“Bütün xatirələrim Cəbrayılla
birlikdə girov düşmüşdü” -
“Məcburi
köçkün adını qazanmırlar, bu adı məcbur
verirlər. Və insan bu ad altında əzilir, sınır. Bunu yaşamayan
bilməz, o adın ağırlığını bilməz. Hətta bəzən dərk eləməyənlər bu
adı elə alçaldıcı formada
işlədirdilər ki,
deyirdim, kaş ölüb orada qalardım, amma köçkün, qaçqın
adını daşımazdım.
İlk illərdə insanlar tərəfindən
köçkünlərə çox qeyri-normal münasibət var idi. Sonra yavaş-yavaş dərk elədilər ki, məcburi köçkünlər də
bu ölkənin hüquqi vətəndaşlarıdır”.
“Ədalət” qəzetinin qonağı kamança ifaçısı
Xəyyam Məmmədovdur.
-“Cəbrayıl bizimdir,
Qarabağ Azərbaycandır!” Necə
bir hiss idi bu xəbəri eşitmək?
-Mən ən əvvəl bizə bu ifadəni-“Cəbrayıl bizimdir!” cümləsini demək
şansını yaşadan
Ali Baş Komandanımıza,
Ordumuza, əskərlərimizə
təşəkkür edirəm.
Allah qorusun. Hər birinin qarşısında
baş əyirəm.
Allah şəhidlərimizə
rəhmət eləsin,
yaralı döyüşçü
qardaşlarımıza şəfa
diləyirəm. Bu hiss nəfəs tutan, nitq batıran bir hiss oldu. Bu
xəbərdən bütün
ruhum titrədi. Gözlərimi yaş necə
tutduqsa, heç nə görə bilmirdim. Bu sevinci bizə yaşadan, bu qələbədə əməyi olan hər bir kəsə
təşəkkür edirəm...
“Cəbrayılda doğulub
böyüyən hər
kəs Cəbrayıl
adı gələndə
köks ötürürdü”
-Uşaqlıq illərinizdən
danışaq...Bu illər
ərzində Cəbrayılla
bağlı çoxmu
köks ötürdünüz?
-Cəbrayılda doğulub
böyüyən, oranın
havasını udan, suyunu içən hər kəs Cəbrayıl adı gələndə köks ötürürdü. Mənim usaqlıq
illərim, orta məktəb dövrüm
və bu illərlə bağlı
bütün xatirələrim
Cəbrayılla birlikdə
girov düşmüşdü.
Belə demək olar ki, hər küçə,
hər döngə, hər daş, divar özü bir xatirə daşıyıcısıdır. İnsan uşaqlıq illəri keçən yerlərə
getdikdə, o yollarda keçdikcə ora ilə bağlı o qədər xatirələr
yada düşür ki, o hissləri təkrar yaşayır.
Amma mən və mənim kimi minlərlə insan bu hisslərdən məhrum olmuşduq.
Bir şeirimi sizinlə paylaşmaq istərdim:
Görən qar yağırmı
yenə o yerə,
Yenə yollarımız buz bağlayırmı?
Küləklər xətrinə dəydiyi
üçün
Çinarlar bir-birin qucaqlayırmı?
Damlardan
sallanan buz oxlovları
"Qılınc" olmaq üçün qəribsəyirmi?
Vəfalı sərçələr küçələr boyu
Qəriban ruhlardan dən gözləyirmi?
Yollar izimizçün darıxırmı
heç,
Yağan təzə qara kimlər iz salır?
Bəlkə, ləkələnir yad
tapdağında,
Bəlkə də, eləcə "bakirə" qalır.
Görən dəyişirmi təqvimlər
orda,
Ora da yeni il gəlirmi görən?
Neçə il xəcalət duyduğumuzu
Ordakı daş divar bilirmi görən?
Ölüb ümidləri o yurd
yuvanın,
Bizi gözləməkdən
üzüb əlini.
İndi başqa dildə, yad havalarla,
Təbrik eləyirlər yeni ilini.
Ümid edirəm ömür vəfa edəcək, mən Cəbrayılı
görəcəm. Gedib yurdumda
yaşamaq istəyirəm.
