ERMƏNİSTAN QAÇAN ƏSGƏRLƏRİN ACIĞINI

 

27 sentyabrdan  başlayan əks-hücum əməliyyatı bu gün uğurla davam edir. Suqovuşandan sonra artıq görkəmli yazıçı Sabir Əhmədlinin doğulduğu  Cəbrayıl şəhərində müqəddəs bayrağımız dalğalanır Cəbrayılın bir neçə  kəndi   düşməndən azad olunub .

Həm  televiziya kanallarında, həm   videolarda görürsünüz ki,  Ermənistan ordusunun  əsgərləri  öz canlarının  hayındadılar, hətta  tanklarını, hərbi texnikalarını, silah-sursatlarını   atıb qaçırlar.  Əsgərlərimizin qarşısında duruş gətirə  bilmirlər. Qaçmalarının  bir səbəbi təbii ki, ayaqlarının  altındakı torpağın onların olmamasıdır.  Hər bir erməni  çox gözəl bilir ki, Qarabağ Azərbaycandır! bu  əsgərlərin  çoxu da  Qarabağa  məcburi şəkildə  göndərilib. Gətirdikləri PKK-çılar, terrorçular  muzdlu  əsgərlər   pul  üçün vuruşur sonda  pula da  tüpürür, canını  qurtarmaq istəyir.  Biri var pul üçün vuruşasan, biri var VƏTƏN üçün.

Biz Vətən  üçün vuruşuruq. Allah yolunda, din yolunda, Vətən  yolunda, torpaq yolunda  İmam Hüseynin şəhidlik məktəbini  keçmişik. Canımız bu Vətənə fəda!

Ermənistan da özünün qaçan  əsgərlərinin  acığını bizim dinc əhalimizdən çıxmaq istəyir. Nəinki  cəbhə  boyu  kəndlərimiz, rayonlarımız, eləcə cəbhə xəttindən 100-200 kilometr  aralıda olan şəhər kəndlərimizi  raket atəşinə  tuturlar. Burda bir məqsəd dinc əhali  arasında  panika  yaratmaqdısa, ikinci  məqsəd yenə Azərbaycanı  təxribata   çəkməkdir.

Onlar  Gəncəni, Göygölü,  Mingəçeviri, Şəmkiri, Xızını, Abşeron rayonunu raket  atəşinə  tuturlarsa, bizim  adekvat cavabımız da Ermənistanın  şəhər rayonlarını  vurmaqdı. istəyirlər ki,  biz bu  addımı  ataq nəticədə  onlar  Kollektiv Təhlükəsizlik Şurası Təşkilatının üzvlərini bu müharibəyə cəlb eləsinlər.  Azərbaycanı  təkləsinlər.

Hələ ki biz bu  təxribata  uymuruq. Amma qaradan  artıq rəng yoxdu. Ermənistan  bütün  qohum-əqrəbalarını, bütün  kərtənkələləri, hətta  Makronu da döyüşə  qatsalar, xeyri yoxdu. Azərbaycan Ordusu  güclüdür, qüdrətlidir həm İlahi Ədalət  bizim  tərəfimizdədir.

Möhtərəm  Prezident, Ali  Baş Komandan Cəbrayılın azad olunmasından  sonra  çıxışında da bir daha  bütün  məsələlərə  yekun  vurdu.  bildirdi ki, bizim bircə şərtimiz var, Ermənistan  silahlı qüvvələri  Qarabağdan (Dağlıq Qarabağ da onun içində)  çıxarılandan sonra hansısa danışıqlardan  söhbət  gedə bilər. Əks halda, heç bir danışıqdan  söhbət gedə bilməz.

Ali Baş Komandanın  hər  çıxışı  həm xalqda, həm ön cəbhədəki əsgərlərimizdə  qələbəyə  böyük inam ruh  yüksəkliyi  yaradır.

 

Tanrı xalqımızı qorusun!

Tanrı əsgərlərimizi  qorusun!

Tanrı Ali Baş Komandanımızı qorusun!

 

Aqil ABBAS:

Ədalət.- 2020.- 6 oktyabr. S. 1;2.