Xəyalə Sevil: "Sevgi etdiyin
günaha dəyməlidir"
"Xanım
sözü” rubrikasının növbəti qonağı
şairə Xəyalə Sevildir.
-Çox sakitsiniz...
-Sakitəm deməzdim, sadəcə səssizəm.
Mən əslində yaxşı müşahidəçiyəm.
Müşahidə etmək üçün isə
danışmaq yox, baxmaq və dinləmək lazımdır.
Danışıb hamı kimi olmağı sevmirəm. Səs-küylü
dostluqlar, təkrarlanan münasibətlər mənə
görə deyil.Həm də hər şey uzaqdan daha gözəl
görünür.
-Sevgi şeirləriniz üstünlük təşkil
edir. Bu şeirlərinizin çoxunda həsrət,
ayrılıq var.
-Sevgi şeirlərimin üstünlük təşkil
etməyi mənə elə gəlir ki, dövrlə
bağlıdır. Məsələn, indi sevgi şeiri yaza
bilmirəm və ya heç yazmaq da istəmirəm. Daha real
düşünmək istəyirəm. O ki, qaldı həsrətə,
ayrılığa, hardasa yaşanmışlıq da var,
yaşanmamışlıq da.
-Dövrlə dedikdə, indi
qocalmısınız?
-Xeyr, mən ruhu nəzərdə tuturam. Daha
doğrusu ruh halımı. Ruh halım sevgiyə köklənibsə
sevgidən yazıram. Sosial bir problemə yönəlibsə
ondan. Ruhu çərçivəyə salmaq olmur. Həyatım
ikinci plana düşüb.
- "Qəbrimi anamın əlində
qazın” deyərək ana sevgisini qabardan şairə
özü yaxşı ana ola bildimi?
- Mən düşünürəm ki, lap pis
övlad, pis bacı, lap pis vətəndaş da ola bilərəm,
amma pis ana ola bilmərəm. Olmamalıyam və ya buna
haqqım yoxdu. Əgər dünyaya öz xoşumla övlad
gətirmişəmsə, demək mənim həyatım
ikinci plana düşüb. Birinci onlardı. Mən heç
sevmirəm müti, hər şeyə razılaşan
anaları. Ana olmaq bir az da mübarizlik istəyir.
Övladlarının xətrinə, xeyrinə bir az baş
qaldırmaq, tabe olmamaq istəyir. Necə ana olduğumu isə
illər sonra biləcəm. Bir qızım, bir oğlum var.
Əgər onları xəyalımdakı kimi böyütsəm,
demək mən yaxşı ana olmuşam. Yox, əgər istədiyim
kimi olmasa, demək mən məğlubam. Ana kimi məğlub
olmaq isə bütün məğlubiyyətlərin əvvəlində
gəlir.
-Şeirlərinizdə ürəyinizi cəzalandırırsınız.
Nə günah iş görüb ürəyiniz?
-Cəzalıdı ürəyim. Bədənimdə
küncə qoydum... Bütün ürəklər cəzalıdılar.
Yəqin elə ona görə Tanrı ürəyi bədənin
küncündə yaradıb.
-Bu cəza bitmədi? Bəlkə ürəyinizə
tam azadlıq verəsiniz? Qoy, bildiyi kimi etsin.
-"Hisslərinə azadlıq ver, ürək
çərçivə deyil” yazmışdım şeirlərimin
birində. Ürəyim həmişə azaddı. Sevgisində
də, nifrətində də. Amma nifrət məndən uzaq
duyğudu. Bir filmdə eşitmişdim: " Kimi sevəcəyim
mənim əlimdə deyil, amma bu sevgiylə necə
davranacağım mənim əlimdədir.”
Mən də tam bu fikirdəyəm. Qadın
sevgisi məncə daha qürurlu olmalıdır. Ürəyimdə sevgidən ölsəm də,
güvən yoxdusa, dilimə gətirmərəm. Sevgi bir günahdısa, etdiyin günaha dəyməlidir.
Bütün
uğursuzluqların günahkarı kimi Allahı
suçlayardım
-İntihar edib günahı Allahın boynuna atmaq istəyirsiniz. Daha nələri
Allahın boynuna yükləmək fikriniz var?
