Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti

 

 

Dante Aliqyeri ilə müasir olan Şərq universallarından Marağalı Əvhədi (1274-1338), Mahmud Şəbüstəri (1287-1320), bundan sonrakı dövrlərdə ömür sürən Əssar Təbrizi (1325-1390), Fəzlullah Nəimi (1339-1394), İmadəddin Nəsimi (1369-1417) və başqaları heç bir əsərində insanı atəşpərəst, xaçpərəst, müsəlman və bütpərəst olaraq kiçiltməmişlər. Bir qayda olaraq, Şərq peripatetikləri insanın ilahi mənşəyindən çıxış edib ilahi eşqi, vəhdəti - vücudu, zərrənin küllə qovuşmasını fəlsəfi və poetik düşüncələr fonunda təsvir etmişlər

 

İNSANA münasibətdə daim ayrımçılıq edən Avropanın "böyük hümanist" adı ilə dünya xalqlarına təqdim edilən bəzi səyyah, yazıçı və şairləri həm fəaliyyətlərində, həm də əsərlərində xristian olmayanları kiçildir və alçaldırdılar. Budur, "Don Kixot"un 1845-ci il Paris nəşrinə ön söz yazan Don Jose Mor dö Füentes öz yazısında Servantesin (1547-1616) Lepanto döyüşündə 500 türk öldürdüyünü (Bax. Eloge de Miguel de Cervantes Saavedra par D. Jose Mor de Fuentes. Michel Cervantes. Histoire de Don Quichotte de la Manche. Pp.I. Bax. Vaqif Aslan. Türk xalqları ədəbiyyatı üzrə mühazirələr. Səh. 308-309) fəxarətlə qələmə alırdı. Yəhudi əsilli fransız səyyahı Jan Batist Şardən (1643-1713) Məhəmməd Peyğəmbəri yalançı peyğəmbər (le faux Moamed - Bax. Voyages de Mr le Chevalier Chardin En Perse et autres lieux de L' Orient. Tome sixieme. Page 12. Paris, 1811. Bax. Vaqif Aslan. Seçilmiş əsərləri, 3-cü cild. Səh.129. Bakı, "Təhsil" NPM, 2010) adlandırırdı. İNSANA münasibətdə Dante Aliqyeri xəttini, qismən də olsa, davam etdirməyə meyilli olan Fransua Mari Arue Volter (1694-1778) "Məhəmməd" faciəsini, Jorj Qardon Noel Bayron (1788-1824) "Şərq poemaları"nı və "Kafir" əsərini, Viktor Hüqo (1802-1885) "Şərq şeirləri"ni yazırdı. Bu əsərlərdə türk- müsəlman aləminə ironik baxış var idi.

 

Subyektivizm, individualizm və amoralizm kimi xarakterik xüsusiyyətləri ilə ortaya çıxan, həm də modern adı ilə təqdim edilən dekadentçilik kilsə təhsilindən gələn yazıçı və şairlərin əksəriyyətini əhatə edirdi. Bu qəbildən olan yazıçı və filosoflar da xristian hegemonluğuna təhlükə törədə biləcək xalqların simasında düşmən obrazları yaradır, çıxış yolunu onları məhv etməkdə və geridə qalan xalqları kölə vəziyyətinə salmaqda, hansı yolla olursa-olsun , qırıb azaltmaqda görürdülər. Jül Vernin (1828-1905) "Mişel Stroqoff" (rus variantında "Mixail Stroqov" adı ilə təqdim edilir) romanı da bu qəbildən idi. 1876-cı ildə yazılan bu romanın əsas obrazı Mişel Stroqofdur. c

 

O, rus çarı II Aleksandrın (1818-1881; hak.1855-1881) kuratorudur. O, çarın əmri ilə Moskvadan Şərqi Sibirin mərkəzi sayılan İrkutska yola düşür. Onun üzərinə düşən missiya Moskvadan xəbərsiz qalan İrkutsk qubernatorunu - çarın doğmaca qardaşını xain İvan Oqaryoffun başçılığı ilə tatar ordalarının Sibiri işğal etmək üçün hücum edəcəklərindən xəbərdar etməkdir - Sa mission est d'avertir le frere du tsar, reste sans nouvelles de Moscou, de l'arrivie des hordes tartares menees par le traitre Ivan Ogareff pour envahir la Sibirie.

