YURDUMUZA BAHAR GƏLİR

 

Birinci etüd

 

Yurdumuza bahar 𝗴ə𝗹𝗶𝗿. Onsuz da bu il ha 𝗾ı𝗺𝘇𝗮𝗻𝘀𝗮 da,ha özünü toparlasa da yerindən qalxa bilməyən Qış artıq lap əldən düşüb.Bir neçə gün əvvəl ha çalışdı,ha vuruşdu- üzə bir şey çıxara bilmədi:nə qar gördük,nə buz.Əslində heç biz qışda yağan yağış da görmədik. Bir iki gün göyün üzü tutuldu,seyrək yağan yağış daha çox yaz yağışını xatırladırdı. İndi isə Bahar artıq öz gücünü göstərir: Zoğal çiçəkləyib,qonşunun həyətində alça gəlin kimi ağappaq geyinib,şahanə duruşu ilə adamı heyran edir. Həyətimizdə bir kiçik tala var. 𝗕𝘂𝗿𝗱𝗮 𝗲𝗹ə 𝗰𝗶𝗻𝗰𝗶𝗹𝗶𝗺 ə𝗺ə𝗹ə 𝗴ə𝗹𝗶𝗯 𝗸𝗶. .𝗗𝗮ğ𝗸𝗲ş𝗻𝗶ş𝗶 də cücərib. Deyirlər 𝗾𝘂𝘇𝘂𝗾𝘂𝗹𝗮ğı, 𝗾𝘂şə𝗽𝗽ə𝘆𝗶, 𝘆𝗮𝗿𝗽ı𝘇,hətta 𝗴𝗶𝗰𝗶𝘁𝗸𝗮𝗻 da özünü göstərib.Bir azdan 𝗹𝗮𝗹𝗮,𝗾𝗼𝘆𝘂𝗻 𝗾𝘂𝗹𝗮ğı da baş qaldıracaq. Küçədən keçəndə həyətlərdən bərk qızmış sacın qoxusu duyulur. Bəli,bəli. Yanılmadınız:sac deyirəm. Bu, adi qızmış dəmir iyi deyil, bu,daş, torpaq,kül,odun,tüstü qarışıqlı valehedici bir qoxudur.Bu qoxunun dalınca isə kətənin ətri gəlir. Göy qutabının yox a, əsil kətənin,Qarabağ kətəsinin,Füzuli kətəsinin.Hər biri iri bir sacın yarısı boyda, bir çəngə çol pencərinin nam-nazik yuxanın arasına bükülmüş, qıraqları saçın kənarına dolayı qoyulan maşanın üstündə qızardılmış,bəzən bir qədər də ütülmüş kətəni deyirəm.O kətəni ki, yalnız , isti dəydikcə barmaqlarının arasından süzülüb axan təzə nehrə yağı, üzlü inək qatığı ilə yeyərlər.

Həyətdə ə𝗺ə𝗸ö𝗺ə𝗰𝗶 də çıxıb. Düzdür,hələ cəmi üç-dörd kiçik yarpağı var, dərməli deyil, ancaq özünü göstərməklə deyir ki, darlxmayın ,süfrənizə ləzzətli "𝗯𝗮𝗹𝘃𝗮” da gələcək. Gərək ç𝗶𝗿𝗶ş𝗶𝗻 çıxmağını da gözdən yayındırmayasan-onun ləzzəti çox,ömrü az olur.Odur ki, nişanasını görən kimi çiriş kətəsinin tədarükün görməlisən...

 

İKİNCİ ETÜD

 

Yurdumuza bahar gəlir.Uşaqlı-böyüklü hamının böyük ümidlərlə gözlədiyi Novruz bayramına az qalır.

