“Dövlətimiz lazımi addımlar
atdı”
“Ədalət”
qəzetinin qonağı Azərbaycan Beynəlxalq Radiosunun
redaktoru, filologiya üzrə fəlsəfə doktoru Natəvan
Dəmirçioğludur.
-İnformasiya təhlükəsizliyi
baxımından Dövlətimizin atdığı addımlar
göz önündədir...
-Şübhəsiz ki, dövlətimizin
informasiya təhlükəsizliyi istiqamətində
gördüyü işlər bəyəniləndir və hətta
nümunədir. Ali Baş Komandan Cənab
İlham Heydər oğlu Əliyevin sürətli əks-hücüm
taktikası özünü doğrultdu və ardıcıl qələbələrlə
müşayiət olundu. Ölkələrdə müharibənin
getməsi elə bir həssas dönəm yaradır ki,
informasiyaya tələbat pik həddə çatır.
Bizdə də belə oldu və bu gün də belədir.
Publika hər gün yox, hər saat, hətta hər an yeni xəbər,
yeni məlumat, yeni bilgi gözləyir və axtarır. Belə olan surətdə infoprmasiya
yayğınlığı, tələskənlikdən
doğan qeyri-dəqiq məlumat bolluğu, düşmən tərəfin
ixrac etdiyi dezinformasiya, məkrli qüvvələrin bilərəkdən,
sadə insanların isə bilməyərəkdən
yaydığı şayiələr də baş alıb
gedir. Dövlətimiz bütün bunları nizamlamaq,
informasiya təhlükəsizliyini təmin etmək
üçün lazımlı və effektli addımlar
atdı və atmaqda davam edir: Müdafiə
Nazirliyinin Mətbuat Xidmətinin rəsmi məlumatları
tez-tez yenilənir, brifinqlər keçirilir, media mənsubları
ən son doğru məlumatlarla təmin edilir, ölkə
prezidenti gərəkli anlarda xalqa müraciət
ünvanlayır, nüfuzlu xarici telekanallara və mətbu
orqanlara müsahibələr verir, real durum, problemlər və
qarşıda duran vəzifələr barədə
açıqlamalar edir. Prezident İlham Əliyevin verdiyi
müsahibələr, açıqlamalar düşmənin
dünya mediasına səpələnmiş “Fake
News”larını-yalan xəbərlərini darmadağın
edir.
-Natəvan xanım, bilirik ki, jurnalist tərəfsiz
olmalıdır. Lakin xarici ölkələrin media nümayəndələrinin
bəzilərinin Cənab Prezidentlə müsahibələri
zamanı qərəzli suallar ünvanlaması jurnalistika
prinsiplərinin kobud şəkildə pozulmasıdır...
-Şadam ki, bu nöqsanları siz də
görmüsünüz, gənc jurnalist kimi çox
nüfuzlu media qurumlarının və tanınmış
kolleqalarımızın peşə prinsiplərini kobud şəkildə
pozmasının fərqinə varmısınız. Biz bu
prinsipləri jurnalistikanın nəzəri biliklərinin
öyrədilməsində tədris edirik, siz də təhsil
alırsınız, öyrənirsiz. Maraqlısı odur ki, bu
kanonları dünya jurnalistika təhsilinə elə bu ölkələrin
mütəxəsisləri transfer edir- ötürür.
Özləri isə əməl etmir, ya da etmək istəmirlər.
Sizin dediyiniz kimi, jurnalist tərəfsiz olmalıdır. Qərəzli suallar ünvanlamaq jurnalistika prinsiplərinin
kobud şəkildə pozulmasıdır. Üstəlik, eyni
sualları təkrarlayaraq müsahibin üzərinə getmək,
amiranə tonla özünü hüquq müdafiəçisi,
müstəntiq, prokuror kimi aparmaq, hüquqi təsdiqini
almamış ittihamı cinayət adlandırmaq, hökm vermək,
önyarqılı olmaq, məqsədli suallar vermək,
balanssız davranmaq-bunlar jurnalistikanın təməl prinsiplərinə
qarşı getməkdir, ciddi səhvlərdir. Sualınıza
misallarla cavab verəcəm: Böyük
Britaniyanın 24 saat yeni xəbərlər yayımlayan
"Sky News” televiziya kanalı-yeri gəlmişkən, bu
ingiliscədən dilimizə tərcümə olunanda "Səma
Xəbərləri" adlanır, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsini
yayımladı. Diqqəti müsahibə götürən
jurnalistin bəzi məqamlarda kobud səhvlərinə yönəldək:
“Biz hansı ərazilərdən danışırıq? Biz, sadəcə, Dağlıq Qarabağdan
danışırıq, yoxsa onların təhlükəsizlik
zonası adlandırdıqları işğal olunmuş yeddi
Azərbaycan rayonundan danışırıq? Çünki
aydındır ki, Siz bu torpaqların hamısını geri ala
bilməyəcəksiniz” deyə media mənsublusu bildirir.
