Əlvida doğma insan, əziz müəllimim
Aqşin Babayevin əziz xatirəsinə
Gəncənin al
şəfəqli səhərini çox üzücü bir xəbərlə
açdım. Mənim üçün hər zaman əziz və
doğma olan insanı, həm də müəllimim olan bir
şəxsiyyəti itirdim. Bu itginin acısı ilə
barışmaq çox çətindir. İnsan həyatında
müstəsna yeri olan şəxslərin itirilməsi hər
zaman ağırdır. Illah da ki, müəllimin
ola və onunla bağlı xatirələrin demək olar ki, hər
gün təzələnə. Məhz Azərbaycanın
tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçisi,
pedaqoq, ictimai xadimi, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası”
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor,
II dərəcəli Dövlət müşaviri, Azərbaycanın
əməkdar jurnalisti və böyük hərflərlə
yazılacaq bir insan, şəxsiyyət Aqşin Əlisəttar
oğlu Babayev tək.
Aqşin Babayevlə tanışlıq ailəvi
səcərəmizlə bağlıdır. Belə ki, mərhum
atam xalq artisti Məhəmməd Burcəliyevlə uzun illər
çox yaxın dostluq telləri sonradan bu münasibətləri
ailəvi dostluğa çevirə bilib. Onunla sonradakı
görüşlərimiz daha tez-tez olurdu. Belə ki, mən Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində təhsil aldığım illərdə
onunla hər gün görüşür, şirin, orjinal xatirələrlə
dolu söz-söhbətlərindən doymazdım. Hətta
çox maraqlı səs tonu bir anlıq olsun belə fikirlərinin
dağılmaması şərtilə diqqəti cəlb etməklə
ona qulaq asmağa imkan verirdi. Bu gün belə bir doğma
insanımı, müəllimimi itirdim.
Aqşin Əlisəttar oğlu Babayev. Bu ad
çoxlarına tanışdır. O, 23 noyabr 1936-cı ildə
Bakıda anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət
Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə
tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə,
İrana və Cənubi Azərbaycana verilişlər
hazırlayan redaksiyaların baş redaktoru təyin edilib.
Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis,
fransız, alman və ispan dillərində çap olunan
“Moskou News” qəzetinin Azərbaycan
üzrə xüsusi müxbiri olub. Azərbaycanın
ictimai həyatı, mədəniyyəti, incəsənəti
haqqında həmin qəzetin səhifələrində
yazılar dərc etdirib. Ü. Hacıbəyli, F. Əmirov, Q.
Qarayev, Niyazi, T. Salahov kimi sənətkarları
xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən
1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Komitəsində
çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan
radiosu və xarici verilişlər üzrə sədr
müavini kimi fəaliyyət göstərib. 1972-1975-ci
illərdə Türkiyədə işləyib. Sədr
müavini işləyərkən onun təməl
daşını qoyduğu verilişlərdən biri bu
gün də Cənubi Azərbaycana yayımlanan proqramlarda səslənən
“Körpü”dür. O, radioya rəhbərlik etdiyi vaxtlar “Araz”
radiostansiyasının verilişləri səhər erkən
efirə çıxaraq, “Səhər” proqramı fəaliyyətə
başlayıb. Televiziya və Radio Verilişlərinin Bədii
Şurasına rəhbərlik etməklə mahnı və
diktor müsabiqələrində münsiflər heyətinin sədri
olub. Milli Məclisdə mətbuat xidməti 1991-cı il mart
ayının 1-də yaradılıb. Onun ilk rəhbəri də
məhz Aqşin Babayev olub. O, bu vəzifədə 15 il
çalışıb. Kütləvi informasiya
vasitələri ilə sıx əlaqə yaradaraq Milli Məclisin
nəşri olan “Qurtuluş”, “Tariximizin faciəli səhifələri:
soyqırımı”, “Heydər Əliyev və Azərbaycan
parlamenti”, “Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar”,
“Müstəqil dövlətimiz və parlamentimiz”
yazıları ilə tanına bilib. Parlament
nümayəndə heyətlərinin tərkibində Fransaya və
Səudiyyə Ərəbistanına səfərlərindən
hazırladığı reportajlar, Türkiyə və
İsveçrədən yazdığı publisistik qeydləri
maraqla qarşılanıb. 1991-2006-cı illərdə Azərbaycan
Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində
çalışıb. Aqşin Babayevin ilk hekayəsi
1958-ci ildə “Oktyabr işıqları” almanaxında,
1964-cü ildə isə “Cazibəli üfüqlər”
adlı ilk hekayələr kitabı çapdan
çıxıb. “Həmişəbahar”, “Bir parça həyat”,
“Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Səhnə,
Ekran, Efir” adlı kitabların müəllifidir. “Kişilər
az yaşadı” kitabı isə Moskvanın “Sovetski pisatel” nəşriyyatı
tərəfindən 30 min nüsxə tirajla nəşr edilib.
