Xaqani... - Asim YADİGAR
- Poema (İxtisarla)
Proloq
İndi
söz günəşi cahanda mənəm,
Şairlərdən üçqat ucadır rütbəm.
Dövrəmdə
Ay kimi gəzirlər onlar,
İlham mayasını məndən alırlar.
Xaqani
Sözümdən
qəm süzülür
ağlayan
kamanımdır,
Özüm
də bir kamanam,
sızlayan
zamanımdır.
Pənbə-pənbə
ucalan
o ağ
buludlar ki var -
Göy
üzünü bürüyən
ahımdı,
amanımdı.
Bir kimsənin
qəlbinə
qoymaram
qonaq düşə,
Qəlbim
mehmanxanadı,
qəm mənim
mehmanımdı.
Qəlbimin
səmasında
Günəş gülər,
Ay gülər,
İşıqlı
sabahım var -
qəlbimin
gümanıdı.
Söz-sənət
meydanında
kimsəyə
yer vermərəm,
Qəlbimin
sultanı var -
Xaqani
xaqanımdı.
...Xaqaninin
eşqilə
dilə
gəlmişəm bu gün,
Meyvəsini
dərirəm
onun sənət
mülkünün.
Xaqani məktəbinin
zəif
şagirdiyəm mən,
Söz
sehrin öyrənirəm
onun
şagirdlərindən...
III fəsil
İnsaf,
mürüvvət gülü
qalmamışkən
cahanda
Etdiyim bu
haraydan,
bu nalədən
nə fayda.
Bir qəssab
dükanıdır
bu
dünya ilk çağından,
Qan
axır damcı-damcı
qəssabın
bıçağından...
Xaqani
Zaman məngənə
kimi
sıxırdı
Xaqanini,
Elə
bil ki, sonuna
çıxırdı
Xaqaninin.
Zamanla
yola getmək
gəlməsin
sənə asan,
Çalışar
ki, mum etsin
səni əlində
hər an.
Yanıqlıydı
Xaqani
zəmanənin
əlindən,
Giley-güzar
yağırdı
hər
vaxt onun dilindən:
- Saqi, bir
az şərab ver,
dağıdım
dərdi-səri,
Köksümü
al-qan edib
zəmanənin
xəncəri.
Qurd
oğlu qurd olasan
gərək
bu zəmanədə,
Yaşamaz,
canım-gözüm,
çiçək
bu zəmanədə.
Hörümçək
torlarından
sərtdi
iblis torları,
Baş
çıxara bilərmi
mələk
bu zəmanədə?
Nə qədər
zərif olsan,
nə qədər
kövrək olsan
Nizə
deşər, dözərmi
ipək
bu zəmanədə?
Ya vərəm
bağlayacaq,
ya da qan
qusacaqdı,
Nə qədər
dözəcəkdi
ürək
bu zəmanədə.
Zəmanənin
sacında
qovrulan tək
sənmisən,
Milyon-milyon
oğul var
səntək
bu zəmanədə.
Leş
sökən qarğalara
həsəd
çəkmə, Xaqani,
Gəl,
ürək qanımızı
içək
bu zəmanədə.
Deyirlər
ki, çox içir
son
zamanlar Xaqani,
Şərab
içmək dünyada
belə
günahdır yəni?
Bir tikə
çörək üçün
satılır
abır, həya,
İnsan
dərd çəkmək üçün
gəlirmi
bu dünyaya?
Şərabla
unuduram
çox
ağrını-acını,
Mən
şərabda tapıram
dərdimin
əlaçını.
Zəmanə
zəhər süzür
camıma
damcı-damcı,
Çırpılır
ürəyimə
zəmanənin
qırmancı.
Kəmfürsətlər
atını
sinəmdə
çapıb keçir,
Mənim
ömür dəryazım
həmişə
dərd-qəm biçir.
İnsan
qanı içənlər
çoxalır
gündən-günə,
Namərdlər
birə salır
çomərdlərin
kürkünə.
İnsan
qanı içmirəm
mən
ki, hər səhər-axşam,
Şərab
içib, dünyanın
özünü
unutmuşam.
Nə
varsa bu dünyada
nadanların
əlində,
"Mənəm-mənəm"lik
bitib
çox
qanmazın dilində.
Bir
gündə yüz insanın
qanın
soran var, inan,
Onlar daha
qorxuncdur
Zöhhak ilanlarından!
Mən
özgə süfrəsinə
göz
dikmədim heç zaman,
Həmişə
nuş edirəm
ürəyimin
qanından.
