BİR HÜSEYN ƏFƏNDİ VARDI...

 

... Torpaqlarımız işğaldan azad edildikcə dünyasını dəyişən insanların da ruhu sevinir. Çünki onlar sağ vaxtı olanda elə həmişə Cəbrayıl deyiblər... Füzuli deyiblər... Ağdam deyiblər... Şuşa deyiblər... Laçın deyiblər... Çünki onlar o torpaqlarımızın, o rayonlarımızın, o şəhərlərimizin, o qəsəbələrimizin, o kəndlərimizin qaytarılacağına inanırdılar. Və inanırdılar ki, bu dünyada olmasalar da, haqqın dərgahına qovuşsalar da, nə vaxtsa bu xəbəri eşidəcəklər və o ruhlar sevinəcək...

 

... Bu gün hamı sevinir, hamı şadlanır və hamının sevincdən gözləri dolur. Bayaq dedik axı, bu gün həm də ruhlar sevinir. O sevinən ruhlardan biri də istedadlı şair-publisist, bütün varlığıyla xalqına, millətinə, vətəninə bağlı olan böyük İNSAN və böyük ziyalı Hüseyn Əfəndinin ruhudu. Hüseyn Əfəndi həmişə Cəbrayıldan, öz doğma yurdundan, kəndindən yana-yana danışardı. Şeirlərində də, publisist yazılarında da bu dərdi, bu kədəri görmək olurdu. Heç Cəbrayıl işğal olunandan sonra Hüseyn Əfəndinin üzünün güldüyünü görmədim. Qıvrım saçları bir az da ağardı. Vətən dərdi çiyinlərini bir az da əydi. Yerişi də, duruşu da Cəbrayıldan sonra tam başqa cür oldu. Ancaq Hüseyn Əfəndinin xarakteri, xasiyyəti, Vətən sevgisi dəyişmədi. Elə həmişə olduğu kimi qürurunu qoruyub saxlaya bildi...

 

Mənim onunla tanşlığım universitetdə oxuduğum tələbəlik illərindən başlamışdı. Daha doğrusu, onunla məni istedadlı şair və yaxın dostum Vaqif Bəhmənli tanış eləmişdi. Vaqif Bəhmənli ilə qohum olduğumuza görə, o qədər istedadım olmasa da, yaradıcı adamlar məni çox istəyirdilər və mən də həmişə çalışırdım ki,  o istedadlı adamlardan nəsə bir şey öyrənim. Onlarla görüşəndə özümü göyün yeddinci qatında hiss eləyirdim. Şeirlərini, bal kimi şirin söhbətlərini dinləyəndə dinib-danışmaz və axıra qədər bu bal kimi şirin söhbətlərə qulaq asardım. O söhbətləri, o bal kimi şirin deyimləri eşidəndən sonra ruhum və qəlbim təzələnərdi. Elə bil ki, dünyaya yenidən gələrdim.

 

... 80-ci illərdə istedadlı şair Məmməd İsmayıl çox gözəl bir ədəbi jurnal nəşr etdirdi. O jurnalın adı belə idi: “Gənclik”. Jurnal 1-ci səhifəsindən sonuncu səhifəsinə qədər birnəfəsə oxunurdu. O jurnalda hər şey təzə idi; yazarların üslubu təzə idi, imzaları təzə idi və toxunduqları mövzular təzə idi. O imzaların arasında Hüseyn Əfəndinin imzası da seçilirdi. Həm şeirləri, həm də publisist yazıları adamın iç dünyasına qeyri-adi bir gözəllik, məhəbbət və Vətən sevgisi gətirirdi. Jurnalda işıq üzü görən bütün şeirlər və publisist yazılar sanki bir gün işığına bənzəyirdi. O gün işığı sənə dəyən kimi qırışın açılırdı, qəlbinə və ürəyinə nur dolurdu. Biz elə böyük sevgiylə, elə bir həvəslə o jurnalın çap olunmağını gözləyirdik ki, sanki dünyanı bizə verirdilər. O yazıları gözümüzə elə “təpirdik” ki, sanki uzun illərdi içimizdə olan mənəvi boşluğu doldurmağa can atırdıq.

