Məmməd Araz yaradıcılığında çağlayan “Araz”
Xalq
şairi, Əməkdar İncəsənət xadimi, Dövlət
Mükafatı Laureatı, "İstiqlal” ordenli Məmməd
Arazın çoxşaxəli, dərin mövzulu fəlsəfi
irsi hələ sağlığında klassik dəyər
qazanmışdır. Ümumxalq məhəbbəti
qazanan, gündəmdən düşməyən, yaddaşlardan
silinməyən Məmməd Araz
yaradıcılığına, onun unudulmaz poeziyasının
işığına minlərlə oxucu
yığışır və hər birinin qəlbinə bu
nurdan pay düşür, qəlbindəki
qığılçımı alovlandırır.
Çağdaş Azərbaycan ədəbiyyatının
və milli şeirimizin ən kamil və ötkəm, təsirli
və dəyərli poetik nümunələrini yaradan, lakonik və
yığcam ədəbi söz ustadı Məmməd
Arazın irsində Araz mövzusunun ecazkar bir bədii tutumu
var. Bu mövzu şairin bütün
yaradıcılığında izlənilir və
qırmızı xətt kimi keçir. Çünki tədqiq
etdiyimiz məqam onun üçün çox həssas bir
mövzudur. Təsadüfi deyil ki, şair Araz mövzusunda
şeirlər silsiləsi yaratmışdır. Bunlardan
"Araz dili”, "Yenə Arazı gördüm...”, "Bu gecə yuxumda Arazı gördüm”, "Mən
Araz şairiyəm”, "Arazın işıqları”,
"Araz üstə çinar gördüm”, "Araz
yadıma düşüb”, "Arazın nəğməsi”
şeirləri və "Araz axır” poeması mahiyyət
etibarı ilə eyni mərama, məntiqə xidmət edir və
bütövlükdə ümummilli məsələyə
köklənib. Bu da M.Araz irsinin səciyyəvi xüsusiyyəti,
fərdi üslubunun məziyyətlərindən biridir.
Azərbaycan nəzm və nəsr ədəbiyyatının
bir çox nümayəndələri Araz çayına xitab
edərək şeirini onun vəsfinə yönəltmişlər.
Bəzən bu çayı bir xalqı ikiyə bölən qəddar
bir sədd kimi qiymətləndirənlər, bəzənsə
vahid Azərbaycan probleminin baisi, səbəbkarı, qınaq
yeri kimi də müraciət edənlər az olmayıb. Amma Məmməd
Araz yaradıcılığında Araz nə zavallı, nə
də günahkardır, Araz hər zaman məğrurluq rəmzidir.
Onun şeirlərində keçən Arazla bağlı
nümunələrdəki sətiraltı mənalar da
şairin Araz təxəllüsü ilə səsləşən
obrazıdır. Onun həyatdakı canlı prototipi elə
Araz çayının özüdür. Şairin
bütün yaradıcılığı məğrurluq,
yenilməzlik, vüqarlılıq üstündə qurulub.
Haqsızlığa tab gətirməyən, ədalətsizliyə
boyun əyməyən dağ əzəmətli, dağ
vüqarlı ədəbiyyat nümunəsi dayanır
qarşımızda. Həmişə əbədiyaşar
şairin yaradıcılığını oxuyuruq, əzbərləyirik,
təkrarlayırıq və yenə də
düşünürük. Məmməd Araz şeriyyəti
oxucusunu valeh etməklə yanaşı hər zaman
düşündürür. Aforistik deyimləri, müdrik kəlamları,
filosofsayağı düşüncələri oxucusunu əfsunlamaqla
yanaşı, eyni zamanda düşünməyə və dərs
çıxarmağa sövq edir. Məmməd Araz
yaradıcılığı bütövlükdə bir
tarixdir. Öz millətinin, vətəninin yazılmayan salnaməsi,
tarix dərsidir. Bəzən qəhrəmanlıq tarixi, bəzən
mərdlik nümunəsi, bəzənsə içacıdan,
ürək parçalayan taleyidir. Şairə görə Araz
Azərbaycan həqiqətlərinin qan yaddaşıdır:
Seyr elə Arazı bir yaz səhəri,
Bir tarix
dil açar onun səsində .
Araz – şair Məmməd İbrahimovun sadəcə təxəllüsü
deyil, onun qəlbindəki ən mərhəm duyğuları, ən
gizli sirlərin sadiq dostu, dərddaşı və ömürnaməsidir. O, Arazdan sadəcə
yazmır, o, Araz cayının axışına,
füsunkarlığına sadəcə şeirlər həsr
edərək onu vəsf etmir, bir xalqın taleyinin, tarixinin,
keçmişinin canlı şahidi kimi müraciət edir.
