“Güllə qarnımdan girib belimdən çıxdı” - Aktyor İsmayıl Atakişiyev danışır

 

“Hər kəs gözəl bilir ki, Bakı Bələdiyyə Teatrı döyüşən teatrdır. 1992-ci ildə Amaliya xanım həyat yoldaşı Yusif Muxtarovla birlikdə bu teatrı yaradıb. Bu teatr yaranandan yalnız cəbhə bölgələrindədir. Bizim ən gözəl tamaşaçılarımız əsgərlərimiz, hərbçilərimiz olub. Mən 2004-cü ildə bu teatrın tərkibinə qatılandan sonra da Hərbi-Vətənpərlik mövzulu əsərlər Bakı Bələdiyyə Teatrında aparıcı yer tutub. Bu illər ərzində nə qədər hərbi hissələrdə olmuşuq. Pandemiyaya qədər Füzuli, Beyləqan, Gəncə və başqa ərazilərimizdə yerləşən hərbi hissələrdə əsgərlərimizə tamaşalar vermişik”. “Ədalət” qəzetinin qonağı Bakı Bələdiyyə Teatrının aktyoru, Qarabağ qazisi İsmayıl Atakişiyevdir.

 

-İsmayıl bəy, Cəbrayıldansınız. Uşaqlığınız orada keçib. Oraları necə xatırlayırsınız?

 

-Bəli, Cəbrayıl rayonundanam. Cəbrayıl rayonunun Karxulu kəndindənəm. O gözəl eldən, o gözəl obadanam. Cəbrayıldan 30 ildir ki, aralı düşmüşəm. Baxın 30 il keçib. Səslənəndə çox asan səslənir, amma elə deyil. 30 il insan ömrü üçün çox uzun bir vaxtdır. 30 ilin keçməsinə baxmayaraq o yerləri hər bir detalına qədər, xırdalığına qədər xatırlayıram. Elə bil oradan ayrıldığım 30 il deyil, 3 ildir. Bu dərəcədə mənim yaddaşımda oralar yaxşı qalıb. Düzdür, Bakı mənim gəncliyimin şəhəridir, amma uşaqlığım Cəbrayılla bağlıdır axı. Həmişə fəxr etmişəm ki, rayon, kənd mühitində böyümüşəm. Kənd, rayon Allahın özünün yaratdığı bir gözəllikdir. Baxın şəhəri insan əli, insan təxəyyülü qurur, yaradır, amma rayon, kənd elədir ki, o təbiəti Allah bəxş edir. Həmişə dostlarıma zarafatyana deyirəm, mən təbiətin orjinalını görmüşəm. Yazı yaz, qışı qış, payızı da payız kimi görmüşəm. Cəbrayıl rayonu haqqında bir az məlumat vermək istəyirəm. Cəbrayıl rayonu dağlıq və dağətəyi rayon sayılır. Böyüyüb boya-başa çatdığım kənd dağətəyidir. O vaxt ora dağətəyi deyil, Araz boyu deyərdik. Kəndimizin bir tərəfi dağdır, bir tərəfi isə Arazla əhatə olunub. Ona görə Araz boyu deyirdik. Cəbrayıl bulaqları, çinarları ilə məşhur olan bir rayondur. Sizə bir şey deyim, bu 30 ildə yuxularımda kəndimizi görürdüm. İnanın ki, yuxumda gördüyüm gün çox gözəl keçirdi mənim üçün. Bir ana-atamı, bir də kəndimizi yuxumda görəndə bütün işlərim qaydasında gedirdi. Mənə elə gəlir ki, bu tək məndə belə deyil, bütün qaçqın və məcburi köçkünlərdə belədir. Tam səmimi deyim, qaçqın düşdükdən sonra heç bir bayramın, nə Novruzun, nə Yeni ilin dadı-duzu mənim üçün qalmamışdı. 18 yaşım olanda kəndimizi tərk etmişdim. Daha sonra Bakıya gəldim, Orduya çağrıldım və döyüşlərdə iştirak etdim.

 

“Müharibədən xoş xatirələr yadımda qalmayıb”

 

-Elə 90-cı illərdən danışaq...

 

-90-cı illərdə orta məktəbi bitirdim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi verdim. Daha sonra imtahan ( O vaxt test deyildi, imtahan müəllimlər tərəfindən götürülürdü) verdim. İmtahan verdiyim il kəsildim. Sonra yaşımla əlaqədar Ordu sıralarına çağrıldım. Həmin vaxt müharibənin ən qızğın dövrü idi. Ona görə də Orduda xidmət etdiyim dövr müharibənin ən qızğın vaxtına düşdü. 4 ilə yaxın Orduda xidmət etdim. 4 ildə Qarabağın çox yerlərində oldum. Daha çox olduğum yer Qubadlı oldu. Neçə ilimi Qubadlıda keçirdim, Cəbrayılda döyüşdüm. Suqovuşan ərazisində oldum. Birinci dəfə Ağdərədə döyüşlərdə iştirak edərkən yaralandım.