Artıq 10 cilddən ibarət “Seçilmiş əsərləri”nin
birinci cildi işıq üzü görüb. Onun dövri mətbuatda
işıq üzü görən və kitablarında toplanan
oçerkləri, reportajları, məqalələri yüzlərlədir.
Niyaziyə, Q. Qarayevə, M. İbrahimova, N. Hikmətə,
Ə. Məmmədxanlıya digər yazıçı və
mədəniyyət xadimlərinə həsr etdiyi portret
yazıları oxucular tərəfindən hər zaman maraqla
qarşılanıb. Aqşin Babayev həm də maraqlı
şair idi. Yeddinci sinifdə oxuyanda “Bahar” adlı ilk
şeirini yazıb. Sözlərinə mahnılar bəstələnib.
Aqşin Babayevin dramaturq kimi ilk əsəri tələbəlik
dövründə 1955-ci ildə tamaşaya qoyulub. Sonra pyesləri
Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar, Bələdiyyə,
Sumqayıt Musiqili Dövlət Dram teatrlarında
oynanılıb. Onun ssenarisi əsasında
telefilmlər çəkilib. Elmi əsərləri Moskvada,
Ankarada, Tbilisidə çap olunub. “Nazim Hikmətin
yaşamı” adlı kitabı 1989-cu ildə Almaniyada
işıq üzü görüb. Nazim Hikmətdən
söz düşmüşkən qeyd etmək istərdim ki,
Aqşin müəllimlə görüşüb bir dəfə
bu haqda geniş müsahibə almışdım. O zaman Nazim
Hikmətlə bağlı xatirələrində deyirdi: “Təbii
olaraq o illərə nəzər salanda Türkiyə kəlməsi,
Türkiyə sözünü eşidəndə, xüsusi
olaraq, Moskvada oturanlar buna çox böyük
qısqanclıqla yanaşırdılar. Ançaq o zamanlar
Türkiyədə hekayələrim çap olunanda təəccüb
edirdim ki, məni heç yerə çağırıb
sorğu-sual etmirdilər. Sovet dövründən başlayaraq
bizim Akademiyada Şərqşünaslıq İnstitutunda
Türk Filologiyası şöbəsi, Moskvada Asiya Xalqları
İnstitutunda Türk bölməsi fəaliyyət göstərirdi.
Deyim ki, 1961-ci ildə Nazim Hikməti mövzu olaraq
götürüb aspiranturaya daxil olanda heç kim mənim
qarşıma səd qoymadı. Nazim Hikmət
dramaturgiyasının tədqiqinə başladım. Ancaq
Türkiyəyə işləməyə gedəndə Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində
qaydalara uyğun olaraq partiya biletimi təhvil verəndə bir
məmur dedi ki, bilirsiz, Nazim Hikmət kommunist olub. Türkiyəyə
işləməyə gedirsiz. Orda olarkən Nazim Hikmətin
adını cəkmiyəsiz. Hətta bu mövzuda dissertasiya
müdafiə etmənizi belə deməyəsiniz.
Çünki türklər Nazim Hikməti sevmirlər. Ona “vətən
xaini” deyirlər. Amma Türkiyəyə gələndə
gördüm ki, heç də belə deyil. Əksinə,
türklər Nazim Hikməti
sevir və şeirlərini əzbər də bilirlər. Nazim
Hikmət onlar üçün əziz bir insandır. Ancaq elə
kitab mağazaları da vardı ki, şairin kitablarını
soruşanda “Bizdə vətən xainin kitabı satılamaz!”
cavabını da alırdım. Ancaq bununla belə Türkiyədə
işlədiyim 3 il ərzində çox az yerdə
müşahidə etdim ki, Nazim Hikməti istəmirlər.
