Hər  bir adam  xatirə müzeyidi

Bir söhbətdən  epizodlar

 

 

Hər bir həmsöhbət adamın ürəyincə olmur. Açığını deyim ki, bəzən o söhbətlərdən bu və ya digər şəkildə qaçmağa, uzaq olmağa çalışıram. Amma elə həmsöhbət var ki, adam yaxasını əldən buraxmaq istəmir. Çünki normal bir ortaq tapmış olursan. Dərdləşirsən, fikir bölüşürsən, bir az da çılpaq desəm, ondan söz, fikir qoparmaq fürsəti əlinə düşür. Bax, bu mənada indi sizə təqdim edəcəyim həmsöhbətimlə hər gün görüşsəm, ayda bir dəfə qarşılaşsam yenə təzə tanış kimi, təzə dərd şəriki kimi bir araya gəlirik. Mən bunun iki səbəbini özüm üçün müəyyənləşdirmişəm. Birincisi, eyni dövrün "uşaqlarıyıq”, eyni siyasi və ədəbi mühitin daşıyıcısıyıq, yəni yaddaşımızda, həyat yolumuzda "sovet möhürü”, ruhumuzda isə 80-ci illər ədəbi mühiti hakimdir. Bu bizim doğmalığımızın bir tərəfidir. İkincisi, mənə görə, heç vaxt "atalar, oğullar” mübarizəsində biz səksənincilər iştirak etməmişik. Ona görə ki, biz bacardığımızı, Allahın bizə verdiyini sözə çevirməklə məşğul olmuşuq. Məramımız, məqsədimiz içimizi pıçıltılı şəkildə oxucuya çatdırmaq, ədəbiyyatı sözdən yazıya, kitaba köçürmək olubdu. Təbii ki, bacardığımız kimi.

 

Bu gün də biz səksənincilərin deməyə kifayət qədər sözü var. Bu da bizim çiynimizdəki "Ədəbi” körpü missiyasından irəli gəlir. Bu missiyanın da məramı, məqsədi bütün onilliklərin ədəbi təmsilçilərinin yanında olmaqdır, onları qovuşdurmaq, onları ədəbiyyatın adamı etməkdir. Deməli, əvvəldə vurğuladığım kimi, mən onunla görüşəndə həmişə bax, bu mövzulardan danışır, öz yazı-pozularımızla yanaşı, hətta imzasını ilk dəfə gördüyümüz yaxşı bir yazı barəsində də rahatlıqla fikir bildiririk. Amma...

 

Kəramətin imzası artıq yarım əsrdir ki, Azərbaycan oxucusuna, hətta onun hüdudlarından kənarda da bəllidir. Qardaş Türkiyədə ədəbiyyatla bağlı olan söhbətlərimin birində mənə bildirdilər ki, o, (yəni Kəramət – Ə.M.) oxunulan şairdir. Bir dostun, bir həmfikirin barəsində söylənilən bu deyim məni çox məmnun etdi. Və onu bu günə qədər Kəramətə deməyə tələsmədim. İstədim ki, oxucular üçün danışanda bu fikri dilə gətirim. İndi həmin məqamdı. O məqama isə...

 

- Kəramət, sənin üçün xatirə nə deməkdir?

 

- Bilirsən, nəyə işarə etdiyini hiss etsəm də, amma demək istəyirəm ki, xatirə dünəndi, bu gündü və bir də elə mənim özüməm. Yəni şüuraltı olaraq dünəndən nə götürmüşəmsə, o, bu gün mənimlədi. Deməli, mən həm də xatirəyəm. Özü də gəzən, danışan, həmsöhbət olan xatirə. Bildiyiniz kimi, dünyada iki böyük partlayış olub. Deyirlər üçüncü də olacaq. İnsan dünyaya gəlib. O da bütün gördüklərini, iştirakçısı olduqlarını özü ilə daşıyıb bu günümüzə gətirib. Burda söhbət həm fərdi, həm də ümumi xatirədən gedir. Burda əsas mənim üçün önəmli olan yaradıcı insanın xatirəsidir...

 

- Bağışla, sözünü kəsirəm, yəqin elə bu səbəbdən kitabının adını "Xatirə muzeyi (adam)” qoymusan.

