Mozaik böhran - İradə Tuncay yazır
... Bədəvi ərəblər
zəngin, qədim ənənələri olan,ehtişamlı
İranı işğal edəndə ilk dəfə
gördükləri, heyrətə gəldikləri çox
şey varmış. İranın var-dövləti
çaşdırır onları. Biri oğurladığı
qiymətli daşı tacirə 1000 dirhəmə satır.
Sonradan xəbər tutur ki, ucuz verib. Soruşurlar nədən
belə dəyərsiz elədin qəniməti? Cavab verir ki,
1000-dən böyük rəqəm tanımırdım...
***
Bir axşamçağı Həzrət Ömər
nökəriylə gəzintiyə çıxır. Uzaqdan
görünən tonqalın işığına
yaxınlaşanda isə bir qadın, yanında ağlaşan
uşaqlar, ocaqda içində su qaynayan qazan görürlər.
Həzrət Ömər izn istəyir qadından, onlarla oturmaq
üçün.
- Bu gecə vaxtı burda nə edirsiniz?
- Gecə düşüb, gedəcək bir
yerimiz yoxdu, həm də soyuqdan daldalanırıq.
- Uşaqların niyə ağlayır?
- Acından. Onları doyuracaq bir azuqəm yoxdu.
Ona görə də suyu qaynadıb başların qatıram.
Elə bilsinlərki, nəsə bişir qazanda.
Ağlayıb, ağlayıb yorulacaqlar, yuxuya gedəcəklər.
Allah görsün bu zülmü. Xəlifə görmürsə.
- Qadın, xəlifə nə bilsin sənin ac
olduğunu?
- Bəs mənim ərimi müharibəyə o
göndərib axı. O getdi öldü, biz də burda ac
qaldıq. Bizi ona həvalə eləmişdi ərim, o isə
bizi heç düşünmür də...
Xəlifə bu sözlərdən sonra
qayıdır evinə, anbardan bir yekə çuval götürüb
azuqəynən doldurur. Və çiyninə
aşırdır çuvalı. Nökər əlindən
almaq istəyir, deyir "ver mən aparım, olmaz axı. Sən
xəlifəsən”. Həzrət Ömər cavab verir:
- Bəs qiyamət günü kim
daşıyacaq mənim yükümü?
Yenidən qayıdırlar həmin ailənin
yanına. Özü yemək bişirir, uşaqları doyurur.
Qadın alqış edir ona, amma xəlifəyə
qarğış edir. Həzrət Ömər qadını
sakitləşdirib deyir ki, qarğış eləmə.
Əmirəlmöminin yanına getsən məni də orda
tapacaqsan... Onun xəbəri olmayıb sizin halınızdan...
Xəlifə Ömər bəlkə
də qarğış olunası ən sonuncu insan ola bilərdi
– dürüst idi, dövlət malına göz dikmirdi, cəsur
döyüşçü idi, güclü natura idi,
İslamın bayrağını Məğribdən Məşriqəcən
dalğalandırmışdı... Amma narazılar
vardı... Çünki oğrular vardı... O 1000 dirhəm məsələsi
də onun hakimiyyəti dövründə olmuşdu...
Məkkə ziyarəti zamanı əyalətlərdən
gəlmiş canişinlər yığışırlar xəlifə
Ömərin başına, bu zaman Kufə canişinin (tamahkar
və zalım) qulu öz sahibindən şikayət edir:
- Ya Əmirəlmöminin, məni sahibimin
zülmündən xilas elə. Gündə iki dirhəm vergi
alır məndən.
- Qazancın nədəndi?
- Daş yonmaqdan, dülgərlikdən, dəmirçilikdən...
- Çox deyil amma vergi. Bayaq eşitdim
özünü öyürdün ki, küləklə işləyən
dəyirman da düzəldə bilirsən. Mənimçün
də düzəldə bilərsənmi?
- Əgər sağ qalsam sənə elə bir
dəyirman düzəldəcəm ki, şərqdə də,
qərbdə də ondan danışsınlar...
