“OL!”LA DÜNYAYA
GƏLƏN
Onun adı sevgidi
Düşünürəm ki, heç nə heç nədən yaranmadığı kimi, ağlıma gələnlər də səbəbsiz yaranmır, doğulmur. Yəni göydəndüşmə heç nə yoxdu. Olsa-olsa nağıllardakı almalar olar. Amma bu günə qədər nə eşitmişəm, nə də görmüşəm ki, kimsə göydən düşən bircə dənə almanın götürüb dadına baxıb. Deməli, alma özü də bir nağıldır - özü də nağılın sonundakı nağıl. Bu da o deməkdir ki, nağıllar bitib qurtarmır. Almanı gözlədiyimiz kimi, yeni nağılları da gözləməliyik. Sizi bilmirəm, mən az qala ağlım kəsən gündən hər gün nağıl gözləyirəm. Ürəyimdən keçənin, qəlbimə köçənin, xəyalımda olanın, yuxularıma qor səpənin nağıllarını. Əslində bu, Sənin nağılındı. Və mən də o nağılın adsız qəhrəmanı kimi səninlə birlikdə göydən alma düşəcəyi ana qədər gedirəm...
Bəli,
bilmirəm onda ilin hansı fəsli idi... bilmirəm onda ilin hansı günü idi... Amma bildiyim o idi ki, onda dünyam
bir işığa, bir nura qərq
oldu. Hardansa ün çatmayan,
əl yetməyən bir məkandan qopub gəldin. Bu gəliş içimdəki
sükutu oyatdı... ömrümdəki durğunluğu
ləpələndirdi... və
ən vacibi ürəyimin çırpıntısı
artdı. Hiss elədim
ki, yaşamağa, düşünməyə və
fərqli olmağa başlayıram. Məhz o andan içimdə
bir mən də yarandı - heç kimin, yalnız Allahın və sənin gördüyün Mən!
O mən səni düşündü... səni
iştədi... səni
gözlədi... və
özünü sənə
həsr etdi. Hətta günlərin birində üzünü
Allaha tutub sənə yazdı ki:
Sən niyə
bu qədər gözəlsən axı?
Niyə baxışından çiçək tökülür?!
Özün də bilmədən o çiçəklərə -
Ruhum da, qəlbim də tək-tək bükülür.
Qolunu salmadan bir gün
qoluma,
Dəli etməyəmi çıxdın
yoluma?
İndi
ha baxıram mən sağ-soluma –
İçim kərpic-kərpic uçub
sökülür.
Üzümü Allaha tutub qalıram
Sevmək
günahımı boyun
alıram...
Hər gecə göynəyib haray salıram –
Hər səhər içimdə bir mən hönkürür!..
Yəqin ki, bu şeirdən, bu içimdən qopub gələn duyğuların ifadəsindən inciməzsən... onu öz gözəlliyinə xələl salmazsan. Axı mən öz içimlə, öz varlığımla sənin dünyana aidəm... sənin dünyanın adamıyam... Və fikrim də təkcə hisslərə, duyğulara toxunmaq yox, həm də onları oxşamaqdı... onların nəvazişini çəkmək, onlara köklənməkdi. İnanın ki, bu dünyanın heç bir küncündə durmağa yerim olmasa belə, sənin dünyanın sərhəddi boyu keşikçi dayanmağa özümü çoxdan hazırlamışam. Düşünürəm ki, bu, xidmət deyil. Bu, sadəcə olaraq, sənə bir az da yaxın olmaqdı. Bu yaxınlığı sözlə ifadə etmək bəlkə də mümkünsüzdü. Ona görə də sözü yazmaq, qələmi tutmaq haqqını ürəyə verirəm. İndi gör ürək nə deyir sənə:
Mən yazdığım hər sözün
Çəkisini bilirəm...
Kirpiyinin nəmini –
Kirpiyinlə silirəm!..
Qələm – ürək əlində
Sözsə ruhun dilində!
Sənin kimi gülün də -
Gülüşündə gülürəm!..
Sən and yerimsən – pirsən
Tanrım kimisən – birsən!