Havalar get-gedə qızmağa başlayır.Artıq sobaları fasiləsiz yandırmağa ehtiyac yoxdur. Gün ərzində evdə normal hərarət saxlamaq üçün iki qalam odun bəsdir. Birazdan buna da ehtiyac olmayacaq. Bu gün artıq Od çərşənbəsidir. Bayrama bir az da yaxınlaşırıq.Gecələr hələ də soyuq olsa da gündüzlər hava meyxoşdur.Boz aydır də, bozara-bozara sona doğru gedir.Rayon yerlərində sobaları yığışdırmağın vaxtıdır...

... Xəyal yenə məni 45-50 il əvvələ aparır..

Anam " öy töküb”. Kifayət qədər qurum toplamış soba "ustufluca " həyətə çıxarılır.Oradan bir kənara aparılıb çırpılır,təmizlənir, pas atmasın deyə "ağ nöyütlə” silinir və vaxtı gələnə kimi əl yerinə yığışdırılır...

Bizim ev qış-yay döşənikli olardı: ilin isti vaxtlarında pambıq palaz və kilimlərlə, payızın ortalarından ta Novruza qədər- qalın gəbələrlə. Divarlardan da xalça -kilim asılar,onların üzərinə isə anamın əl işləri-müxtəlif mövzulu tikmələr düzülərdi. Bu tikmələrin əksəriyyəti müxtəlif mifləri, əsatirləri əks etdiridi.Ancaq təbiət mövzusunda tikilənlər də zövq oxşayırdı. Nə qədər düşünsən də ,cavab tapa bilmirsən:Gün çıxandan axşamdan xeyli keçmişə kimi fasiləsiz çalışan analarımız bu xüsusi diqqət tələb edən zərif tikişləri qoymağa nə zaman macal tapırdılar?! Heyif ki, o zamanlar hər evi bəzəyən bu el sənəti indi unudulmaqdadır.

Atam xalça həvəskarı idi.Evimizdə çoxlu sayda gəbələr,klilimlər, cecimlər, palazlar var idi.Bir neçə çuval, xurcun ,fərməş evin yuxarı başındakı nikel çarpayının daimi sakinləri idi. Böyük bir at çulu da əzizlənirdi. İpək saplarla toxunmuş ,gözəl naxışlarla bəzədilmiş bu nadir toxuculuq nümunəsi işıqda bərq vururdu. Bu, məxsusi toxunmuş və anam gəlin gələndə atın üstünə salınmış çul idi.İllərin ağırlıqlarına , müəyyən dövrlərdə düşdükləri maddi çətinliklərə baxmayaraq valideynlərim bu müqəddəs ailə yadigarını qoruyub saxlamışdı. Nə isə..

Evdə nə vardısa bayıra çıxarılar,yorğan-döşək yerə sərilmiş çadırların üstünə yığılardı. Bundan sonra otaqlar əhəng,sinka, duz qarışığı ilə ağardılardı. Bu sadə ağardıcı məhlulun evlərə verdiyi təravəti bugünkü heç bir "ocvejitel "-zad verə bilmir. Üstəgəl tər-təmiz yuyulu b qəzet kağızı ilə silinmiş par-par parıldayan pəncərələr və yuyulub ütülənmiş sadə çit pərdələr çilçıraqsız-filansız asılmış yüzlük elektrik lampasının işığında otaqlara yenilik, təzəlik, həqiqi mənada novruz-yeni gün ruhu gətirərdi...

 

ÜÇÜNÇÜ ETÜD

 

Bayram hazırlığının ən əsas mərhələlərindən biri bazarlıq idi

Atam bayram bazarlığını əsasən Ağdam bazarından edərdi. O illərdə yaxşı düyü, kişmiş, ərik, şabalıd, küncüt,xurma ,ən əsası - Füzulidə tapılmayan hil, darçın, zəncəfil, sarı kök və zəfəran əsasən Ağdam bazarında olardı.Ona görə də bayram ərəfəsində atam məni də özü ilə götürüb Ağdama gedər, günortaya kimi bazrlıq edər, axşama yaxın evə qayıdardıq.