Yazıçı-publisist Aqil Abbas Məmməd Arazın təxəllüsünün
niyə Arazdan gəldiyini və onun Araz sevgisinin ilahiliyini səciyyələndirərkən
yazır: "Şairin ən böyük dərdi, şairin ən
böyük ağrısı Araz dərdi, Araz
ağrısıdır. O Araz ki, Azərbaycanı
iki yerə bölüb. Yüz illərdir bu xalqın bir
arzusu var, o da birləşmək arzusu! Şair də
bu arzu ilə yaşayır və elə məhz ona görə
də özünə "Araz” təxəllüsü
götürüb”.
Hər bir Azərbaycan vətəndaşı, ələlxüsus
da naxçıvanlı Araz çayını dəfələrlə
görüb.
Bir çoxları üçün sadəcə
su axınından ibarət olan bu çay şair Məmməd
Araz üçün ilham mənbəyi olmaqla yanaşı bir
qibləgahdır. Onun
yaradıcılığını mütaliə etdiyimiz zaman
görürük ki, o, müraciət etdiyi bütün
mövzuların bədii portretini yaradır, amma Araz mövzusu
Məmməd Araz yaradıcılığının
sütununu təşkil edir. Ustad şair
Arazdan nə zaman yazırsa yazsın, bu mövzu həmin əsərin
süjetini təşkil edir. Bütövlükdə,
Araz cayı şairin yardıcılığında bir vəsf
obyekti, təbiət lövhəsi deyil, Araz bəzən
baş qəhrəmandır, bəzən canlı bir
obrazdır, bəzənsə sirdaş, dərddaş, xitab
yeridir. M.Araz Arazı xalqımızın
mübarizə, döyüş rəmzi kimi simvolizə edir.
O, sanki Arazla canlı insan kimi dərdləşir, bəzən
insanlara deyə bilmədiyini Araza deyir, asta-asta, həzin-həzin
sızlayır, bəzən hayqırır:
Mən
neçə yol danışmışam Arazla...
Hansı dildə danışmışam? –
Bilmirəm!
Bu misralar şairin yaddaşlarda unudulmaz izlər buraxan
"Araz dili” adlı şeirindən götürülüb. M.Arazın Araza
yazdığı şeirlərindən ən təsirlisi
"Araz dili” adlı şeiridir ki, həm söz, həm poetik
tutumu, həm də fikrin bədii ifadəsinə görə
daha güclüdür. Burada Azərbaycan tarixi ilə
xalqın yaşamının dünəni və bu günü
məharətlə, ən seçkin sözlərlə və
bəzən də təbii ümumxalq dilindən gələn
diləyatım ifadələrlə əks edilməkdədir:
Yenə
dolub daş-kəsəklə xurcunun
Bir
daş atıb, gəl oyatma min daşı
...
"Gəl,
haqq sözü bölüşdürək səninlə”
Daşdı
– daşdır,
Susdu – susur, üzü bir.
...
Araz dili nə
qılıncdı, nə hədə,
Sənin
olmaz bizim olan: zərrə də.
– dediyi bu misralarda Araz çayı ilə ikiyə
bölünmüş torpağın eyhamını
böyük ustalıqla vurur.
Araz dili:
ürək dili, göz dili,
Torpaq
dili, hava dili, göy dili
Mən
neçə yol danışmışam Arazla...
Bu şeir və həmçinin Araz mövzusu
M.Arazın fərdi duyğularının poetik təzahürüdür. Onun
bütün yaradıcılığında olduğu kimi bu
şerində də fəlsəfi dərinlik, hikmətli
düşüncə, dərin məntiq hakimdir. Çünki Məmməd Araz Araz çayına adi
bir şair gözü ilə baxıb onu hər hansısa
gözəlliyini vəsf etmir, poetik tablo yaratmır. Onun üçün Araz cənub mövzusunda həsrətin
və dərdin simvoludur. M.Arazın bəhs
etdiyimiz mövzudakı şeirlərindən şairin ürəyinə
saplanan Araz dərdinin sızısı duyulur.
