Vasifin şəhəri
Bu şəhərin əsasını Pənahəli
xan 1752-ci ildə qoyub. Elə ona görə də ilk dönəmlərdə
onun şərəfinə Pənahabad adlanıb.
Nadir şahın
ölümündən sonra zəifləyən mərkəzi
hakimiyyətin hüdudlarında, o cümlədən Azərbaycanın
quzeyində də yaz yağışından sonra hər
yanı basan göbələklər kimi saysız-hesabsız
kiçik dövlətlər yaranır.
Qarabağ xanlığı da həmin hərcmərclik
dövrünün məhsuludur. Başqa bölgələrdən,
məsələn, Bakı, Şamaxı, Gəncə, Şəki,
Naxçıvandan fərqli olaraq Qarabağda paytaxt tələbini
ödəyən, ən əsasısa, möhkəm müdafiə
sipərinə malik şəhərlər olmadığı
üçün yeni paytaxtın salınması zərurətə
çevrilir. Pənahəli xanın
xanlığın ilk dönəmində indiki Ağcabədi
rayonunun ərazisində tikdirdiyi Bayat qalası, Ağdamda
inşa elədiyi, hazırda ermənilər tərəfindən
kilsəyə şevrilmiş Şahbulaq qalası
dövrün ehtiyaclarını ödəmirdi. Çünki
çoxsaylı xanlıqlar həm də çoxsaylı
düşmən deməkdir və bu düşmənlərdən
qorunmaq üçün daha etibarlı paytaxta ehtiyac var idi.
Qılıncla bərqərar
olmuş imperiyaların dağıntıları altından boy
atmış kiçik dövlətlərin bir-biriylə
qatı düşmənçiliyi təkcə Azərbaycan
hadisəsi deyil, ta qədimdən dünyanın dörd bir
yanında üzə çıxan tarixi fenomendir.
Makedoniyalı İskəndərin ölümündən sonra
ucsuz-bucaqsız imperiyanın daxilində baş verən prosesləri
Avstriya tarixçisi F. Şaxermayr əbəs yerə
“hamının hamıya qarşı müharibəsi”
adlandırmamışdı.
Bu gerçəkliyi nəzərə
alan Pənahəli xan da paytaxtı hər tərəfdən təbii
istehkamlarla qorunan Şuşa ovalığına
köçürmək barədə qərar verir, həmin
ovalığın dörd bir yanına hündür və
möhkəm qala divarlarından bənd çəkir. Elə bir bənd atır ki, şuşalılar uzun
illər boyu öz qala-paytaxtlarını nəinki qonşu
xanlıqların basqınından, hətta şah Qacarın
bir aya yaxın davam eləyən mühasirəsindən,
sonralar qalada möhkəmlənmiş ruslarsa şahzadə
Abbas Mirzənin hücumundan 48 gün qoruya bilir.
Siz Azərbaycan ordusunun son müharibədə
göstərdiyi möcüzəyə, onun möhtəşəm
blitskrikinə baxmayın, indinin özündə belə
müasir hərb sənayesinin imkanlarıyla bu şəhəri
dağıtmaq asan olsa da, almaq çox çətindir.
Şuşaya ən ağır
günləri gəldi-gedər qoşunlar yaşatmadı. Bu
qoşunların gətirdiyi dərdin yaraları nə qədər
ağır olsa da, tezliklə sağalırdı.
Şuşanın əsl məşəqqəti rusların
himayəsiylə ora köçürülən ermənilərin
sayının gün-gündən
artmasıyla başladı. Sayları çoxaldıqca
iştahları da böyüdü, əvvəlcə
ayrıca məhəllə yaratdılar, bu azmış kimi
“arxalı köpək qurd basar” məsəlinə aldanıb
bütün şəhərə göz dikdilər. Əsl
dağıntılar da bundan sonra başladı. Ötən əsrin
əvvəllərində düz üç dəfə
– 1905, 1918 və 1920-ci illərdə şəhərdə
dağıntılar, qırğınlar törədərək
ona yiyələnməyə cəhd etsələr də
bacarmadılar. İstəklərinə 1992-ci ildə
çatdılar. Rus qoşunlarının əliylə şəhəri
alıb 28 il işğalda saxladılar.
Həmin işğal dövründə nəinki
yurd-yuvalarından qovulan şuşalılara, hətta şəhərin
maddi-mənəvi sərvətlərinə qarşı əsl
genosid törətdilər. Bu genosidin hələ təkcə
Vikipediyada əksini tapmış az bir qisminin siyahısına
baxın: “Vandallar 600-dən çox tarixi memarlıq abidəsini,
o cümlədən Pənahəli xanın sarayını,
Yuxarı Gövhər ağa məscidini (sonradan İrana
yalmanmaq üçün bərpa edilib-red.),
Aşağı
Gövhər ağa məscidini,
Xurşid
banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini
yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq
müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif,
kənd təsərrüfatı texnikumlarını, orta
ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22
klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o
cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan
Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti
muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist
bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri
fabrikini dağıtmış, buradakı nadir sənət
incilərini talamış və məhv
etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək
əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət muzeyi Şuşa filialının,
Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası,
peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar
Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni
Bülbülün (400-dək əşya), musiqiçi və
rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya)
xatirə muzeylərinin fondları qarət edilib”.