Həzrət Ömər qulun sözlərində
nəsə bir hədə hiss edir. Bir neçə gün
sonra namaz vaxtı həmin bu qul əlində
bıçaqları dəyirman pərləri kimi
fırlada-fırlada ona yaxınlaşıb öldürür
xəlifəni...
Bəlkə də xəlifə(lər)in qiyamətə
inanması yaxşı bir şeydi?
***
Bütün müharibələrdən qorxuram.
Amma yəqin ki, müharibələrin ən dəhşətlisi
və dözülməzi Vətəndaş müharibəsidir.
Yəni qardaşın qardaşa silah
çevirməyi. Qəribədir ki, bu müharibələrə
tarixin bütün dövrlərində rast gəlinir. Miladdan
öncə qədim Yunanıstanda, qədim Romada da olub,
yaxın tarixi izləsək, Fransada, İngiltərədə,
Amerikada da. Hətta Latın Amerikası və Afrika ölkələrində
bu gün də davam edir. Bolşeviklər hakimiyyətə gələndə
Rusiyada da Vətəndaş müharibəsi oldu. Böyük itkilər, dağıntılarla
müşayiət olunan belə müharibələrin
vurduğu ən böyük ziyan insanların qəlbinə,
ruhuna vurulmuş yaralardır. Çünki bu yaraları sənə
ən yaxın adamların – qohumun, dostun, qardaşın vurur.
70-ci illərin sonlarında dost Türkiyədə də
sağçıların və solçuların ideya
mübarizəsi sonradan silahlı çatışmaya
döndü. Beş min adam öldü. Ata oğula,
qardaş-qardaşa qənim kəsildi. İdeoloji mübarizələr
ən amansız, ən qanlı mübarizələrdir. Lap son
tariximizdə qonşu Gürcüstanda Qamsaxurdiya və
Şevardnadze tərəfdarlarının savaşı
yadımızdadır. Seçki ərəfəsində
Ukraynada da vətəndaş qarşıdurması
yaranmışdı. Vətəndaş müharibələri əqidə
və ideoloji barışmazlıq fonunda baş verir. (Yəni
elə bir görüntü yaradılır). Bu müharibələrin
hardasa bir müsbət çaları da var – əqidə və
ideologiya uğrunda gedir. Əqidə və ideologiya yoxdursa, nə
Vətəndaş müharibəsi? Odur ki, arxayın olmaq
lazımdır ki, bizi belə bir təhlükə gözləmir.
Amma məmləkətdə müharibə gedir
– keçmiş nazirlərin bugünki nazirlərlə,
bugünki nazirlərin gələcək nazirlərlə. Eyni
hökumətin üzvləri bir-birinə şirin-şirin
qara yaxırlar. Vətəndaş məmurların Vətəndaş
müharibəsi! Ölkənin sərvətləri və
hakimiyyət uğrunda müharibə. Bəzən gizli, bəzən
də açıq-aşkar. Bir neçə il bundan qabaq
yadımdadır ki, bəziləri həbsxanada, bəziləri
səfir adı ilə uzaqlarda olan məmurlar
çıxış eləyəndə etirafda bulunurdular ki, mən
günahkar deyiləm, gücüm çatmır. Gücün
çatmırdısa niyə otururdun orda? Aşağı
düşəydin, gücü olan işləyəydi. Amma bu
illər ərzində kiminsə könüllü istefaya
getdiyini xatırlamıram. Hamı vəzifəyə oturan kimi
Allahlıq iddiasına düşür. Və bu davam eləyir
ordan aşana qədər. Elə ki, düşdü, olur
demokrat. Bu da Vətəndaş müharibəsinin bir
növüdür də.
Bir rəvayət yadıma düşür. Bir
yazıq, kasıb ərəb gəlir xəlifə Harun ər-Rəşidin
hüzuruna, deyir ki, ya Peyğəmbər, kömək elə.