Vətəndaş şair Məmməd Araz hər bir təbiət
lövhəsini poetik şəkildə tərənnüm etməyi
bacaran təbiət şairidir desələr də, biz
heç də o fikirdə deyilik. M.Araz hər bir təbiət lövhəsinə
bədii don biçməkdən çox, onu fəlsəfiləşdirən
şairdir. Biz "Araz şairi” Məmməd
Arazın yaradıcılığında Arazın bədii təsvirinə,
poetik tablosuna rast gəlmirik. Buna görə
də Araz onun üçün vəsf obyekti olmaqdan çox
xitab yeridir. Hər bir sənətkarın
həyata baxışı onun yaradıcılığında
öz əksini tapır. Akademik İsa Həbibbəyli
bu barədə yazır: "Öz
yaradıcılığnın əsas qəhrəmanı,
aparıcı siması olan, düşündüklərini,
yaşadıqlarını yazan Məmməd Arazın əsərləri
həqiqi bir insan ömrünün mənalı və pozulmaz
səhifələridir. Bir çox istedadlı
şair kimi Məmməd Arazın əsərləri də
onun ibrətamiz həyat dastanı, mənalı ömürnaməsidir”.
Alimlərin, tənqidçi-ədəbiyyatşünasların
və şairin qələm dostlarının fikrincə,
daş mövzusu özünü şeirin "daş əsgəri”
hesab edən Məmməd Arazın
yaradıcılığında bütövlük, torpağa
bağlılıq, bərklik, dözümlülük, vətəndaşlıq
rəmzi kimi ifadə olunur. Fikrimizcə,
Araz mövzusu isə şairin
yaradıcılığının ana xəttini təşkil
etməklə yanaşı onun əsas qayəsinə, məramnaməsinə
çevrilir. Araz mövzusu həm də
şair üçün vasitədir. O, fərqli mətləbləri
qələmə almağa, deyilməmiş fikirləri ifadə
etməyə xidmət edir. Məmməd Araz bəzən
müəyyən nüansları olduğu kimi yox, olmalı
olduğu kimi verir. Bu da şairin individual
xarakterindən, fərdi özünəməxsusluq keyfiyyətlərindən
irəli gəlir.
Oxucu
şair Məmməd Arazı xəyalında canlandırarkən
onu əlində lələkli qələm masa arxasında bir
vərəqə misralar yazarkən, qafiyə uyğunsuz olanda
onu qaralayan və başqa qafiyə axtaran bir şair kimi yox, hər
zaman Araz çayının sahilində, tənha bir yerdə
için-için danışırkən və bədahətən
gələn sözlər misraya dönüşən bir mənzərə
ilə canlandırır. Budur şair Məmməd
Arazın fərqi. Onun bədii
duyğuları da Araz çayı kimi durmadan axır. Onun da yaradıcılığı Araz çayı
kimi başıbəlalıdır. Bir təxəllüs
şair taleyini özündə bu qədərmi ehtiva edər,
özü ilə bütünləşdirə bilər?
Bir şair təxəllüsünə bu qədərmi
bənzəyər, bir təxəllüs sahibi ilə bu qədərmi
bütünləşər?! Oxucu bu
sintezin konkret olaraq bədii lövhələrini "Yenə
Arazı gördüm...” şeirində görür. Şair Araz çayının sahilini
dodağına, ləpələrini dilinə, sahil boyu uzanan
çinarlarını yazan əlinə bənzədir. Ləpədöyən bərk qayaların həssaslığını
qəlbi kimi həzin, hər bir pıçıltını
hiss edən hissiyyatı ilə qarşılaşdırır.
Coğrafi məkan olan Arazı görən hər
kəs bilir ki, bu çayın suyu hərdən bir cür
olur; bəzən dupduru, bəzənsə çox bulanıq,
bəzən apaydın, bəzən çox tutqun. Şair dəyişən əhvalını, rəngbərəngə
çalan şair ruhunu, bədii ovqatını bu
çayın axar-baxarı ilə müqayisə edir və
"Tutqundur qaşqabağın, Bu qaşqabağım kimi”
deyərək bu misralarda metaforanın ən uğurlu nümunələrini
təqdim edir. Bütövlükdə
"Yenə Arazı gördüm...” şeirini M.Araz
dünyasında Araz təxəllüsünün yozumu,
açıqlaması və ya sirri kimi dəyərləndirmək
olar. Bu şeir nə qədər şairin ülvi, incə
və səmimi hisslərindən yoğrulmuşdursa da, bir o qədər
də sirli dünyasından ortaya çıxır:
Mən sənə
bir şair,
Sən mənə Araz de.
Elə
bil nə mənsiz
Sən
Araz,
Nə sənsiz
mən şair olmazdım...
