Şamxal Rüstəmin yarımçıq nağılı.... - Vaqif Tanrıverdiyev yazır

 

48-i KEÇSƏM, ÇOX YAŞAYACAM...

 

Bu fikri bir dəfə Gəncədə olarkən demişdi. Saç ustasının yanından çıxdıqdan sonra söylədi ki, usta işləyərkən güzgüdə sifətimin necə əridiyini gördüm, saçım su kimi axıb, sifətimi tuturdu, dedim bu da sonu... Amma tədricən özümə gəldim. Bilmirəm vəziyyətimi usta hiss elədimi, baxışlarında bir qəribəlik sezdim, amma mənə bir söz demədi. Ürəyimə damıb ki, 48 yaşımda öləcəm, amma 48-i keçsəm, çox yaşayacam, bəlkə 100-ü də keçdim. 48-i keçdi, amma çox yaşamadı, bəlkə də həyatını necə gəldi yaşamasını, yaradıcılığına laqeydliyini, sərgərdanlığını ürəyi ona bağışlamadı...

 

Şamxalla bizim tələbə yoldaşlığımız təsadüflə bağlıdır, çünki o kursda qalmasaydı, yaddaşımıza yazılan çox maraqlı xatirələr olmayacaqdı. Amma onun gəlişi tələbə həyatımıza, insani münasibətlərimizə, hətta təhsilimizin səviyyəsinə də təsir göstərdi. Təsadüflə başlayan münasibət bizim həyat tərzimizə, insanlara münasibətimizə, bəlkə də şəxsiyyət kimi məhz bu cür formalaşmağımıza da təsir etdi. Bir az əvvəl dediyim kimi mən ikinci kursdan sonra ilk dəfə araq içdim, ilk dəfə məhz təkcə onunla aşıq-saçıq zarafatlara başladım. Sonra çox yaxın, doğma münasibətlərimiz oldu, sanki bir evdə doğulub, birlikdə böyümüşdük. Münasibətlərimizi zarafatsız təsəvvür etmək mümkün deyildi...

 

Bizlərdən biri bu dünyanı ondan tez tərk etsəydi, Şamxal xatirə yazardı, özü də necə yazardı, daxilən təmiz, saf olanların qələmi də saflığa, təmizliyə işləyər. O tez getdi, özü də çox tez, Allahın işidir. Tələbə dostlarımız, onu tanıyanlar ürək sözlərini bölüşürlər. Mən də yaddaşa söykəli bəzi məqamları danışacam, Şamxalın ruhu bağışlasın, çünki onu, həyatını və yaradıcılığını tərənnüm etmək hər adamın işi deyil.. Şamxal nə qədər saf, nə qədər təbii idisə, çox laqeyd, böyüklərin sözü olmasın, özünə düşmən adam idi.

 

O böyük istedad sahibinin bir şerlər kitabı da çıxmadı, bəlkə də kitab nəşr etdirmək heç yadına da düşmədi. Yalnız bir dənə uşaq şerlərindən ibarət kitabı nəşr olundu, onun da ilk nüsxəsini mənim uşaqlarıma göndərmişdi, çox isti bir avtoqraf da yazmışdı. Şamxaldan nə qaldı, bir yaddaşlarda yaşayan şer parşaları, ürəklərdə sevilə-sevilə oxunan mahnılar, bir də düzlü-məzəli sərgüzəştlər. Onun özünə, yaradıcılığına laqeydliyi haqqında hələ o vaxt tələbə yoldaşımız Vaqif Bəhmənli danışdığı bir bir əhvalat yadımdadı. Deyir Bakıya yaxşı bir yağış yağmışdı. Yağışdan sonra Şamxalın kirayənişin qaldığı evə gedəsi olduq. Otağa daxıl olanda qarşılaşdığım mənzərədən çaşıb qaldım, bir müddət don vurmuş adam kimi dilim söz tutmadı. Evin tavanının bir yerindən yağış dammış, onun şerləri yazılmış vərəqləri tamamilə məhv etmişdi. Mən dözmədim, ağladım, Şamxal isə gülürdü, bu mənzərəni sözlə ifadə etmək mümkün deyildi... Onunla maraqlı səfərlərimiz, sərgüzəştlərimiz çox olub. Leninqrad səfəri, Ulyanovun ruhuna “etiramı”, Krivtsov küçəsindən yadıgar xatırələri eşitsən heyrətlənərsən. Ümumiyyətlə, Şamxal həcv yazmaqda, xüsusilə də arxaik sözlərdən şer-möcüzələr yaratmaqda çox güclü idi, bəlkə də tayı-bərabəri yox idi. ...Neçənci kursda idik, bilmirəm, üç yoldaş olub, yola düzəldik, mən, Şamxal və bibim oğlu Əsəd. Əsədində ömrü yarıda qırıldı. Gəncədə yaşayırdı, tələbə yoldaşı olmasaq da, münasibətlərimizin səmimiliyinə görə o da bizə qoşuldu. Yaxın vaxtlara toyu olacağına görə ailəsindən bir güc-bəla ilə icazə aldı. Səfərimiz çox səliqə-sahmanlı başladı. Heç Biləcəri stansiyasından çıxmamışdıq ki, Şamxal qələm-kağız çıxardı, çox zəngin bir plan tutdu, sanki yaradıcılıq ezamiyyətinə gedirik. Yadımda qalanları deyim: Yazıçılar İttifaqına getmək, şair Şestinski ilə görüş, məşhurların dəfn olunduğu Fəxri Xiyabandan yazılar hazırlamaq. Yadımda qalmayıb, Şamxalın dediyinə görə o qəbristanlıqda Azərbaycan ədəbiyyatı ilə əlaqəsi olan insanlar da dəfn edilmişdi.

