Azərbaycanın hər qarış
torpağı bizim Vətənimizdir
Qulu Məhərrəmli:
O torpağın ətrini duymaq, suyunu içmək,
havasını ciyərlərimə çəkmək istəyirəm…
Sentyabrın 27-də Ermənistan
silahlı qüvvələrinin təxribatı nəticəsində
Azərbaycan Ordusunun başlatdığı ək-hücum əməliyyatları
uğurla davam edir. Əməliyyatlar çərçivəsində
işğal altında olan çox sayda yaşayış məntəqəsi
azad edilib. İşağldan azad edilən yaşayış məntəqlərindən
biri də, 1993-cü ilin 29 oktyabrında işğal
edilmiş Zəngilan şəhəridir. Zəngilan şəhəri
oktyabrın 20-də işğaldan azad edildi və yenidən
Azərbaycana birləşdirildi.
Qələbə xəbəri eşitmək,
doğma yurduna qovuşmaq, həsrətə son qoyulması təsvirolunmaz
hissdir. Müsahibimiz 1954-cü ildə Zəngilanda dünyaya gəlmiş
professor, Əməkdar jurnalist Qulu Məhərrəmli də
hazırda belə hisslər keçirir:
-Qulu müəllim, Zəngilanın
işğaldan azad edilməsi münasibətilə sizi bir daha
təbrik edirik.Təəssüratlarınızmaraqlıdır...
- Çox sağ olun! Əvvəlcə onu deyim
ki, adi vəziyyətdə insanların haralı olmasına
fikir verilmirdi. Dünəndən də çox adam mənə
zəng edib zəngilanlı olmağımdan indi xəbər
tutduqlarını deyir. Hamısına da zəngilanlı
olmaqda qeyri-adi heç nə olmadığını deyirəm.
Lakin qeyri-adi olan Zəngilanın işğaldan azad
olunmasıdır. Əslində, bir rayona məxsus olmaq bir az
şərtidir. Çünki dünən biz füzulili, ondan əvvəl
cəbrayıllı, bu gün isə zəngilanlıyıq.
Qubadlı azad ediləndən sonra isə hamımız
qubadlılı olacağıq. Həmçinin,
şuşalı, kəlbəcərli, ağdamlı və s.
Yəni Azərbaycanın hər qarış torpağı
bizim vətənimizdir. Amma dünyaya göz
açdığın rayonun azad edilməsi tamam başqa
hissdir və bunu sözlə ifadə etmək çox çətindir.
Çünki torpaqların işğaldan azad olunma xəbəri
insanda elə güclü enerji yaradır ki, insanın
bütün duyğuları dilə gəlir, ruhu oyanır və
özünü fərqli hiss edir. Bu baxımdan, Zəngilanın
işğaldan azad olunması xəbəri mənə
ildırım çaxması kimi təsir etdi. Bu cür xəbərlər
insanın həyatında bir dəfə olur. Məsələn,
Qarabağla bağlı qalibiyyətli döyüşlər
yüz il bundan əvvəl olurdu. Azərbaycan
Xalq Cümhuriyyətinin Milli Ordusu 1918-ci ilin aprel-may
aylarında qalibiyyətli döyüş aparıb və
bütün erməni qiyamçı dəstələrini
darmadağın edərək, Şuşada Azərbaycanın
üçrəngli bayrağını
qaldırmışdı. İndi isə - yüz ildən sonra
həqiqi mənada Vətən müharibəsi gedir və
bu müharibədə Azərbaycan Ordusu həm nizam-intizam, həm
texniki təminat, həm də hərbi düşüncə
baxımından üstündür. Bu qalibiyyət
dalğası insanlarda fərqli coşğu yaradır,
insanları bir araya gətirir. İnsanlar, sanki yenidən
dünyaya gəlib və xarakterlərində,
davranışlarında, yanaşmalarında hər şey dəyişir.
Bu, çox gözəl hissdir və bu hisslərin fonunda Zəngilanın
işğaldan azad olunması başqa bir dalğa yaradır. Buna
ancaq sevinmək olar.
-Zəngilanda dünyaya gəlmisiniz və
uşaqlıq illəriniz orada keçib. Həm Zəngilanın
işğalına qədər olan, həm də
işğaldan sonrakıdövr yaddaşınızda necə
qalıb?