Bu misralarda şairin şairliyinin əsas ilham mənbəyinin
Araz çayı olduğunu açıq-aydın
görürük. Bu məqama bağlı olaraq akademik İsa Həbibbəyli
yazır: "Azərbaycan ədəbiyyatında çox məsuliyyətli
olan Araz təxəllüsünü daşımaq
haqqını qazanmaq Məmməd Araza nəsib olmuşdur”. Azərbaycan ədəbiyyatında görkəmli
şairlərin bir çoxu təxəllüslərini məşhurlaşdırmışlar.
Amma hər bir şair haqqında qətiyyətlə
demək olmaz ki, təxəllüs onun bədii
yaradıcılığı ilə səsləşir,
müvazi şəkildə işlənir və ya onun bədii
dünyasını, poetik aləmini aça bilir. Və ya ədib şeriyyətini təxəllüsünə
həsr edə, uğurlu nümunələr yarada bilsin, həmçinin
Azərbaycan ədəbiyyatında layiqli yer tutsun.
Şair o qədər Araz vurğundur, Arzadan yazmaq onun qələminin
əsas ilham mənbəyidir ki, Arazdan çox yazmaqdan bəzən
ehtiyatlanır və bunu da qələmi ilə dilə gətirir:
Yenə də
söz açsam,
Mən səndən
danışsam,
Qorxuram,
qorxuram tənqidçi
Tənqidçi
dostlarım
Şairi döyərlər.
"yenə də Arazdan, Arazdan!” – deyərlər.
"Haqqın
var Məmməd Araz, Haqqın var yaşamağa” şeirində
də özünə xitabən "Sən məqamı gələndə
Araza bənd olansan” misrasında da Araz mövzusuna heç vaxt
məqamsız toxunmadığını, yeri gəlməyəndə
müraciət etmədiyini, movzusu "tükənəndə”
əl atmadığını, yalnız məqamında Araza bənd
olduğunu ifadə edir:
Hər
sözün işığında göyə bülənd
olansan,
Sən
arzuya bələdçi, şərə kəmənd olansan;
Haqqın
var Məmməd Araz,
Haqqın var yaşamağa.
Qələmilə
içini boşaldan, ağrı-acısını
kağıza tökən şair hər nədən
yazırsa-yazsın, əsas mövzusundan yazmamaqdansa, ürəyinə
oxların batmasını, nizələnməsini diləyir:
Mənə
şərəflidir belə ölümlər:
Qoy
batsın sinəmə, batsın min nizə,
Arazdan, Cənubdan
yazmağım əgər
Dünyada ən böyük cinayət isə.
Məmməd Araz başqa bir eyni məzmunlu "Mən
Araz şairiyəm” şeirində "Çox yazırsan
Arazdan. Nə
bilim gahdan quzu, Gahdan aslan Arazdan” - deyə məzəmmət edənlərə
cavabən deyir:
O mənim
mürəkkəbim
Mən onun qələmiyəm.
Mən
Arazın səsiyəm,
Mən
onun yatağıyam,
Mən
onun sahiliyəm,
Mən
onun ləpəsiyəm,
Dalğaları
yara-yara,
Ən
böyük dəryalara
Dildə
söz, əldə qələm
Onunla getməliyəm .
Bu deyilənlərdən bir daha aydın olur ki, Məmməd
Araz Araz şairidir. Sabir Rüstəmxanlı bu haqda yazır: "Araz
haqqında çox yazılıb və yazılır. Lakin "Araz şairi” olmaq Məmmədə qismət
olub. O, bu adı çox böyük bir ləyaqətlə
daşıyır və Araz dərdinin şeirimizdə ən
gözəl ifadəçilərindən biridir”. Arazdan
şaxələnən, akademik Bəkir Nəbiyevin təbirilə
desək, "şeirimizin xan çinarı”, şeriyyəti
çinar ömrünə bənzəyən Məmməd
Araz "Araz şairi” olduğunu, qələminin Arazdan göyərdiyini,
ruhunun Arazdan qidalandığını, bədii
duyğularının, Arazdan ilhamlandığını və
klassik irsə olan ehtiramını aşağıdakı
misralarda belə dilə gətirir:
Mən
Arazdan şaxələnən çinardım,
Ömür
boyu tufan əydim, su yardım,
Xətayinin
qılıncını suvardım –
Məmməd
Araz karandaşı göyərdi...
Arazı sadəcə imzasında deyil,
bütövlükdə yaradıcılığında
yaşadan və əbədiləşdirən Məmməd
Araz öz ilham qaynağını yalnız tərənnüm
etmir və ya təkrarlamır. Araz onun sehirli
dünyasının sirri, şüurlu ömrünün qayəsi,
canlı yaşamının mənası və bədii
dünyası, söz aləminin mənbəyidir.
