Hava durumunun diqtəsi
Ovqata uyğun bir
yazı
Günü-güzəranı,
hava durumunu, üstəlik bu COVİD-19 bəlasını
düşünəndə adam heç bilgisayara yaxın getmək
istəmir.Elə istəyirsən ki, düşündüklərini
ürəyində özün üçün təkrarlayasan,
ya da gözünü zilləyib tavana, otaqdakı temperaturu
azacıq mülayimləşdirən ventilyatora baxa-baxa
özün eşidə biləcəyin səslə mövzunu
pıçıldayasan - bir divarlar eşitsin, bir də ürəyindəkilər.
Bilmirəm, bu nə qədər inandırıcıdı.
Amma inanın ki, istinin əlindən( qoruyucu
maskada ki, lap əldən salır!!)adam elə
tıncıxır ki, məhz divarla, əsən küləklə,
lap elə ventilyatorla danışıb havanın
qaralmağını, günün dağın arxasını
aşmasını bir təhər qarşılasın...Təəssüf
ki, Bakıda elə diqqət çəkən dağ yoxdu.
Amma bunun əvəzinə dənizə boylanırıq.
Günəş də elə dənizdən
çıxıbyenə dənizə qayıdır. Deməli,
adama elə gəlir ki, bütün yollar bir də
başlanğıc nöqtəyə qayıdır.
Doğrudur, zaman-zaman deyiblər ki, tarix təkrar olunur. Bu və
ya digər formada yanaşanda elə yolun başlanğıc
nöqtəsinə sondan bir də baxanda bu təkrarı hiss
etmək olur. Bax, Bakının bu
cırhacırında da nə
düşündüyümü, nə
yazdığımı az qala unudaraq sözləri də
tapmağa çətinlik çəkirəm. Çünki
Bakının yayı təkcə günəşin
yandırması ilə deyil, həm də Bakının asfalt
küçələrinin od püskürməsi ilə
həmin o cırhacırı adamın bütün əhval-ruhiyyəsini
alt-üst edir. Lap obrazlı desəm, göydən də od
tökülür, yerdən də od qalxır. Belə məqamda
bəzilərinin klima, bəzilərinin kondisioner kimi təqdim
etdiyi cihazın da sözü boğazında qalır,
hayımıza çata bilmir. Amma soyuq su satanların işi
başdan aşıb. Necə deyərlər, suyu soyutmağa
macal tapmırlar. Nə isə...
Bax, belə bir məqamda
öz-özümə fikirləşirəm ki, günün bu
günündə, bu saatında, bu anında mənim
doğulduğum kənddə, beş barmağım kimi
tanıdığım bulaqların başında əyləşsəm
nə bu isti yadıma düşər, nə də bu istinin əli
gedib oralara çata bilər. Çünki o yerləri,
o bulaqları dağlar da, meşələr də, elə
Allahın özü də böyük lütflə qoruyur.
Ona görə də soyuq bulaqların bumbuz suyu dodaq göynədir
və o göynərti adamın təkcə canından deyil,
yadından da istini bütünlüklə
çıxarır.
Əslinə baxanda isti, ilıq
anlayışları həm gərəklidi, həm də
müəyyən bir zərurətdi. Çünki adamın
evi, ocağı isti olanda, ətrafında ilıq münasibət
olanda və o bu istiliyin, bu ilıqlığın içərisində
yaşayanda həyat da mənalı olur, onun həyatı da.
Çünki onu anladıqları kimi o da anlayır, onu
duyduqları kimi o da duyur. Və sonda ortaya mükəmməl
bir insan həyatı qoyulur. Elə bir həyat ki, onun hər
anında yaşamın, sevginin cizgiləri, eləcə də
zamanın ştrixləri özünü göstərir. Bunu
yaşayan da əlini ürəyinin üstünə qoyub
rahatlıqla arxada qalan günlərin təkcə təəssüfünü
yox, həm də təəssüratını yaşayır. Deməli, böyük Səməd Vurğunun dediyi
kimi, "çörək bol olarsa, basılmaz vətən"
çağırışını müasirləşdirsək,
zamana uyğunlaşdırsaq, lap elə bu yazının
yazıldığı anın notlarına kökləsək,
onda deyə bilərik ki, "istilik bol olarsa dözümümüz
də artar. Axı biz dözümlü xalqın nümayəndəsiyik!"
Söhbət dözümdən düşərkən
qoy imkandan istifadə edib bir az özümü tərifləyim.
