Unudulmaz Böyük İnsan, həyatımın
mayakı! - Əziz Şirxan dayıma! ...
Bu gün Şirxan dayım
haqqında danışmaq, onun itikisi ilə
barışmaq, keçmişləri xatırlamaq mənə
oduqca ağırdır. Çünki mənə həyatda
doğma olan, özümə hər zaman böyük bildiyim,
yaxın dost, sirdaş hesab elədiyim, ən çətin
vaxtlarda məsləhətinə, tövsiyəsinə,
köməyinə, dəstəyinə ehtiyac duyduğum əziz
bir İNSANI ürək ağrısı ilə yada
salıram. Bir ildir ki, özü yoxdur... cismani
varlığını müqəddəs torpağa əmanət
etmişik... lakin ruhən, qəlbən bizimlədir.
Uzun müddət
hüquq-mühafizə sistemində və prokurorluq
orqanlarında məsul vəzifələrdə
çalışmış, Beynəlxalq Mühəndislik
Akademiyasının həqiqi üzvü, "Azərbaycan
Bayrağı"ordenli alim, hüquq elmləri doktoru, baş ədliyyə
müşaviri Şirxan Yusif oğlu Adıgözəlov
ölkənin nüfuzlu ziyalılarından idi. Adətən
hüquq sistemində çalışan insanların əksəriyyəti
bir qədər zəhmli olur, vəzifədə olduğu
müdətdə vaxt sarıdan qohum-əqraba içərisində
az görünürlər. Ancaq o isə tam əksinə,
hamıya baş çəkər, el-obanın dərdi sərini
özünkü bilər, dost-tanışın xeyrinə-şərinə
qatılmağa vaxt tapardı...
Biz Qarabağlıyıq. Atam Füzuli
rayonundan, əsilləri Şuşadan, anam isə yarı
Füzuli, yarı Cəbrayıldandır. Kənddə
hamı bir-bir ilə qohumdur, yurdun bu başından o
başına kimi hər kəs bir-biri ilə qohumluq telləri
ilə bağlıdır.
18 yaşından taleyini Bakıya bağlayan
atam "Bakı Şin Zavodu”nda rabitəçi kimi işə
başlayıb və 50 ilə yaxın həmin zavodda pillə-pillə
qalxaraq direktor müavini vəzifəsinə kimi yüksəlib.
Sonralar Bakıda aldığı iki otaqlı mənzili isə
daima qohumları üçün açıq olub. Kənddən şəhərə təhsil
almağa gələn yaxın gənclər bizim ailənin
də üzvləri sayılırdı. Ona görə də
kənddə yaşayan bütün yaxın və uzaq
qohumlarımızı bir-bir yaxşıca
tanıyırdıq. Ata-babadan görüb
götürmüşük ki, qapıya gələn
qonağı böyük ehtiramla qarşılamaq,
nazlı nemətli süfrə açmaq, böyüyə
hörmətlə yanaşmaq el adətidir. Böyük
bir nəslin nümayəndəsiyəm. Atamgil doqquz uşaq
olublar. Eləcə də əksər ailələrdə də
övladların sayı çoxdur.
Şirxan müəllim isə
Bakıda təhsil alanda Söhbət kişi və Almaz
xanımgilin evində kirayədə qalardı. Aramızda
xeyli yaş fərqi olmasına baxmayaraq onu özümə həmişə
yaxın bilmişəm. Çünki özü buna şərait
yaratmış, uşaqdan böyüyə hər kəsə
dost kimi davranmışdı.
Əslində Şirxan müəllim mənim
atamın xalası oğludur. Onun alicənablığı,
mehribanlığı, yaxın ünsiyyətimiz bizi
doğmalaşdırıb. Əksəriyyət onu mənim ən
yaxın qohumum hesab edir. Ancaq mənə ən yaxın qohumdan
da doğma birisi olub. Həmişə mənə "Dədə”
deyərdi, işlərimlə, fəaliyyətimlə
yaxından maraqlanardı, xüsusi diqqət,
qayğısı ilə əhatə olunardım.
Mənim ən çətin günlərimdə
arxamda olub. Ən uğurlu vaxtlarımda, xeyir işimdə,
şad günümdə qarşımda dayanıb, irəlidə
gedib, elçiliyimi edib. Təhsilimdə, işimdə,
bu günkü səviyyəyə yetməyimdə, bir sözlə
hər nailiyyətimdə yetərincə xüsusi rolu
var.
Mən Mədəniyyət və İncəsənət
Universitetini bitirmişdim və mənə təhsilimi davam
etdirməyi məsləhət görürdü, xüsusən
hüquq sahəsinə getməyi təvəqqe edirdi. Onun
öyüd-nəsihəti məndə maraq oyatdı və
ciddi hazırlaşaraq Bakı Dövlət Universitetinin
"Beynəlxalq Münasibətlər” fakültəsinə
daxil oldum. Sözlərindən nəticə çıxararaq
mənim yaxşı çalışmağım ona xoş gəlmiş,
bu uğuruma da həddindən artıq sevinmişdi...