 

-Müharibə dövründəki xatirələriniz...

 

­-Xatirələr nədən ibarət ola bilər? Ancaq müharibə. Xatirələrimiz döyüşlərə girməyimizdir, dostlarımızın şəhid olmasıdır. Müharibədən xoş xatirələr yadımda qalmayıb. O vaxt müharibənin gedişində çoxlu şəhidlər verdik, torpaqlarımız işğal olundu. İndiki kimi deyildi o vaxt. Hərc-mərclik idi, silah çatışmırdı. Amma o vaxt da insanlarımıda Vətənpərvərlik yüksək idi. İndiki dövrdə Vətənpərliyimiz də var, üstəlik silahlarımız da. Ali Baş Komandanı Allah qorusun. O vaxt indi olan silahları yalnız xəyal edə bilərdik. Çox çətin bir dövr idi.

 

İndiyə qədər yaralandığım tarix saatına qədər yadımdadır. O da niyə yadımdadır, deyim. Birinci dəfə başımdan yaralanmışdım. 1993-cu il fevral ayının 19-da ermənilər tərəfdən mühasirəyı alındıq. Çox çətin bir vəziyyət yarandı. Hamı pərən-pərən düşmüşdü. Həmin vaxt başımdan snayper yarası aldım. Düşünün fevral ayının 19-u və qar dizdəndir. Komandir dedi ki, dağın başına qalxmalıyıq. Soruşdu ki, kimdə saat var və saat neçədir? Dedim, məndə var və saat 3-ə qalır 10 dəqiqə. Əmr verdi ki, yuxarı qalxaq, çünki mühasirədən çıxmalı idik. Döyüşə-döyüşə dağın yuxarısına doğru addımladıq. Düzdür, mən çox silah ata bilmirdim, çünki başımdan qan açılırdı. Təsəvvür edin ki, qarı yığırdım papağın içinə, papağı da qoyurdum başıma ki, qan dayansın. Beləcə mühasirəni yardıq və çıxdıq. Axşamüstü Tərtərin xəstəxanasına gətirildim. Sağalıb yenidən Orduya qayıtdım. 1994-cu ildə bir də yaralandım. Bu dəfə isə Füzuli istiqamətində gedən döyüşlərdə qarın nahiyəmdən güllə yarası aldım. Güllə qarnımdan girib belimdən çıxdı. Onda artıq heç nə hiss etmirdim. Çox ağır yaralı idim. Buna görə də ikinci dəfə yaralandığım andan sonrakı müddəti xatırlaya bilmirəm.

 

“Torpaqlarımız işğaldan azad edilir”

 

-Doğma Cəbrayılımız işğaldan azad olundu...

 

-Torpaqlarımız 30 ildir ki, işğal altında idi. Həmişə içimdə bir inam olub ki, torpaqlarımız qayıdacaq, mütləq qayıdacaq. Amma bir sual verirdim özümə ki, ömür vəfa edəcəkmi, onu görüm? Bir tək narahatçılığım bu idi. Torpaq həsrəti ilə çox insanlar dünyasını dəyişdi. O cümlədən mənim valideynlərim. Ona görə mən də bundan narahat idim ki, birdən ömrüm yetməz. Şükür Allahın bu gününə, min şükür olsun, bu gününə ki, biz artıq torpaqlarımızı işğaldan azad edirik. Müharibə başlayandan hər yerdə deyirəm ki, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev mənim artıq əbədi Prezidentimdir. Cənab Prezidentin rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilir.

 

Sizə bir şey deyim, qaçqınlıq adı həmişə bizi sıxan bir şey olub. 30 ildə bu ad hamımızı sıxıb. Özümü həmişə narahat hiss etmişəm. Ordumuz bu adı üstümüzdən götürdü. Başqa dövlətlərdə olanda eşidirdik də, deyirdilər ki, ermənilər torpaqlarınızı işğal edib, amma siz onları çıxara bilmirsiniz. İnsan susqun vəziyyətdə qalırdı. Bax Cənab Prezident bizim susqunluğumuza son qoydu. Müharibə özümüzü özümüzə qaytardı. İndiki əks-həmlə hücumumuz sayəsində torpaqlarımız işğaldan azad olunur.

 

Cəbrayılın işğaldan azad edilməsi xəbərini eşidəndə bilmədim ki, yerdəyəm, yoxsa göydə. O ki, deyir, nə yerdəyəm, nə göydə, bax elə bir vəziyyətdə idim. Bu hissi heç kimə izah edə bilmərəm. Tamam başqa bir hissdir. 30 ildən sonra torpaqlarımıza yenidən qayıtmaq hissi sadəcə möhtəşəmdir. Bu xoşbəxtliyə heç ad verə bilmirəm.

 

“Birinci dəfə imtahan verib kəsildim”

 

-Mövzunu bir az dəyişək. Yaradıcılığınızdan söhbət açaq...

