YÜSÜR KİŞİNİN BOZ EŞŞƏYİ

 

... Biri vardı, biri yoxdu, Bəhmənlidə bir Yüsür kişi vardı. Və bu Yüsür kişinin bir kərpic evi vardı, qoyun-quzusu vardı, inəyi-camışı vardı. Yüsür kişinin tay nəyi vardı? Yüsür kişinin oğuldan-qızdan payı da vardı. Oğlu Məhəmməd vardı və oğlu Məhəmmədin dəcəlliyi də vardı. Və birYüsür kişinin bir boz eşşəyi vardı...

Bəhmənlidə Yüsür kişidən savayı Məmmədxan kişinin də, Saleh kişinin də, Rzaxan kişinin də, Şamil kişinin də, Qəbil kişinin də eşşəyi vardı. Amma onların heç birinin eşşəyi Yüsür kişinin boz eşşəyinə bənzəmirdi.o eşşəklərin hamısının rəngi qaraydı. Üstəlik də o eşşəklər bir o qədər də ipə-sapa yatmır, sahibi arabadan açıb buraxan kimi ilim-ilim itərdi...

... Və birgörürdün ki, Məmmədxan kişi, Saleh kişi, Rzaxan kişi, Şamil kişi, Qəbil kişi itmiş eşşəklərini axtarırdılar. Və bu itmiş eşşəkləri tapmaq da elə asan deyildi. Çox axtarışdan sonra o eşşəkləri ya Selbasandan, ya da Palıdlıbağda tapmaq olardı. Və bu eşşəklər necə ilim-ilim itərdilərsə, elə də çətinliklə üzə çıxardılar.

Yüsür kişinin boz eşşəyi isə tək rəngiylə deyil, yazıqlığı, fağırlığı, bütün günü arabaya qoşulub ot daşımağıyla başqalarından seçilərdi. Yayın istisində Bəhmənlinin dörd böyük çinarının altında sərin hava olardı. Sanki burda kondisioner işləyirdi. Və bu isti havada da qoyun növbəsinə gedən uşaqlar səhər saatlarında qoyunu örüşdə otarıb günorta vaxtı çinar ağacının kölgəsinə gətirərdilər. Və çinar ağacının kölgəsində o sərinlikdə qoyunlar şellənib yatar, kef eləyərdi. Ancaq bu kefin içinə Saleh kişinin, Şamil kişinin, Qəbil kişinin eşşəkləri soğan doğrayardı. O eşşəklər gəlib kölgədə yatmaqları və dincəlməkləri bir yana, çinar ağacının altında dincələn qoyunların quyruqlarını gəmirərdi. Sanki bu eşşəklər qudurmuş itə bənzəyirdi. Gəmirdikləri quyruqlu qoyunların dişlədiyi yerdən qan axardı. Qoyunları otarançinar ağacının kölgəsinə gətirən uşaqlar isə quyruq gəmirən bu eşşəkləri görən kimi onları çinar ağacına yaxınlaşmağa qoymazdılar.

Yüsür kişinin boz eşşəyi isə çox sakit-sakit, fağır-fağır və yazıq bir görkəmdə çinar ağacına yaxınlaşar, ətrafına göz gəzdirər, qoyunlara zərər toxundurmadanmaneçilik törətmədən bir yerdə uzanıb yatardı. O biri eşşəklər kimi, Yüsür kişinin eşşəyi ilim-ilim itməzdi. Yüsür kişinin oğlu Məhəmməd yaxşı bilirdi ki, onların boz eşşəyini dəcəl uşaqlar minib Selbasana getməsə, o boz eşşək çinar ağacının kölgəsində ya uzanıb yatıb, ya da məzlum-məzlum gəlib-gedənlərə tamaşa eləyir.

... Bizim kənddə Yüsür kişinin boz eşşəyindən zəhmətkeş, yazıq və fağıq eşşək yox idi. Yüsür kişinin oğlu Məhəmməd yayın istisində 3-4 dəfə araba ilə taxıl biçilən sahəyə gedir, orda arabanı samanla doldurur və evlərinə qayıdırdı. Bu qədər əziyyətdən, bu qədər zəhmətdən sonra o eşşəyə heç doyunca ot da verməzdilər. Ən yaxşı halda onun qabağına 3-4 çəngə küləş atardılar. Yayın istisində də Yüsür kişinin boz eşşəyi bu küləşi "yavanlıq” eləyə bilmirdi. Boğazından da çox çətinliklə o küləş keçirdi. O boz eşşəklə Yüsür kişinin oğlu Məhəmməd qoyu-quzunun, mal-heyvanın otunun hamısını daşıyardı. Və "göydən od yağandabirgörürdün budur ey, Yüsür kişinin boz eşşəyini oğlu Məhəmməd arabaya qoşub və taxıl biçilən sahəyə gedir...

Məhəmməd bizdən 9 yaş böyük idi. Deyirdim ki, ay Məhəmməd, insafın olsun, bu eşşək yazıqdı, heç olmasa günorta bunu arabaya qoşma. Məhəmməd mənə diqqətlə baxırdı və deyirdi:

- Ay rəhmətliyin oğlu, əgər bu yay günündə taxıl sahəsindən samanı, otu daşımasın, onda qışda heyvanlar acından qırılacaq. Gərək gedim qiyməti bir-iki manata olan ot kipi alım. Onu da almağa pulumuz gəzir? Bilmirsən ki, Yüsür əmin qoruqçudu? Mənim elə işim yoxdur, dəmiryoldan cüzi məvacib alıram.