 

Azərbaycan poeziyasında və nəsrində çox istedadlı adamlar olub. Amma Hüseyn Əfəndi kimi istedadlı adamlar az idi. O nə qədər istedadlı şair, istedadlı publisist idisə, bir o qədər böyük İNSAN idi. Bəlkə də onun İNSANlığı, adamlığı poeziyasından və publsistikasından daha yüksəkdə dururdu. Onun dostu və istedadlı şair Əlisəmid Kürün təbirincə demiş olsaq, Hüseyn Əfəndi düşmənsiz bir adam idi. Yəni onun həyatda düşməni yox idi. Ola bilər, ədəbiyyatda rəqibi olardı, publisistikada rəqibi vardı. Ancaq cəmiyyətdə ondan xoşu gəlməyən adam yox idi. Bunu Hüseyn Əfəndini tanıyanlar məndən də yaxşı bilirlər.

 

Onun barəsində uzun illərdi yazı qələmə almaq istəmişəm. Ancaq yaza bilməmişəm. Cəbrayıl azad olunandan sonra sanki ürəyimdə yığılıb qalan o sözlər, o ifadələr yenidən bir işıq kimi boylandı və məni “yaz” dedi. Mən də bu yazını yazmamışdan öncə onun iki yaxın dostu – biri Qubadlıdan olan şair-publisist, Qarabağ qazisi Tofiq Hüseynov, biri də Azərbaycanın ən istedadlı şairlərindən sayılan Əlisəmid Kür dedilər ki, onun haqqında yazı qələmə almaq istəsən  çox savab iş görmüş olarsan. Üstəlik də, hər ikisi bu böyük, istedadlı şair və ziyalı barəsində eşitmədiyim söhbətləri elədilər. Çox sağ olsunlar, mənə ipucu verdiklərinə görə! Əlisəmid Kür deyir ki, ona biz hamımız Söyün deyərdik. Ürəyimizə, qəlbimizə o qədər yaxın idi ki, bilmirdik onu necə  əzizləyək, onu necə ələ alaq. Hətta mənim iki misradan ibarət bir şeirim də var:

 

 

 

A Söyün, əlində daş qalıb sənin,

 

Daş ölüb, baş daşım ağın ağlığı...

 

 

 

Bax, beləcə, Hüseyn Əfəndiyə Əlisəmid Kür bir dost kimi dəyər verib, sevgisini bildirib. Əlisəmid Kür onu da deyir ki, Hüseyn Əfəndi “Gənclik” redaksiyasında qaravolçu işləyəndə də dəyişmədi, baş redaktor olanda da. Biz onu necə tanımışdıqsa, elə də qalmışdı; sadə, zəhmətkeş və səmimi! Hətta bir dəfə şair Sabir Sərvan dedi ki, a Söyün qağa, sən bizə çox azadlıq vermisən. Qorxuram bu azadlıq bizi yoldan çıxara. Hüseyn qağa da özünəməxsus formada dilləndi ki, şairlər, yazıçılar həmişə azad olmalıdır. Mən özüm həmişə azadlıq istəmişəm, kollektivimə də o azadlığı gətirmişəm. Kim necə başa düşür, özü bilər...

 

Bir dəfə də olsun Hüseyn Əfəndi baş redaktor olanda heç kimin qəlbini qırmayıb. Çox səmimi və gözəl bir kollektiv yaradıb və oxuculara qarşı da həmişə səmimi olub. Bəlkə də dünyada səmimiyyətdən gözəl qiymətli bir dəyər yoxdur. Çünki səmimiyyət hər insanda olmur və bir də səmimiyyəti olan insanlar heç vaxt paxıllıq, xəbislik, yaltaqlıq bilməzlər.