Reyestrdə bütövlükdə 135 maddi-mədəniyyət
abidəsi olan bu kiçik şəhərin bir çox tikililərini
ermənilər hələ əsrin əvvəllərində
dağıtmışdılar.
Şuşa daha çox müdafiə məqsədiylə
salınsa da, daim hücumlara, dağıntılara məruz
qalsa da, tez-tez müxtəlf orduların tapdağı
altına düşüb qanlı savaşlara meydan olsa da, bu
onun çoxsaylı epitetlərində öz əksini
tapmayıb. “Alınmaz qala” da daha çox coğrafi bənzətmə
anlamında işlədilib. Xalq onun adını həmişə
“dağlar gözəli”, “Azərbaycan incisi”, “sənət məbədi”,
Qafqazın musiqi konservatoriyası” kimi sülh və
barış ruhlu epitetlərlə anıb. Hətta “Balaca
Paris” də adlandıranlar olub.
Boyunun balacalığına bənd olmayın,
böyüməsinə təbii relyefi imkan verməyib. Əvəzində
bu gözəlim şəhər ölkəmizin,
dünyanın zəngin mədəniyyət beşiyinə, mənəviyyat
mücəssiməsinə çevrilib. Bu qədər
qovğalara rəğmən şuşalılar bu
sıldırım qayaların arasında öz
arzularının şəhərini, onun qan-qadadan uzaq alternativ
tarixini də yaradıblar.
Hər bir ölkənin, şəhərin,
xalqın tarixinin dava-şavadan kənar dinc dövrü də
var. Əksər oxucular tarix kitablarının təsərrüfat
ukladı, vergi münasibətləri, demoqrafik situasiya və
s. bu qəbildən olan sosial münasibətlər sistemini
özündə əks etdirən fəsillərini oxumağa
ərinir, ən yaxşı halda vərəqləyə-vərəqləyə
göz gəzdirməklə ötürürlər. Müharibələrin,
saray çəkişmələrinin dramatizmindən məhrum
olan bu səhifələr çoxları üçün
solğun və yeknəsək görünür.
Yalnız xalqın taleyi ciddi sınaqlara çəkiləndə
onlara maraq artır. Məsələn, Ermənistanın
Qarabağa təcavüzünün ilk illərində hər
kəsin cibi və qovluğu bu cür arxiv sənədlərinin
kustar üsulla çıxarılmış surətləriylə
doluydu. Həmin sənədlər,
Veliçkonun, Şavrovun və bu tip başqa müəlliflərin
kitabları, tanınmışların erməni həqiqətləri
və xisləti barədə arxivlərin toz basmış
künclərində yatıb qalan fikirləri, şeirləri
şou-biznes terminiylə desək, bir anın içində
xitə çevrilmişdi.
Bu cür tarixi məlumatlar bir də tarixi roman
yazan yazıçılara, film çəkən rejissorlara
lazım olur ki, onların da böyük bir qismi daha çox məsləhətçilərin
xidmətindən yararlanırlar.
Aylarla, illərlə arxivlərdə işləmək,
kobud desək, eşələnmək kənardan baxanlara
çox yorucu, darıxdırıcı məşğuliyyət
təsiri bağışlayır. Bu işin
zövqünü, hər yeni tapıntının gətirdiyi
sevinc hisslərini yalnız həyatının çox hissəsini
orda keçirənlər bilər.
Belə “arxiv generalları”ndan biri də Vasif Quliyevdir. Arxivlərdə
qocalan jurnalist dostumuz Şuşanın canlı, yeriyən
tarixidir. O, bu şəhərin təkcə siyasi
keçmişini yox, bundan pis-yaxşı hamının
başı çıxır, sosial tarixini də sözün
həqiqi mənasında şeir kimi əzbər bilir. Onun hər tikilisini, hər biri ayrıca kitab olan 17 məhəlləsinin
küçələrinə döşənmiş, qala
divarlarına hörülmüş hər daşını,
yalan olmasın, “adbaad” tanıyır.
Vasifin təxminən
45 illik, bəlkə də daha çox arxiv stajı var. Ən
maraqlısı da odur ki, bu rayonun adamlarını, onların
şəcərəsini, kimin hardan gəlib hara getdiyini, hər
bir şuşalının yeddi arxa dönənini, kimin kiminlə
necə qohum olduğunu onların özündən də
yaxşı bilir. Qızışıb
saymağa başlayanda saxlamaq da olmur.
Şuşanın sahibi Cavanşirlər sülaləsi
olsa da, sonradan şəhər daha bir aristokrat zümrənin vətəninə
çevrilir.