Boşboğaz
qarğaların
səsi
tutub aləmi,
Qəfəsdəki
bülbülün
kimə
gərəkdir qəmi?
Qəfəslərdə
can verən
pələngə
bax, qurda bax,
Şirin ətrafındakı
tülkü,
çaqqaldı ancaq...
Kürsülərə
daraşıb,
sən
işə bax, ay aman,
İki
eşşək arpasın
bölə
bilməyən nadan.
Çoxu
Günəş qəlbimin
xəbərsizdi
nurundan,
Onu gecə
kürkünə
bürüyürəm
hər zaman.
Altı xəzinə
dolu
dağa
bənzəsəm də mən,
Çoxları
xəbərsizdi
bu
qızıl ürəyimdən.
Mən
İsa süfrəsinə
göz
dikmədim heç zaman,
Dadıram
öz süfrəmin
halal
qırıntısından.
Qoy bəsləsin
bu dünya
yaramazı,
qanmazı,
Mən
ki, öz Allahımdan
olmamışam
narazı.
Kəmfürsətlər
əlindən
eyləyirəm
dad, aman,
Nadanlar əlindəndir
qəlbimdən
süzülən qan.
Bir az şərab ver, saqi,
unudum bu
dünyanı,
Mənlə
şərab içməyə
huşyar
dost varmı, hanı?
XIII fəsil
İsmətəddin
şahda Məryəm hökmü var,
Kandarın cənnət nişanı seçmişəm.
Parlaq
ulduzlar alır ondan ziya,
Mən də o parlaq ziyanı seçmişəm.
Xaqani
Bir karvan
gəlib durdu
həyətinin
önündə,
- Bu nədir
belə, Allah,
kimdir bu
toy-düyündə?
Bu karvanda
gələn kim,
nədir
arzu, diləyi,
Həyəcandan
quş kimi
vurdu onun
ürəyi.
Yoxsa yenə
Axsitan
əl
çəkməyir yaxamdan,
Yoxsa məni
Şirvana
zorla
apardır xaqan?!
Yox,
ölərəm, getmərəm
bir də
Şirvana sarı,
Bağlanıb
o yerlərə
qəlbimin
qapıları.
Zindana
üçüncü yol
düşmək
istəmirəm mən,
Burda
azadam tamam
dünyanın
hər qəmindən...
...Küçədə
qalxdı səs-küy,
səslədilər
şairi,
Titrədi
ürəyinin
sanki
bir-bir telləri.
İsmətəddinin
səsi
çatdı
qulaqlarına,
Bircə
anda dünyanı,
sanki
verdilər ona.
Bircə
anda quş kimi
uçdu
qapıya sarı,
Parçalandı
önündə
həsrətin
daş hasarı.
Tez
düşdü kəcavədən
İsmətəddin - o mələk,
Titrədi
şair qəlbi
bir nanə
yarpağıtək.
Bircə
anda şairi
süzüb
başdan-ayağa,
Atıldı
qucağına -
Sığındı,
sanki dağa.
Birdən
nə düşündüsə
susdu
qadın bir anlıq,
Xaqaninin qəlbinə
od
saldı mehribanlıq.
-
İçəri keçin, - deyib
yol
göstərdi hamıya,
Özüsə
heyran-heyran
baxdı
bir müddət Aya.
Xaqaninin
balaca
otağına
doğdu gün,
Şairin
qəlb otağı
işıqlandı
büsbütün.
Söylədi
parlaq Aya:
- Sən
hara, bura hara?
Gəlişinlə
daxmamı
inan,
boyadın nura.
Şirvandan
ayrılanı
günüm
ah-vayla keçir,
Bu qəfil
gəlişinin
səbəbini
söylə bir?
İsmətəddin
bir anda
sarıldı
Xaqaniyə,
- Niyə
belə eylədin,
niyə
axı, de, niyə?
Sənsiz
günüm qaradır,
yaşaya
bilmirəm mən,
Bu həsrəti
qəlbimdə
daşıya
bilmirəm mən.
Ziyarətə
gedirəm -
yolum Məkkəyə
sarı,
Sonuncu
xahişimi
gəl
yerə salma barı.
Bilirsən,
Axsitan da
xeyli pərişan
olub,
Qəlbinə
dəydiyindən
yaman peşiman
olub.
Qayıt
ev-eşiyinə,
Şirvan
çağırır səni,
Ayrılığa
bu qədər
dözə
bilirsən yəni?
