətənim - dövlətim
üçün nə
etdim?” sualının cavabı olmalıdı hər birimizin. Həmin cavabdadı dövlət, xalq qarşısında borcumuz,
məsuliyyətimiz, vəzifəmiz,
gördüyümüz işlər
– sevgimiz.
Onun yaratdıqlarıdı bu sualın cavabı. "Azərbaycan
adına” - Dəfələrlə
müəllif konsertləri
ilə ruhumuza gözəllik qatan Aygün xanımın Cumhuriyyətin 100 illiyinə
həsr etdiyi konsert belə adlanırdı. Əmin Abid Gültəkinin sözlərinə bəstələdiyi
"İstiqlal”- ın
sədaları altında
düşünürdüm bunları. Hər
konsertdən, hər bəstədən sonra o qədər söz demək istəmişəm
ki. Çoxlu sözlərlə münasibət
bildirmək kimi bacarığım yoxdu əslində. Bəzən
də gözəllik qarşısında susursan...
Mənə elə gəlir ki, o bütün ürəyimdən
keçənləri eşidir
həmişə. İstənilən
halda ona demək istədiklərim
çoxdu.
Cumhuriyyətin 100 illiyinə konserti hazırlamaqla bərabər
ölməz Əhməd
Cavadın sözlərinə
silsilə əsərlər
yazıb: "Ey Türk”, "Türk Ordusuna”,”Elin bayrağı”, "Mən
bulmuşam”, "Şəhidlərə”
və s. Müxtəlif
vokal – instrumental əsərlər, romanslar
bəstələyib. Bu
əsərlərin təqdimatı
2018 – ci ildə 15 sentyabrda Ankarada, 10 noyabrda Bakıda, 2019 – cu il martın
20 – sində Eskişəhərdə
keçirilib. Əsərləri
Türkiyə Cumhurbaşqanlığı
Simfonik Orkestrası,
TRT xoru, Azərbaycan Dövlət Simfonik Orkestri ifa edib.
2019 – da layihə
rəhbəri və ideya müəllifi olduğu "Azərbaycan
100 mahnıda” klavirini
hazırladı. Kitabdakı
100 mahnının not yazılarını və
sözlərini toplamaq
böyük zəhmət
tələb edir. Bu təkcə musiqimizi deyil, Azərbaycanımızın-vətənin tarixini yaşadan bir kitabdır. Göz nurunun, ürək çırpıntısının,
beynin məhsuludur.
Bu çətin
dövrdə sevimlimiz
Xəyal Rzanın sözlərinə "İnan,
günəş doğacaq”
mahnısı ilə ruhumuza günəş nuru səpdi. Və daha bir
möhtəşəm layihə
həyata keçirdi:
Cumhuriyyət Gününə
üç təkrarsız
musiqi əsərinin kompozisiyaları - klipləri
çəkildi. Gecə
- gündüz işlədi.
O çəkilişlərin hamısında iştirak edib.
Bu əsərlər
- "İstiqlal”, "Elin
bayrağı”, "Şəhidlərə”
xalqımıza, qürur
günümüzə layiqli
hədiyyə idi. Hər üç klipin quruluşçu rejissoru olan Etibar Babayevin, eləcə də rejissorlar Elnur Məmmədov, Vüsal Qarayevin də zəhmətini də qeyd etməliyəm. Aranjiman isə istedadlı musiqiçi Əvəz Muradova məxsusdur. Aygün xanımın ən mühüm xüsusiyyətlərindən
biri onun gördüyü hər işə, yaratdığı
əsərə, istənilən
bir mahnıya çox peşəkarcasına,
məsuliyyət və
sevgiylə yanaşmasıdır.
O, mahnının səsini
axtarır, mahnını
hansı səsdəsə
eşidir. Heç vaxt eşitmədiyi səsdə mahnının
ifasına razı olmaz. Oxunsun deyə, ya maddi
marağa görə mahnını bəyənmədiyi
ifaçıya verməz.
Amma çox tanınmayan, sənətə
yeni gələn, amma istedadlı birinə mahnını etibar edər. Onun üçün mahnının oxunması deyil, necə oxunması önəmlidir.
Bu əsərlərdə
Nurlan Növrəstli,
Ayaz Qasımov, Vüsal Hacıyev Pərviz Abdullayev, Orxan Cəlilov, Nigar Cəlilova, Günay İbrahimli, Almaxanım Əhmədli,
Emin Zeynallı,Kamilə
Nəbiyeva kimi istedadlı ifaçılarla
işbirliyi təsadüf
deyil.
Hər notu
"Vətən” deyən
"İstiqlal”, "Şəhidlərə”
və "Elin bayrağı”nın yaratdığı
kövrək və möhtəşəm duyğular
yaşadım bu günlərdə yenidən.
Yazını 26 iyun Azərbaycan Respublikasının
Silahlı Qüvvələr
Gününə yazmağım
da təsadüf olmadı – Milli Ordu Günüdür. Hər birimiz Vətən əsgəri olmalıyıq - hər birimizin günüdür.
