Qarabağ əvvəlkindən də
gözəl tikiləcək .
Azərbaycan ordusunun qələbələri
günbəgün artır, fədakar əsgərlərimiz
daha böyük əzmkarlıq nümayiş etdirərək
Dağlıq Qarabağın içərilərinə
doğru inamla irəliləyirlər. Hər gün azad
olunmuş şəhər, kənd və qəsəbələrimizdən
yeni-yeni videolar yayılır. Bu görüntülər qəlbimizdə
nə qədər böyük qürur və iftixar hissləri
oyatsa da, bir o qədər də onu kədər və nisgilə
bürüyür. Dünyanın ən
dağıdıcı müharibələrində belə
şəhər, qəsəbə və kəndlər ələ
keçirildikdən sonra onlara toxunulmur, heç bir obyekt,
tikili, infrastruktur dağıdılmır. Ən qədim
dövrlərin vəhşi qəbilələri də məğlub
edib axırına çıxdıqları qonşu qəbilələrin
alaçıq və daldalanacaqlarına toxunmurdular.
Boyunlarına “mədəni
millət” xaltası keçirmiş bu ikiayaqlı vəhşilər
isə ayaqları dəyən yerlərdə daş
üstündə daş qoymayıblar, hər yeri sözün
həqiqi mənasında xarabazarlığa çeviriblər.
Alban abidələrinin qarşısından
köhnə şakərlərinə uyğun olaraq erməni
lövhələri asıb, məscidlərdə heyvan
saxlayıb, digər maddi-mədəniyyət nümunələrini
dağıdaraq yerlə-yeksan edib, bəşər
sivilizasiyasının inciləri sayılan qədim
kurqanları da çox güman ki, hərbi istehkam və
anbarlara çevirərək dağıdıb töküblər.
Hər halda işğal bitəndən sonra bu vəhşiliklərin
hamısı Azərbaycan mütəxəssisləri tərəfindən
bir-bir sənədləşdirilərək dünya ictimaiyyətinə
çatdırılacaq və beynəlxalq güclər öz ərköyün
övladlarının əsl simasını növbəti dəfə
görəcək, təbii ki, növbəti dəfə də
onların başlarını sığallamaqda davam edəcəklər.
Çünki bu millət onların dünya
ağalığı planlarında birdəfəlik yox,
çoxdəfəlik istifadə üçün nəzərdə
tutulub.
Başqalarının
işğalçılıq ambisiyalarında alətə
çevrilmək təşnəsi, yüz fitnə-fəsadla quraşdırdıqları
saxtakarlıqlarla dolu bir tarixin labirintlərində bitmək
bilməyən vurnuxmaları son nəticədə bu bədxah
qonşuların xarakterində ciddi aşınmalar yaradıb,
onları əlahiddə bir psixoloji tipə çevrib. Az
qala bütöv bir qövm tibbin və psixologiyanın
ayrı-ayrı fərdlərdə aşkar elədiyi
“sadomazoxizm” mərəzinə yoluxub. Bu isə
elə bir patologiyadır ki, ona mübtəla olanda qəddarlıq
və yazıqlıq instinktləri arasındakı sərhədlər
silinir, qələbə eyforiyasının yaratdığı
vəhşiliklə məğlubuyyət acısının
oyatdığı məzlumluq hissləri eyni dərəcədə
başgicəlləndirici zövq mənbəyinə
çevrilir.
“Genosid” kəlməsi varlıqlarına o qədər
hakim kəsilib ki, hər fürsətdə onu dilə gətirməkdən
yorulmur, uşaqlarına belə qətliam havası
üstündə layla çalırlar. Guya onları vətənpərvər
böyütmək istəyir, əvəzindəsə getdikcə
bir-birindən daha xəstəhal nəsillər yetişdirirlər.
Dağlıq Qarabağdan xeyli uzaqda yerləşən
Gəncə şəhərinə gecə saatlarında
atdıqları raketlə körpə uşaqları,
qadınları, qocaları sadistcəsinə qətlə
yetirir, özünün üç-dörd hərbçisi
cavab zərbəsiylə öldürüləndə mazoxistcəsinə
“genosid” deyə haray salırlar.
Dünyada yəhudilərin
çəkdiyi müsibətlərlə heç bir xalq
üzləşməyib. Özü də söhbət təkcə
Hitler Almaniyasının törətdiyi dəhşətli
qırğınlardan getmir. Xristian dünyası min illər
boyu İsa Məsihin intiqamını almaq üçün
onların başına olmazın müsibətlər gətirib,
qətliamlar törədib, qovmadıqları, didərgin salmadıqları
yer qoymayıb. Buna baxmayaraq, yəhudilər hər fürsətdə
özlərinə əzabkeş donuna bürüyüb
göz yaşı tökmür, ağlağan uşaq kimi
vay-şüvən qopardıb dünyanın gününü
göy əsgiyə bükmürlər.