Qardaşı Məhəmməd şahın təqibindən
qaçıb (taxt-tac xofundan qaynaqlanan bu qardaş düşmənçiliyi
də şərq monarxiyalarında bir ayrı dərd olub)
Rusiya imperiyasına sığınan, sonra da
yaşayış yeri kimi Şuşanı seçən
şahzadə Bəhmən Mirzə 16 arvadı, 60-dan çox
uşağı, zəngin arxivi və kitabxanası,
uşaqları üçün tikdirdiyi ayrıca məktəbi,
hamamı və təbii ki, böyük malikanəsiylə
şəhərin Köçərli məhəlləsində
yerləşir. Əcdadlarının top-tüfənglə
ala bilmədiyi şəhəri xoş məramla
“işğal” eləyir.
Sonralar Azərbaycanın elm və mədəniyyət
tarixinə ünlü simalar bəxş etmiş bu iki
aristokrat sülalənin tək birinin şəcərəsini
bitdə-bitdə öyrənmək bir tədqiqatçı
ömrünə sığmayan yükdür. Amma Vasifin Bakının,
Moskvanın, Tiflisin arxivlərində keçən
ömrünün məhsulu olan 20-dən çox kitabında,
sayını özü də itirdiyi məqalələrində
nəinki bu iki sülalə, sosial mənşəyindən
asılı olmayaraq az qala, hər bir şuşalı ailəsi
haqqında müfəssəl məlumatlar tapa bilərsiniz.
28 illik işğal dövründə o bir dəfə də
olsun “Şuşa” deyib sızlamadı, ah-uf eləyib
ağlamadı, başını aşağı salıb
öz işini gördü. Çünki onun qəlbindəki, xəyallarındakı
Şuşa toxunulmaz, müqəddəs bir
məkan idi, yağı tapdağıyla murdarlanmamış, hər
tərəfə işıq saçan, ləkə
götürməyən parlaq bir şüşəydi.
Özünü reklam eləməyi, oturub arxayın
söhbət eləyəndə də gördüyü
işlərdən danışmağı sevməyən
adamdır Vasif. Ha qurdalayırsan xeyri olmur, başqa mövzulardakı
zarafatlarıyla adamı yola verir.
“-Ay Vasif,
inanmıram bu ölkədə Şuşanı səni qədər
tanıyan başqa kimsə var. Heç bir dəfə də
olsun səni nə tarixçi, nə ekspert, nə də adi
bir jurnalist kimi Şuşa söhbətlərinin
içində görmədim” - deyə bir dəfə kefimizin
kök vaxtında soruşdum.
“-Əşi, sən də söz tapdın da
danışmağa. Qoy oturmuşuq, oturduğumuz yerdə.
Xoşum gəlmir e, daram-daram, mən də
varam”.
Arxivlərdə
keçən ömründən söz düşəndə
daha çox patriarxal şüurun hökm sürdüyü cəmiyyətlərə
xas bir məqamı qabartmağı sevir, sonra da acı-acı
gülümsəyir:
“-Bircə biləsən, özünü kimlərinsə
nəslinə calamaq üçün üstümə nə qədər
minnətçi düşənlər var”.
Onun tədqiqatlarının cəmini bir yerə
yığsan neçə-neçə namizədlik, doktorluq
dissertasiyalarının yükünü çəkər,
hamısını bir yerə toplayıb sistemləşdirsən,
mötəbər bir “Şuşa ensiklopediyası” yaranar. Ancaq bu işlərin
texniki tərəfi elmi-yaradıcı aspektlərindən
qat-qat çox olduğu üçün baş qoşmur, əlavə
vaxt itkisi sayır.
Ona
görə də hərdən adama elə gəlir ki,
adamın qatlaşdığı bu ağır zəhmət,
sadəcə, “Sizif əməyi”dir. Təbii ki, ifadənin əsatirdən
gələn mənasında yox, Kamyunun onda “tapdığı”
anlamda “Sizif əməyi”.
P.S.
Yazı saytda gedən kimi Vasifdən zəng gəldi. Şuşa şəhərinin əsası 1752-ci ildə
yox 1750-ci ildə qoyulub. Dedim, Vasif bütün mənbələr,
ensiklopediyalar elə yazır. Dedi, onu yazanları göndər
yanıma sübut edəcəm.
P.P.S.
Bunun mübahisəsini telefonda çözə bilmədiyimiz
üçün yanıma qalxdı, elə bu an
telefonuna zəng gəldi. Kimsə Şuşada
Əhməd Bəy Ağaoğlunun evini axtarır, tapa
bilmirdi. Görünür
simsarlığı var imiş. Telefonda sinədəftər
izah elədi. Adlarını unutmuşam, "filan
küçədən sağa dön", "
neçə addımdan sonra sola dön", beləcə
"Böyük meydan, kiçik meydan" deyə-deyə
düz adamı Əhməd bəy Ağaoğlunun evinə
kimi "apardı".
M.Cavadoğlu
Ədalət.- 2020.- 19 noyabr.- S.3,4.