Şairin öz bədii düşüncəsinə və
duyğularına görə Arazsız Məmməd Araz
dünyasının mənası yoxdur və yaşayan ruhdan fərqli
deyil:
Mən səni
görməyə,
Yazmaya bilmərəm.
Mən səndən
deməsəm,
Deməli, demirəm, gülmürəm.
Səni
öz məcrandan
Qoparım gərək mən.
Mənim
tək bir andım,
Bir də
bu ricam var, Araz,
Mən səni
apara bilməsəm,
Sən məni
apar Araz!
Şairin
"Bu gecə yuxumda Arazı gördüm” adlı şeirində
təbiətin ən gözəl hadisələriəndən
olan, coğrafi məkanda qərar tutan, el arasında Xan Araz
kimi şöhrətlənən bu çayı yuxusunda
görən şair hisslərini bədiiləşdirərək
belə ifadə edir:
"Bu
gecə yuxumda Arazı gördüm,
Arazı belə tox görməmişdim heç.
Arazı
bəxtindən çox razı gördüm,
Üstündən
yol atdı: "Cəsarətlə keç!”
Bu şeir şairin Araz mövzusundakı silsilə
şeirlərinin sırasında eyni və ya yaxın məzmunda
olsa da, fərqli ampuladadır. Gündüz
gözü ilə görmək istədiklərini və deyə
bilmədiklərini yuxuda görmüş kimi dilə gətirir.
Şairin 80-ci illərdə qələmə
aldığı bu misralarda onun real həyatda gercəkləşə
biləcəyini ümid etmədiyi arzusunun sadəcə yuxuda
reallaşdığını xəyal edir. M.Arazın xəyal gücü çox təsirlidir.
Onun 1967-ci ildə yazdığı "Araz
üstə çinar gördüm” şeiri dərin bir xəyali
duyğudan yaranıb. Araz çayının hər iki
sahilində eyni sudan canlanaraq göylərə
ucalan uzunömürlü çinar ağaclarının fəryadı
kədərli notlarla oxucuya təqdim olunur:
Xəyalımın
üfüqündə görüş istədi
İki tənha
pərişan çinar...
Şairin
hər hansı bir nəsnəyə həsr etdiyi şeirlərin
sırasında "Arazın işıqları” adlı
şeirinin də bədii tutumu ilə yanaşı, şairin
yaradıcılığında aktuallığını itirməyən
mövzu hakimdir:
Araz
axır yırğalana-yırğalana,
Elə bil ki, yorğalana-yorğalana.
Buradakı orijinal bənzətmələrin poetik dəyəri
bir rəssam fırçasının mövzusu olsa da,
ardınca yazdığı "Bir ac dəvə o yanına,
bu yanına ağız atır” misrası milli tarixin
yaddaşı, acı həqiqətləridir.
M.Arazın
Araza həsr olunan silsilə şeirlərinin sırasında
"Araz yadıma düşüb” şeirinin də ayrı
bir məzmunu var. "Bir gözümdə sevinc var, bir
gözümdə qəm yaşı” təzadlı
misraları ilə başlayan bu şeirin mayası
bütövlükdə həsrətdən yoğrulub. Şairin uşaqlıq çağlarının
keçdiyi bu yerləri – Arazın sahilini xoş xatirə kimi
xatırlayır və doymadan baxdığı Arazın
sularını "Hər teli min havalı saza” bənzədərək
metaforanın ən gözəl nümunəsini yaradır.
Şairin həsrəti, kədərli duyğuları o vaxt
sona çatacaq ki, aşağıdakı misraları
gerçəkləşəcək:
Gəzim
Araz sinəmdə,
Naxçıvan qucağımda.
M.Araz ilk
növbədə vətəndaş olmağı bacaran,
öz şəxsi taleyini xalqın taleyinə bağlayan,
ruhunu xalqdan alan, damarlarında qeyrət
qanı axan bir şair - vətəndaşdır. Bəlkə də, onun vətən daşı olmaq
diləyindən irəli gələn həqiqi vətəndaşlığı,
xalq adamı olmağı, sadəliyi, poeziyasında hər
zaman hiss etdiyimiz ataya-anaya ehtiramlı olması, yurda, elə-obaya
bağlılığı onun
yaradıcılığının tərbiyəvi əhəmiyyətinin
əsasını təşkil edir. Araz
çayına da xalqın taleyinə, tarixi keçmişinə
şahidlik edən ulu varlıq kimi baxmaq Məmməd Araz
poeziyasının fərdi özünəməxsusluğudur.