 

 

 

Deyir sən saydığını say, gör fələk nə sayır. Bir az qabağa gedərək deyim ki, həmin plan bir də sonuncu gün, qatara minməyimizə bir neçə saat qalmış yada düşdü. Krivtsov küçəsində, Veranın evində keçən sərgüzəştləri qələmə almağa qabiliyyətlə yanaşı həm də “cəsarət” istəyir. Uzun sərgüzəştlərdən sonra Leninqrad yaradıcılığının ilk məhsulu hazır oldu. İlk yaradıcılıq “məhsulunda” – “Leninqrad” şerində qədim şəhər, onun Şamxalın yaddaşına yazılan anları, tanış olduğu qızlarla bağlı təəssüratları təsvur olunurdu.

 

Yadımda qalan daha bir bənd:

 

Ayrılanda ağladılar zarhazar,

Yasa batdı, neçə kafe, neçə bar.

Tək Krivtsov küçəsindən yadıgar,

Neçə qızın qoxusu var canımda.

 

Leninqrad qərib evim-eşiyim,

Leninqrad qızlarınla sevişim.

Leninqrad tualet ver  ...

Sifilis olmaq qorxusu var canımda.

 

 

Daha sonra, “ bal yuxusunu zəhərə döndərən, bir əsr qədər uzalı yuxusuzluq...”, canındakı millət duyğusu...Nə isə... Çox ustalıqla yazılmışdı, elə cəlbedici idi ki, eşidənlər valeh olurdu, şer yazıb verməyi xahiş edirdi.

 

... Yenə həmin yayın bir günü, yenə Leninqradın küçələrini dolaşırıq. Bir qadın bizə yaxınlaşır:

 

 -Uşaqlar bakılısınız – deyə rus dilində soruşur, rayonlu olsaq da təsdiqlədik. Söylədi ki, “Lenfilm” kinostudiyasında “Dvatsad dney bez voynı” adında film çəkilir. Hadisələr müharibə dövrü, arxa cəbhədə, Daşkənddə cərəyan edir, pavilyon çəkilişləri zamanı rejissora sizin kimi, qara millətə məxsus adamlar lazımdır, razılıq versəniz kütləvi səhnələrdə çəkiləcəksiniz. Əsəd qabağa düşüb, adlı-sanlı aktyorlar kimi razılığımızı bildirdi. Rejissor köməkçisinin telefonunu bildirib, Gülya Qasımovna verib deyin. Bir az aralanıb, maraqla, tələsik telefon butkasına yaxınlaşdıq. Əsəd qabağa düşdü, söhbətin gedişindən anladıq ki, epizodik olsa da çəkilmək üçün bəzi tələblər var və onlara əməl etməliyik, ən başlıcası isə bakinbardlarımız gödək vurulmalı idi. Əsəd sanki Hollivud aktyorlarıyıq, əda ilə başını yelləyib, razılığını bildirdi. Nə isə bir gün sonra olduq studiyada. Rejissor köməkçisi cavan, yaraşıqlı bir qız idi. Bizi başdan ayağa süzdü, sonra o da öz köməkçisinə bəzi tapşırıqlar verdi. Və bizi müharəbə dövründə arxa cəbhədəki insanların qiyafəsinə saldılar. Mən başımda tubiteyka, əsl özbək qiyafəsində idim, görünür, xanım köməkçi mənim sifətimdə, yəni gözlərimdə özbək cizgiləri kəşf edib. Əsədə köhnə sırıqlı geyindirib, başına da bir qulağı sallaq köhnə əsgər papağı qoymuşdular. Şamxal başqa otaqda “bəzədilirdi”. Qəfildən Əsədin bərkdən gündüyünü eşitdim: - Vaqif, ona bax, “Nu poqodi” multiplikasiya filmində dovşan qaçır, Canavar da samokatla qovur. Onlar növbə ilə yoldakı lyukun üstündən keçdikdən sonra oradan bir kirpi çıxıb qorxu, təlaş içində, onların arxasınca baxır, Şamxal kombizonda, qıvrım saçı ilə lap o kirpiyə oxşayır. Doğrudan da əynində kombizon, saçları qıvrım Şamxal eynilə filmdəki o kirpiyə bənzəyirdi. Düzü elə bərkdən şaqqanaq çəkdik ki, Azərbaycan dilində dediyimiz sözləri başa düşməyən “studiya əhli” xeyli mat-məəttəl bizə baxdı, ürəklərindən nə fikir keçdi, yazmıram, anlamış olarsınız.