-
Əlacım nə, Təbriz də
doğmadır,
doğma mənə,
Yeməyə
əsirgəmir
bir tikə
loxma mənə.
Gündü
ötüb-keçəcək,
yaxşı-yaman
dözürəm,
Düzdü,
hərdən inciyib
həyatımdan
bezirəm.
Sonra da
deyirəm ki,
alış
hər dərdə, qəmə,
Hər
ötüb-keçənləri
ürəyə
yük eyləmə.
Ötüb
daha karvanım,
bitibdir
ömrüm-günüm,
Qışqırsam
da içimdə
daha
batıbdır ünüm.
Bir
sözümü sırğatək
sən də
qulağından as,
Bir el
sözü var: - Kişi
tüpürdüyün
yalamaz!
Bir
günlük çörəyimi
yeddi yerə
bölərəm,
Bir də
şah süfrəsinə
əl
uzatsam ölərəm.
Bir tikə
çörək üçün
abrımı
satmaram mən,
Bir də
şah qapısında
köpəktək
yatmaram mən!
İsmətəddin
sızladı,
ağladı,
yalvardı çox,
Xaqani bircə
kəlmə
söz
söylədi: - yox ki yox!
...Bir mələk
gözüyaşlı
getdi Məkkəyə
sarı,
Xaqani
göz yaşıyla
oxşadı
o yolları.
...Ötdü
günlər, həftələr,
aylar gəlib
ötüşdü,
O yenə
qayıdanda
yolu Təbrizdən
düşdü.
Çox
yalvardı şairə:
- Bəsdir,
inadı burax,
Gəl
qayıdaq Şirvana,
yalvarıram,
sözə bax.
Xaqaninin qəlbindən
axsa da
qara qanlar,
Dedi: -
Qayıtmağımın
axı nə
mənası var?
Qayıtsam
göy əsgiyə
bükəcəklər
günümü,
Yenə də
salacaqlar
Aya, günə
ünümü.
Təbriz
ata qucağı,
burda
qalacağam mən,
Ömrün
əcəl zəngini
burda
çalacağam mən.
İsmətəddin
gördü ki,
səyi əbəsdir,
əbəs,
Gördü
yalvarışları
ona əsər
eyləməz.
Dedi: - Tərif
demisən
axı
özün Şirvana,
Niyə
bu gün uzaqdan
yadtək
baxırsan ona?
Xaqaninin xəyalı
uçub
getdi Şirvana,
Xatırladı
bir zaman
nələr
yazmışdı ona:
"Şirvan
ki var, hər cəhətdən
ülviyyətin
anasıdır,
Onun hər
cür səhər yeli
dərdlərimin
dəvasıdır.
...İndi
Şirvan mənə həsrət
qalmış
ağır intizarda,
Çünki
ora ədəb yurdu,
cəsur
şirlər yuvasıdır.
Mərifətdə
Şirvan əhli
yüksək
durur ərəblərdən,
Xaqaniyə
həyat verən
doğma
yurdun havasıdır".
İki
gilə yaş dondu
Xaqaninin gözündə,
Şirvan
belə gül açdı
Xaqaninin
sözündə.
Duydu o
gözəl mələk
Xaqaninin dərdini,
Gördü
həsrət sındırır
mərd
şairin qəddini.
Amma
qüruru qoymur
dediyi
sözdən dönə,
Gördü
necə sevgi var
Xaqanidə vətənə.
Sığınıb
Xaqaniyə
yenə
dil tökdü ona,
Yalvardı
ki, qaytara
yenə
onu Şirvana.
...Son kərə
Xaqaninin
sarıldı
o, boynuna,
Bilmədi
nə söyləsin
fələyin
bu oynuna.
Karvan yola
düzəldi -
getdi
Şirvana sarı,
Qəlbində
ilk eşqinin
sonsuz qəmi,
qübarı...
O getdi...
Yol boyunca
axdı
gözünün yaşı,
Qaldı,
Təbrizdə qaldı
qəlb
dostu, qəlb sirdaşı.
Yol boyu
inildədi,
göz
yaşı axıtdı çox,
Bir daha
Xaqanini
görə
biləcəkdi? Yox!
...Şairin
son qərarı
amansız qərar
oldu,
Şamaxıya
dönmədi,
Təbriz ona
yar oldu.
Ömrün
iyirmi üç ili
keçdi
ulu Təbrizdə.
Ölüm
şərbətini də
içdi
ulu Təbrizdə.
Asim YADİGAR
Ədalət.- 2020.-
20 iyun.- S.14