Şairin nəcib duyğularından yoğrulan,
mərhəm hisslərinin ifadəçisinə çevrilən
Araz mövzulu şeirlər silsiləsindən "Arazın nəğməsi”
adlı şeiri həm məzmunca, həm həcmcə ən
geniş və əhatəli olanıdır. O, tarixin min
illərdən bəri qan yaddaşına çevrilən Araza
qarşı hiss etdiyi duyğuları aşağıdakı
misralarla belə ifadə edir:
Sən
canlı tarixsən doğrudan, Araz,
Səsində min ildən qəm-qubar qalıb.
Sinəndə
dil açan bu yanıqlı saz
Ulu babalardan yadigar qalıb.
M.Araz Arazı xalqımızın mübarizə,
döyüş rəmzi kimi simvolizə edir.
Qoca
şahidisən qoca dünyanın;
Çox nahaq qanlara boyanmısan sən.
Nə
bilim, bəlkə də neçə ananın
İlıq
göz yaşından yaranmısan sən...
Nə qədər
ağarmış dərdin, möhnətin,
Ağrıdır sinəmi acı xəyallar.
Araz, dilin
olsa sözün, söhbətin
Min il yazılası bir dastan olar.
Yox, yox, gəl
incimə hələ uşaqdır
Bu nəğmə
şairi, bu saz şairi;
Sabah
dastanını başlayacaqdır
Bu Araz
şeirinin Araz şairi!
Bu şeirin poetik ruhundan aydın duyulur ki, şair Arazdan
nə qədər yazıbsa, yenə də demək istədiklərinin
çoxunu deməyib, ümümiyyətlə, Araz
dastanına başlamayıb. Eynulla Mədətli "Məmməd
Arazın Araz dastanı” ilə bağlı fikirlərini belə
ifadə edir: "Arazlaşır Məmməd Araz... Arazı günahlandıran, ittiham edən şairlərin
heç biri Məmməd Araz qədər onu sevə bilmir.
Bunun üçün ürəkdə
yanğı gərəkdir. Elə yanğı ki,
heç Araz da söndürə bilməsin: həmişəyaşar
yanğını”. Alim bu haqdakı fikirlərini
"Məmməd Arazın "Araz axır” poeması Azərbaycan
ədəbiyyatında bu mövzuda yazılmış ən
yaxşı əsərlərdən biridir” – deyərək
tamamlayır. Professor Y.Axundlu istiqlal şairlərindən
biri kimi səciyyələndirdiyi Məmməd Arazın
poeziyasını tədqiq edərkən onun Arazla bağlı
şeirləri haqqında yazır: "Şairin Vətənə
münasibətdən və məhəbbətdən söz
açanda ilk növbədə onun Arazla bağlı şeirləri
yada düşür. Onun bir sıra şeirləri, həmçinin
"Araz axır” poeması bu mövzudadır” .
M. Arazın 1959-60-cı illərdə qələmə
aldığı "Araz axır...” poeması bəhs etdiyimiz
mövzuya həsr etdiyi genişhəcmli əsəridir. Burada təsvir olunan süjet xəttində dayanan
Ayrıgülüm adlı qız əslində bir
oğlanın bir qıza olan sevgisindən yaranan baş qəhrəman
olsa da simvolik bir obrazdır. Aşağıdakı
misralara diqqət edək:
"Ayrıgülüm hazırlaş!
Oğlum
deyəcək: hara?
Oğlum
Təbrizə birbaş,
Gedək görək babanı”.
O,
arzularını bu cür dilə gətirir. Əsgərin
qəh-qəhə çəkib ona güldüyünü
görəndə qıpqırmızı qızarır və
ona dəli kimi baxmamasını utana-utana xahiş edir.
Əsgərin cavabı:
-
Ağlını yığ başına,
Dünyada qız qəhətdir?!
Sərhəddəki əsgərlə olan dialoqunda bir
anlıq müharibə illərinə - 1941-45-ci illərə
qayıdır.
Onlara verilən hərbi əmri və o
vaxtkı öz əsgər düşüncələrini xəyalına
gətirir. Vətəni uğrunda Araz
sahilindən Berlinəcən gedən əsgərin
başından keçənləri xatırlayır. Bu poemanın süjet xəttində dayanan Araz
bütövlükdə Vətəni təmsil edir.