Xəlifə cavab verir ki, mən Peyğəmbər deyiləm.
Həmin adam təzim eləyir, deyir ki, ya Həzrəti
Cəbrayıl, kömək elə. Xəlifə cavab verir ki,
mən Həzrəti Cəbrayıl deyiləm. Ərəb
deyir ki, onda ya Allah, kömək elə. Xəlifə hirslənir,
deyir sən nə danışırsan, əstəğfürullah,
mən Allah deyiləm. Bu dəfə xəlifənin
hüzuruna gəlmiş bəndə deyir ki, onda niyə
oturmusan yuxarı başda, bir düş aşağı, dərdlərimizdən
xəbər tut.
Milləti millət kimi formalaşdıran çox amillər
var. Tarixi, mədəniyyəti, etiqadı, dili, əxlaqı və
ideologiyası.
Gəlin bir düşünək. Əxlaq min illərlə formalaşır.
Əgər az vaxta belə dəyişə
bilibsə, özünüz fikirləşin. Kommunistlərin
allahsızlıq siyasəti dövründə müəyyən
bir miqdar pula dinini dəyişən olmurdu. Tariximizi kim necə istəyib o rəngdə boyuyub.
Dilimiz... Yüksək rütbəli məmurlar
dilimizdə necə danışırlarsa, fikirləşirsən
ki, bu hansı dildi, kimin dilidi. Mədəniyyətimiz
haqqında da heç nə demirəm. Ən
əsası isə bütün bunların toplusu olacaq milli
ideologiya. Gəldik yenə ideologiyanın
üstünə. Müxalifətin qrant,
hökumətin kreslo davası.
Adətən dünya siyasəti böyük
çaplı müharibələrin qarşısını
almaq üçün lokal, yerli müharibələr
yaradır. Yəni bu hardasa bir müddət dünya müharibələrinin
qarşısını ala bilir. Amma enində-sonunda
yenə bu labüd olur. Yəqin bizim cəmiyyətdə
də böyük ideyaların arxasınca gedənləri
başqa yerə yönəltmək üçün bu
insanlar, qruplar, regionlar arasında nifaq yaratmaq lazım gəlir.
Belə izlənim yaranır ki, bizim məmləkətdə
hamı özündən, özünün daxil olduğu
zümrədən, mənsub olduğu partiyadan, ailədən,
bölgədən razıdır. Digərləri hamı
cəlladdır, idiotdur, pozğundur, əyyaşdır və
s. İstisnalar yoxdur. Niyə belə olsun?
Əgər kimsə yaxşı bir iş görübsə,
yaxşı bir söz deyibsə, niyə inkar edək? Millətin düşüncəsini dəyişməli
olan söz adamları söz güləşdirirlər,
savaşırlar. Səbəblər
qalıb bir tərəfdə, hamı nəticə ilə
mübarizə aparır. Mən buna da
ideya, əqidə savaşı deyə bilmirəm. Elə bil kimsə qəsdinə durub ki, bu məmləkətin
ağıllı adamlarını bir-birinin üstünə
qaldırsın. Mətbuatda bir ədəbi
dəstənin o birisi ilə amansız müharibəsi gedir.
Elə bil ki, bir-birinin qanına susayıblar.
Halbuki hər iki dəstənin nümayəndələri
ağıllı və istedadlıdırlar. Amma hara yönəlir – bir-birinə nifrətə.
Yəni əsas məqsəddən, hədəfdən
uzaqlaşdırmaq üçün belə bir siyasət də
atılıb ortalığa. Cəmiyyət
qütbləşib. Hər iki tərəfdə
yaxşı adamlar da var, nadürüstlər də. Hər iki tərəfdə Vətən naminə
çalışanlar da var, cibi üçün
çalışanlar da. Bunların
bir-birinə düşmən kəsilməsindən uduzan ancaq
və ancaq sadə adamlardır. Bu
insanların onlara olan inamıdır. Onların
bir-biri haqqında düşündüklərindən camaata nə
var? Bundan kim uduzur? Təbii
ki, dövlətin nüfuzu. Türkiyədə
Vətəndaş müharibəsinə İçsavaş
deyirlər. Çox gözəl
sözdü. İçinizlə
savaşmağı bacarsanız, içinizi təmizləyə
biləcəksiniz.