Jurnalist nədən bilir ki, Azərbaycan bu torpaqların
hamısını geri ala bilməyəcək. Hökm verməkdə
haqlıdırmı, buna səlahiyyəti
çatırmı?! Əlbəttə, haqlı deyil və
öz səlahiyyətlərini aşır. Daha bir sualda TV təmsilçisi
xeyli qabağa gedir və ittihamdan belə çəkinmir: “Siz
bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu
məsələ ilə bağlı heç bir irəliləyiş
yoxdur. Erməniləri günahlandırmaq asandır, lakin Siz
siyasi cəhətdən bunu həll edə bilmədiyiniz
üçün əsgərlərinizin indi cəbhə xəttində
öldüyünə görə şəxsən öz
üzərinizə məsuliyyəti
götürürsünüzmü?” Bu sualı verməklə
jurnalist çox kobud səhvə yol verir və
jurnalistikanın birbaşa təməl prinsiplərinə zərbə
vurur. Şübhəsiz ki, Azərbaycan Prezidentinin cavabı sərrast
məntiqə və dəqiq faktlara əsaslandı. Aydın və
birmənalı oldu. Bu başqa məsələdir. Əsas
odur ki, ingilis jurnalistin sualı önyarqılı idi və təhdid
elementləri aydınca görünürdü. Azərbaycan
Prezidenti bunu hiss etsə də, biruzə vermədi və amiranə
cavablandırdı: “Bizim əsgərlərimiz öz
torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz
tarixi və beynəlxalq səviyyədə tanınmış
Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər
hansı torpaqda ölürlər?...onlar... Azərbaycan ərazilərində
ölürlər. Onların orada nə işləri var? Xəritəyə
baxmaq kifayətdir. Bizim üçün bu, Vətən
Müharibəsidir. Biz özümüzü müdafiə
edirik”.
Bunun
ardınca cənab Prezidentin "CNN İnternational” televiziya
kanalının "Connect the World” verilişində müsahibəsi
yayımlandı. Verlişin adı dilimizdə
"Dünyanı birləşdirin" kimi səslənir.
Görək əməkdaş birliyə nə dərəcədə
xidmət etdi?! Müsahibəni diqqətlə,
axıradək oxusanız, burada jurnalistin professionallığını
və siyasi hazırlığını, şübhəsiz
ki, görərsiniz. Lakin müsahibənin
sonunda "CNN İnternational”ın təmsilçisi
jurnalistikada yolverilməz sferaya daxil olur. Media
təmsilçisi üçün qırmızı xətlər
var. Orada dayanmalısan. Oradan irəli getmək
təhlükəlidir, qüsurludur. Bunlardan
biri sadə dillə desək, jurnalistin özünü
müstəntiq kimi hiss etməsi və aparmasıdır.
Jurnalist soruşur: “Mən "Amnesty International”ın yeni
hesabatı ilə bağlı münasibətinizi öyrənmək
istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan
qüvvələrinin İsrail istehsalı olan ... kasetli mərmiləri
atdığını müəyyən ediblər.
..."Amnesty”nin iddialarına necə cavab verərdiniz?” Azərbaycan
Prezidenti peşəkar diplomatdır və kifayət qədər
diplomatik cavab verdi: “Mən deyərdim ki,
ermənipərəst və anti-Azərbaycan mövqeyinə
görə sizin adını çəkdiyiniz təşkilatla
bizim heç bir təmasımız yoxdur. Birincisi,
bu, səhvdir, yanlışdır. İkincisi,
mən onlara tövsiyə edərdim ki, kasetli bombaların
bizim mülki şəxslərimizə qarşı necə
istifadə olunduğuna baxsınlar. ...Niyə "Amnesty
International” yalnız bir tərəfi görür və ya
görmək istəyir? Niyə onlar digər tərəfi
görmürlər? Sual budur”. Bu cavab jurnalist üçün yetərli idi, o bilsin
ki, Prezident onun məqsədli, balanssız, hətta bir qədər
qərəzli sualını redaktə etdi. Amma o
geri-öz lazımı mövqeyinə qayıtmadı, davam
etdi: ”...Siz qəti şəkildə
deyirsiniz ki, kasetli silahlar Azərbaycan qüvvələri tərəfindən
istifadə olunmayıb? Əgər belədirsə,
müstəqil müşahidəçilərin bunu
yoxlamasına icazə verməyə
hazırsınızmı?” Prezident İlham Əliyev
kifayət qədər tanınmış jurnalistə ustad dərsi
keçərək dedi: “Bəli, biz bunu etməyə
hazırıq. Biz, həmçinin Ermənistanın
nə etdiklərini görmək üçün Ermənistanın
müstəqil müşahidəçilərə necə
icazə verəcəyinə də baxmağa hazırıq.