Məmməd
ArazIn "Görüşməmiş dostlar” şeri cənublu
qardaşlarımızın hüquqsuz həyatıdır. Məlumdur ki, bir cox görkəmli şairlərimiz
Araz cayına və Cənubi Azərbaycanın dərdinə
dair elə təsirli şerlər, elə sənət inciləri
yaratmışlar ki, bundan sonra həmin mövzuda orijinal
söz demək, bədii kəşf səviyyəsinə
yüksələn şeir yazmaq hünərdir. Məmməd
Araz "Görüşməmiş dostlar” şeri ilə məhz
belə bir mövzuda yeni baxış nümayiş etdirdi. Şair öz fikrini ifadə etmək
üçün Arazın hər iki sahilini əhatə edən
Böyük düzü şeirin obyekti olaraq
götürmüş, biri o tayda, digəri bu tayda olan iki
çobanın həyatını və diləklərini qələmə
almışdır. Bu çobanların
çox maraqlı həyatı vardır. Hər
ikisi eyni vadinin müxtəlif çəmənliyində
sürü otarır, hər ikisinin ocaqları bir
alışır, "yaylımları bir başlanır”, hər
ikisi sürüsünü eyni çayda suvarır, hər
ikisi tütəklərində eyni havanı çalır,
qışda eyni qışlağa, yayda eyni yaylağa
qalxırlar. Onlar şəxsən
görüşməsələr də qırılmaz və əbədi
tellərlə bir-birinə bağlıdırlar. Ancaq bu iki çobanın həyatı bir-birinə nə
qədər bənzəyirsə, bir o qədər də fərqlənir.
Şair bu iki insanın timsalında iki
dünyanı, iki ictimai sistemi qarşılaşdırır.
Çobanlardan biri cəbhədən qəhrəmanlıq
nişanı ilə qayıtmış, o birinin ürəyindən
isə ehtiyac və ailə dərdi öz nişanını
asmışdır. Burada xalqı, Vətəni
düşündürən böyük bir ictimai-siyasi fikir
vardır. İctimai qayədən, xalq
idealından məhrum olan əsərlər isə nə qədər
bəzək-düzəkli olsa, gözəl vəzn-qafiyə
donuna geydirilsə də təsirsizdir.
Ümumiyyətlə, şairin vətənə, ana
yurda, ulu torpağa, elə-obaya həsr olunmuş şeirlərində
də müəyyən hiss-həyəcanı, daxili
duyğuları, hissi narahatlıqları ifadə etmək
üçün Araza xitab edir və ya müəyyən
münasibətlə adı çəkilir. Məsələn, yurdumuzun
hər cür gözəlliklərini vəsf edən, poetik
tablo yaradan "Ana torpaq” şeirində "Arazımda Nizamilər,
Füzulilər nəğməsi var” – deyərək şairin
daha özüllü və sistemli şəkildə ədəbiyyata,
poeziyaya gətirdiyi Arazın səsini bir nəğməyə
və ədəbiyyat nəhənglərinin poetik
duyğularını bu nəğmənin nəqarətinə
bənzədir. Qeyd olunduğu kimi Araz şair
üçün nisgil, ağrı, həsrət yeridir.
O, şeirlərində xalqının, millətinin taleyindəki
nisgili, ağrını, həsrəti Araza xitabən dilə
gətirərək bəzən bütöv bir şeirini bu
mövzuya həsr edir, bəzənsə müxtəlif
mövzulu şeirlərində məqamı gəldikcə
xatırlayır. Məsələn, "Təklənmə”,
"Saç ağartdım”, "Şair ya baxtım”,
"Böyüklər, uşaqlar”, "Oxuyan Təbriz”, Xudafərin
körpüsünün daşlarını sökmək istəyən
mühəndisə səsləndiyi "Daş harayı” və
s. şeirləri bu mövzudadır. Məmməd
Arazın yaradıcılığınada sütun olan, daim
qırmızı xətlə keçən Araz mövzusunun
yekunu sankı "Sərhəd çəpərləri”
adlı şeiri ilə tamamlanır:
Özümdən-özümə
muştuluq yetər,
Gözlərim,
sizin də gözünüz aydın!
Qəlbimdən
birbaşa Təbrizə gedən
Bir yol cilovladım, bir tel ayırdım.
Azərbaycan müstəqillik əldə etdikdən sonra
yazılan bu misralar şairin Təbriz həsrətli
poeziyasının mahiyyətini açıq ifadə edir. Bütövlükdə
ictimai məna daşıyan bu şeirdə sərhəd
çəpərlərinin sökülməsini haqdan gələn
yuxu kimi ifadə edir. Arzudan, xəyaldan doğan
həqiqi məntiqə xidmət edən, tarixi haqqa qovuşan
bu şeirin məzmunu Məmməd Araz
yaradıcılığında həsrətin sona yetməsinin
poetik təcəssümüdür. 50-80-ci
illərdə bu cür həssas bir mövzunu əlində
bayraq tutan şairin xəyallarının
reallaşdığı müstəqilik illərində
öz alovunu sanki Arazın suyu ilə söndürür.