Öz bazarımız da kifayət qədər zəngin olardı. Yaddaşım mıni aldatmırsa, 60-cı illərdən başlayaraq bizim bazar bir neçə dəfə yenidən qurulmuş,genişləndirilmiş, o dövrə görə müasirləşdirilmişdi.

Lap əvvəllər bu bazarın heç sərhədləri də yox idi.Üzü küçəyə baxırdı.Arxası isə voyenkomatın həyətinə dirənirdi. Arxa tərəf xeyli hündür idi. Adi günlər bazar seyrək olardı-səhərlər satılmağa çıxarılan məhsullar qısa müddətdə satılar, günortaya yaxın bazarda ancaq daimi sakinlər qalardı .

Burada xeyli sayda alverçi də var idi. Onlar bazarda ləngimək istəməyənlərin ( və ya bazarda satış etməkdən çəkinənlərin ) gətirdikləri bağ- bostan məhsullarını alar,sonradan baha qiymətə satardılar. Bazar günləri isə burada insan əlindən tərpənmək mümkün olmurdu. Ərazi şərti olaraq bir neçə hissəyə bölünmüşdü: bir tərəfdə xalça- palaz satılardı. Buraya yerli mallarla yanaşı Ağdamdan, Cəbrayıldan çoxlu sayda əl işi gətirilərdi. Atamın Ağdamın Mərzilisindən, Gülablısından, Cəbrayılın Süleymanlı, Balyand,Soltanlı kəndlərindən xeyli dostlaı var idi. Gülablı Qasım baba, Süleymanlı Xudaverdi baba ,Balyandlı Piri baba zaman –zaman şənbə günləri axşamdan bizə gələr, gecələyər,səhər isə o başdan durub işlərinin arxasınca gedərdilər.

Bazarın ortasında hörülmüş piştaxtalar yağ , süd-qatıq,şor-pendir satanların ixiyarında olardı. Buraya rayonun bütün kəndlərindən müxtəlif keyfiyyətli məhsullar gətirilərdi.Çoxlarının daimi müştərisi var idi.Ona görə də ləngimədən mallarını xırıd edib gedərdilər. Ağacın altında isə toyuq-cücə,yumurta bazarı idi. Bir qədər aralıda taxıl satışı təşkil olunardı. Qapançı Nəcəf kişi kisələri çəkər, qapan haqqı alardı. Alınmış taxılı ünvana çatdırmaq üçün arabalar da uzaqda deyildi..Girişdə kartof,soğan ,digər məhsullar düzülərdi. Elə ora yaxın yerdə isə Zərgərlilər göy-göyərti satardılar.Zəhmətkeş Zərgər camaatı ilin bütün fəsillərində əhalini tər göyərti ilə təmin edərdi.

Xanlıqdan (Qubadlı rayonu) müxtəlif növ düyü gətirilərdi. Düyü kisələrdə deyil, yerə salınmış geniş süfrələrin üstünə tökülərdi. Elə buradan da qollu tərəzinin gözünə yığılıb çəkilərdi. Mer –meyvə,xuşgəvər də bol olardı.

50 il əvvəl bazar həm də mədəni-kütləvi tədbirlərin mərkəzi idi. Məsələn, bir də görürdün kəndirbazlar gəlib. Bazarın nisbətən geniş yerində qurğularını qurar və bir neçə gün dalbadal tamaşalar göstərərdilər Qara zurna,nağara səsi ətrafı bürüyər, tamaşanın başlanmasından xəbər verərdi. Tamaşa bitəndən sonra təlxək sıra ilə düşüb pul yığardı. Və heç kim də durub yayınmazdı.Hamı onların halal zəhmət haqqını ödəyərdi... Sonradan sirk ustaları, müxtəlif illyziyaçılar da tamaşalarını məhz bazarın içərisində qurulmuş səyyar "zal”larda göstərərdilər. Mənim həmyaşıdlarım yəqin ki, "Kəsik baş” illyziyasını, divarla hərəkət edən motosikletçiləri yaxşı xatırlayırlar..

