SARIMSAQ
Hekayə
Həmişəki kimi işdən çıxıb, avtobus dayanacağına gəldim. Uzaq sahədə yaşayan bir xəstəmin çağırışına gedirdim. Yorğun idim, dayanacaqdakı dəmir oturacaqda oturdum, bir xeyli gözlədim. Hava çox soyuq və küləkli idi. Deyəsən, o da mənim kimi gərgin idi. Yerdə nə vardısa, hamısını göyə sovururdu. Əynim qalın olsa da, üşüyürdüm. Paltom köhnəlmişdi, məni isitmirdi. “Gələn qışa gərək təzəsini alam”, deyə ürəyimdə özümə vəd verdim. “Ona kimi maaşlar da artar, inşallah. Əsas uşaqlardı, tələbədirlər, sağ-salamat təhsillərini başa vursunlar, heç nə istəmirəm. Yemək-içməyə də çox pul gedir. Cavan uşaqlardır, yaxşı qidalanmalıdırlar. Paltodan vacib işlər var. Sağlıq olsun”. Canımdan titrətmə keçdi. Papağımı dartışdırıb gözlərimin üstünə çəkdim, boynumdakı şərfi burnumun üstünə kimi qaldırdım. Əllərimi boş ciblərimə salıb, isitməyə çalışdım. Amma xeyri yox idi. Buz kimi külək məni dörd bir tərəfdən əhatəyə almışdı. Canımı dişimə tutub, küləyə təslim olmamağa çalışırdım. Arada düşüncələrdən ayrılıb yola baxırdım. Avtobus görünmürdü. Hər iki əlində nazik kəndirdən toxunmuş tor zənbil tutmuş dolu bədənli bəstəboy qadın dayanacağa yaxınlaşdı, zənbilləri yerə qoyub yanımda oturdu. Qadının əynində nazik gödəkçə var idi. Boynu-boğazı, başı açıq idi. Qara qıvrım saçlarını külək üz-gözünə dağıdırdı. Ona baxanda içim gizildədi. Qadın isə elə bil heç üşümür, havanın soyuqluğundan daha da xoşallanırdı. Külək onu sağdan-soldan sillələsə də, heç halını dəyişmirdi. Məətəl qalmışdım. Bir anlıq ona qibtə etdim. Həkim olmağıma baxmayaraq, canımın cibimdə olduğunu düşündüm. Yerə qoyduğu zənbillərə baxdım, sarımsaqla dolu idi, elə bil bu dəqiqə pırtlayıb yerə töküləcəkdi. Burnumu şərfin altında gizlətsəm də, qadından gələn sarımsaq iyi burnumu dəlirdi. Qeyri-ixtiyarı üzümü çevirdim. Avtobusun səsini eşidib yana baxanda qadının kinayəli baxışları ilə rastlaşdım. Hirslə məni süzüb, cəld ayağa qalxdı.
Avtobus dayanmamış qadın ağır zənbillərini quş kimi qaldırıb qabağa keçdi. Qapının açılmağı ilə qadının məni itələyib avtobusa minməyi bir oldu. Qadının hərəkətlərindən bərk əsəbiləşdim. İstədim bir-iki söz deyim, sonra ürəyimdə “lənət şeytana, eybi yox, əlində ağır yükü var “, - deyib özümü sakitləşdirməyə çalışdım. Qadın cəld hərəkətlə boş oturacaqlara yaxınlaşıb, həm özünə, həm də sarımsaqlarına yer elədi. Yerini rahatlayıb, avtobusun yola düşməsini gözlədi. İçəridə az adam var idi, ona görə oturacaqların çox hissəsi boş idi. Keçib qadının qarşısındakı oturacaqda, pəncərənin qarşısında əyləşdim. Avtobusa tanış pasientlərimdən bir nəfər də mindi. Başı ilə salamlaşıb, arxa oturacaqda oturdu. Avtobus yerindən tərpənən kimi telefonum zəng çaldı. Dünən çağırışına getdiyim xəstə idi. Ucadan danışırdı. Avtobusda sakitlik olduğundan səsi ətrafa yayılırdı. Aptekdə olduğunu bildirdi. ”Mən iynə vurdurmaq istəmirəm. Qorxuram. Öskürəyə qarşı bir tablet deyin, onu alıb içim. Sirop da olmasın “, - deyib cavabımı gözlədi. “Yaxşı “, - deyib əlimi ağzıma tutdum, ona dərman adı söylədim. Deyəsən, xəstə ağır eşidirdi. Məcbur olub dərmanın adını iki –üç dəfə təkrarlamalı oldum. Elə bu vaxt arxadan kiminsə telefonu əlimdən dartdığını hiss etdim. Sarımsaq qadın: ”Bura ver telefonu, elə hərəniz bir doxturluq elədiyinizə görə camaat bu gündədi”,- deyib üstümə çəmkirdi. Çaşıb qalmışdım. Nə deyəcəyimi də bilmirdim. Dəstəyin