- Mən Zəngilanda dünyaya gəlmişəm.
6 yaşımda atam dünyadan köçüb və cəmi
bir ildən sonra məni və böyük qardaşımı
Şuşada internat məktəbinə qoyublar. 10 il həmin məktəbdə
təhsil almışam. Yəni yeniyetməlik və gəncliyimin
bir hissəsi Şuşada keçib. Amma uşaqlıq xartirələrim
tamamilə Zəngilanla bağlıdır. Psixologiya elmi də
bunu təsdiq edir ki, insan ekstremal şəraitdə və
qeyri-adi bir vəziyyət yarananda, ilk növbədə
uşaqlıq dövrünü xatırlayır. Bizim də yaşımızın üstünə
yaş gəlir deyə, təbii ki, o yerləri daha çox
xatırlayırıq. 1993-cü ildə Zəngilan
işğal olunub. İnsanlar çox əzab-əziyyətlə
Araz çayını keçərək İrana keçib və
hərəsi bir rayona üz tutub. Ölkənin, təxminən
20-30 rayonunda Zəngilan qaçqınları var. Düzdür, dövlət onlara yardım göstərib,
pul verib, kommunal xərclərdən azad edib, amma bunların
heç biri o insanların doğma yurd-yuvasındakı
istiliyin əvəzini ödəməyib. Çünki harada olursan ol, doğma
yurdun yerini heç nə vermir. İnsanlar uzun illər
qaçqınlıq həyatı yaşadı,
amma heç kim fikrindən dönmədi, özünü zəif
göstərmədi. Çünki bir istək vardı:
doğma yurd-yuvaya yenidən qayıtmaq. Artıq
bu günlər çox yaxındadır. Amma 30 il ərzində ağlamayan insanların bu
gün gözündən yaş axır. Hönkürtü
və hıçqırıqla danışırlar. Allah bu millətə həmişə sevinməkdən
ağlamağı qismət eləsin.
-
Artıq 29 oktyabr 1993-cü il tarixi yoxdur,
20 oktyabr 2020-ci il tarixi var. Yəqin ki, bu tarix sizin
üçün əvəzolunmaz olacaq…
- Hesab
edirəm ki, bu il Allah da nəzərlərini
bizə çevirib. Sanki dünyada gedən
proseslərdə də bizim üçün uğurlu situasiya
yaranıb. Bütün bunların
hamısı üst-üstə gəlir və bu, 100 ildə
bir dəfə formalaşan situasiyadır. Bu
situasiyada da Azərbaycan Ordusu çox yaxşı və
düşünülmüş hərəkət edir və
düşməni geri oturdur. Ermənistan
ordusu artıq 6000-dən çox
döyüşçüsünü itirib. Onlar qorxduqları üçün bunu etiraf etmirlər,
çünki hansı dalğanın yaranacağını
bilirlər. Təbii ki, Azərbaycan tərəfdən
də itkilər, xalqın ürəyinin işığı,
başının tacı olan şəhidlər var. Amma camaat
bunu başa düşür və onları Vətən
uğrunda həlak olan həqiqi qəhrəmanlar kimi
qarşılayır. Ona görə də
bu anlaşma, bu birlik və bir yumruğa çevrilmiş bu cəmiyyətin
özü də bu qələbələrin bir rəhnidir.
Mən bu yaxınlarda Gəncədə oldum.
Məqsədimiz Gəncədə ermənilərin
hərbi cinayətlərindən zərər çəkən
insanlara ürək-dirək vermək idi. Amma
onların yüksək əhval-ruhiyyədə olduğunun,
dirəniş göstərdiklərinin şahidi olduq. Hamısı mənəvi müqavimət göstərir
və açıq-aşkar ölməyə belə, hazır
olduqlarını, lakin bir gündə evlərini-eşiklərini
tərk etməyəcəklərini deyir. Ermənilər
hələ də 1992-93-cü illərin ab-havasında
qalıblar. O vaxt onlar Azərbaycan torpaqlarını
başqa ölkənin əliylə, başqa ölkənin
silahlarıyla rahatlıqla ələ keçirmişdilər.
Amma indi layiqli cavablarını alırlar. Azərbaycan Ordusu Prezidentimizin dediyi kimi, onları
“iti qovan kimi qovur” və qovmağa da davam edəcək.
