Rus qoşunlarını
dərd etməyin
Çünki Kreml də praqmatik olmağa başlayıb
Rusiya sülhməramlılarının
münaqişə zonasına
gəlməsiylə bağlanmış
atəşkəs sazişi
sentyabrın 27-dən bəri
yumruq kimi birləşmiş cəmiyyətimizdə
fəqli reaksiyalar doğurdu. Şuşanın
işğaldan azad olunmasından dolayı xalqın hələ də səngiməyən
eyforiyası fonunda siyasətçilərin,
ekspertlərin, ziyalıların
məsələyə fərqli
baxışları yeni
diskussiyalara yol açdı.
Təbii prosesdir,
əndişələnməyə dəyməz.
Maraqlı burasıdır ki,
mətbuat səhifələrini
və sosial şəbəkələri bürümüş
həmin diskussiyalarda bir-birinə əks tərəflər çox
vaxt mübahisə doğurmayan arqumentlərlə
çıxış edir
və açığı,
haqlıyla haqsızı
müəyyənləşdirmək çətin olur. Əgər hər hansı bir mübahisəli məqamda bu cür vəziyyət yaranırsa, yəni, kimin düz, kimin səhv olduğunu aydınlaşdırmaq
müşkülə çevrilirsə,
onda ortaq məxrəcə gəlmək
qaçılmaz zərurətə
çevrilir.
Əndişə yaradan ən ciddi problem “rus ordusu” və “sülhməramlı missiya”
tandemidir. Çünki eşidəndə adamda
ən azı, qıcıq doğurur. Ancaq son ay yarım ərzində qazandıqlarımızın
soyuq başla təhlili göstərir
ki, hadisələrin bu cür sonluqla
qurtarmasına məyus
olmaq yersizdir.
Bir anlığa
oktyabrın 10-da Moskvadakı
məşhur 12 saatlıq
görüşü və
görüş iştirakçılarıyla
birlikdə səhəri
diri açdığımız
gecəni xatırlayaq. Hərbi əməliyyatlar
13 gün idi ki, başlamışdı,
ordumuz ilk möhtəşəm
qələbəsini qazanmış,
Cəbrayıl işğaldan
azad olunmuşdu.
Putin isə hələ
də öz müdrik susqunluğunu davam etdirirdi. Bir qulağımız cəbhədən ard-arda gələn qələbə
xəbərlərinə, digər
qulağımızsa hər
an təşviş içində Kremldən gözlədiyimiz hədə-qorxu
zənginə köklənmişdi.
Hər halda 2016-cı
il aprel
döyüşləri vaxtı
Şoyqunun məşum
zəngi barədə
sonradan müdafiə naziri Zakir Həsənovun
verdiyi açıqlama
çox da uzaq tarixin hadisəsi deyildi.
Moskva görüşü
bütün gərginliyinə
baxmayaraq qadasız ötüşdü və
ordumuzun zəfər yürüşləri daha
böyük vüsət
aldı.
Açıq etiraf edək ki, biz bir toplum
olaraq itirdiyimiz torpaqlardan artıq əlimizi üzmüş,
ən yaxşı halda Laçın və Kəlbəcər qarışıq Dağlıq
Qarabağı birdəfəlik
itirdiyimizlə psixoloji
olaraq barışmışdıq. Minsk qrupu məsələni həll eləmək əvəzinə onu uzatmaq, Qərbin dəstəyiylə yaranmış
çoxsaylı sülh
platformalarısa Azərbaycan
xalqını işğal
faktıyla barışdırmaq,
onu birdəfəlik unutdurmaq üçün əlindən gələni
eləyirdi. Pasifizm insani
bir ideologoyadır və mənim həmin ideologiyanın daşıyıcılarına, tərəfdarlarına elə
də ciddi iradım yoxdur. Amma bu platforma o vaxt geniş ictimai rəğbət qazanardı ki, onun təşkilatçıları
və iştirakçıları
işğalı unutdurmaq
yox, problemi tarixi ədalət və beynəlxalq hüquq normaları baxımından dinc yolla həll eləmək xətti yürüdəydilər.