Televiziya sahəsində
çalışmağa başlayanda da mənə hərmişə
çalışqan olduğumu işarə edərək,
mükəmməl olmaq üçün daima üzərimdə
işləməyi məsləhət edirdi. Bəzən
televiziyada qarşılaşdığım çətinliklər,
kanalları dəyişəndə yaşadığım ruh
düşkünlüyü məhz onun sayəsində dəf
edilirdi. Hər söhbətimizdə pozitiv düşüncəli,
nikbin notlara köklənərdim. Deyirdi ki, bir halda ki, bu
sahəni seçmişən, yaxşı kadr olmaqdan
ötrü ciddi çalış, peşəkar ol, getdiyin
yolu əzmlə irəlilə.
Mən cənab Prezidentimiz İlham Əliyevin sərəncamı
ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-ə
Sədr müavini təyin ediləndə birinci ona zəng edib
bu xəbəri verdim. Sevinc içərisində mənə
söylədiyi sözlər hələ də
qulağımdadır və yenə də daima
çalışqan olmağı, gələcəkdə daha
böyük uğurlara çatmağı arzuladı...
Bir hüquqşünas kimi öz vəzifəsini
ləyaqətlə icra edib, çətin işin öhdəsindən
həmişə uğurla gəlib. O Yasamal və Səbael
rayonunda prokuror işləyəndə mən televiziyada
çalışırdım, o zaman rayonda baş verən hər
bir hadisəni telemüxbir kimi
işıqlandırırdım. Qanunun keşiyində necə
əzmlə durduğunu yaxından müşahidə etmişəm,
fəaliyyəti ilə bağlı, bəzi faktların,
nüansların canlı şahidi olmuşam. Xüsusən
Yasamal rayonu kriminogen hadisələrin daha çox baş
verdiyi ərazi sayılırdı və burada baş verən ən
ağır olayların sirrinin açılmasında, cinayətkarların
ifşa edilməsində xüsusi peşəkarlığı
ilə seçilirdi.
O insanları dərindən
anlayır, psixoloji ustalığı ilə kimin kim
olduğunu sezə bilir, düzgün xarakterizə etməyi
bacarırdı. Məhz bu məharəti sayəsində,
canini seçmək, düzgün ayırd etmək, qatı
cinayətlərin açılmasında xüsusi səriştəsi
vardı...
O yurduna, doğulduğu torpağa həddindən
artıq bağlı bir insan idi. Dəfələlərlə
Füzüliyə gedər, qohum, tanışa baş çəkər,
xeyirdə, şərdə iştirak edərdi.
Bir neçə dəfə Füzuliyə
onunla bərabər getmişik və şahidi olmuşam ki,
torpaqların işğalı ürəyini çox incidirdi.
Yolu düşərkən bütün qohumlara bir-bir baş
çəkərdi. Səmimiyyəti, vətənpərvərliyi,
qohumcanlığı və sadəliyi ilə böyük
örnək idi. Millətin öz yurdundan didərgin
düşməsi, qaçqın, köçkün halı
heysiyyatına, milli qüruruna toxunurdu. Qapısına gələn
hər bir yerlisinə dərin ehtiram nümayiş etdirir və
kim ondan nəisə xahiş edirdisə, hamısına kömək
əlini uzadır, maddi və mənəvi dəstəyini əsirgəmirdi.
Onun yas mərasimində, eləcə
də ayrı-ayrı məclislərdə dəfələrlə
tanımadığın insanlar Şirxan müəllimin
yaxın qohumu olduğumu biləndə mənə
yaxınlaşıb dayımın nəcib əməllərindən
söz açır, özəl keyfiyyətlərindən
uzun-uzadı danışmaqla hər zaman xeyirxah
olduğunu dilə gətirirlər, onun elədiyi
yaxşılıqları unutmadıqlarını söyləyirlər.
Yolumuz o yana düşəndə şahidi
olmuşam ki, Füzuli torpağında yetişən hər
bir nemətə xüsusi dəyər verirdi. "Bu bizim
torpağın tərəsidir, görürsən ətrini”
deyərdi. Bütün ərzaq məhsullarını öz
torpağımızdan almağı xoşlayardı.
Şirxan müəllim nəinki
bir nəslin böyüyü, hörmətli şəxsiyyəti,
eləcə də Füzuli camaatının arxa-dayağı
idi, Azərbaycanımızın sayılan, seçilən və
ölkə başçısı tərəfindən dəyər
verilən böyük ziyalısı idi.