Bu, birtərəfli deyil, ikitərəfli qaydada
olmalıdır. Biz özümüzü
müdafiə edirik....Məqsədimizə çatmaq
üçün bizim dediyiniz silahlardan istifadə etməyə
ehtiyacımız yoxdur. Bizim hədəfimiz
mülki şəxslər deyil. Bizim hədəfimiz
işğalçılardır”.
Daha sonra
24 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ABŞ-ın "Fox News”-Fox televiziya kanalının
Xəbərlər verlişinə müsahibə verdi. “Mən tamamilə
anlayıram ki, bunlar 100 illər bundan öncəyə təsadüf
edən mürəkkəb məsələlərdir”-deyə
hadisələrə dair jurnalist ilk sualını verir və
hadisələri mətnaltı yarğılayır. Yəni ki, indi sizin etdiyiniz və insanların
ölümünə səbəb olan hadisələr əslində
“100 illər bundan öncəyə təsadüf edən
mürəkkəb məsələlərdir”. Prezident isə
diplomatik olaraq hadisənin ciddi əhəmiyyət
daşıdığını vurğulayır: “Mən
Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə
görə baş verdiyini və bizim gələcəkdə nələri
görmək istəyimizi izah etməyə
çalışacağam.”
Birbaşa
hadisəylə bağlı suala baxaq: “...sentyabrın 27-də-müharibənin
bu ən son mərhələsində Dağlıq Qarabağ
regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik
çərçivə var idi, insanlarda bu münaqişənin
həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin
qüvvələr döyüşlərə başladı?” Jurnalist elə bilir ki, döyüşə ilk olaraq
Azərbaycan başlayıb. Halbuki, o söhbətin əvvəlində
demişdi: “Mən Sizin bir çox müsahibələrinizi
dinləmişəm”. Necə dinləmişdi
ki, Prezident bütün müsahibələrində “Müharibəni
başlayan Azərbaycan olmamışdır” deyə
vurğulamışdır. Demək,
jurnalist ya obyekti dəqiq öyrənməyib, ya da qərəzli
mövqedən çıxış edir. “Lakin kimin atəşi
birinci açmasından asılı olmayaraq, hər iki tərəf
bu dövrdə dərhal döyüşə
başladı”-sualda məkrin həddinə baxaq: “kimin atəşi
birinci açmasından asılı olmayaraq”. Necə
yəni? Müharibənin kim tərəfindən
başlanması, doğrudan, heç bir mahiyyət
daşımır? Jurnalist bir az daamiranə
tövr alaraq, bütün jurnalistika qaydalarını
çeynəyib atır: “...Siz etiraf etməlisiniz ki,
müharibəni başlamaq imkanını
axtarırdınız.” Frazaya baxın: “Siz etiraf etməlisiniz
ki...” Heyrət sadəcə. Cənab
prezident jurnalist hədsizliyini dərhal tutur və ona əhəmiyyət
vermədən əsas çatdırmaq istədiyi mətləbi
vurğulayır:“Mənim dediyim BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurası
tərəfindən qəbul edilmiş qətnamələrdə
Ermənistandan açıq şəkildə tələb
olunurdu ki, qoşunlarını Azərbaycanın işğal
olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal
çıxarsın. Əfsuslar olsun ki, 27 il
ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazilərdən
çıxarılmasını istədiyimizi deyəndə mən
hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim
dediklərim Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının qətnamələrinə
uyğundur”.
Başqa
bir nümunə çəkim, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də
Almaniyanın ARD televiziya kanalına müsahibə verdi. Mən müsahibənin
orjinalını izlədim və maraqlı bir fakt diqqətimi
çəkdi, bir-bir saydım, düz 10 dəfə jurnalistin
müsahibi ona “xeyr, xeyr, elə deyil” deməyə məcbur
oldu. Bu ciddi məsələdir. Əgər müsahibə götürən
jurnalistin sualları qarşısında müsahib “xeyr” deyirsə
və fikrini tam əsaslandırırsa, demək, müsahib ya
obyekti dəqiq öyrənməyib, ya da qərəzli
mövqedən suallar verib. Bu da öydüyümüz və
öyrəndiyimiz Avropa jurnalistika məktəbi!!!
-Müsahibə
üçün təşəkkür edirik, Natəvan
xanım.
-Mən
sizə təşəkkür edirəm və “Ədalət” qəzetinin
kollektivini, oxucularını, bütün Xalqımızı
böyük Qələbə münasibətilə təbrik
edirəm!
Rövşən Tahir
Ədalət.- 2020.-
12 noyabr.- S.5.