 

- Bəli, həqiqətən mənə görə hər bir adam muzeydi, özü də xatirə muzeyi. Bizdən sonrakılar - səni, məni ziyarət edənlər məhz həmin muzeyi ziyarət etmiş olurlar. Necə ki, biz özümüzdən öncəkiləri ziyarət edirik. Özü də söhbət təkcə ədəbiyyat adamından getmir. Gözəl bir bənnadan da, müdrik bir ağsaqqaldan da, gözəl barmaqları olan xalça ustasından da. Bir sözlə, seçilən insanlardan gedir söhbət. Biz özümüz də hiss etmədən bəzən aşkar, bəzən şüuraltı həmin o proseslərin içərisindən keçib cilalanırıq, təzələnirik, təmizlənirik, yeni ideyaları, fikirləri çeşidləyirik. Çünki bunlar yaddaşımızn alt qatında, insanlığın alt qatında baş verir. Həmin o gördüklərin günlərin bir günündə xatirə kimi sənin qarşına çıxır və sənin mövzun olur. Deməyim odur ki, bizim aid olduğumuz 80-ci illərin yox, bütövlükdə bəşəri xatirənin şahidi və daşıyıcısıyıq. Özü də bir daha vurğulayım ki, xatirənin rəngi, dili, dini olmur. Çünki söhbət insandan gedir, özü də yaradıcı insandan.

 

- Onda bir sual da verim. Səncə, yaratmaq yaxşı xatirədi, yoxsa yaşatmaq?

 

- Məncə, elə yaratmaq özü yaşatmağı ifadə edir. Çünki yaradırsansa, yaşadırsan. Onlar bir-birilə sıx bağlıdı, paraleldi...

 

- Yenə sözünü kəsim, bəs yaratmaq qabiliyyəti olmadan yaşatmaq necə?

 

- Səninlə razılaşıram, amma yenə demək istəyirəm, hansı sahədə olursan ol, əgər nəyisə yaradırsansa, sən artıq onu həm öz içində, həm də həyatda yaşadırsan. Ən böyük Yaradan, ən böyük Yaradıcı Allahdır. İnsana da O, "YARAT!” hökmünü veribdi. Və insan da zaman-zaman yaratmaqla məşğuldu.

 

- Gəl onda məsələnin başqa bir tərəfinə də nəzər salaq. İkimiz də eyni dövrü yaşayırıq, başlanğıcımız da eyni dövrə aiddir. Bu mənada sənə hansı xatirələr doğmadır? Şeirində yazırsan ki:

 

 

 

 

Bu ev daha ev deyildi

 

Xatirə muzeyiydi.

 

Muzey bələdçisi – Kişi

 

yaşanan ömrün səsiydi.

 

səsini unudub getmuşdi Qadın

 

bir də ki, kölgəsini unutmuşdu zalımcasına.

 

Kölgə paramparça

 

Qadın səsi ayağıyalın, paypiyada,

 

- Mənim yerimdə

 

başqa qadınla yatma,

 

- E-Şİ-DİR-SƏN-Mİ?

 

 

 

- Həyat yaşadığın andı. Kimin onu yaxşı, ya pis saymasından asılı olmayaraq, o, qiymətlidir. Çünki o, həyatdı, yaşamdı. Sən istəyir onu kədərli, nisgilli, istəyir şirin xatirə hesab et. Bu, sənin ömründü. O həm də bu gündür. Yəni sən dünənsən, bu günsən, gələcək isə əlçatmazdı, mücərrəddi. Mən dünənə, bu günə ona görə dəyər verirəm ki, kökü, mayası insanlıq olan hər kəs kimi mən dünyanı görürəm, inkişafı izləyirəm, müqayisələr aparıram. Hətta o anda mən səninlə yanaşı çıxıb Şuşaya getmək istəyirəm, Cıdır düzündə olmaq istəyirəm. Çünki tələbə vaxtı orda olmuşam, gəzmişəm, görmüşəm. Bax, dünən hesab olunan xatirəm bu gün mənimlədir, məni çəkib aparır. Mən bir fərd olaraq, dünyanı nakam kimi tərk etmək istəmirəm. Düşünürəm ki, bu, hər kəsin istəyidir. Yuxarıdan üzü aşağı, həm də aşağıdan üzü yuxarı hamı istəyir ki, torpaqlarımız azad olsun, getsin, görsün o yerləri, qovuşsun xatirələrinə. Amma bunu hər kəs bir cür ifadə edir. Biri susmağıyla, biri danışmağıyla, biri yazmağıyla. Məsələn, mən bir şeirimdə deyirəm:

 

 

 

 

Mən səni o qədər sevdim ki,

 

Çox yox e: cıqqana sevdim.

