GÖY ÜZÜNƏ ATILAN
FİŞƏNG
... Hər Novruz gələndə insanların qəlbində,
ürəyində bir ümid, bir istək, bir sevgi baş
qaldırır. Təkcə təbiət oyanmır... təkcə
güllər-çiçəklər boylanmır... təkcə
ağaclar çiçək açmır... həm də
Novruzda insanların dərdi də, kədəri də
çiçək açır, göyərir...
... Bu yazını heç də təsadüfən qələmə almadım. Çünki martın 17-si tarixində qəzetimizdə böyük ziyalı, böyük müəllim, böyük insan Hafiz Tahirovun "Yurdumuza bahar gəlir” publisistik yazısı bu mövzuya qayıtmağıma məndə həvəs yaratdı. Hafiz Tahirov Füzulinin çox böyük tanınmış ziyalılarından, müəllimlərindən biridir. Onunla bir saat, yarım saat söhbət eləsən görərsən ki, hansı bir işıqlı aləmə düşmüsən. Mənim onunla ən çox telefon söhbətlərim olur. Bir dəfə bir il bundan qabaq Füzulidə olanda onunla görüşmüşəm və hər ikimiz ürəyimizi boşaltmışıq. Üç saatlıq vaxtın necə gəlib keçdiyini hiss eləməmişik. Hiss elədiyimiz o olub ki, ayrılmaq vaxtı gəlib və biz xudahafizləşib hərəmiz öz işimizin dalınca getmişik.
Mən
Hafiz Tahirovu 20 ildir ki, tanıyıram. Dostluğumuz və salaməlüykümümüz
var. Hətta onun kabinetində çay da içmişik. Onunla
bizim dostluğumuzun möhkəmlənməsində və
davam etməsində dostum və qardaşım, istedadlı
şair-publisist Əbülfət Mədətoğlunun
çox böyük zəhməti var. Demək istəyirəm
ki, onun Novruz adətləri ilə bağlı qələmə
aldığı publisist yazı məni ötən əsrin
60-cı illərinə apardı. Nənəmin, anamın
bişirdiyi bişi, təndir çörəyi, aş
yadıma düşdü. Təndir çörəyinin ətri
burnuma gəldi. Və buna görə böyük müəllim,
böyük ziyalı, böyük insan Hafiz müəllimə
təşəkkür edirəm. Çünki o ziyalı məni
nənəli-analı dünyama qaytardı...
... Düşündüm ki, Noruzla bağlı əksər adət-ənənələr çox təəssüf ki, unudulub. Bəzilərini yada salmaqla bizi keçmişimizə, tariximizə və dünənimizə qaytarıb bu insan. Ona görə mən də fikirləşdim ki, Novruzla bağlı bizim kənddə olan bəzi adətləri bu bayram günlərində yada salım, xatırlayım. Qoy bir əhvalatı da danışım, sonra keçək əsas mətləbə. Hafiz müəllim deyir ki, 60-cı illərdə bizi Bəhmənliyə pambıq yığmağa aparmışdılar. Bir arvadın iki mərtəbəli evində qalırdıq. Amma çox vaxt yeməkdən korluq çəkirdik. Bir dəfə lap möhkəm acmışdıq. Yeməyə də bir şey yox idi. Bəhmənlidə bir evin yanından keçəndə gördük ki, bir qadın təndirdə çörək bişirir. Burnumuza bir ətir gəldi ki, aclığımız bir az da çoxaldı. Həmin qadın gördü ki, biz durub kənardan təndir tərəfə baxırıq, o dəqiqə aclığımızı hiss elədi. Üç-dörd nəfər idik. Bizi yanına çağırdı və hərəmizə çox iri, təndirdə bişmiş bir çörək verdi. Ac adam ola, təndir çörəyi ola, görün nə deməkdi də. Onu gözümüzə elə təpdik ki, aclığımızı öldürdü. Həmin çörəyin ətri uzun illər keçsə də, burnumdan getməyib...