Sevgi dini tək sirsən –
Öyrənməyə gəlirəm!..
Dünya geniş, ya da dar
İlk və son sözümdü
– Yar!
Mənim
nədə haqqım var –
Onu sənlə bölürəm!..
Bəli, sözümün sahibi olmaq gücüm hərdən əlimdən
alınsa da, amma duyğularımın,
istəklərimin sahibi
olmaq gücünü
hələki kimsəyə
verməmişəm. Sadəcə, ürəyə aid olan hər şey öz əzəl mübtədasını səndə
tapıb. Və mən
də böyük şairimiz demişkən,
sənin özəl dünyanla birlikdə duyğularımın, ruhumun
əzəli sayıram.
Elə bilirəm ki, bu dünya təkcə
səndən ibarətdir...
elə düşünürəm
ki, sənsiz bu dünya yox
imiş, olmayıb... və sənin gəlişinlə yaranıbdı.
Yəni sənə "Ol!” deyən elə həmin anın içindəcə bu dünyanı yaradıb, ona da "Ol!”
deyib, onu da yaradıb. Və bizi qarşılaşdırıb...
Çox
maraqlıdır, dünyada
bu qədər insan var... bu qədər talelər var... bu qədər
yollar var - havada, suda, quruda...
Nədənsə bizim yolumuz bu yolların heç birində kəsişmədi. Əvəzində özümüzün balaca
bir cığırımız
üz-üzə gəldi.
Bir-birinin əlavəsinə, bir-birinin davamına çevrildi. Biz onu nə yuxuda
görmüşdük, nə
də xəyal etmişdik. Haqdan gələn bu
cığır bizi o
qədər doğmalaşdırdı
ki, sözümüz sözün davamına, ömrümüz ömrün
tamlığına üz
tutdu. Və mən sənə yazdım ki:
Kirpik-kirpik oxuyuram gözünü
Misraların arasında batıram...
Allah bilir, toxuyuram özünü –
Ürəyimə! – istəyimə
çatıram...
Həyat
nağıl, mən qoynunda bir uşaq
Alma yağıb üst-başıma
bir qucaq...
Sən gələndən kədər
qaçıb çox
uzaq –
Fərəhimdən hətta sevinc satıram!..
Hər anımı şəkər
edən, bal edən
Baxışıyla baxışımı lal edən!..
Ürəyimi büründüyü şal edən –
Bir ulduzun qollarında yatıram...
Düşünmə ki, "yar” deməkdən doymuşam
Ürəyimi sətir-sətir oymuşam...
Sapandıma qəm dünyamı
qoymuşam –
Fırladıram, fırladıram, atıram...
Bəli, bu misraların yaratdığı aurada kimsə özünü narahat hiss edər. Mən heç
o kimsəni qınamıram
da. Sadəcə,
ağlımdan gəlib
keçən bu olur ki, ya
o kimsənin ruhu, duyğuları sevgidən
uzaqdı, ya da özü bütünlüklə insan
deyil! Çünki insan olanın sevgisi dünyaya gəldiyi gündən başlayır: Anasına,
ətrafına, təbiətə,
cəmiyyətə, bütövlükdə
Vətənə və
bu bütövlüyün
içərisində həm
də sevdiyinə! Südlə gələn bu sevgi mənə görə, sümüklə
çıxmır, ruhla
yaşayır, ruhla dolaşır dünyanı.
O ana qədər ki, sevdiyi də
ruhən gəlib ona qovuşur. Və nəticədə qovuşan sevgilər, qovuşan ruhlar nağıllaşır – ovuclarında
da alma daşıyan
nağıllar kimi...
Bəzən düşünürəm ki,
duyğuları, hissləri
çox qabartmaq hardasa ölçüləri
pozmaq, əndazəni aşmaq kimi görünə bilər. Amma inanın ki, mən yazını bilgisayara diqtə edəndə ondan başqa gözümün
önündə heç
kim olmur.