Bazarda bir neçə daimi xırda alverçi də vardı.Qəriədir ki onların çoxu bizim məhlədə yaşayırdı: Gülaya mama (bu bizim qapı bir qonşumuz idi,atama qardaş dediyi üçün biz də ona belə müraciət edərdik),İngilis xala,Minaya xala, Niyar xala, İntizar xala. Bazrın düz qabağında isə Kübra xala oturardı Onların qarşısında kiçik kətilin və ya adi taxta yeşiyin üstündə günəbaxan tumu ilə dolu iri bir ləyən,elə həmin ləyənin qırağınaca düzülmüş " şirin quş” ,kibrit olardı. Bayram ərəfəsində bu daimi "assortimentə” yumurta boyası və bayram şamları da əlavə olunardı. Biz uşaqlar buruq-buruq , rəngarəng şamları yandırmaqdan çox saqqız kimi çeynəmək üçün alardıq.Valideynlərimiz bunu qadağan etsə də biz əlimizdə düşən qəpik-quruşla bu şamları alar və ləzzətlə çeynəyərdik....

İndiki nəsil insanın istifadə etdiyi xeyirli-xeyirsiz,faydalı-ziyanlı bütün məhsulların bolluğuna düşüb. Mağazalarda,marketlərdə,dükanlarda təkcə saqqızın onlarla növü var.

Bizlər hər şeyin ən sadəsini və çox az-az gördüyümüz kimi saqqızı da satışda görməmişdirk,yəni satılmırdı,gətirilmirdi. Ümumiyyətlə sovet cəmiyyətində saqqız tənqid olunan və istifadəyə məsləhət görülməyən bir məhsul idi. Buna baxmayaraq biz ara-sıra əsil saqqız görürdük. Cürbəcür saqqızlar idi. Məsələn,Veysəllidə ( gördüyümü deyirəm,yəqin ki başqa kəndlərdə də) saqqız çöpü vardı.Onları toplayar, südlü şirəsini çıxarar və çeynəyərdilər. Həmin saqqız o qədər şirin olurdu ki, dəridə dəydyi yeri yandırardı. Üstəlik,yapışdığı yerdən qopmazdı,adi su ilə yuyulmazdı,paltardan təmizləmək olmurdu. Qəribədir ki, yalnız ağızda bulaşmazdı. Atmaq istəyəndə də gərək əl-əyaqdan kənara ataydın.

Başqa bir növ saqqızı qaraçılar gətirərdilər. Biz uşaq olanda ayağında xrom çəkmə , qəlifeyi şalvar, başında uzun dimdikli şapka olan uzun bığlı , uzun saqqalı kişilər çiyinlərində dəhrə,balta, zənçir, mal-heyvan hörükləmək üçün mıx ,şiş, koğa,müxtəlif ölçülü bıcaqlar,daha nələr, küçələri bir-bir gəzə r və satış edərdilər. Bəzən onlarla birlikdə , ya da ayrıca bir neçə rəngli paltarı üst-üst geyinmiş, üstündən döşlük bağlamış, başı yüngül güllü çalmalı qadınlar da gəzərdi. Qadınların satdıqları isə əsasən ələk olardı. Nədənsə hamı onların satdığı tükdən çəkilmiş ələkləri xoşlayırdı,mağazada satılan "dəmir setkalı” ələklər o qədər də bəyənilmirdi. Bunlar qaraçılar idi. Həmin bu qaraçılar,xüsusilə qadınlar,həyətlərə soxular , qarşısına çıxan ev adamına taleyi ilə bağlı elə bir atmaca atardılar ki, eşidən mütləq maraqlanmalı olurdu. Və bununla da ilişirdi-qadın kifayət qədər pul,paltar,hətta qır-qızıl da alıb xəsətlərin sağalmasını proqnoz edər, qızların bəxtini "açar”, qaynanaların dilin-ağzaın "bağlayar”,itmiş əşyanın "yerini göstərər” və sairə " xeyirli "işlər görərdilər. Bax həmin bu qaraçılar çox dadlı saqqız da satardlar. Deyirdilər ki,onu saqqız ağacının şirəsindən düzəldirlər. Bu saqqızı pulla satmırdılar.Onu çörəyə dəyişərdilər-gətirdiyin çörəyin qədərinə müqabil saqqız alardın. Düzdür,60-cı illərin çörək qıtlığı şəraitində bu çox bahalı mal idi,ancaq doğrusu biz bunu sadəcə anlamırdıq, qanmırdıq, başqa cür imkan olmayanda hətta çörəyi xəlvət də götürüdük. O dövrdə hətta bu saqqızları da açıq-aşkar istifadə etmək olmazdı.Valideynlər,xüsusilə məüəllimlər uşaqları tənbeh edir,bu vərdişin nə qədər ziyanlı, utanc gətirici və tibbi cəhətdən zərərli olması ətraflı izah edilirdi.