Bəhmənlidə bayram gəlməmişdən düz 40 gün qabaq biz uşaqlar Çalağayıda, Motorda, Şirəlikdə yumurta döyüşərdik. Bic uşaqlar hind quşunun yumurtasıyla bizim yumurtanın hamısını vurub sındırar və udardı. Bir gün də Tubunun oğlu Dilavər dedi ki, görün, bu aşağıbaşın uşaqlarının başına nə oyun açacağam?! Yağlıvənddən iki hind yumurtası tapmışam. Bir gün bunu apararam, sabah da o birisini. Aşağıbaşın uşaqları Tubunun oğlu Dilavəri və bizi görəndə düşündülər ki, həriflər gəlib. Ona görə də əlliyə yaxın uşaq bizim ətrafımıza toplaşdı. Yumurta döyüşmək başladı, nə başaldı. Tubunun oğlu Dilavər bir hind yumurtasıyla 60-dan çox yumurtanı döyüşüb uddu. Biz də o yumurtaları yığıb getdik Tubu xalagilə. Arvad bizi görəndə çox sevindi. İki daşın arasında sabılcanı sobanın üstünə qoydu və başladı bizə qayğanaq bişirməyə. 20 nəfərin hamısına bu qayğanaqdan pay düşdü. Rəhmətlik Tubu xala dedi ki, ay uşaqlar, qayğanağın üstünə qatıq töküb yeyin, bu daha ləzzətli olacaq. Biz də qatıq töküb yedik...
... Hər çərşənbə axşamı biz qapı-qapı gəzər, evlərə qutu, cəvərancüllüt (qarğıdan düzəldilmiş xüsusi qab) sallayar və gözləyərdik ki, bizə nə pay verəcəklər. Bir də görürdük budu ha, o qabların içərisinə qoz, fındıq, konfet, şokolad, mer-meyvə qoyublar. Amma ən yaxşı payı biz bayram yumurtasını hesab edərdik. Yəni bayram yumurtası o payların şahı idi. Biz bu qutunu Yusif əmigilə, Nübar mamamgilə, Seyidəli əmigilə, Əhəd əmigilə, Gülüş əmigilə, Abbas əmigilə sallayardıq...
... Rəhmətlik anam yumurtanı ya soğan qabığıyla, ya da tut ağaclarının dibində olan çubuqla boyayardı. Və o çubuq da hər ağacın dibində olmazdı. Həmişə də yalvarardıq ki, ay nənə, çoxlu yumurta boya. Rəhmətlik anam da nə az, nə çox 150-180 yumurta boyayardı. Səhərin gözü açılanda birinci qapımızı rəhmətlik Nəsib əmim döyərdi. Hamımıza da pay gətirərdi. Mənə, böyük qardaşıma və balaca qardaşıma boyanmış yumurta verərdi. Və biz də bu yumurtanı alanda elə bilərdik dünya bizimdi...
... Mən hapa-gopa basıb deyə bilmərəm ki, Bəhmənlidə 60-cı illərdə şəkərbura, paxlava bişirilərdi. Bizdə ən yaxşı şirin çörək bişi sayılardı. O bişinin görkəmi elə də yaxşı olmasa da, amma dadı nə şəkərburadan, nə də paxlavadan geri qalmazdı. Mənim anamın və nənəmin bişirdiyi bişi indiki şəkərbura və paxlavalardan min dəfə dadlı idi. Bilmirəm, o vaxtkı undan idi, ya onu bişirən adamaların əlinin bərəkətindən idi, amma çox dadlı idi. Hətta Tubunun oğlu Dilavər bir dəfə çantasında məktəbə bişi gətirmişdi, o bişinin üstündə az qala bir-birimizi qırmışdıq. Axırda Tubunun oğlu Dilavər dedi ki, ə, bir-birinizi qırıb öldürməyin e, üç-dörd dənə bişi gətirmişəm hamımıza çatacaq. O, çantasından bişiləri çıxardı bizim iyirmimizə də o bişilərdən kəsib verdi. Və bundan sonra tay uşaqlar dinmədilər...