 

Onu da deyim ki, sərgüzəştlərimiz başımızı elə qatdı ki, çəkiliş günü yadımıza düşmədi, bizim “aktyorluq karyeramız” baş tutmadı, təsadüfi tanışlıqdan başlamışdı, zərurətə çevrilmədi. Amma sonralar o filmə təəssüf hissi ilə baxdıq. Bəlkə birini də danışım, onsuz da kefsizsiniz, əhval-ruhiyyəniz az da olsa yüksəlsə, Şamxalın da ruhu şad olar. Dediyim kimi, Əsədin bizə qoşulmağı çox çətin oldu, səbəb də o idi ki, çox gənc olsa da, valideynləri onu evləndirmək qərarına gəlmişdilər, toy üçün son hazırlıq işləri görülürdü. Səfər vatı deyildi. Bunu Şamxal da bilirdi, ona görə zarafatla Əsədə sataşırdı:

 

56-da doğulsa da çıxıbdır, boyu Əsədin,

Üzümüzə gələn ayda olacaq toyu Əsədin.

 

Əsəd də borclu qalmadı, birləşib, biz də Şamxala bir misra zarafat “düzəltdik”:

 

52-də doğulsa da çatıbdı hayı Şamxalın.

Lap bu yaxınlarda olacaq vayı Şamxalın.

 

Hardan biləydik ki, o vay vaxtsız olacaq, bilsəydik, dilimiz-ağzımız qurusun deyərdik...

Nə isə...Səfər başa çatıb Gəncəyə dönəndə bizi Əsədin atası qarşıladı, çox əsəbi idi, səfərimizin uzanması kişini tamam hövsələdən çıxarmışdı.

 

Acıqlı-acıqlı:

 

-    Harda qalıbsınız, qoşulublar bir Şampaldı, nədi ona, heç fikirləşmirlər ki, vaxtımız çox azdı, əlimizdə xeyli görüləsi işimiz var.

 

Amma təəssüf ki, Bakıda qaldığı üçün Şamxalın yeni təxəllüsündən xəbəri olmadı. Əsədin toyu oldu, körpələr gəldi dünyaya, amma onun da həyatı yarıda qırıldı, çox tez köçdü, bu dünyadan... Hələ sağlığında Şamxal haqqında düşünəndə həmişə bir şerindən bir misra tale yazısı kimi məni düşündürüb:

 

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,

Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz.

Süd əmmişəm döşündən, ana qarğışı tutmaz,

Bircə biləydim məni kimin qarğışı tutdu...

 

“Döşündən süd əmmişəm, ana qarğışı tutmaz,”deyirdi, sonra da özündən soruşurdu, görən kimin qarğışı tutdu, məni...Amma yarıda qırılan həyat, bada verilən ömür-gün Yaradanın ona səxavətlə verdiyi böyük ürəyin ah-fəğanı idi, ondan belə qisas aldı...

 

Bir şerində yazır:

 

...Dünyaya gəlişim günə düşüb,

Siz məni heç nəyə tələsdirməyin...

 

Və bitirir:

 

Vaxtında gəlibdi ürəyə ağrı,

Saçımın dəni də vaxtına düşüb.

Taledən hərəyə bir pay düşəndə,

Mənim də gecikmək baxtıma düşüb-

Siz məni heç nəyə tələsdirməyin...

 

Heç nəyə, heç yerə tələsmədi, heç nəyə, heç yerə tələsməyən Şamxal ölümünə tələsdi. Çox faciələr görmüş, çox ağrılar yaşamışıq, Yaradan birini də artırdı...

 

Vaqif Tanrıverdiyev

Ədalət.- 2020.- 19 noyabr.- S.5.