Nə evimizdə, nə məktəbdə,nə küçədə və ya ictimai yerdə saqqız çeynəyən yaşlı adam görməmişəm. Uşaqlar bu "əyləncə” ilə xəlvət məşğul olardı.Onu da deyim ki,heç kim gigiyena –zad gözləmirdi:hamı biri birinin ağzından alıb üfürür və iyrənib-eləmədən çeynəməkdə davam edirdi.Kim çox ala bilimişdisə və ya artıq "dadını çıxarmışdısa” kibrit qutusuna,markaya,nişana, "paçemiyə” (podşipnik,sankanın ən vacib hissəsi) da dəyişirdi.Mən bu gün də qəti əminəm ki, o zaman saqqız adi uşaq marağından başqa bir şey deyildi.

Çox təəssüf ki, 80-ci illərdə SSRİ-də də saqqız istehsalına başlandı .Metal pul boyda səliqəsiz folqaya bükülmüş bu məmulat o qədər keyfiyyətsiz idi ki, çox vaxt vitrində qalırdı və bəzi mağazalar onu alıcılara xırda pul əvəzinə "sdaça” kimi qaytarırdı. 90-cı illərdə isə əsil saqqız inqilabı baş verdi,mağazalra,bazarlar müxtəlif ölkələrdən gətirilmiş saqqızla dolduruldu. Və müəyyən mənada "Avropa nə olan şeydi?” sualına çavab tapmaqda adamlara yardımçı oldu Məsələn, saqqızın necə çeynəilməsindən insanın tərbiyəlilik səviyyəsi də müəyyən olunurdu.Əxlaq, mərifət,ailə tərbiyəsi üzə çıxırdı.Yada salın: avtobusda,metroda,küçədə bir nəfər utanmadan saqqız yaxılmış dilini bayıra çıxarır, onu şar kimi üfürür, partladır və heç nə olmamış kimi ağzına qaytarıb çeynəməkdə davam edir. Və ya saqqızı əli ilə tutub dartır,sonra da ağzını yuxarı qaldırıb bu nazik lenti hissə-hisə yenə də ağzına ötürür. ....

Metroda gedirdik. Gənc ana oturmuşdur,qucağında da körpəsi. Ananın çənəsi dayanmadan işləyirdi. Uşaq ağlamağa başladı. Onu ovundurmaq üçün ana ağzındakı saqqızı üfürüb uşağa tərəf uzatdı.Uşaq da əl atıb onu partlatdı.Ana bu "tryuk”u bir neçə dəfə təkrar etdi, sonrasını görmədim,yaxşı ki qatar stansiyaya çatdı və mən düşdüm.

Doğrudur,bu gün bu iş bir qədər səngiyib,ancaq demək istəyirəm ki, "əlahəzrət saqqız” bizim "avropalı” olmaq ,azad olmaq , emansipasiya haqqında təsəvvürümüzün nədən ibarət olduğunu aydınlaşdırmaqda yardımçı vasitə oldu.