Zarafat deyil, həm bu istiyə dözürəm, həm bu istinin
yaratdığı problemlərə. Üstəlik bu istidə
həm yazı yazıram, həm yazı oxuyuram, həm də ən
vacibi iç dünyamdakı səni sevirəm. Deməli, mənim
dözümüm digərlərinin dözümündən ən
azı 20dəfəçoxdu. İndi özün hesabla
dözümümün həcmini. Sən onu hesablayana kimi mən
sənə bir şeir deyim:
Səndə sevgi oyananda
Məni torpaq isidəcək...
Gözlərinin oxşadığı -
Quru yarpaq isidəcək!..
Nə çəkirəm Allah bilir
Kipriyimi külək silir...
Daş da səndən tez isinir -
Düşsə qor, bax isinəcək...
Bir insaf et, düşün məni
Bil, mən varam - düşünməli!..
Toparlasan düşüncəni -
Soyuq gorgah isinəcək!..
Bu isti havada adam bəzən
telefona da cavab verməyə ərinir. Ən dəhşətlisi
iş və ev telefonlarıdı. Çünki orada nömrə
görünmədiyindən zəngin kimdən gəldiyini təxmin
edə bilmirsən və məcbur olub dəstəyi
qaldırırsang Və bütün problem də elə bundan
sonra başlayır...
Hansısa bir uzaq qohum,
tanış, lap elə qapı qonşu telefonun o biri ucunda əsnəyə-əsnəyə
havalardan başlayıb dənizdən keçib bütün
şəhəri, bütün ölkəni dolaşandan sonra
axırda soruşur ki, müəllim, sən bilərsən, bu
istilər nə qədər davam edəcək?
Bax belə bir məqamda dişini dişinə
sıxıb dinlədiyin bu adama deməyə söz
tapmırsan. Hətta əsəbi bir şəkildə hərdən
zarafat da etmək istəyirsən. Məsələn belə:
- Bağışla qonşu, Allahın telefon
nömrəsini itirmişəm. Öyrənən kimi
soruşub sizə məlumat verərəm.
Bəli, bu mənim demək olar ki, hər
gün eşitdiyim sualın qarşılığında tək-tək
adamlara verdiyim cavabdı. O cavabı o adamlara deyirəm ki,
onların müəyyən mənada anlayışları var.
Amma neyləyəsən ki, həmin anlayışlı adamlar
da bir az keçəndən sonra yenə həmin o mövzuya
qayıdırlar. Bax onda mən tam şəkildə əmin
oluram ki, Bakının, yəni Bakının yayının
istisi bizi altdan-üstdən qaynadır. Elə
"qaynadığımıza" görə də
yaddaşımız əriyir. Eyni sualı, eyni sözü təkrar
edirik. Özü də necə gəldi. Yenə nə isə...
Hə, günəşin bütün
gücü ilə od səpdiyi bir məqamda şəhərin
bir ucundan o biri ucuna gedirəm. İnsafən bu yollarda
maşınların sayı o qədər də çox deyil.
Amma tək-tək maşınların ya bütün
şüşələri qaldırılıb, içəridə
klima işləyir, ya da bütün şüşələr
endirilibvə maqnitofon bütün gücü ilə
bağırır. Bax, mənə elə gəlir
ki, həmin o maqnitofonu "bağırdan" bu üsulla
maşının içərisindəki istini qovur,
özünü sərinlədir. Əks halda, adam gərək
kar ola ki, o səsi, o bağırtını eşitməyə.
Bu da şəhərimizin bir özəlliyidi. Əgər nə
vaxtsa, kimsə şəhərimizin yay özəlliklərindən
yazmaq istəsə, bundan da istifadə edə bilər. Tam səmimiyyətlə
hər kəsə bu fikri istifadə etmək haqqını
bağışlayıram...
Deməli, şəhərdə
yaşadığım Masazır ərazisində hərdən
elə bürkü olur ki, necə deyərlər, yarpaq da tərpənmir.
Onda məcbur olub kənd məzarlığına üz
tuturam... Çünki burada sükut və hava axını
var... Üstəlik şair Məmməd Aslan da burada
uyuyur...Onunla anlaşmaq mənə bir rahatlıq gətirir...Xəyalım
qanadlanır...Dərələrdən...təpələrdən
sel kimi...yel kimi... ruh kimi keçib gedirəm –üzü
Qarabağa! Yönü Tuğa doğru... Bu əslində getmək
yox, qaçmaqdı, uçmaqdı! Kaş ki gerçək
olaydı... kaş ki!!!