Nəticə
olaraq onu qeyd edə bilərik ki, şair, yazıçı,
publisist, ictimai xadim və ən nəhayət, böyük Azərbaycan
filosofu Məmməd Araz yaddaşlarda həm də
yaxşı insan, sınmaz, qorxmaz, mubariz bir şair kimi əbədiyyətə
qovuşdu. Özünü Araza, səsini tutqun
Araza bənzətdi, "Nə zaman ki qələm gəlir əlimə,
Araz gəlir dilimə” yüksək pafoslu xitabını edərək,
yaddaşlarda Araz abidəsi ucaltdı. Onun
yaradıcılığının ilkin və sonrakı mərhələlərində
bütün mövzuları "tükənsə” də, Araz
mövzusu dərdləri kimi bitmək, tükənmək bilmədi.
Bəlkə də bu üzdən Məmməd
Arazın şeirlərində "Araz mövzusu” çox
işləndi. Bu şeirlərini
adlarının oxşar və ya ümumi olmasına rəğmən
müraciət olunan mövzular təkrar deyildi. Hər şeirdə fərqli tərəflərdən
baxılaraq yeni mövzular işlənmişdir. Bir qisim şeirləri də biri-birinin davamı kimi
səciyyələndirmək olar.
Məmməd Araz Araz dərdini milli bir məsələyə
çevirmişdi. O, Araz çayının Məcnunudur. Araz
onun şeirlərinin mayasıdır, gövhəridir. Araz şairin həsrət dolu Leylasıdır.
Araz şair üçün axıb gedən bir
ömürdür. Məmməd Arazın keşməkeşli
taleyi və söz dünyasıdır.
M.Araz nəinki klassik şairdir, nəinki bir
şair kimi sevilir, həmçinin sadə bir xalq adamı kimi
ümumxalq sevgisi qazanmışdır. O sənət kredosuna və
yazan qələminə heç bir zaman xəyanət etmədi.
Çünki M.Araz vətəninin, millətinin,
torpağının vurğunudur. Onun qələmindən
çıxan heç bir şeirində, misrasında təkəbbür
yoxdur. Şairin öz yaradıcılığında vəsf
etdiyi "mən”i və ya M.Arazı milyonların zərrəsinə,
dənizlərdə damlaya, dumanda görünməyən
qaraltıya, qayaların altında kiçik bir daş
parçasına, mamıra, bəzənsə
qapıda əsən vətən küləyinə və s. bənzətsə
də, əslində bunlar M.Arazın özünü ifadə
vasitələri deyildi; bu, Xalq şairinin millətinə, vətəninə,
torpağına, ulu yurduna verdiyi böyük dəyərin
bariz ifadəsi idi. Ona görə xalqının sevilən
şairidir ki, o, xalqına və millətinə xas olan milli dəyərləri
hər şeydən uca tutub. M.Araz sadəlik, təvəzökarlıq
rəmzidir və hər zaman oxucusuna təkəbbürdən
yoxsul, sadəliklə zəngin olan yaradıcılıq təqdim
edib. Araz çayı Məmməd Arazın bütün
yaradıcılığından axır. Bu poeziyada bir
çay yatağı kimi uzansa da, çox zaman çoşur,
dəli-dəli aşıb-daşır. Onun düşüncəsindəki
milli və bəşəri problemlər Araz
çayının timsalında ümumiləşdirilərək
bədii həllini tapır. Şairin Araz mövzulu silsilə
şeirləri gələcəklə keçmiş
arasında tarixi körpü yaradır. Azərbaycan
torpağını Araz çayı axmadan, ədəbiyyatını
isə Məmməd Araz poeziyası olmadan təsəvvür
etmək mümkün deyil. Onu bütövlükdə
yaradıcılığının əsas qayəsi vətəni
sev nidasıdır və işıqlı Azərbaycan gələcəyinin
nurlu sabahına çağırışıdır. Nə qədər
ki doğma torpağımızın qoynunda Araz çayı
yırğalanır, həzin-həzin, dəli-dəli axır
Məmməd Arazın olməz irsi bir o qədər əbədiyaşar
olacaq.
ZÜLFİYYƏ
İSMAYIL
AMEA
Naxçıvan Bölməsi
filologiya üzrə
fəlsəfə doktoru, dosent
Ədalət.- 2020.- 17 oktyabr.- S.9.