Yalnız onunla danışıram,
ona xitab edirəm. O da sakitcə dinləyir. Onun sükutu məni bir az da alovlandırır,
bir az da
söhbəti çəkib
uzatmağa məcbur edir. Bu söhbət
əsnasında müəyyən
təkrarların da olduğu sonra xatırlansa da, amma əsas məram onunla danışmaq, ona öz içini, öz duyğularını,
bütövlükdə öz
ürəyini və ruhunu sərgiləməkdi.
Məncə yalnız
özündən danışan
adamlar bir az eqoist
görünsələr də,
yalnız sevgidən danışanlar bir az da çox
Məcnunu xatırladırlar.
Cəmiyyət, çevrə ona
Məcnuna baxdığı
kimi baxır. Ya əhəmiyyət vermir, ya da yalnız
gülümsəyir. Hər halda,
bütün bunlar münasibətdi, reaksiyadı.
Mənə isə daha çox sənin sükut dilində dediklərin önəmlidi,
vacibdi. Axı, mən o sükutu da şeir hesab
edirəm və yazıram:
Nə vaxtdı durmusan gözümdən uzaq
Başım dumanlıdı, fikrim
dağınıq...
Arada at çapır – dincəlmir
sazaq
Elə bir nöqtəyə susub baxırıq –
Yaman darıxıram sənsiz, əzizim...
Yuxum tikan üstə, ruhum divanə
Solumda, sağımda fərqli bir həyat...
Bütün sözlərimin baxıb
cəminə
Sən cavab olaraq bir
kəlmə "hə”
at –
Yaman darıxıram sənsiz, əzizim...
Hər şey də, hər kəs də könlümə dəyir
Bezirəm, küsürəm özüm-özümdən...
Üstümə qaranlıq kölgəsin
əyir
Gözünü mən necə asım gözümdən
–
Yaman darıxıram sənsiz, əzizim...
Səsin
bir şam kimi yandı içimdə
Büzüşmüş varlığım
dirildi sanki...
Qayıtdı özümə itən
gücüm də
Bir də əmin oldum gülüm, inan ki –
Yaman darıxıram sənsiz, əzizim...
***
Mən birmənalı olaraq inanıram ki, dünyanın ən böyük gücü və hər şeyə qalib gələn hökmün sahibi SEVGİDİ! Ona görə
ki, o, Haqdan gəlir, onu Haqq bizim varlığımıza
hopdurur. Ona görə
də biz istədik-istəmədik
onu qəbul edirik. Hətta qəbul etmək
istəməyənlər belə
ona etinaz qala bilmirlər. Nə qədər özlərini
görməməzliyə vursalar
da, amma heç nə dəyişmir. Necə deyərlər,
özləri-özlərinə əzab vermiş olurlar. Ona görə ki, böyük Cavid əfəndi dediyi bir həyat həqiqəti var. Cavid əfəndi deyib ki:
- MƏNİM TANRIM SEVGİDİR!
Deməli, sözün bütün qatlarını görən,
sözün bütün
hissəciklərini işığa
bələyən Cavid
əfəndinin bu kəlamı da məhz o müqəddəs
Kitabın özündən
qaynaqlanır. Axı əvvəldə də dedim, hər şeyə "Ol!” deyən, hər şeyi yaradan, verən Tanrıdı. Biz
bəndələr bu yaradılanları yaşayırıq,
daşıyırıq və
bir-birimizə ötürürük
- sevginin Məcnunu, Fərhadı, Sənanı
kimi!
İndi
bir anlıq mənimlə eyni nöqtədə, eyni mövqedə dayanın, mənim kimi düşünməyə, sevgini
mənim qədər
hiss etməyə çalışın...
Yaşadın sevgini, sevginizi! Onda görəcəksiniz ki, yaşamağa dəyər... onda inanacaqsınız ki, dünya gözəl dünyadı... və bir də etiraf
edəcəksiniz ki, mənim yazdıqlarım hamısı sevgidəndi.
Sizə,
hamıya və şəxsən Ona olan sevgidən. Allah sizi, Onu və
məni sevgisiz qoymasın!
Ədalət.- 2020.- 14 mart.- S.
8.