Nə isə,qayıdaq evimizə..

Anamın coxlu mis qabları var idi: irili-xırdalı qazanlar, çömçə,qaşıq və kəfkirlər, teşt,məcməyi, sinilər,döyrələr, dolça,sərnic,aftafa,kasalar,sy səhəngləri. Bunların əksəriyyəti ata nənəmdən miras qalmışdı.Teştin,məcməyinin, iri qazanların ikisnin ,dolçanın və kəfkirin kənarlarına hətta əsgi əlifba ilə Hürü nənəmin adı da döyülmüşdü. Teşt,məcməyi, "orta qazan”,kəfkir,dolça və kasa ,iki ədəd səhəng daim işlənirdi.Bəziləri elə beləcə saxlanılırdı. Elələri də var idi ki,onlar mütləq bayramda istifadə olunmaylıydı. İl ərzində istifadə olunan qablar paxır bağlayardı,yəni misin öz rəngini alardı və deyilənə görə keyfiyyətinə mənfi təsir göstərirdi .Ona görə də fevralın ortalarında bu qabların hamısı qalaylanardı. Qalayçi Hacı var idi, Allh rəhmət eləsin. Yaxşı adam idi. Onun qalayçı dükanı sonradan Məişət Evinin binası tikilən yerdə,”Volodun budkası " ilə yanaşı idi. Gətirdiyimiz qabları Hacı əmi hündür,iri gözlü tərəziyə yığıb çəkər və çəkiyə görə zəhmət haqqının qədərini deyərdi. Qalayçılıq çox maraqlı bir sənətdir. Mən dəfələrlə dükana girib ustanın işləməsinə tamaşa edərdim. Usta iri maşa ilə böyük qablardan birini kürənin üstünə qoyur, ayağı ilə körüyü basır, kömürdən od püsgürür, mis qızarır,usta isə maşa ilə durmadan onu sağa-sola fırlayır.Nəhayət qip-qırmızı qızarmız, nar çiçəyi rəngini almış qabı ocaqğın üstündən götürür,qalayı onun üstnə çəkir və iri bir pambıq topası ilə qalayı qabın üstünə yaxmağa başlayır. Qab par-par parıldqyır ,işıqda bərq vurur. Hacı əmi təkcə qab qalaylamırdı. O qızarmış dəmiri zindanın üstünə atıb çəkiclə döyür , istədiyi şəklə salır,sınmış,əyilmiş qabları qalaylamazadan əvvəl təmir edir, yamaq vurur,növbəti istifadə üçün hazırlayırdı... Heyif ki,70-ci illrdə bu dükan da bağlandı.Bununla da bu qadim sənət bizim rayonda yox oldu. Düzdür,Qarğabazar kəndində Qərib kişi var idi.O qapı-qapı düşüb mis qabları "Payalnı lampa” vasitəsilə ağardırdı.Amma bu o qalay deyildi..

 

SONUNCU ETÜD

 

Biz tərəflərdə Novruz bayramı əsasən ilaxır çərşənbələrdə xüsusi təntənə ilə qeyd edilərdi. Həmin günü bayram süfrəsi üçün nəzərdə tutulan nə var idisə hazır olardı. Hərdən düşünürdüm- nəyə görə bu gün istifadə etdiyimiz milli şirniyyyatlarımız əvvəlki dadda deyil ,nə üçün adamı cəlb etmir? Sualın cavabı da çox sadə imiş: şəkərbura,paxlava,qoğal,digər milli şirniyyatlar ancaq bayramlarda və xüsusi əlamətdar günlərdə-nişanda,toyda hazırlanardı. XX əsrin 60-70-ci illərində evlərdə,ailələrdə bu ənənələr ciddi qorunurdu. Əgər yanılmlramsa,bizim tərəflərdə bu şirniyyatlar ümumiyyətlə az hazırlanardı.Özü də deyirdilər ki,paxlavanı Qalalılar(Şuşalılar) daha yaxşı hazırlayır.