 

Bu roman fransız naşir Pyer Jul Etzelin (Pierre-Jules Hetzel-1814-1886) təkidi ilə İ. S. Turgenevə (1818-1883) göndərilir. İ. S. Turgenev "Mişel Stroqoff"a tatar basqını ilə bağlı bir çox düzəlişlər versə də, Jül Vernin tarixə və insana qeyri-hümanist baxışı inkar edilməz olaraq qalır. Romanda tatar ordalarının İrkutskdan Urala qədər Sibirin elektrik dirəklərini kəsə-kəsə, dəmir yollarını sökə-sökə gəldikləri, qarşıları alınmazsa, Rusiyanı işğal edəcəkləri və Rusiyaya kömək əli uzada bilməyən Avropanı da kölə halına salacaqları təlqin olunur.

 

"Tatarlar Sibiri işğal etdilər" cümləsi "Ruslar Rusiyanı", "fransızlar Fransanı", "italyanlar İtaliyanı", "ingilislər İngiltərəni" işğal etdilər tipində olub, həyasızlıq və hiyləgərlik semanikasındadır.

 

Jül Vernlə eyni əsrdə yaşayan və Avromühitlə yaxından tanış olan türk şairi Tofiq Fikrət (1867-1915) isə dinindən və irqindən asılı olmayaraq, İNSAN-ı tərənnüm edirdi:

 

 

Torpaq - vətənim, növim-bəşər, millətim - insan!

 

İnsan olur ancaq, buna izanla inandım!

 

 

Tofik Fikrət Şeytanın da, Mələyin də insanın ikili təbiətindən gəldiyini göstərir, içindəki Şeytanı öldürüb, Mələyi qorumaqla dünyanı Cənnətə çevirə biləcək İnsanı mədh edirdi. Düşüncələrini sübut etmək üçün Tövrata, İncilə və Qurana əsaslanırdı:

 

 

Şeytan da bizik, Cin də... Nə Şeytan, nə Mələk var!

 

Dünya dönəcək cənnətə insanla , inandım!

 

 

Fitrətdə təkamül əzəlidir, bu kəmalə

 

Tövrat ilə, İncil ilə, Quranla inandım.

 

 

(Bax.T. Fikrət. Seçilmiş əsərləri. Səh.115-116. M. Sultanovun işləməsində)

 

 

***

 

Çox təəssüflər olsun ki, bir çox dünya şöhrətli şəxsiyyətlərin düşüncə və rəftarında xristian təəssübkeşliyi indinin özündə də açıq-aydın bilinməkdədir. Şöhrətli səyyah, etnoqraf və arxeoloq Tur Heyerdalın (06.X.1914- 18.IV.2002) əsərləri ilə tanış olduqca bir çox məqamlar məni düşünməyə vadar etdi.

 

Tur Heyerdalın Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1985-1991-ci illərdə sonuncu Baş Katibi olan və hakimiyyəti dövründə SSRİ-nin yıxılması naminə xalqlar arasındakı münaqişələri genosid səviyyəsinə qaldıran, türk-müsəlman qırğını üçün xristianlara açıq-aşkar dəstək verən Mixail Sergeyeviç Qorbaçovun (1931) boynunu 1992-ci ildə Rio dö Janeyroda (Braziliyada) "köhnə bir dostu ilə görüşürmüş kimi qucaqlaması", daha sonra Kiotoda (Yaponiyada) Beynəlxalq Yaşıl Xaç Təşkilatının inoqurasiyasında belə bir caninin şəxsi məsləhətçisi olması, onunla birlikdə Haaqada (Niderlandda) sinaqoqda yəhudi möminlərin dini ayinlərində iştirak etməsi (Bax. Tur Heyerdal. Adəmin izləri ilə. VIII kitab. Tədqiqat silsiləsi. Bakı, 2011. Səh. 230, 232) "Mən BMT-ni, vahid dünya ideyasını, xalqlar arasında dinc yaşayışı təmin edən hər şeyi dəstəkləyirəm", "Gələcək üçün arzu edə biləcəyim yeganə şey dinlər arasında baş verən bütün münaqişələrə son qoyulmasıdır" (Bax. Tur Heyerdal. VIII kitab. Səh. 301, 307) deməsi səmimiyyətdən daha çox siyasətdən xəbərn verir. Beynəlxalq təbliğat maşınının ən çox önəm verdiyi simalardan biri olan Tur Heyerdal kimi şöhrətli bir şəxsin bir çox məqamlarda kölgəli tərəflərinin olması təəccüb doğurur.