 

-Aktyorluğa meylim uşaqlıqdan olub. Orta məktəbdə oxuyanda artıq müəyyən etmişdim ki, aktyor olacam. Sizə bir şeyi deyim, o vaxt rayon yerində aktyor sənətini qəbul etmirdilər. Hər kəs övladının ya həkim, ya müəllim olmasını istəyirdi. Mənim isə həvəsim aktyorluğa idi. Amma utanırdım, deyəm ki, mən aktyor olacam. Ona görə də kimsə soruşanda ki, böyüyəndə hansı peşəni seçəsən, deyirdim, bilmirəm. Amma özlüyümdə bilirdim, aktyor olacam. Bu o vaxta qədər davam etdi ki, bizim hamımızın sevdiyi 3 hissəli bir tamaşa (Səni axtarıram, Səndən xəbərsiz, Bağışla) ərsəyə gəldi. O tamaşaya baxandan sonra məndə qəti bir qərar formalaşdı ki, aktyor olacam. Kim soruşurdusa da, artıq açıq-aşkar cavam verirdim. Orta məktəbdə ingilis dili müəllimim Əli Vəliyev biləndə ki, aktyorluğa gedirəm, dəstəklədi. Mənə kitablar gətirdi. O vaxt bizim qonşumuz var idi: Valeh Heydər. İndi gözəl şeirləri ilə gündəmdədir. O vaxt ondan da bu sənət haqqında maraqlanmışdım.

 

 

 

1990-cı illərdə birinci dəfə imtahan verib kəsildim. Sonra döyüşlərdə iştirak etdim. Daha sonra isə 1996-cı ildə aktyorluğa imtahan verdim. O vaxt hamımızın çox istədiyi, Allah rəhmət eləsin, Vaqif İbrahimoğlunun kursuna daxil oldum. Onunla yanaşı Xalq artisti Məmməd Səfa müəllimimiz oldu. 4 il boyunca hər ikisindən dərs aldım. Universiteti bitirdikdən sonra təyinatımı Hüseynağa Atakişiyevin teatrına-Gənclər Teatrına aldım. Teatrda 4 il işlədim. Sonra əfsanəvi aktrisamız, Xalq artisti Amaliya xanım Pənahovanın teatrına gəldim. Çox sağ olsun, məni bu teatra götürdü. Bu mənim üçün böyük şərəf oldu. Amaliya xanım kimi bir aktrisanın teatrında işləmək, həqiqətən, qürurverici idi. Nə yaxşı ki, bu xoşbəxtlik mənə nəsib oldu. Ta o vaxtdan bu günə kimi Bakı Bələdiyyə Teatrında çalışıram, oranın aparıcı aktyorlarından biriyəm.

 

Hər kəs gözəl bilir ki, Bakı Bələdiyyə Teatrı döyüşən teatrdır. 1992-ci ildə Amaliya xanım həyat yoldaşı Yusif Muxtarovla birlikdə bu teatrı yaradıb. Bu teatr yaranandan yalnız cəbhə bölgələrindədir. Bizim ən gözəl tamaşaçılarımız əsgərlərimiz, hərbçilərimiz olub. Mən 2004-cü ildə bu teatrın tərkibinə qatılandan sonra da Hərbi-Vətənpərlik mövzulu əsərlər Bakı Bələdiyyə Teatrında aparıcı yer tutub. Bu illər ərzində nə qədər hərbi hissələrdə olmuşuq. Pandemiyaya qədər Füzuli, Beyləqan, Gəncə və başqa ərazilərimizdə yerləşən hərbi hissələrdə əsgərlərimizə tamaşalar vermişik.

 

-Oxuculara rollarınız barəsində məlumat verə bilərsiniz?

 

-Oynadığım rollar çoxdur. Teatrın repertuarında elə bir tamaşa yoxdur ki, mən orada rol almayım. İrili-xırdalı müxtəlif rolları canlandırmışam. “Dəli Domrul”da Dəli Domrulu, “Daşa dönmüş ürək”də professor Cəmşidov, “Nəsimi”də Şeyx Əzəmi, “Türk sancağı”nda cinli Həsəni, “Vətənə igidlər gərək”də komandir, Abdulla Qurbaninin “Çingiz” dastanı əsasında səhnələşdirilmiş tamaşada komandir rollarını oynamışam. Çoxdur rollar. Amaliya xanım çox sağ olsun ki, mənə etimad göstərib və rollar verib.

 

-Aktyor kimi hansı rolu canlandırmaq istəyərsiniz?

 

-Bir çox rollarda oynamışam. Amma indiki şəraitdə içimdən keçən bir rol var, döyüşlərdə iştirak edib qələbə çalan və torpaqlarımıza Bayraq sancaq komandirlərdən birini canlandırmaq istəyərdim. Düzdür, indiyə qədər müxtəlif komandir obrazlarını canlandırmışam, amma indiki şəraitdə Şuşaya Bayraq sancan komandir obrazını oynamaq istəyərəm.

 

 

 

Rövşən Tahir

Ədalət.- 2020.- 5 noyabr.- S.8.