“Qarabağ şikəstəsi” toxunulmazdır”
“Muğamlarımızın
hamısı gözəldir.
Onları ayırmaq olmaz. Bizə muğam ifaçılarımız
muğamları necə
irs qoyublarsa, biz də gələcək
nəsillərə elə
ötürməliyik. Muğam
ifaçıları, həqiqətən,
fədəkar insanlardır.
Muğama aludə olan insan ondan
ayrıla bilmir. Allah muğamı onu oxuyanların ürəyinə
elə yatırır ki, istəsən də, ayrıla bilmirsən. Övladları
ki, ata, ana necə seçə
bilmirsə, xanəndələr
də muğamları
eləcə ayıra bilmir”. “Ədalət” qəzetinin qonağı xanəndə, muğam ustası Firuz Səxavətdir.
-Ağdamın Abdal Gülablı kəndindənsiniz. Oraları
necə xatırlayırsınız?
-Bəli, Abdal
Gülablı kəndində
doğulmuşam, böyümüşəm,
əsgərliyə gedənə
qədər orada yaşamışam. Bilirsiniz
ki, məlum hadisələr 1988-ci ildə
başlamışdı, 1990-cı ildə mən əsgər getdikdən sonra daha da
qızışdı. Əsgərlikdə
olanda kəndimiz işğal olunmuşdu. Sonrakı hadisələr də məlumdur. Məcbur Bakıya gəlib, orada yaşadıq.
-Uşaqlıq illərinizlə bağlı
nələr yada düşəndə kövrəlirsiniz?
-Uşaqlıq illərim bir az öncə dediyim kimi Ağdamda
keçib, orta məktəbi orada oxumuşam. Uşaqlıq xatirələri nədən
ibarət olar? Məktəb illəri, səfalı yerlər. Bizim kəndimiz, həqiqətən, çox
səfalı olub. Orada yaşadığım
hər il, gəzdiyim yerlər, meşələr, suyunu içdiyim bulaqlar bir gün də
yadımdan çıxmır.
Bir gün belə. Bu 30 il ərzində bir ümidim olub ki, biz
oraya qayıdacağıq.
Şükürlər olsun
ki, ümidlərimiz reallaşır.
“Azərbaycanlıların ifa etdiyi kimi
muğamı heç
kim oxuya bilməz”
-Bu vaxta
qədər heç evinizin görüntüsünə
internetdən baxmısınız?
-Uşaqlar kəndimizi
göstərirdi. Bizim
yaşadığımız kənd, hansı ki, meşənin ətəyində idi, oralar dağılmış
vəziyyətdədir. Kəndimizin
bir az aşağı
hissəsində yaşayış
var idi. Düzdür, o da tam aydın görünmür, amma internetdə baxanda sezilir.
-Qarabağ həm
də xanəndələr
məkanıdır...
-Bəli. Qarabağın
havası, suyu çox gözəldir. Bizim çox sənətkarlarımız olub
və var ki, o torpaqdan çıxıblar. Qarabağın
havasını udub, suyunu içib xanəndə kimi yetişən insanlarımız
çoxdur. Düzdür,
Qarabağdan ictimai-siyasi
xadimlər, elm adamları da çıxıb, amma sənət baxımından
xanəndələrimiz daha
çox olub. Bu da oranın
təbiəti ilə bağlıdır. İnsanın
yaşadığı mühit
onun formalaşmasına
təsir göstərir.
Qarabağın o qədər
keyfiyyətli havası,
suyu var ki. Odur ki,
Qarabağ xanəndələrinin
hər birinin ayrı-ayrılıqda gözəl
səsləri mövcuddur.
-Adətən deyirlər ki, muğam fədakar insanların çiynində
yaşayır...
-Muğam Allahın
bizə bəxş etdiyi ən gözəl musiqi janrıdır. Muğamın
tarixi, kökü bəlli deyil. Düzdür, bununla bağlı çox müzakirələr, diskusiyyalar
olur, amma heç kim onun dəqiq tarixini deyə bilməz. Muğamın tarixi çox qədimdir. İnsan yaranandan olub, mən belə deyərəm. Düzdür,
Şərq ölkələrində
də muğamlar var, amma hamı
bilir ki, onlar tam püxtələşmiş
deyil. Allah Üzeyir Hacıbəyova rəhmət eləsin. Bizim dahi sənətkarımızdır.
Allah elə insanları dünyaya yüz ildə bir dəfə bəxş edir. Nə yaxşı ki, Allah Üzeyir
bəyi bizə bəxş etdi ki, o da muğamlarımızı
sistemləşdirib kitab
ərsəyə gətirdi.
Azərbaycanlıların ifa
etdiyi kimi muğamı heç kim oxuya bilməz.