 

1962-ci ildə SSRİ EA-nın prezidenti Mstislav Vsevolodoviç Keldışın (1911-1978) dəvəti ilə Sovet İttifaqında olan Tur Heyerdalın Sibiri rus çölləri adlandırması, "oradakı kiçik pravoslav kilsələrini gördükcə "gələcəyə ümid hiss olunan havanın hökm sürməsindən" razı qalması (Bax. Tur Heyerdal. VIII kitab. Səh. 221-222), Sibirin türk xalqlarını heç yadına salmaması da onun xristian təəssübkeşi olduğna əyani sübutdur. O burada Jül Vernin qəhrəmanı Mişel Stroqoff a "Daha narahat olma, Sibir xristianlaşır" demək istəyirmiş kimi görünür.

 

28 avqust 1981-ci ildə Azərbaycana ilk gəlişində Azərbaycan EA Coğrafiya İnstitutunun direktoru akademik Həsən Əliyevin (1907-1993) qonağı olmuş Tur Heyerdal onu ölkəmizin tarixi yerlərinə səfəri zamanı müşayiət edən akademik Cəmil Quliyevin (1927-2010), o dövrdə akademiyanın müxbir üzvü olan Budaq Budaqovun (1928-2012) adlarını belə çəkmədən danışır. Sanki onları heç zaman görməyibmiş. [(Bax. B.Ə.Budaqov. Akademik Həsən Əliyev. Səh.114-118. Bakı, "Elm", 1995. Çox təəssüflər olsun ki, internetdə bu kitabın nəşr tarixi 1994-cü il kimi verilmişdir)] Həsən Əliyevdən danışarkən "akademik" sözünü işlətmir, "o, aqronom idi"deməklə kifayətlənir, daha sonra onu, sadəcə olaraq, Həsən deyə (Bax. Tur Heyerdal. VIII kitab. Səh. 227-228) təqdim edir. Çox təəssüflər olsun ki, Tur Heyerdal 1981, 1994, 1999, 2000-ci illərdə Azərbaycanda olduğu halda 26-29 0ktyabr 2011-ci ildə Bakıda "Tur Heyerdal və Azərbaycan" Beynəlxalq simpoziumunun gedişi ərəfəsində iştirakçılara təqdim edilən Tur Heyerdal. VII kitab, tədqiqat silsiləsi. "Sərhədləri aşaraq, dənizləri aşaraq-Azərbaycanla əlaqələr" kitabının 59-cu səhifəsində onun Azərbaycana gəlişi doğru olaraq1981, 1994, 1999, 2000, 69-cu səhifəsində isə səhv olaraq 1980, 1994, 1998, 1999-cu il tarixləri ilə göstərilmişdir. Tur Heyerdalın VIII kitabının 160-161- ci səhifələri arasına daxil edilən 31 şəklin sirası ilə on doqquzuncusunda (Heydər Əliyevlə görüş. 2000-ci il, Bakı) ilk gəlişinin tarixi yenidən səhv olaraq 1982-ci il kimi qeyd edilmişdir. Redaktorun səhlənkarlığı və laqeydliyi üzündən hər iki kitabda Tur Heyerdalın Azərbaycana gəlişinin müxtəlif tarixlərlə göstərilməsi gələcəkdə, şübhəsiz ki, dolaşıq mübahisələrə səbəb ola bilər.

 

İndi isə, buyurun, Tur Heyerdalın VII kitabının 79-cu səhifəsindəki redaktor qeydinə baxın:

 

Bu qeyd Tur Heyrdalın VII və VIII kitablarının Azərbaycan mətninə necə bir məsuliyyətsizliklə yanaşıldığına əyani sübutdur.Əvvəla, kitabın bir çox yerlərində olduğu kimi burada da "inşa" ilə "bərpa" terminləri qarışdırılır. Əlbəttə ki, yazılmayan yazıdan "dəlil" axtarmaq bizə yaraşmaz və redaktor kimi görücü olmadığımızdan nəinki min il sonra, hələ XXI əsr başa çatınca və XXII əsr boyunca nə cür dəlillərin tapılacağını da bilmirik. Onu deyim ki, Tur Heyerdalın Azərbaycan dilinə tərcümə edilmiş VII və VIII kitablarında yüzlərlə yazılış, üslub və işarə səhvləri vardır. Bu kitabların Azərbaycan mətni üzərində, demək olar ki, heç bir redaktə işi aparılmamışdır.

 

(ardı növbəti sayımızda)

 

 

 

 

Vaqif Aslan

 

AYB Şəki bölməsinin sədri

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Ədalət.- 26 iyun.- S. 7.