-
Ömrünün müəyyən bir hissəsi həmin
torpaqlarda keçmiş bir insan kimi, bu xəbəri eşidəndə
necə reaksiya verdiniz? Hansı hissləri
keçirdiniz?
-
Sözün düzü, bu xəbər o qədər də
gözlənilməz deyildi. Çünki ondan
bir həftə əvvəl də bu barədə məlumatlar
gəlirdi. Amma mən həm də o yerləri tanıyan
biri kimi düşünürdüm ki, əgər Xudafərin
körpüsü azad edilibsə, təxminən 10 kilometr sonra
bizim kəndimizdir və inanmırdım ki, ermənilər
qısa müddət ərzində orada istehkam yaradıb,
müqavimət göstərə bilsinlər. Bu
mənada bu xəbərin gözlənilən olduğunu
bilirdim. Lakin bir ölüm, bir də qələbə
xəbərləri nə qədər gözlənilən olsa
da, yenə də gözlənilməzdir. Ona
görə də Prezident Zəngilanın azad edilməsi xəbərini
səsləndirəndə, hər yerdən səs-küy
qopdu, hamı sevinməyə başladı. Belə reaksiyalar isə nadir hallarda olur. Bu xəbəri eşidəndə özümü
güclə saxladım. Amma nə qədər
müqavimət göstərsəm də, daxildə kövrək
və zəif olduğumu duydum. Çünki
bu cür qələbə xəbərlərinə müqavimət
göstərmək olmur və artıq o hisslərə təslim
olmalısan. Təbii ki, biz də bu hissi
yaşadıq.
-
Çox sayda insanın sizə zəng edib təbrik etdiyini
vurğuladınız. Bəs, siz kimləri təbrik
etdiniz?
- Dərhal
kəndimizin ağsaqallarına zəng edib
gözaydınlığı verdim. Daha sonra
böyük qardaşımla danışdım. O da
artıq xəbər tutmuşdu və çox sevinirdi. Ondan sonra da mənim telefonuma intensiv zənglər gəlməyə
başladı və mən telefonumu axşama qədər
işlədə bilmədim (gülür – M.N.). Ona görə də həmişə deyirəm ki,
bu dünyada xəbərlərin ən gözəli qələbə
xəbərlərini eşitməkdir. Bu
gün hər bölgə işğaldan azad ediləndə
böyük coşğu yaranır. İnsanlar
ümidlənir, zəkaları işıqlanır. Bu, çox qeyri-adi hissdir. Azru
edirəm ki, ümumi qələbə xəbərini də biz
bu cür qarşılayaq. Hesab edirəm
ki, o zaman Azərbaycandakı sevincin ölçüsü və
miqyası olmayacaq.
- Hər
şey öz yoluna düşəndən və işğaldan
azad edilmiş ərazilərə getmək imkanı təmin
ediləndən sonra planlarınız nədir?
- İndiki halda Zəngilanla bağlı əsas
planımız odur ki, burada doğulmuş və
böyümüş uşaqları, ailələri Zəngilana
aparaq və onların hamısı da doğma yurda
qayıdacaqlar.
Biz özümüz də “nə edə bilərik”,
- deyə düşünürük. Çünki bu
uzun və iztirablı qaçqınlıq illəri
insanların xarakterini bir az sərtləşdirib,
tələblərini və mübarizliyini artırıb. Həm də onlara əlavə bacarıqlar verib.
Mənə elə gəlir ki, onlar o
torpağın, o suyun, o sərvətlərin qədrini tamam başqa
cür biləcəklər. Mənim də
ən böyük planım yenidən Zəngilana getmək,
torpağının ətrini duymaq, suyundan içmək, mənzərələrini
görmək və havanı ciyərlərimə çəkməkdən
ibarətdir. Allahın izni ilə, bundan
sonra artıq ikinci ömür başlaya bilər. Bilirəm
ki, o torpaqlardan kim didərgin
düşübsə, hamısı geri qayıdacaq. Təbii ki, biz də nümunə olaraq onların
önündə olmalı və o torpaqların yeni cizgisini, mənzərəsini
onlara göstərməliyik.
Müsahibəni
yazdı: Mərahim Nəsib (ayna.az)
Ədalət.- 2020.- 24 okytabr.- S. 9.