 

Qolun açıldığı qədər

 

Yolun Məbədə uzanınca

 

Yanan ulduzlar sönüncə

 

Sönən ulduzlar

 

Qütb ulduzuna dönüncə sevdim.

 

Səni o qədər sevdim ki

 

"SEVİRƏM” – deyə bilməyənə qədər sevdim.

 

Sevgi nədir

 

bilməyənə qədər.

 

 

 

 

Yəqin ki, bu şeirlə fikrimi tamamlamış oldum. Amma burda onu da əlavə edirəm ki, (təbii ki, mövzuya aydınlıq gətirmək üçün – Kəramət) Türkiyədə bir dostuma dedim ki, Bakıdan sənə nə gətirim? Hansı nemətlər keçir könlündən? Nə istəyirsən? Çox kədərli bir şəkildə dedi ki, mənə Qarabağı gətirə bilərsən? Bu cavab bütün varlığımıza, ruhumuza hopmuş bir ağrıdı. Nə qədər özümüzü öysək də, nə qədər hər şeyi edə bilərik, gətirə bilərik desək də, bu məqamda susuruq. Tibbdə belə bir şey var: adamın qolunu kəsib götürürlər, amma olmayan qol ağrıyır. Bax, bizi həmişə ağrıdan məqamlardan biri də elə birincisi də Qarabağdı. Onu nə qədər sevdiyimizi sözlə ifadə edə bilmirik.

 

- Kəramət, şeirlərində öz kimliyini bəzən o qədər ustalıqla, özü də çığır-bağır salmadan ifadə edirsən ki, mən o kimliyin qarşısında susuram, heyrət edirəm. Çünki özünü bənzətdiyin insanların, bu varlıqların hər biri ayrı-ayrılıqda zamanın fövqündədirlər. Deyirsən ki, mən Şah İsmayılam, Fatehəm, İstanbulu İstanbul edən ər oğlu ərəm. Amma bir şeirində də deyirsən ki, barama qurduyam. Doğrudur, mən də barama qurduna həsəd aparmışam. Kəndim işğal olunanda yazmışam ki, "bəxtəvər ipək qurdları, ölür evinin içində”.

 

- Hə, xatırladım o şeirimi. 2000-ci illərin əvvəlində yazmışam:

 

 

 

 

Tut yarpağı üstündə,

 

Şərqin isti küncündə.

 

Yuxu görrəm yaşıl-yaşıl.

 

Xəbərim yox

 

Böyük ipək yolundan.

 

Özü-öz yurduyam mən,

 

Barama qurduyam mən.

 

Hörürəm qapı-pəncərəmi

 

gəlib baxsan,

 

paltardan savayı heç nə görməzsən.

 

Daha mən bu vətənin

 

vətəndaşı deyiləm,

 

Yurdumun yurduyam mən,

 

Barama qurduyam mən.

 

 

- İndi de görüm, niyə bu şeiri yazmısan?

 

 

 

- Şeirim barəsində danışmaq bəlkə də özünüreklamdı. Amma demək istəyirəm ki, mən öz içimdə özünü böyüdüb ictimailəşdirmək ovqatımı sözə çevirmişəm. Üstəlik, burda mənim səsim təkcə Azərbaycan, Türkiyə dairəsi yox, bütövlükdə sözün olduğu hər yerdə bir ruh harayıdı, ruh çağırışıdı. Bir az da açıqlasam, mən o ruhumla hər yerdə olduğumu dilə gətirmişəm. Həm də sözlə çatdırıram ki, hansı dövrün, hansı hakimiyyətin, hansı məqamın mövcudluğundan asılı olmayaraq, söz adamı öz ruhuyla hər yerdədi. Həm də yadımızda saxlayaq ki, şeirlər yaşanan psixoloji ovqatın ifadəçisidir. Bu mənada mən Azərbaycanın taleyi kimi yaşayıram öz taleyimi. Bu taleyin də elə çalarları, elə məqamları var ki, o yalnız şairin özünə aiddir, özünə bəllidir. Biz hər birimiz şair kimi başqa bir adamıq, vətəndaş kimi, ictimaiyyətin təmsilçisi kimi başqa bir adamıq.