 

... Tələbə vaxtı olanda yay imtahan sessiyası gəlirdi. Qiymət kitabçam rayonda qalmışdı. Mən də Bakı-Qafan qatarına minib Bəhmənliyə getdim, qiymət kitabçamı evimzidən götürüb Bakı-Yerevan qatarı ilə qayıtmaq istədim. Qatardakı 10-cu vaqona Bəhmənlidən minəndə dəhlizdə Hüseyn Əfəndini gördüm. Çox mehriban öpüşüb-görüşdük və hal-əhval tutduq. Dedim ki, ay Hüseyn, o biri qatarla gəlib bu qatarla qayıdıram. Kənddə də qatara gecikdiymə görə, çörək yeyə bilmədim. Gəl gedək vaqon-restoranında bir  tikə çörək yeyək. Hüseyn Əfəndi güldü və dedi ki, a rəhmətliyin oğlu, vaqon-restoranda nə işimiz var? Keçək mənim kupemə, anam yaxşı bir toyuq soyutması bişirib. Yanında da xiyar, pomidor turşusu, göyərti, pendir, tut arağı. Heç bunu qoyub  gedib o restoranda yeməyə dəyərmi? Keçdik onun kupesinə, çantanı açıb səliqə ilə süfrəyə bükülmüş bütün təamları masanın üstünə düzdü. Heç dəvət də gözləmədim. Necə acmışdımsa, toyuğun budunu qoparıb dişimə çəkdim. Sonra Hüseyn Əfəndi hərəmizə araq süzdü. Bilirdi ki, mən içən deyiləm. Amma onun təkidindən sonra 50 qram o tut arağından içdim. O dəqiqə rəngim qızardı. Hüseyn Əfəndi dedi ki, sənə araq içmək düşür. Bəlkə bir əlli də vurasan! Dedim yox, bu mənim bəsimdi. Sonra bir dostumuz da gəldi, Hüseyn Əfəndi ilə bala-bala tut arağından vurdular. Səhərə qədər yatmadıq. Bir-birindən gözəl şeirlər, lətifələr və qeyri-adi söhbətlər bizə ləzzət elədi. Hələ də həmin anlar 40 ilə yaxın bir vaxt keçsə də, mənim yadımdan çıxmır. Yadımdan çıxmayan toyuq soyutması və tut arağı deyil ey (hərçənd ki, onlar da çox gözəl idi – F.Q.), yadımdan çıxmayan Hüseyn Əfəndinin nurlu çöhrəsi, bal kimi şirin söhbəti və bir də öz elinə, obasına, vətəninə bağlılı idi. Öz kəndindən, elindən, obasından elə şirin danışırdı ki, sanki gözəl bir filmə baxırdım. Çox təəssüf ki, mənim Hüseyn Əfəndilə görüşüm gec-gec olurdu. İndi elə yanıram ki. Gərək vaxtında bu cür böyük insanlara dəyər veriləydi.

 

“Domino” adlı ilk şeirlər kitabının siqnal nüsxəsini sevinə-sevinə əlinə almışdı. Yenə Əlisəmid Kür deyir ki, o kitabın siqnal variantı Hüseyn Əfəndinin əlində olanda uçamağa qanadı yox idi. Elə bizim də uçmağa qanadımız yox idi. Çünki Hüseyn Əfəndinin şeirlər kitabı işıq üzü görürdü. Qəfil ölüm o kitabın çap olunmağını Hüseyn Əfəndiyə görməyə imkan vermədi. Və ölümündən sonra “Domino” kitabı çap edildi. Biz hamımız sevindik. Hətta Hüseynin balaları da. Və Hüseynin ruhu da sevindi.

 

... Onun ölüm xəbərini mənə Vaqif Bəhmənli dedi. Yerimdə donub qaldım. Heç inanmadım. Amma bir müddətdən sonra özümü ələ aldım. Və düşündüm ki, Hüseyn Əfəndi cismən ölüb, amma mənən o həmişə sağdır. Çünki  o boyda İNSAN, o boyda ŞAİR, o boyda ZİYALI heç vaxt ölə bilməz. Əgər bir insan tez-tez dostlarının, yaxınlarının yadına düşürsə, deməli, o insan heç vaxt ölməyib. Ən azından Hüseyn Əfəndi bir neçə gündə həm Əlisəmid Kürün, həm Qarabağ qazisi Tofiq Hüseynovun, həm də mənim yadıma düşübsə, deməli, o, minlərlə onu sevənlərin yadına düşür, qəlbində yaşayır. Hüseyn Əfəndi, ruhun şad olsun, Cəbrayıl işğaldan azad olundu! Və Allah sənin balalarını qorusun!

 

 

Faiq Qismətoğlu

Ədalət.- 2020.- 22 oktyabr.- S.6.