Nazım Hikməti sevənlər sevməyənlərdən
çox-çoxdur. Sonra da doktorluq işimi
yekunlaşdırdım. Doktorluq dissertasiyam Cümhuriyyətin
1923-cü ildən 1990-cı illərə qədərki
dövrü, əbədiyyat mərhələsini əhatə
edirdi. O zaman müdafiə işləri ilə bağlı bir
çox şəxslərə müraciət edirdim ki, mənə
Nazim Hikmət haqqında bilmədiklərimi desinlər. Bax o zaman sizin mərhum atanız, Azərbaycan səhnəsinin
unudulmaz sənətkarı, xalq artisti Məhəmməd Burcəliyevə
də müraciət etmişdim. Çünki 30-cu illərdə
Türk dramaturqlarının əsərləri Azərbaycan səhnəsində
oynanılmışdı. Amma Sovet dönəmində Türk
dramaturgiyasına az müraciət olunurdu. Əsasən
Nazim Hikmətin pyesləri oynanılırdı. 50-ci illərdə
Türk dramaturgiyasının Azərbaycan səhnəsinə
yenidən gətirilməsi atanız Məhəmməd Burcəliyevin
adı ilə bağlıdır. Gəncə Dövlət
Dram Teatrında onun rəhbərliyi dövründə Nazim
Hikmətin “Kəllə” pyesi səhnəyə qoyulub. Bununla
da yenidən Azərbaycan teatrlarında Türk
dramaturgiyasının yeni bir dövrü başlanılıb.
1957-ci ildə Nazim Hikmət Gəncəyə gələrək
“Kəllə” pyesinin tamaşasına baxıb və
yaradıcı kollektivlə xatirə şəkili də
çəkdirib. Bax bu günə qədər atanız Məhəmməd
Burcəliyevin onunla bağlı olan xatirələrindən
ibarət cavab məktubu mənim şəxsi arxivimdə
saxlanılır. Mən o gözəl diqqətçil
insanı, böyük sənətkarı həmişə
şükranlıqla yad edirəm”.
Onun “Türk ədəbiyyatı müntəxəbatı”,
“Türk dramaturgiyası”, “Cümhuriyyət dövrü
türk ədəbiyyatında sosial motivlər”, “Azərbaycan
və türk dünyası” kitabları bu gün də dəyərli
dərs vəsaitidir. O, həmçinin Türkiyədə Nazim Hikmət vəqfinin
Məsləhət Şurasının fəxri üzvü idi.
Aqşin Babayev 1967-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olmaqla
yanaşı, yetirmələri “Azərbaycan”, “Zerkalo”, “Ayna” qəzetlərində,
müxtəlif teleradio kanallarında
çalışırdılar. O, 30-dan artıq
xarici ölkə filmini doğma dilimizə tərcümə
edərək “Azərbaycan kino sənətində ədəbi
əsərlərin təcəssümü” (A. Kazımzadə ilə birlikdə), “Kino…kino”, “Kino sənətinin
təməl daşı” kitablarını sənətsevərlərə
maraqla təqdim edib. İtalyan dramaturqu Terensinin “Qardaşlar”,
türk dramaturqu Haldun Tanerin “Kemanlı Əli dastanı” pyeslərini,
Əziz Nesinin hekayələrini dilimizə çevirib. Onun çoxşaxəli
yaradıcılığı haqqında Mirzə İbrahimov,
Qulu Xəlilov, İrfan Ünver Nəsrəddinoğlu, Həmid
Araslı, Əli Tudə və başqa ədəbiyyat, incəsənət
xadimləri dəfələrlə dövrü mətbuatlarda
məqalələrlə çıxışlar edib, Aqşin
Babayev yaradıcılığının məziyyətlərindən
söz açıblar.
Xatırlatmaq yerinə düşər
ki, o, həmçinin Attestasiya Komissiyası Ekspert
şurasının eləcə də Yazıçılar
Birliyi (1978) və Jurnalistlər Birliyinin (1961) üzvü olub.
35 bədii və elmi kitabın müəllifi kimi böyük
elmi yaradıcılıq irisini bizlərə yadigar qoyub.
Aqşin Babayev 1970-ci ildə “Əmək rəşadətinə
görə” medalı ilə təltif edilib, 1987-ci ildə “Əməkdar
jurnalist” fəxri adına, 2004-cü ildə isə II dərəcəli
Dövlət müşaviri rütbəsinə layiq
görülüb.