o başında gözləyən xəstəmə: “A qardaş, bu qadına qulaq asma, hamısından yaxşısı sarımsaqdı. Səhər, günorta, axşam sarımsaq ye. Südün içinə sarımsaq əz, iç. Öskürəyini kəsəcək. Çölə çıxanda əl –üzünə sarımsaq sürt, səni bu təzə çıxan virusdan qoruyacaq. Ondan sonra sağalacaqsan. Sən bunun nəyindən soruşursan, elə bil virusa yoluxub, hər yerini bürüyüb. Bunun özünə məsləhət verən lazımdı”, - deyib cavab gözləmədən telefonu mənə qaytardı. Arvadın dediyi kimi, sifətimdə yalnız bir cüt gözlərim görünürdü. O da artıq bərəlmişdi. Özüm danışmasam da, gözlərim hər şeyi deyirdi. Telefonu qulağıma aparıb ”sonra danışarıq”, - dedim. Utandığımdan başımı aşağı əydim. Arxada tanış pasientimin oturduğunu xatırlayıb, xəcalətimdən az qaldı avtobusu saxlatdırıb düşüm. Ətrafdakılar mənə baxırdı. Qadın isə üyüdüb tökürdü: “İndi hər yerindən qalxan professor olub. Həkimə gedən də yoxdu. Apteklər dərmanı qənd kimi kilo ilə satır. Özbaşınalıqdı. Qonşum deyir ki, xaricdə belə şey yoxdu. Həkim yazmasa, sənə aptekdə bir dənə pambıq da satmazlar. Bizimkilər xəstələnən kimi dərman yeyirlər. Heç sarımsaq alan, yeyib xeyirini görən yoxdu. Rəhmətlik nənəm bizi soğan-sarımsaqla böyüdüb, beş uşaq olmuşuq, beşimiz də buz baltası kimi. Buna bax, bu isti avtobusda da burnunu açmır ki, nəfəs alsın”.
Hardasa qadının sözlərinə haqq qazandırırdım. Bir əhvalat düşdü yadıma. Məni qonaq çağırmışdılar. Tanımadığım bir xanım xəstəliyindən danışandan sonra hərə bir məsləhət verməyə başladı. Düzü, dırnaqarası professorların, fatmanisələrin mollalığı məni əsəbiləşdirdi, amma susdum. Ev yiyəsi halımı görüb dilləndi. “Dayanın bir görək, aramızda həkim var”, deməsi ilə sanki qurbağa gölünə daş atıldı. Hamı susdu. Mən xəstəliyi ilə əlaqədar mütəxəssisə müraciət etməyi məsləhət gördüm. Bununla da söhbət bitmiş oldu. İndi budur, yenə həmin vəziyyətə düşmüşdüm. Bu dəfə həkim deyil, fatmanisə durumunda idim. Günah özümdə idi. Görkəmim məni həkimə deyil, məhz karikatura prototipinə oxşadırdı. Bircə belimdə şalım çatmırdı. Qalan hər şey yerində idi. Çatacağım ünvana az qalmışdı. Ayağa qalxdım. Sürücüyə yaxınlaşıb pulu vermək istəyəndə arxada əyləşən tanış pasientim məndən qabağa keçib ”həkim, düşərsiniz”, - dedi və yol haqqını ödədi. Təşəkkür edib gülümsədim. Sarımsaq qadına sarı çevrildim. Üzümdə parlayan bir cüt gözümlərimi ona zillədim. Qadın “həkim” sözünü eşidib, ilan kimi fısıldadı: “Nə, həkim? Həkim də belə geyinər? Dağılasan, belə dünya! Bizim həkimimizə bax! Elə bil poyezddən indi düşüb, çənəsi - çənəsinə dəyir, bunun müalicə etdiyi xəstə çətin sağalar. Qonşum deyir, xaricdə həkimlər padşah kimi yaşayırlar. Bunun vid-fasonuna bax!”
Qadın məni əməlli-başlı təhqir etmişdi. Avtobusdan düşüb qaçmaq istəyirdim. Məni ağlamaq tutmuşdu. Yaxşı ki, dayanacağa çatırdım. Bu vaxt yenə sarımsaq qadının səsi gəldi: “Doxdur, bayaqkı dərmanın adını mənə də de, qadan alım, öskürəyim heç kəsmir”. Qulaqlarıma inanmadım. Qadına sarı çevrildim, qadın mənə gülümsəyirdi, elə bil bayaqdan hikkəsi ilə yerə -göyə sığmayan, məni biabır edən bu deyildi. Yumşaldım, mən də gülümsədim. Əvvəlcə, istədim qadına öz silahı ilə cavab verim: “Çoxlu sarımsaq yeyin”, deyim. Amma pərt etmək istəmədim. İndi vəziyyət dəyişmişdi, xəstə həkimdən yardım istəyirdi. ”Sabah poliklinikaya gəlin”,- deyib avtobusdan düşdüm.
Məlahət
Hümmətqızı
Ədalət.- 2020.- 19 mart.- S.6.