Qətliama
uğradıqlarını iddia etdikləri ölkənin, eləcə
də Azərbaycanın on minlərlə dinc əhalisini
görünməmiş qəddarlıq və işgəncələrlə
qətlə yetirən ermənilərsə əyinlərinə
“əzabkeş millət” libası geyinərək “genosid
arayışı” almaqdan ötrü məqribdən məşriqə
kimi bütün dünya dövlətlərinin
qapılarında sülənməkdən usanmırlar. “Genosid”
özündə silahlı üsyançıları və
quldurları yox, dinc əhalinin kütləvi qətlini ehtiva
edən anlayışdır. Tarixin yaddaşında və arxivlərində
Avstriyada alman əsilli Vilhelm Qustloff adlı tələbənin
faşistlərin antisemit isterikalarından təngə gəlmiş
bir yəhudi tərəfindən öldürülməsindən
başqa hansısa bir yəhudinin hansısa almanı qətlə
yetirməsiylə bağlı ikinci fakt tapa bilməzsiniz.
Faşistlər həqiqətən dinc əhaliyə
qarşı qətliam törətmişdilər və bu
yarlıq Alman dövləti yaşadıqca domokl
qılıncı kimi onun başının üstündən
asılıb qalacaq. Ancaq ermənilərə qarşı
heç bir qətliam olmayıb. Söhbət ən pis halda
dinc əhalinin köçürülməsindən gedə
bilər ki, müharibə aparan istənilən ölkənin
daxilində qiyam qaldıranlarla bu cür davranıblar.
Bu gün erməni
genosidini tanıyan Rusiya parlamentisə sovet-alman müharibəsi
vaxtı azərbaycanlılar da daxil olmala onlarla xalqın
sürgün edilməsi faktını görməzdən gəlir.
Halbuki bu xalqlar nəinki Sovet dövlətinə qarşı
qiyam qaldırmamışdı, əksinə, ruslarla bir yerdə
almanlara qarşı vuruşurdular.
Nə ermənilər, nə də onların
havadarları anlamır və yaxud anlamaq istəmirlər ki,
türklər onlardan yaxa qurtarmaq istəsəydilər bunu
Osmanlının əlinin
üstündə əl olmayan vaxtlarda edərdilər.
Guya genosid faciəsi
yaşamış bu toplumun hər fürsətdə
tökdüyü göz yaşlarına baxmayın, onun əsl
siması və mahiyyəti baş nazirinin əsgər
patarı geyinmiş əli silahlı arvadının
göreşən kimi səngərlərdə sürünə-sürünə
Azərbaycan əsgərinin üstünə
tuşladığı avtomatın lüləsi altında gizlənib.
Hələ keçmiş birinci ledi Köçəryanın
bir neçə il əvvəl xəstəxanada qan verərkən
hətta Hitlerin özünü heyrətə salası
açıqlamsına fikir verin: “Qan bankında yalnız təmiz
erməni qanı toplanmalıdır”. Bu
şıltaq bir xanımın sərsəmləməsi-zad
deyil, Ermənistan dövlətinin yürütdüyü xalis
irqçilik siyasətinin təzahüri və
etirafıdır. Özləri dünyanın bütün
ölkələrinə səpələnmələrinə
baxmayaraq, tam monoetnik bir dövlət qurmalarının
kökündə də elə bu faşizm xisləti
dayanır.
Ola bilsin ki, açıq-aşkar
müharibəni təşviq edən, başqa xalqlarla bir
yaşamağı istisna edən bu cür irqçi,
qaraçı davranışlar əlahəzrət Minsk
qrupunun əsl məğzi hələ heç kimə düz-əməlli
bəlli olmayan mandatına daxil deyil deyə möhtərəm
həmsədrlər belə “xırda şeyləri”
qulaqardına vurur. Bəs, birinci ledi institunun
çox populyar olduğu Qərbin dövlət
başçılarından çox onların
xanımlarının hərəkət və
danışıqlarının “keşiyini çəkən”
“demokratik mətbuatı” nədən bu cür iyrəncliklər
qarşısında ağzına su alıb susur. Hərçənd,
həmin hadisələr Azərbaycanda, ya da fərqi yoxdur, hər
hansı başqa bir müsəlman ölkəsində törədilsəydi
qopardıqları tozanaqdan gözlər tutular,
saldıqları hay-küydən qulaqlar kar olardı.