Aqşin Babayev həddən ziyadə vətəninə,
doğma Azərbaycanımıza bağlı bir insan idi. Hətta
bu amal və bağlılıq bütün həyatı boyu
özünü göstərirdi. Mənfur qonşularımız
olan ermənilərin hər zaman xain xislətindən
danışar və bununla barışmağını
söyləyərdi. Yaxşı
xatırlayıram 80-ci illərdə post sovet məkanının
erməni ideologiyasının tüğyan etdiyi bir
zamanında Mərkəzi Komitənin sanksiyası olmadan radioda
erməni verilişlərinin tamamailə bağlanması
haqqında qərar qəbul etdiyi üçün Mərkəzi
Komitənin bürosundan partiya töhmətini də elə
Aqşin Babayev alıb.
Aqşin müəllimlə 24 oktyabr 2018-ci ildə
olan görüşümü xatırlayıram. Fəvvarələr meydanında
görüşdük. Ömür-gün yoldaşı
Müzəyyən xanım da onunla birlikdə idi. Çox
xoşbəxt idi, üzündə qəribə bir təbəssüm
vardı. Ani olaraq söhbətə belə başaldı:
“İki hiss keçirirəm. Bir fərəh, bir də məyyusluq
hissi. Fərəh hissi ona görə keçirirəm ki, tərif
olmasın, yaxşı, təmiz ömür yaşamışam,
çox gözəl ailəm var. Sədaqətli, vəfalı
ömür dostum var. Həyat yoldaşım Müzəyyən
xanım ən çətin anlarımın dayağı olub.
Mənim həyat yoldaşım və övladlarım arxa cəbhəmdir.
Hansı kişinin ki, arxa cəbhəsi möhkəmdir ona
zaval yoxdur – dedi. Sonra yeni nəşr olunan “Səhnə, Ekran,
Efir” kitabına bu sözləri yazdı: “Qələm və
ürək dostum Anar müəllimə, Aqşindən minnətdarlıqla.
24.10.2018” ”.
2019-cu ildə “Onun dünyası” adlı bir
kiatbım nəşrə hazırlanırdı. Bu zaman yenə
də Aqşin müəllimə üz tutdum. Kitaba ön
söz yazmasını xahiş etdim. Məmnunluqda məni dinlədi,
qısa zamanda bu kitaba ön sözü yazaraq şairə,
dramaturq Fəridə Əliyarbəyli haqıında xatirələrini
və kitab haqqında fikirlərini bölüşdü.
Aqşin müəllim bu ön sözdə yazırdı:
“Sonralar tale belə gətirdi ki, mən, indi müəllimi
olduğum Mədəniyyət və İncəsənət
Universitetində Məhəmməd müəllimin oğlu
Anarla tanış oldum. Müəllim-tələbə
münasibətləri yaş fərqimizə baxmayaraq sonralar
dostluğa çevrildi”.
Hələ də bu acı xəbərinizə
heç cürə inana bilmirəm. Ölüm adlı bir xəbəri
heç cürə Sizə yaraşdıra bilmirəm. Siz mənim
həyatımda və ailəmiz üçün doğma insan
olmaqla çox müstəsna bir şəxsiyyət idiniz.
Sizin haqqınızda artıq bu cür danışmaq və
yazmaq çox cətindir. Deyirlər hər kəsin bir qisməti
var. Ancaq bu qisməti, bu acını hələ
yaşamalı deyildik. Siz Azərbaycan elmi və xüsusilə
mədəniyyəti tarixi üçün hələ
çox gərəkli idiniz. Əziz müəllimim. Haqqın
dərgahına üz tutmağa nə yaman tələsdiniz ki?
Siz mənim üçün o qədər doğma idiniz ki…
Sözlə ifadə edə bilmirəm. Çox üzgünəm
və heç cürə belə qəfil ayrılığa
inana bilmirəm. Çətin, lakin şərəfli səfəriniz
mübarək olsun. Son mənziliniz daima işıqlı və
nurlu olsun. Son vida gününüzə gələ bilmədiyim
üçün məni bağışlayın. Əziz
müəllimim, bir də ki, haqqınızı halal edin.
Çünki Sizin zehni düşünçənizin nurundan
mənə də pay düşüb. Bu ayrılıq hələ
uzun illər məni göynədəcək və çox
zaman hər ötənlərdən Sizi soruşacam. Ruhunuz
şad, məkanınız cənnət olsun. Amin.
Əlvida doğma insan və əziz müəllimim!
Anar Burcəliyev, teatrşünas
Ədalət.- 2020.- 8 iyun.- S.18.