 

-Bu yerdə bir sual da verim. Sən şair kimi necə yaşayırsan?

 

- Çalışıram ki, özümü yeniləyə bilim, özümü təzələyə bilim. Bütün janrlardan qaynaqlanıb təzədən nə isə deyim. Burda mütaliəni heç vaxt unutmuram. O cümlədən Türkiyə, Avropa və dünya ədəbiyyatını nəzərdə tuturam. Təbii ki, həyatın diqtələri də var, xüsusilə reklam. Reklam bəzən hadisələri üstələyir. Ona görə də heç kimə irad tutmaq olmaz ki, niyə filan şeyi bilmirsən? Çünki reklam daha sürətlidi indi. Bu mənada ədəbiyyatda da reklam məsələsi çox qabarıqdı. Ölkəmizdən xaricdə olanda bizim ədəbiyyatın hansı təmsilçilərinin orda reklam olunduğunu görüb bəzən təəssüflənirəm, bəzən təəccüblənirəm, bəzən də sevinirəm. Onlar hamısı əlaqələrlə, qruplaşmalarla bağlı olan məqamlardı. Hətta burada şair kimi tanınmayan, oxunmayan birisi Türkiyədə elə reklam olur ki, dəhşətə gəlirsən. Və türklər də həmin reklam olunana baxıb bizim ədəbiyyata qiymət verirlər. Bax, bu, reklamın qüsurlu tərəfidir. O cümlədən də Türkiyədən elə adamları burda reklam edirlər ki, onun türk ədəbiyyatına heç dəxli yoxdur.

 

- Sən ölkə içində kimləri oxuyursan? Kimlərin yaradıcılığı ilə maraqlanırsan?

 

- Əvvəldə də dedim ki, mən yaradıcılığı kimlərinsə yaşıyla, imkanıyla dəyərləndirmirəm, qiymətləndirmirəm. Mənim üçün ədəbiyyatda dövr anlayışı yoxdur. Hansı zamana aid olur-olsun, gözəl, mükəmməl əsər mənim üçün maraqlıdı, oxunaqlıdı. Bizim istedadlı dostlarımız, qardaşlarımız həmişə belə olublar. Onların bir qayəsi olubdu –yazmaq! Tənqid edənə də iradımız bu olub ki, özün nə yazmısan onu göstər, sonra başqasını tənqid et! Təəssüf ki, heç nə yaza bilməyənlər inkar və imtina etməyi daha çox sevirlər. Birmənalı şəkildə demək istəyirəm ki, həyat, ədəbiyyat yıxıcılıq üzərində yox, yaradıcılıq üzərində davam etməlidir.

 

... Və nəhayət... Mən Kəramətlə dərdləşərkən onun təkcə ədəbiyyatla yox, bütövlükdə həyatımızla, yaşamımızla bağlı məsələlərə yanaşmasını demək olar ki, toplum halında, külçə şəklində bir araya gətirməyə çox çalışdım. Amma gördüm ki, onlar bir yazının söz-söhbəti deyil. Əgər Kəramət Bakının Hacı Zeynalabdin Tağıyev dövründən qalan nişanələri ilə bu gün kibrit qutusu kimi üst-üstə qoyulan beton evlərin ucalığına baxıb deyirsə dünyada betonlaşma gedir, o artıq özü ayrı bir mövzudur. Ona görə ədəbiyyatımızın Kəramətə aid olan, onun münasibət bildirdiyi kiçik hissəciklərini bu yazıda söz şəklinə saldım və sizə təqdim etdim, gələcək məqamların birində bu mövzuya qayıtmaq üçün.

 

 

Ədalət.- 2020.- 3 oktyabr.- S.8.