Paxlava bişirmək xüsusi bir dəstgah idi. Paxlava mis teştlərdə bişirildiyi üçün xəmir bu teştin içi boyda yayılar, müvafiq qaydada yığılardı. Daha sonra 5-6 "maşınka”(kerosinka”) lazım idi ki,bu da qonşulardan toplamaqla təmin olunurdu. Maşınkalar da xüsusi olaraq hazırlanardı-piltələr təzələnər, neft qaydasında tökülərdi ki, yananda his eləməsin. Sonra biri ortada,qalanları isə onun ətrafında düzülər, mis teşt onun üzərinə qoyular, ağzı mis mecməyi ilə örtülərdi. Bir müdət keçdikdən sonra hilin,mixəyin, su dəyirmanında üyüdülmüş buğda ununun, təmiz kərə yağının,daha nəyin bihuşedici qoxusu ətrafı bürüyürdü. Bir neçə saata başa gələn bu neməti heç vaxt bu gün duxovkada tez-bazar bişirilən məmulatlala müqayisə belə etmək olmaz ...

Anamın bişirdiyi "bişi” (ya "pişi”) ayrıca bir ləzzət verirdi.Doğrusu ,mən bu günə kimi bu kökələrin təkrarını nə evlərdə, nə də ki satışda görməmişəm. Qat-qat xəmirdən hazırlanmış, quyruq yağında qızardılmış,üzərinə şəkər tozu səpilmiş bu bişinti olduqca ləzzətli olmaqla həm də tuttumlu idi,adama tez dəyirdi.

Bu gün Novruz bayramı ilə bağlı biş-düşdən danışanda ancaq şəkərbura,paxlavadan söz salınır. Məgər qovurğa yalnız bizlərə məxsus xuşgəvər deyilmi? Bayram verilişləri hazırlanarkən aparıcılar özlərindən süni adət,ənənə quraşdırmağa çalışır, əkəsr haalrda da süni olduğu kimi dadsız-duzsuz ,heç kimin yadında belə qalmayacaq bir əməl edirlər .Neçə illərdir izləyirəm, heç bir televiziya, radio proqramında , heç kimdən "Qovurğa”, " Qovut”,onların hazırlanması barədə bir söz eşitmirəm. Halbuki bu da Novruz bayramı ərəfəsində evlərdə hazırlanan şirniyat növüdür. Xoşbəxtlikdən bütün bunlar kəndlərimizdə hələlik qorunub saxlanılır

Axır çərşənbə günü həyətimizdə yerə böyük çadır sərilər,üstünə palaz salınardı. Qıraqda yan-yana bir neçə ocaq yeri düzülərdi-aş qazanı üçün, digər yeməklər üçün və saç üçün. Qədimi kömür samovarı da yanında. Axşam üçün hazırlığın hamısı burada,açıq havada görülərdi.

Günortadan sonra anam yeməkləri hazırlayardı,şər qarışanda isə qovurğa qovurmağa başlayardı . İri buğda dənələri sacın içində çırtladıqca uşaqlar niyyyət tutardılar. Əvvəlcədən ” istağa qoyulmuş” noxud duzlu "məməko” səpilərək ayrıca qovrulardı. Küncüt, qanqalbaşı (hamı buna çətənə deyərdi,yalnız bizimkilər-qanqalbaşı) da qovrulub nimçələrə yığılardı.

Sonra isə anam yeddi iri boşqabda bayram payı düzəldər və yeddi qapıya pay göndərədi.

Axşam hamı eyni vaxtda süfrə başına toplaşar,bayram şamı edər,sonra cavanlar tonqal qalamaq, papaq atmaq, qapı pusub " dil dinləmək” üçün həyət-bacaya çıxardı...

 

Hafiz Tahirov

 

Ədalət.- 2020.- 17 mart.- S.5; 7.