Ermənilərin bütün bəlalarının
başında yarandığı gündən fəaliyyəti
“erməni müstəsnalığı” kimi xəstəhal bir
ideologiyanın daşıyıcısına çevrilmiş
Eçmiadzin kilsəsi durur. Bu kilsə heç vaxt ümumi
xristian mədəniyyətinin daşıyıcısı
olmayıb, onun İsa Məsihin ideallarına, xristian dəyərlərinə
sədaqət deyə bir missiyası yoxdur. Son
dövrlər özlərini miafizit adlandırsalar da, əslində
bütün xristian konfessiyalarının küfr
saydıqları monofizit təriqətinə mənsubdurlar.
Əlahiddə məzhəb əlahiddə millət tipi ,
başqa təriqətlərlə yola getməyən kilsə
başqa xalqlara düşmən kəsilən qövm
formalaşdırıb. Güclülərə
sığınaraq zəiflərin torpağını, mədəniyyətini
və nəhayət, torpaqlarını qamarlamaq siyasəti
yeridib, bu yolda yüz cildə girib. Vaxtilə
qonşu albanların da maddi-mənəvi irsini bu cür mənimsədilər,
ərəb xəlifələrinin, səlcuq
sultanlarının, monqol xanlarının, Azərbaycan
padşahlarının qılığına girməklə
bacarmadıqlarını son nəticədə rus
çarlarının əliylə gerçəkləşdirdilər,
Alban kilsəsini birdəfəlik yer
üzündən sildilər, onların nəinki maddi-mədəniyyət
nümunələrini, hətta yazılı abidələrini
mənimsəməyə çalışdılar, əsərlərini
erməni dilinə çevirib orijinallarını məhv elədilər.
Bu kilsənin əsl simasını İlya
adlı bir katolikosunun vaxtilə ərəb xəlifəsinə
yazdığı aşağıdakı məktubdan daha
mükəmməl təsvir eləmək mümkün
deyil:
“Dünya fatehi əmirəlmömin Abdulla
Əbdülmalikə erməni katolikosu İlyadan.
Hakimi-mütləq Allahın hökmü ilə
bizim ölkə itaətlə sizin hakimiyyətinizə tabedir.
Biz və Albanlar vahid İsa dininə etiqad edirik. Bərdə
taxtında oturan indiki Albaniya katolikosu Bizans imperatoru ilə
sazişə girib, öz ibadətlərində onun
adınıı çəkir və ölkəni məcbur
edir ki, hamı dini etiqadda ona qoşulsun.
İndi qoy sizə məlum olsun və bu məsələni
diqqətinizdən kənar etməyin, çünki bu bədəfkarlıqda
onun bir əyan qadın həmfikri vardır. Böyük
hökmdar, siz öz hökmünüzlə əmr buyurun ki,
onlar Allaha qarşı işlədikləri günahlara görə
müstəhəqq olduqları cəzaya çatsınlar”.
Xəlifə xahişi cavabsız qoymur və Bərdəyə
xüsusi cəza dəstəsi göndərərək Alban
katolikoslunu “müstəhəqq olduğu cəzaya”
çatdırır. Arxivlər müxtəlif erməni
katolikoslarının öz dindaşlarını məhv etmək
üçün dövrün güclü hökmdarlarına
göndərdikləri bu cür yaltaq və hiyləgər
“donos”larla doludur.
Şübhəsiz, çox
qısa vaxt ərzində Azərbaycan ordusu bütöv
Qarabağı işğalçılardan təmizləyəcək,
məcburi köçkünlər öz yurd-yuvalarına
qayıdacaq, vandalların xarabazarlığa çevirdiyi bu qədim
diyar yenidən Azərbaycanın gözəl guşələrindən
birinə çevriləcək. Dağılmış
şəhər, qəsəbə və kəndlərimiz əvvəlkindən
də yüz qat abad olacaq. Bölgənin bütün maddi-mənəvi
irsi öz həqiqi varislərinə, bütün alban abidələri
öz sahiblərinə qayıdacaq.
Albaniya indiki Ermənistan kimi monoetnik dövlət
olmayıb. Strabonun yazdığı kimi bu ölkədə 26
xalq yaşayıb ki, onların arasında çoxsaylı
türk qövmləri də olub. Bu qədim
dövlətin əsl varisləri bizik, azərbaycanlılardır,
ordakı bütün xalqlar bizim əcdadlarımızdır.
Türklü, talışlı, ləzgili, udinli, haputlu,
qrızlı, xınalıqlı... hamımızın.
Mehman Cavadoğlu
Ədalət.- 2020.-
22 oktaybr.- S.1,2.