Hüquqşünas olmasına baxmayaraq müxtəlif
peşə sahiblərindən olan insanlarla dostluq edərdi. Millət vəkili, alim, akademik, şair, müəllim,
həkim, incəsənət adamları və s. vəzifə,
peşə sahibləri ilə yaxın ünsiyyəti
vardı. Jurnalist dostları da az deyidli. Özü
intervyü verməyi sevməz, özünü reklam edən
heç bir addım atmazdı. Ancaq jurnalistlərə hadisələrin
işıqlandırılması üçün xüsusi cəhdlə kömək göstərər,
ürəkdən yardımçı olardı. Düz
çörək kəsən, süfrə arxasında əyləşməyi
sevən bir insan olub. Ən yaxın insanların yanında
ucadan mahnı oxumağı da vardı. İlahidən gələn
gözəl səsi, şirin avazı ilə
zümzümə edərdi. Qarabağlı balası kimi
o torpağın bütün özəlliyini qanında,
canında, ruhunda gəzdirirdi, varlığında
yaşadırdı Şirxan dayım.
Vəzifəsindən ayrılan kimi
bütün diqqətini, istiqamətini
yaradıcılığa yönəltdi. Qısa vaxt ərzində
bir neçə kitab üzərində işlədi. Elmi fəaliyyətini genişləndirdi. 2016-cı
ildə "Multikulturalizm: beynəlxalq təcrübə və
Azərbaycan nümunəsi” adlı kitabı işıq
üzü gördü. Həmin kitabda multikulturalizm fenomeninə
beynəlxalq təcrübə və Azərbaycan
reallıqları kontekstində qiymət verməyə
çalışdı. Faktlar və arqumentlər əsasında
multikulturalizmin Azərbaycan modelinin mahiyyət və məzmununu
açıb göstərməyə müvəffəq
oldu. "Bakı Beynəlxalq Multikulturalizm”, "Azərkitab”
kitab satışı mərkəzlərində və bir
sıra yerlərdə ünlü simaların iştirakı
ilə kitabın yüksək səviyyədə təqdimatı
keçirildi.
Daha sonra kitab gürcü dilində nəşr
olundu və Tbilisidə fəaliyyət göstərən
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyində tanıdıldı.
Alimin "İslam Həmrəyliyi
İli" ilə əlaqədar olaraq "İslam Əməkdaşlıq
Təşkilatı və İslam Həmrəyliyi" adlanan
növbəti kitabı da maraqla qarşılandı. Bu kitabda
da məqsəd ölkəmizdə həyata keçirilən
və İslam Həmrəyliyinə, əməkdaşlığına
verilən konkret elmi və praktiki nümunələri
araşdırıb və onları oxuculara təqdim etmək
oldu. "Heydər Əliyev və Azərbaycanda
multikulturalizm siyasəti” adlı elmi məqaləsində də
ölkənin dövlətşilik ideyalarına siyasi
baxışı öz əksini tapdı. Azərbaycanda
gedən ictimai-siyasi proseslərin geniş izahını verməklə
bir alim kimi gəldiyi qənaəti elmi ictimaiyyətə
ünvanladı...
Bir alim kimi hələ görüləcək
işləri çox idi, düşündüyü kifayət
qədər mövzunu elm aləmində araşdırmaq niyyətindəydi.
Lakin....
Axırıncı telefon söhbətimizdə
dedi ki, "Dədə deyəsən öləcəm, yaman
narahatam”. "Nə danışırsan”- deyə təəccübləndim.
Onun ölümü heç birimizin ağlına gəlməzdi.
Ancaq qəfil xəbər gəldi. Şirxan
dayım bizi tərk elədi, haqq dünyasına
köçdü. Mən bu yaşıma kimi bircə dəfə
də olsun atamın göz yaşını hələ
görməmişdim, onun dəfn günü atam
hönkürürdü. Mən özüm isə nəinki
o gün, elə indinin özündə də dayımdan
söz düşəndə biixtiyar göz
yaşlarımı saxlaya bilmirəm. Sevilməyə layiq bir əsl
insan olub, sağlığında özünə hörmət
qazanıb, ürəklərdə heykəlini ucaldıb. Nə
qədər ki, onun yaxşlıq etdiyi insanlar yaşayır,
Şirxan müəllim də yaşayacaq, ruhuna ehtiram göstəriləcək,
haqqında ürək dolusu danışacaqlar...
Ruhun şad olsun əziz İnsan, nəsil
ucalığım, sevilmli dayım, həyat müəllimim,
gözəl dostum, ailə yadigarım, yaxın
sirdaşım, unudulmaz böyük məsləkdaşım.
Allah sənə rəhmət eləsin
Böyük İnsan, rahat uyu, məzarın cənnət olsun
Şirxan dayım!
Rəşad Nəsirov əməkdar
jurnalist
Ədalət.- 2020.-
18 iyun.- S.4.