Lazım olsa, əlində silah səngərdə də döyüşərsən, sərhəddini
də qoruyarsan Vətənin. Qələmlə-savadınla,
istedadınla, yaratdıqlarınla,
sevginlə, vicdanınla
da Vətənin əsgəri olarsan-ona xidmət edərsən. Onun haqqında həmişə yazmaq istəmişəm – bu günə düşdü.
Rəsmi bayramdı. Deməli, yazı 25 iyuna təsadüf edəcək- düşündüm.
25 iyun və ürəyimin bir guşəsində yaşayan
xatirələr dindi...
Yaddaş - Aygün
Bülbül adına
orta ixtisas musiqi məktəbinə qəbul olanda mən artıq tələbə idim. Anamla hardan gəldiyimizi
xatırlamıram. Amma
yaşadığımız binaya çatanda bütün dünyanı
qucaqlayacaqmış kimi
qollarını yana açıb: ”Ay Şəfiqə, Aygün
Bülbülə qəbul
oldu” - deyən Ziyad Səmədzadənin
üzündəki, sanki
bütün qaranlıqlara
bəs edəcək sevinc işığını
indiyə kimi unuda bilmirəm. Anam da hay
– küylü idi. Bir-neçə dəqiqə
birlikdə sevinc hay-küyü saldılar.
Birdən anam "Ay Ziyad, heç
elmlər namizədi adını alanda belə sevinmirdin, hamı səndən çox sevinirdi”- dedi... Axı, Ziyad Səmədzadə təkcə 25 yaşında
elmlər namizədi kimi deyil, 31 yaşında İqtisad elmləri doktoru kimi də SSRİ məkanında ictimai elmlər sahəsində bu adı alan
ən gənc bir - neçə alimdən biri, bəlkə də birincisi idi (
dəqiq bilmədiyim
üçün yazmıram).
Onun aldığı mükafatlar, gördüyü
işlərdən danışmıram.
Saymaqla bitməz onsuz da. Sadəcə
bu elm fədaisini
təbrik etmək istədim. Axı 25 iyun onun doğum
günüdür. Ziyad
müəllimi təbrik
edənlər çox
olacaq. Amma uşaq yaddaşının
məsumluğundan keçib
gələn gəncliyinin
ən şirin xatirələrinin yaşadığı
təbrik bir başqadır. O, hamımız
üçün akademikdir,
dövlətimizin iqtisadiyyatına
xidmət edən, iqtisad elmində öz yeri olan
bilim adamıdır. Ictimai siyasi xadimdir. Amma mənimçün yarım
əsrdən çox
yaşı olan ömür yaddaşımda
öz izi, doğma xatirələri olan insandır. O, təkcə Aygün xanımın deyil, həm də mənə əziz olan Aytən və Elşad Səmədzadənin atasıdır.
Həmişə "Firuzəm”
deyə əzizlədiyi,
itkisinə indiyə kimi ağrıdığım
Firuzə xanımın
həyatının yoldaşı
– həyat sevgisidir.
Dünyanın istənilən ölkəsində
keçirilən beynəlxalq
simpoziumlarda, konqreslərdə
Azərbaycanı layiqincə
təmsil edən, 500
– dən artıq elmi əsərin müəllifinə, neçə
- neçə alim yetişdirən Ziyad müəllimi yubiley günündə, ömrünün
yeni ilində təbrik edir, yaşanacaq günlərin,
illərin ürəyincə olmasını
arzulayıram.
***
Son olaraq:
Sadəcə duyğularımı bölüşmək
istədim. Az da olsa deyə bildimsə...
Musiqisi sərhədləri
aşır. Bu istedadın
gücüdü. Bu insanların gözəlliyə
olan ehtiyacıdır.
Ruhun mənəvi tələbidir.
Deyirlər musiqi tərcüməyə
ehtiyacı olmayan ünsiyyət vasitəsidir.
Çünki dinindən, dilindən,
irqindən asılı
olmayaraq hamı anlayır. Çünki bütün dinlər,
dillər, xalqlar, dövlətlər musiqidən
sonra yaranıb. hətta sözlər
– nitq olmayanda yaranıb musiqi. İbtidai insanlar öz kədər və qorxularını, təhlükəni,
sevinclərini müxtəlif
avazlı səslərlə
ifadə ediblər.
Musiqi bütün sivilizasiyadan qədimdi. Hiss və
duyğularımızla yaşıddır.
Bəlkə zamanla ölçülmür.
Xalqın tarixini, ölkənin tarixini onun şəxsiyyətləri
yazır. Bir alim, sənət
adamı, aktyor, yazıçı, rəssam,
bəstəkar öz xalqını bütün
dünyaya tanıdır
və yaşadır.
Bu reallıqdır. Bu gün sənəti
böyüklükdə olan
Aygün Səmədzadənin
bizə yaşatdığı
reallıq.
P. S. Bu Vətən əskərini,
eləcə də özünü Vətən
əskəri bilən
hər bir kəsi bu gözəl
gündə təbrik
edirəm.
Abiyeva Kamalə
Ədalət.- 2020.- 30 iyun.- S.6.