“Ağlım kəsən vaxtdan evimizdə musiqi, muğam eşitmişəm”
-Məcburi köçkün
adını qazanıb
çiyinlərində ağır
bir yükü daşımağın özü
çətindir...
-Məcburi köçkün
adını qazanmırlar,
bu adı məcbur verirlər. Və insan bu ad altında
əzilir, sınır.
Bunu yaşamayan bilməz, o adın ağırlığını
bilməz. Hətta
bəzən dərk eləməyənlər bu
adı elə alçaldıcı formada
işlədirdilər ki,
deyirdim, kaş ölüb orada qalardım, amma köçkün, qaçqın
adını daşımazdım.
İlk illərdə insanlar tərəfindən
köçkünlərə çox qeyri-normal münasibət var idi. Sonra yavaş-yavaş dərk elədilər ki, məcburi köçkünlər də
bu ölkənin hüquqi vətəndaşlarıdır.
-Kamança alətinə gəlişinizdən söhbət
açaq. Necə oldu ki, kamançanı seçdiniz?
-Musiqiçi ailəsində
dünyaya göz açmışam. Ağlım kəsən
vaxtdan evimizdə hər axşam musiqi, muğam eşitmişəm. Atam bir vaxtlar xanəndə olub, böyük Seyid Şuşinskidən və Hacıbaba Hüseynovdan dərs alıb. Sonra ailə vəziyyətinə
bağlı rayona qayıdıb və musiqi məktəbinə direktor təyin olunub. Böyük qardaşım tar sinfində
oxuyurdu. Hər axşam tarın
müşayiəti ilə
atamın musiqi səsləndirməsini dinləyirdik.
Mən kiçik yaşlarımda
oxuyurdum. Sonra kamança
alətinin səsi məni özünə çəkdi, belə də demək olar, ovsunladı. Mənim bu alətə
marağımı görən
atam Nazirliyin icazəsilə musiqi məktəbində kamança
sinfi açdı.
O vaxta qədər Cəbrayıl musiqi məktəbində kamança
sinfi yox idi. Beləliklə, artıq evimizdən
axşamlar muğam üçlüyünün səsi
gəlməyə başladı.
“Habil müəllim kamança sənətinin
zirvəsidir”
-Habil müəllim müsahibələrindən birində
demişdi ki, kaş kamança qədər məni başa düşən olaydı. Bu sizdə
də belədirmi?
-Habil müəllim kamança sənətinin
zirvəsidir. Əlbəttə böyük ustadın fikriylə razılaşmamaq
olmaz. Mənə elə gəlir,
hər kəs öz sənətini sevirsə, bu fikirlə razılaşar.
-Elə vaxt olubmu
ki, kiməsə fikrinizi sözlə deyil, kamança ilə çatdırmısınız?
-Bəzən belə hallar olur. Amma təbii ki, anlayana...
-Həyatda ən böyük qazancınız
nə olub?
-Həyatda ən böyük qazancım dostlarım və mənə dəyər verən dinləyicinin sevgisidir. Məncə, musiqiçi üçün
bundan böyük qazanc yoxdur. Maddi qazanc gəldi-gedərdir.
-Oxucularımıza sözünüz...
-Oxuculara sağlıqlı
ömür arzulayıram.
Onlara həqiqi musiqiyə qulaq asmağı,, köklü musiqini dinləməyi arzulayıram.
Muğam
olsun, bəstəkar musiqisi olsun, xalq mahnıları olsun, klassik musiqi olsun, caz
olsun, fərq eləməz, əsas odur ki, köklü
musiqini dinləsinilər.
Bu həm zövq
formalaşdırır, həm
də, doğrudan da, ruhun qidası və həqiqi istirahətdir. Allah hər zaman yollarını açıq
eləsin. Sizə təşəkkür
edirəm ki, bizə oxucularla, dinləyicilərlə ünsiyyət
fürsəti yaradırsınız.
Bu çətin
peşənizdə sizə
bol-bol uğurlar arzulayıram.
-Mən sizə
təşəkkür edirəm
ki, dəyərli vaxtınızı ayırdınız…
Rövşən Tahir
Ədalət.- 2020.-
19 noyabr.- S.8.