Bəli, yəqin ki, nə demək istədiyimi
və ümumiyyətlə hansı mənzərəni bu
yazıda ortaya qoyduğumu təxmin etdiniz.Etməyənlər
də, edə bilənlərdən soruşa bilərlər.
Amma şəxsən mən ən azı bu yazının diktəsinin
dinləyicisi olanlarınnəyi təxmin etdiyini heçdə
anlamadım. Bilmədim ki,buyazıya müdaxilə etməklə
nə demək istəyirlər. Hər halda onlarda səlahiyyət
sahibidi. Düşündüklərini, ürəklərindən
keçəni deyə bilərlər. Elə mən də
düşündüyümü bu cırhacırda həsrəti
ürəyimi göynədən kəndim, onun uşaqları
barəsində yazdığım misraları dilə gətirirəm.
Axı indi o yerlər cənnətdi.
Bu kənd uşaqları yaman dəcəldi
Ağaca dırmaşır, daşa
dırmaşırg
Yapışıb qartalın caynaqlarından -
Zirvədə səs yetməz qaşa
dırmaşır...
Gah qoyun otarır, quzu səsləyir
Dərəni düz keçir, düzü səsləyir...
Dünənə boylanıb bizi səsləyir
-
Yanında xatirə - qoşa
dırmaşır...
Şəlalə altında yuyunub
çıxır
Ən hündür budağa yüyürüb
çıxır...
Böyük qarşısına buyurub -
çıxır!
Gizlənmir, nə də ki, başa
dırmaşır...
Əbülfət gördüyün, bildiyin
yazır
İllərin yadından sildiyin yazır…
Haradan haraya gəldiyin yazır -
Hərə də seçdiyi tuşa
dırmaşır!..
Bütün yazı boyu təbiətlə necə
deyərlər, vuruşduq, əlbəyaxa olduq. Günəş
gücünü göstərdikcə artıq qan-tərə
batdığımı özümdən başqa hamı da
görürdü. Hətta kiminsə özümə zülm
etdiyimi düşünüb mənə çox rəhm dolu
bir nəzərlərlə baxdığını, hətta o
baxışlarla "özünə yazığın gəlsin!"
dediyini anladım. Amma yenə səmimiyyətlə etiraf
edim ki, vallah-billah Bakının bu istisində rəhm də
heç bir işə yaramır. Ən yaxşı rəhm sərin
bir yer tapmaq, cibə beş-üç manat qoyub Bakını
tərk etməkdi. Təəssüf ki, bu da xəyaldı,
arzudu. Düşünürəm ki, daş üstündə
ot bitirən Tanrı nə vaxtsa bizim qəbildən
olanların da istəyini çin edər. Yəni biz də yol
çantamızı atarıq çiynimizə və deyərik
- Getdik eee!!!!
Hə, hələki getməmişəm. Hələki
Bakıdayam, hələki bilgisayarda Gülər xanım həvəslə
və sürətlə yazır və bunun özü də məndə
bir ümid yaradır ki, doğrudan nə vaxtsa gedəcəyik.
Yəni ürəyi istəyənlər ürəklərinin
səsinə qulaq asıb ciblərinin köməyi ilə sərinləyəcəklər.
O vaxta qədər isə sizi deyə bilmərəm,
mən dörd divarla, qələm-kağızla və bir də
içimdəki özümə bəlli Tanrı bəndəsi
ilə danışmaqda davam edəcəm. Çünki məni
sadaladığım bu ünvanlardan başqa heç kim
olduğum kimi anlamır. O isə bu məsələdə
hamıdan öndədi. Çünki...
Canım, gecənin dar vaxtı
Özüm - özümə qəniməm.
Allahın yazdığı baxtdı -
Qaça bilmirəm - səninəm!
Göydən yuxarıda göyün
Qəlbi tək sinəmdə döyün...
Hər yerdə, hər zaman öyün -
Daş üstə bitən dəninəm.
Vaxt gələr tilsim açarıq
Biz qanadsız da uçarıq...
Sən sevgi adlı ucalıq -
Mən də ki, duman - çəninəm...
Hər ana, günə duam var
Səni isidən şüam var.
Canım, qoynumda yuvan var -
Bilirsən ki, vətəninəm!
Hə, isti öz işini gördü. Biz də,
yəni mən və bilgisayar yazarımız Gülər
xanım düşündüklərimizi birtəhər sizə
çatdırdıq. Xoşunuza gəlsə
paylaşarsınız
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2020.-
26 iyun.- S.-5.