Bütün insanların günahı da var, savabı da. Əsas məsələ
xeyir əməlləri qabartmaqdır. Bu
gün buna daha çox ehtiyacımız var. Onsuz da
boğazacan çirkabın içindəyik. Əttökən siyasi şoular, əttökən
maqazin xəbərləri onsuz da olmayan beynimizi xarab eləyib.
Kiminsə ağzından doğru-düzgün bir söz
çıxanda da fikirləşirik ki, görəsən buna kim pul verib ki, bu sözləri deyir. Görəsən, məqsədi nədir? Özünə xal toplayır? Kimsənin
səmimiyyətinə inanmırıq, qorxulu olan budur. Bir gün dilimizdəki sevgi və səmimiyyət
sözlərini də unutsaq heç təəccüblənməyin.
Bir-birinizi sevmirsiniz? Nifrət edirsiniz,
öz işinizdir. Amma bunu ictimai müzakirəyə
çıxaranda millətin pozulmuş əxlaqı bir az da korlanır.
***
Səhv eləmirəmsə, 87-ci ilin son ayları idi. Qorbaçovun hakimiyyətə
gəlişindən iki il ötürdü və sakit, sabit həyat
tərzinə öyrəşmiş sovet adamlarının zərif
əsəbləri artıq ölkə ərazisində baş
verən partlayışlara, quldurluğa, alman təyyarəsinin
Qızıl Meydana endirilməsinə, qatarların qarət
edilməsinə yavaş-yavaş, heyrətlə vərdiş
eləməyə başlayırdı. "Aşkarlıq"
adlanan aşkar saxtakarlıq da qüvvəyə minməkdə
idi. Həmin o 87-ci ilin son aylarında
(vaxtı dəqiq yadımda deyil, amma həmin işlə məşğul
olmuş müstəntiqlər yəqin ki, xatırlayırlar)
Bakıda dəhşətli xəbər yayıldı - "26-lar"
metrostansiyası (indiki "Sahil")
yaxınlığında bir həkimin evinə girib 3
uşağını öldürüblər. Şayiələr ildırım sürətilə nəql
olunurdu – o vaxt indiki kimi qəzet və TV bolluğu yox idi.
Ağızdan-ağıza dolaşan xəbərlər
çox vaxt "xarab olmuş telefon" effekti verirdi. Hərə bir fərziyyə söyləyirdi – kimsə
deyirdi arada qan düşmənçiliyi olub, kimsə deyirdi
ortada namus söhbəti var, kimsə də qarət
versiyasının üstündə fikir
yürüdürdü. Amma aralıqda gəzən
söhbətlər nə qədər çoxalsa da rəsmi
orqanlar heç bir məlumat vermədilər. Bir az sonra 88-ci ilin məşhur hadisələri
başladı və sakit Bakı üçün qeyri-adi
görünən vəhşi qətl bu söhbətlərin
fonunda unuduldu. Kimsə düşünmək istəmədi
ki, əgər ölkədə cinayət dalğası
artırsa, cəzasızlıq baş alıb gedirsə demək
bu, artıq böyük, qlobal , bəlkə
də faciəvi bir əsərin proloqudur. Dövlət
cinayətin qarşısını almaq yolları, profilaktik tədbirlər
düşünmək əvəzinə faiz söhbəti ilə
əlləşirsə və bu faizi də vətəndaşlara
yedirtmək cəhdində bulunursa olacaqlar məlum – 91-ci ildə
SSRİ adlanan dövlət çox rahatlıqla xəritələrdən
silindi.
İradə Tuncay
Ədalət.- 2020.- 23 iyun.- S.1;3