Əslində, bu tarixi ədalət
deyilən şey bizim tərəfimizdə olsa da, xeyli yayğın ifadədir. Təsəvvür edin ki, indi
hansısa axmaq bir fövqəlgüc dünyanı həmin prinsiplə yenidən bölüşdürmək sevdasına
düşüb. Yer kürəsi
elə bir sıx, qatmaqarışıq hörümçək
toruna bürünər
ki, nəinki bu toru açmaq,
heç tikə-tikə
doğramaqla da onun içindən çıxmaq
olmaz.
Nə isə...
Putinin Valday forumunda Dağlıq Qarabağ məsləsiylə
bağlı heç vaxt görünməmiş
və hamımızda
şok effekti yaradan məlum açıqlamasından sonra
anbaan gözlədiyimiz
məşum zənglə
bağlı əndişəmiz
azaldı. Amma təzyiq tək
Rusiyadan gözlənilmirdi,
axı. Qərbin dünya
siyasətində söz
sahibi olan bütün dövlətləri
diplomatik etika xətrinə həmişə
bizim ərazi bütövlüyümüzü dəstəkləsələr də,
ürəkləri ermənilərin
yanındaydı, istədikləri
və altdan-altdan çalışdıqları tək
şey bizim ərazi bütövlüyümüzdən
könüllü olaraq
düşmənin xeyrinə
imtina etməyimiz idi.
Üstəlik, Qərb mediası da hadisələri ermənilərin
xeyrinə körükləyirdi. Düzdür, əvvəlki illərə
baxanda Qərbdə və Rusiyada səsimiz daha tez-tez eşidilsə də, haqq davamızın
tərəfdarları gün-gündən
çoxalsa da, hələ
də düşmənə
böyük hesabla uduzmaqda davam edirik.
Qərbin ermənipərəst mövqeyi
problem yaratsa da, hərbi
əməliyyatları saxlamaq
gücündə deyildi. Odur ki, atəşkəslə
bağlı onların
iştirakıyla əldə
olunan sonrakı iki saziş cəmiyyətdə böyük
narahatlıq doğurmadı
və az
qala, istehza hədəfinə çevrildi.
Bu davada bizim yanımızda tək Türkiyə durmuşdu. Onun mənəvi-siyasi
dəstəyi ordumuz və xalqımız üçün böyük
stimul, əlavə güc və enerji mənbəyi idi. Açığı, ilk Qarabağ savaşında
biz qardaş ölkədən
istədiyimiz heç
bir dəstəyi ala bilmədik. Qınaq üçün demirəm,
dövrün reallıqları
buna imkan vermirdi. Məhz həmin reallıqlara
görə Dəmirəl
Elçibəyin bir vertolyot xahişini yerə salmış, Ozal 20 Yanvar hadisələrinə münasibət
bildirərkən problemi
məzhəb müstəvisinə
gətirərək yaxasını
kənara çəkmişdi.
Bəli, bu davada Türkiyə
birmənalı şəkildə
Azərbaycanın tərəfində
oldu. Açığı, qərb ölkələrini
qıcıqlandıran əsas
amillərdən biri də məhz bu idi. Çünki son illər Türkiyənin
gündən-günə güclənməsi,
dünya siyasətinin
əsas söz sahiblərindən birinə
çevrilməsi yuxularına
haram qatıb. Onun
artıq əvvəlki
kimi ələbaxım
siyasət yeritməməsini,
sərhədlərində baş
verən hadisələrə
seyrçi qalmamasını,
öz dövlət maraqlarını heç kimə güzəştə
getməməsini sinirə
bilməyənlər yaxasına
“yeni osmançılıq”
damğası yapışdırmaqla
acıqlarını soyudurlar.
Əgər bu cür siyasətin adı yeni osmançılıqdırsa,
bəs onda, Avropanın, məsələn,
Fransanın öz sərhədlərindən min kilometrlərlə
uzaqlarda yerləşən
ölkələrin işlərinə
burunlarını soxmağının
adı nədir?