-Mən
deistəm. Əgər Allaha dini mövqedən
yanaşmış olsaydım, yaşanmış bütün
uğursuzluqların günahkarı kimi onu suçlayardım.
Amma mən Tanrını dost kimi sevirəm.
-Küskünsünüz
sanki. Tək həyata yox, ədəbi mühitə
də.
-Mən
balıq bürcündənəm. Dəyişkənlik
ruh halımda var. Hərdən düşünürəm ki, mən
səhvən bu dünyaya gəlmişəm. Tanrı səhv edib. Hərdən
də mübarizə aparmaq istəyirəm. Amma çox vaxt oturub kəşf edilməyi gözləyirəm.
Məncə küskün deyiləm,
reaksiyasızam. Nəsə məni həyəcanlandırmır,
sevindirmir. Çox qəribədir ki, kənardan
həqiqətən elə görünürəm.
Küskün, qaradinməz, soyuq, az
danışan. Amma yaxın dostlarımla,
sözümün tutduğu adamlarla danışmaqdan çənəm
ağrıdığı vaxtlar olur. Həmçinin
də gülmə krizinə girdiyim vaxtlar. Demək problem məndə deyil. Mən
ya ehtiyatdan məsafəli davranıram, ya da elə ehtiyatdan.
Hər zaman məsafəli davranmaqda fayda var.
Kişilərin
90%-i qadınları anlamır
-Hərdən
düşünürəm ki, poeziya qadın ruhudur. Amma
qadın ruhunu ən yaxşı kişi
duya bilər.
-Zəmanəmizdə
90 faiz kişilər qadınları anlamır.Anlayanlar da deyəsən
səhv anlayırlar. O baxımdan qadın ruhunu elə
qadınlar daha gözəl duya bilər. Bu, bəlkə
də şərq düşüncəsi ilə bağlıdır.
Həmişə kişi yazarların öndə olması,
çox zaman tarixi baxımdan onların tədris olunub
keçirildiyinə görə belə düşüncə
var.Həmçinin,qadın
azadlığı kişilər qədər deyil. Belə olduqda qadınların istedadı bir növ
içində boğulur.
-Kişilər
şair olan kimi deyirlər: "Hansısa qadın
ayrılığı bunu şair etdi.” Biz də
şairə haqqında bu cür düşünə bilərikmi?
Sizi hansı kişi şair etdi?
-İlk şeirlərimi 2-ci sinifdə oxuyanda
yazmışam. Atama. Əgər mütləq bir kişi olmalıdırsa, o, atamdır. Amma təbii, konktet sevgiyə, sevgiliyə
ünvanlanmış şeirlərim də olub.
-Sevgiliyə
ünvanladığınız şeirlər ünvanına
çata bilibmi?
Etiraf məktubu
yazıb tulladım,
Bu gün bədənimin sol tərəfinə.
Əslində bütün şeirlərim
özümün özümə etirafıdır. Yəni,
konkret ünvan yoxdu. Mən sevgiyə
şeirlərimdəki kimi qəmgin tərəfdən
yanaşmıram. Şeirlərimdə
tez-tez göz yaşından danışıram. Mən demək olar ki, ağlaya bilmirəm. Duyğularımı ürəyimdə bərkidirəm.
Maye halına gətirmirəm.
-
Qaynanalara münasibət fərqlidir. Amma siz
qaynananızın adını təxəllüs kimi
götürmüsünüz.
-Biz ailə
quranda qaynanam dünyasını dəyişmişdi. Yəni, mən onu heç görməmişəm.Amma
deyilənə görə, bənzərliyimiz var.
Yoldaşıma olan hörmətimdən onun adını təxəllüs
götürdüm. Övladımız gec
olmasına baxmayaraq inanırdım ki, qızım olacaq,
adını Sevil qoyacam. Həm də bu təxəllüsü
isim kimi yox, feil kimi düşünürdüm. Xəyalə, Sevil kimi. Nə dərəcədə
sevilmişəm onu da bilmirəm.
-Bəlkə
şairliyinizə mane olmasın deyə həyat
yoldaşınıza jest kimi etmisiniz?Bir
növ onu tərksilah etmək üçün.