... Axırıncı çərşənbə, yel çərşənbəsi gələndə rəhmətlik atam bizi səhər yuxudan oyadar və hamımızı quyunun başına aparardı. Quyudan vedrə ilə çəkib suyu çıxarar və sonra o su ilə bir-bir hamımız üz-gözümüzü yuyardıq. Üz-gözümüzü yuyandan sonra elə bil aydınlığa çıxardıq. Axı su aydınlıqdı!
... Novruzda hamımıza təzə paltar alınardı. Bir neçə gün qabaq evimizdəki yorğan-döşək, gəbə-palaz çölə çıxarılıb günün altına atılardı. Yəni evdə nə paltar-palaz vardı, hamısına yaz havası dəyməli, onlar çırpılmalı, tozdan-torpaqdan təmizlənib evə gətirilməli idi. Bayram günü isə qapımız həmişə olduğu kimi qohum-əqrəbanın üzünə açıq olardı. Dayım, əmim və digər qohumlarımız səhər saatlarında bizə gələr, bayramlaşıb gedərdilər. Atam rəhmətlik isə heç kimin evinə getməmişdən əvvəl bizə bir söz deməz, özü tək "Pobeda”sını minər, qəbiristanlığa gedər və anasının məzarını ziyarət edib gələrdi. Çünki rəhmətlik Telli nənəm çox çətinliklə, əzab-əziyyətlə onları müharibə dövründə böyütmüş və ev-eşik sahibi etmişdi. Mənim atam zəhmli kişi idi. Amma nənəm Telli arvad ondan da zəhmli idi. Atam bir Allahdan qorxardı, bir də nənəmin zəhmindən. Anamı incidib-eləyəndə nənəm xəbər tutar, ona tərsdən elə baxardı ki, bir də anamın qəlbinə dəyməzdi...
... Bizim kənd Cənubi Azərbaycanlı sərhəddi. Yəni Arazın o tayı Cənubi Azərbaycandı, bəri tayı bizim kəndlər. Onlar Novruzu çox möhtəşəm qeyd eləyirdilər. Səs-küyləri, gülüşləri Arazı aşıb bizim kəndə gələrdi. Və biz də o səsə, o gülüşə həsrət-həsrət Arazdan o yana boylanardıq...
... Arazdan o yana boylananda cənublu qardaşlarımızın bayram axşamı neftlənmiş parçadan düzəldilən və məftilin ucuna bağlanıb yandırılan, göyə atılan fişəngləri görərdik. O fişənglər elə bil göydəki ulduzlara bənzəyirdi. Hara baxırdın göy üzündə o fişəngləri görmək olardı. Tubunun oğlu Dilavər də belə bir neftlənmiş parçadan fişəng düzəltmişdi və onu da göyə atanda o fişəng gəlib düşmüşdü ot tayalarına. Ot tayaları da başlamışdı yavaş-yavaş yanmağa. Nə yaxşı zastavadakı əsgərlər özlərini vaxtında çatdırdılar; ot tayasını və yaxınlıqdakı mərəyi yanmaqdan xilas elədilər...
... Bax belə! Allah Hafiz Tahirovun özünə, balalarına və nəvələrinə can sağlığı versin ki, mənə yazmağa belə bir mövzu verdi. Yoxsa məndən olsaydı, bayramqabağı başqa bir yazı qələmə alacaqdım. Milli dəyərlər, milli adət-ənənə və milli xüsusiyyətlər hər şeydən üstündü. Çünki bizi gələcəyə bu dəyərlər aparacaq, dünyaya və bəşəriyyətə sevdirəcəkdi. Ona görə də unudulan, yaddan çıxan milli dəyərlərimizi yada salmaq və yaşatmaq tək Hafiz Tahirov kimi böyük ziyalıların deyil, bizim hər birimizin borcudur...
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2020.- 20 mart.- S.6.