Muğam bir dəryadır. Muğamın
konkret bir yeri yoxdur ki,
öyrənib gedib orada bitirəsən. Nə qədər öyrənsən də, azdır.
““Segah” kimliyimizi
bildirən muğamdır”
-Muğamın müxtəlif ladları var ki, hər
bir xanəndənin də ruhuna hansısa biri yaxındır. Firuz müəllim, siz özünüzə hansı
muğamı doğma
bilirsiniz?
-Bilirsiniz, muğamlarımızın
hamısı gözəldir.
Onları ayırmaq olmaz. Bizə muğam ifaçılarımız
muğamları necə
irs qoyublarsa, biz də gələcək
nəsillərə elə
ötürməliyik. Muğam
ifaçıları, həqiqətən,
fədəkar insanlardır.
Muğama aludə olan insan ondan
ayrıla bilmir. Allah muğamı onu oxuyanların ürəyinə elə yatırır ki, istəsən də, ayrıla bilmirsən. Övladları ki, ata, ana necə
seçə bilmirsə,
xanəndələr də
muğamları eləcə
ayıra bilmir. Muğamlarımızın hamısı
mənim üçün
çox dəyərli,
çox əzizdir. Azərbaycan xanəndələri
üçün “Segah”ın
öz yeri var. Dünyanın çox yerində “Rast” da var,
“Şur” da var, amma “Segah”
Azərbaycan xanəndələrinə
məxsusdur. Görürsünüz
ki, Qarabağ xanəndələri daha kövrək, daha duyğulu oxuyur “Segahı”. Çünki “Segah” analarımızın
laylasıdır, bizim
kimliyimizi bildirən bir muğamdır. “Segah” ladı daha çox bizə yaxındır. Onu oxuyanda daha
çox içimizin hayqırtısını, nisgilini
biruzə verə bilirik.
-Qarabağ xanəndələrinin
səsində bir yanğı var...
-Tamamilə doğrudur.
Böyük sənətkarlarımızın
ifalarını dinləyəndə
şahidi ola bilərik ki, onların səsində necə bir yanğı
var. Bir az öncə dediyim kimi bu
torpağın, suyun nəticəsidir. Qarabağ
sənətkarlarının səsində bu yanğı hər zaman olub.
-Nə düşünürsünüz,
torpaqlarımız işğaldan
tam azad olunduqdan sonra “Qarabağ şikəstəsi”nin
sözlərində də
dəyişiklik etmək
lazımdırmı?
-Xeyr, sözlərin
dəyişməsinə ehtiyac
yoxdur. “Qarabağ şikəstəsi”nin özü
toxunulmazdır, onu dəyişmək olmaz. Qələbədən sonra
başqa musiqilər ifa etmək olar, amma “Qarabağ
şikəstəsi”nin özü
daha gözəldir. Deyirlər ki, muğamlarda improvizə etmək olar, amma mən düşünür
ki, olduğunu olduğu kimi saxlamaq lazımdır.
-Bir az da gənc xanəndələrdən
danışaq. Gələcəyin
Nəzakət xanımı,
Mənsum müəllimi,
elə Firuz müəllimi yetişirmi?
Varmı elə gənclər?
-Təbii ki,
var. Bizdən əvvəlki sənətkarlardan
sonra bizim nəsil gəldi, eləcə də bizdən sonra hansısa nəsil gəlir. Bizim xalqımız istedadlı,
muğamsevər xalqdır.
Çox gözəl gənc xanəndələrimiz
var. Hətta balacalar arasında da var. Şükürlər
olsun ki, Qarabağımıza geri qayıdırıq. Bu 30 il ərzində mən həmişə deyirdim, Qarabağ xanəndələrinin səslərində
bir xanəndə görmürəm. Gənc
xanəndələr burada
doğulub boya-başa
çatıblar, Qarabağın
suyunu içməyib,
havasını udmayıblar.
Ona görə də Qədir müəllim, Arif müəllim, Səxavət
müəllimin səsləri
kimi səs yox idi. İndi
əminliklə deyirəm
ki, o səslərdən
yenə olacaq. Qarabağa qayıtdıqdan
sonra, orada böyüyən uşaqlarda
həmin səslər
olacaq. Allah Xalqımızı, Ordumuzu
qorusun. Allahın izni ilə tezliklə
bütün Qarabağımızı
yağı düşməndən
azad edək.
-“Amin” deyib sizə
təşəkkür edirəm. Çox
sağ olun
ki, dəyərli vaxtınızı ayırdınız.
-Mən sizə
təşəkkür edirəm.
Rövşən Tahir
Ədalət.- 2020.- 3 noyabr.- S.8.