-Mən
heç qadağaları sevmirəm. Çərçivədə
yaşamaq mənə görə ölümə bərabərdi.
Əxlaq qadağası xaric. Onu insanın öz xarakteri qoymalıdı. Yəni, rahatam, kiməsə icazə vermərəm
ki, mənə o boyda qadağa qoysun. Heç
o qədər planlı biri də deyiləm. Elə olsaydım, ən azından daha çox
tanınar və daha yaxşı yerdə işləyərdim.
-Xəyalə Sevil olmasa Azərbaycan ədəbiyyatı
nə itirəcəkdi?
- Xəyalə Sevil şeir olaraq var. Bunu istedadlı və
istedada dəyər verən insanlar təsdiqləyər. Yetərincə
tanınmış imza olaraq yoxdu.Təbii, bunun da səbəbləri
var. İndiki zamanda məşhur olmağın çox asan
yolları var. Amma həmin yollar mənim üçün
çətindi.Təəssüf ki, indi nə qədər
istedadlı olursan ol, müəyyən qədər fərasətin
yoxdursa, həmin istedadı üzə çıxara bilməyəcəksən.
Yəni, məşhur olmasan, istedadın təsdiqlənməyəcək.
Amma məşhur olsan, ortabab mətnin belə bəh-bəhlə
qarşılanacaq. Bu baxımdan mən
olmasam Azərbaycan ədəbiyyatı indiki zamanda heç nə
itirməz. Amma nə vaxtsa... Altıncı
hissim mənə gözəl şeylər deyir.
-
Başqa vaxt şikayətlənirsiniz ki, ədəbi mühit
"kruq”laşıb. Hamı öz
dostlarından müsahibə alır, tərifləyir və.s.
Halbuki sizdən müsahibə alanda canım
çıxdı.
-Ədəbi mühit həqiqətən
"kruq”laşıb. Pis tərəfi də odur ki, bəzi tənqidçilər
və ya hansısa söz adamları kənardan necə
aydın, şəffaf göründüklərini bilə-bilə
pafoslu çıxışlar edirlər.
-Kimlərlə
şeir mübadiləsi edir, fikirlərini
bölüşürsünüz? Dostunuz
azdı ədəbi mühitdə.
-Son
zamanlar bir neçə dəfə yeni şeirlərimi Qulu
Ağsəsə göndərib fikrini soruşmuşam. Qulu müəllim böyük şairdi. Ədəbi mühitdə dostum azdır, bəli.
Çoxu salam-sağol
tanışlarıdır. Amma deyim ki,
heç yeni dostluqlar qurmağa da çalışmıram.
Mənim yaxşı rəfiqələrim var. Yəni,
o ehtiyacım ödənir deyə yeni münasibətlərə
məsafəliyəm.
-Klassik
variantdan, ayrılıq qəm-kədərindən
çıxmaq olmaz?
-Məncə
ayrılıq, qəm-kədər klassik variant deyil. Günü-gündən təzələnir və
çoxalır. Yəni, zəmanəmizdə
daha çoxdu. Həyatımdaikidəfə
olduqca məhsuldar dövrüm olub. 2-3
ayın içində bəlkə 40-50 şeir
yazmışam. Onlar da sevgidən. Yəqin həmin şeirlər sizdə qəm-kədərdən
çox yazmağımın təəssüratını
yaradıb. Dediyim kimi, indi sevgi şeiri yaza
bilmirəm. Məsələn,mən
bəzən ayrılıqdan həzz alırmış kimi
davranıram. Ayrılığa ironiya edirəm.
-Yaradıcı
qadınlarçün anlaşılmaq, evli olmaq çətindir.
Xüsusən, şərq aləmində.
-Nəinki
qadınlarla, hətta yaradıcı kişilərə də
ailəli olmaq çətindir. Ancaq mən deyəsən
ortaq yol tapmışam. Yaradıcı tərəfimi
sırf özümə saxlamışam. Xəyallarıma.
Bölüşmürəm. Ailədə isə daha realam. Yoldaşımın
məndən narazı olduğu tək şey dindar
olmamağımdı.
Söhbətləşdi: Emin Piri
Ədalət.- 2020.-
11 mart.- S.4