Bəzən Yüsür kişinin oğlu Məhəmməd insafa gəlib o boz eşşəyi "göydən od yağandatay arabaya qoşmazdı. Deyəsən, bizim dediyimiz onun ağlına batmışdı, bir az insafa gəlmişdi... bir az eşşəyə rəhm eləmişdi... bir az fikirləşmişdi ki, eşşək olanda nolar, axı onu da Allah yaradıb... Eşşəyə bu qədər zülm eləmək olmaz... deyirdi ki, hərdən öz-özümə qorxuram ki, bu boz eşşəyə çox əziyyət vermişəm, ahı məni tutacaq! Boz eşşəyin ahı Məhəmmədi tutmadı. Məhəmməd Bakıya getdi, orda bir müddət işlədi yenidən Bəhmənliyə qayıtdı. Qayıdanda da dostu Kamalla olan əhvalatlardan danışdı. Bakıda hara gediblər... hansı parkı gəziblər... hansı yerdə olublar... biz uşaqları başına yığıb o ki, var söhbət edirdi. Mamam oğlu Tehran, Təbriz, Əhməd, mən, əmiuşaqlarımız Məhəmməd, Nazim Mirələm ağzımızı ayırıb onun söhbətinə qulaq asırdıq. Axırda mamaoğlu Təbriz dilləndi ki, ə, Məhəmməd başdan-ayağa gop eləyir ey, sizdurub onun gopuna qulaq asırsınız.

Məhəmməd Bakıdan qayıdandan sonra da bu boz eşşəkdən əl çəkmədi. Düzdü, onun xotuğu da vardı. Amma o xotuğu hələ arabaya qoşmaq mümkün deyildi. Bütün yükü boz eşşək çəkirdi. Bir dəfə elə oldu ki, boz eşşək xəstələndi, Məhəmməd arabaya o xotuğu qoşdu. Xotuq da arabanı çəkib apara bildi. Bir müddət xotuq arabanı çəkib aparandan sonra boz eşşəyə yaxın durmadı. Və boz eşşək də gəlib çinar ağacının kölgəsində dayanar, məzlum-məzlum, yazıq-yazıq gah bizə, gah da ətrafına baxardı. Gözlərindən qəm-kədər tökülərdi. Tubunun oğlu Yavər boz eşşəyi görüb çiçəyi çırtladı. Dedi, bunu minib gedəcəm Palıdlıbağa. Ora qalınlıqdı, görüm görürəm. Tərs kimi inəyimiz də itib. Dədəm bir-iki şillə çəkdi ki, köpək oğlu, get itmiş inəkləri tap, gətir! Tapıb gətirməsən, səni dəli inək balasını ayaqlayan kimi tapdalayacağam. Tubunun oğlu Yavər bilirdi ki, dədəsi Məhərrəm kişi tərsin biridi. Dedisə, salacaq onu təpiyin altına. Eşşəyi mindi, üzü Palıddıbağa doğru getdi. İki-üç saatdan sonra sevinə-sevinə qayıtdı ki, bəs Yüsür əmimin boz eşşəyinin ayağı çox yüngüldü, inəkləri tapıb gətirdim. Yazıq boş eşşəyi Tubunun oğlu Yavər nə günə qoymuşdusa, hələ də təri soyumurdu. Boz eşşəyi buraxan kimi, eşşək qaçıb özünü verdi çinarın sərinliyinə...

Bir ay bundan əvvəl Yüsür əmimin oğlu Məhəmmədlə bir yas məclisində görüşdük. Mamam oğlu Təbriz də ordaydı. Dostu Kamalı xatırladıq. Mamam oğlu Təbriz dedi ki, sənin yaddaşına min şükür! Əlli il bundan qabaq Məhəmmədin danışdığı hadisəni yadında saxlamısan. Məhəmməd güldüdedi ki, mən nə danışırdım, heç biri nağıl, gop deyildi. Hər şey necə baş vermişdi, elə də danışırdım. Bax, əlli il bundan qabaq çəkilmiş bir şəkili sənə göstərərəm, tüklərin biz-biz olar. Bizim boz eşşəyin üstündə mənim, sənin və rus əsgərinin şəkili çəkilib. O şəkili də zastavadakı əsgərlərdən biri lentə alıb. Ha yalvardım ki, nə desən verirəm, o şəkili mənə ver! Dedi ki, indi verə bilmərəm, başqa vaxt gələrsən göstərərm.

Yüsür əmimin yazıq boz eşşəyi həm mənim yadıma düşdü, həm Məhəmmədin, həm Təbrizin, həm də Əbişin. Və o eşşək heç bir eşşəyə bənzəmirdi... və o eşşəyin qəmli və kədərli gözləri bu gün də yadımdan çıxmır... Və yadıma böyük Ramiz Rövşənin "Gözü yaşlı yorğun eşşək” şeiri düşür:

 

Gözü yaşlı yorğun eşşək,

Kirimişcə yükünü çək.

Bu yol da gec-tez bitəcək,

Yorulmaq sənə qalacaq.

 

Sən belə fağır olanda,

Yükün lap ağır olanda,

Kürəyin yağır olanda,

Ümid palana qalacaq.

 

Bu palan zalımdı, zalım,

Səni hər gün zora salıb,

Axır bir gün yola salıb,

Səndən balana qalacaq.


 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2020.- 14 mart.- S. 6.