“Yeni bonapartçılıq,
yoxsa burbonçuluq?”
Onlar Azərbaycana
da bu cür ikili standartlarla yanaşır. Qarabağdan 1 milyon azərbaycanlının
qovulmasına etnik təmizləmə demirlər,
dillərini dinməz yerlərinə soxub susurlar, 50-60 min erməninin
ordan çıxmaq ehtimalından danışandasa
“genosid” deyib haray qopardırlar.
Yeri gəlmişkən,
mən özüm bütün varlığımla
Avropa dəyərlərinə
tapınan adamam. Ancaq məşhur
filmdəki ritorik sual olmasın, “ekologoya budur?” Hər addımbaşı
fəxrlə öyündükləri
dəyərlər sistemi
doğrudan da budursa, onda onun “güclüyəmsə
haqlıyam” feodal təfəkküründən fərqi
nədir?
Ordumuzun sentyabrın 27-də başlayan
hərbi əməliyyatları
hər gün hansısa təzyiqlər nəticəsində dayandırılmaq
qorxusuyla 44 gün davam elədi. Bu günlər ərzində
ölkə prezidentinin
qətiyyətli davranışları,
əsgər və zabitlərimizin şücaətiylə
tariximizin ən parlaq səhifələrindən
biri yazıldı.
Xəyallarımız gerçəkləşdi, yuxularımız reallığa
çevrildi. Hər rayon azad
olunandan sonra deyirdim ki, bir
rayonu da alsaq danışıqlara başlamaq
olar, çünki hər zəfər bizi masa arxasında
daha ötkəm söz sahibinə çevrirdi. Beləcə, Şuşaya çatdıq.
Açığı, öz aləmimdə
bu şəhərin azad olunmasını döyüşlərin axırına,
danışıqlar masasında
güclənəcək mövqeyimizə
saxlamışdım. Amma belə olmadı. O topçu igidimizin atası necə demişdi? “Bu uşaq
nə vaxt belə böyüdü?”
İndi bu ordu
nə vaxt belə böyüdü, gücləndi ki, dünya hərb tarixinin dərsliklərinə
düşəsi bir zəfərə imza atdı? Çiyinlərindəki ağır əsgər
yükləriylə, qucaqlarındakı
şəhid və yaralı silahdaşlarıyla
birgə o alınmaz qalaya necə dırmaşdı? Yorğun-ağrın halda küçə döyüşləriylə, əlbəyaxa
davalarla 30 ilə yaxındır ki, orda kök salmış
o qəddar ordunun axırına necə çıxdı?
Rus sülhməramlılarının
bölgəyə gəlişi
yaxşı sonluq olmadı. Amma qələbəmiz o qədər möhtəşəmdir
ki, çox da pərişan olmağa dəyməz. Nəzərə alsaq ki, rus
siyasəti də getdikcə dəyişir, peşəkarlaşır, ən
başlıcasısa praqmatikləşir.
Elə döyüş meydanında
bizə ay yarımlıq
dədə-boyu vermələri
də bu praqmatizmin göstəricisidir.
Siyasət dostluq və
qardaşlıq üstündə
yox, maraqlar üstündə qurulan kombinasiyaların toplusudur.
Görünür, gec də olsa Kremldə də bunu anlamağa
başlayıblar. Çünki Qərb onu dışladıqca
Türkiyəyə və
Azərbaycana yaxınlaşmağa,
Ermənistan kimi ağır bir yükü çiynindən
atmağa, sadəcə,
məhkumdur.
Təbii ki, bu rus
ordusudur və köhnə vərdişləri
birdən-birə dəyişmək
mümkün olmadığı
üçün onun
da ara-sıra öz sülhməramlı mandatının
çərçivələrini aşacağı istina olunmur. Amma daha
90-cı illərdəki kimi
birmənalı şəkildə
Ermənistanın yanında
olmayacaq və yaxud ola
bilməyəcək.
Mehman Cavadoğlu
Ədalət.- 2020.- 12
noyabr.- S.3.