Məmməd Araz  yaradıcılığında  çağlayan “Araz”

 

Məmməd Araz başqa bir eyni məzmunlu "Mən Araz şairiyəm” şeirində "Çox yazırsan Arazdan. Nə bilim gahdan quzu, Gahdan aslan Arazdan” - deyə məzəmmət edənlərə cavabən deyir:

 

O mənim mürəkkəbim

 

Mən onun qələmiyəm.

 

Mən Arazın səsiyəm,

 

Mən onun yatağıyam,

 

Mən onun sahiliyəm,

 

Mən onun ləpəsiyəm,

 

Dalğaları yara-yara,

 

Ən böyük dəryalara

 

Dildə söz, əldə qələm

 

Onunla getməliyəm .

 

Bu deyilənlərdən bir daha aydın olur ki, Məmməd Araz Araz şairidir. Sabir Rüstəmxanlı bu haqda yazır: "Araz haqqında çox yazılıb və yazılır. Lakin "Araz şairi” olmaq Məmmədə qismət olub. O, bu adı çox böyük bir ləyaqətlə daşıyır və Araz dərdinin şeirimizdə ən gözəl ifadəçilərindən biridir”. Arazdan şaxələnən, akademik Bəkir Nəbiyevin təbirilə desək, "şeirimizin xan çinarı”, şeriyyəti çinar ömrünə bənzəyən Məmməd Araz "Araz şairi” olduğunu, qələminin Arazdan göyərdiyini, ruhunun Arazdan qidalandığını, bədii duyğularının, Arazdan ilhamlandığını və klassik irsə olan ehtiramını aşağıdakı misralarda belə dilə gətirir:

 

Mən Arazdan şaxələnən çinardım,

 

Ömür boyu tufan əydim, su yardım,

 

Xətayinin qılıncını suvardım –

 

Məmməd Araz karandaşı göyərdi...

 

Arazı sadəcə imzasında deyil, bütövlükdə yaradıcılığında yaşadan və əbədiləşdirən Məmməd Araz öz ilham qaynağını yalnız tərənnüm etmir və ya təkrarlamır. Araz onun sehirli dünyasının sirri, şüurlu ömrünün qayəsi, canlı yaşamının mənası və bədii dünyası, söz aləminin mənbəyidir. Şairin öz bədii düşüncəsinə və duyğularına görə Arazsız Məmməd Araz dünyasının mənası yoxdur və yaşayan ruhdan fərqli deyil:

 

Mən səni görməyə,

 

Yazmaya bilmərəm.

 

Mən səndən deməsəm,

 

Deməli, demirəm, gülmürəm.

 

Səni öz məcrandan

 

Qoparım gərək mən.

 

Mənim tək bir andım,

 

Bir də bu ricam var, Araz,

 

Mən səni apara bilməsəm,

 

Sən məni apar Araz!

 

Şairin "Bu gecə yuxumda Arazı gördüm” adlı şeirində təbiətin ən gözəl hadisələriəndən olan, coğrafi məkanda qərar tutan, el arasında Xan Araz kimi şöhrətlənən bu çayı yuxusunda görən şair hisslərini bədiiləşdirərək belə ifadə edir:

 

"Bu gecə yuxumda Arazı gördüm,

 

Arazı belə tox görməmişdim heç.

 

Arazı bəxtindən çox razı gördüm,

 

Üstündən yol atdı: "Cəsarətlə keç!”

 

Bu şeir şairin Araz mövzusundakı silsilə şeirlərinin sırasında eyni və ya yaxın məzmunda olsa da, fərqli ampuladadır. Gündüz gözü ilə görmək istədiklərini və deyə bilmədiklərini yuxuda görmüş kimi dilə gətirir. Şairin 80-ci illərdə qələmə aldığı bu misralarda onun real həyatda gercəkləşə biləcəyini ümid etmədiyi arzusunun sadəcə yuxuda reallaşdığını xəyal edir. M.Arazın xəyal gücü çox təsirlidir. Onun 1967-ci ildə yazdığı "Araz üstə çinar gördüm” şeiri dərin bir xəyali duyğudan yaranıb. Araz çayının hər iki sahilində eyni sudan canlanaraq göylərə ucalan uzunömürlü çinar ağaclarının fəryadı kədərli notlarla oxucuya təqdim olunur:

 

Xəyalımın üfüqündə görüş istədi

 

İki tənha pərişan çinar...

 

Şairin hər hansı bir nəsnəyə həsr etdiyi şeirlərin sırasında "Arazın işıqları” adlı şeirinin də bədii tutumu ilə yanaşı, şairin yaradıcılığında aktuallığını itirməyən mövzu hakimdir:

 

Araz axır yırğalana-yırğalana,

 

Elə bil ki, yorğalana-yorğalana.

 

Buradakı orijinal bənzətmələrin poetik dəyəri bir rəssam fırçasının mövzusu olsa da, ardınca yazdığı "Bir ac dəvə o yanına, bu yanına ağız atır” misrası milli tarixin yaddaşı, acı həqiqətləridir.

 

M.Arazın Araza həsr olunan silsilə şeirlərinin sırasında "Araz yadıma düşüb” şeirinin də ayrı bir məzmunu var. "Bir gözümdə sevinc var, bir gözümdə qəm yaşı” təzadlı misraları ilə başlayan bu şeirin mayası bütövlükdə həsrətdən yoğrulub. Şairin uşaqlıq çağlarının keçdiyi bu yerləri – Arazın sahilini xoş xatirə kimi xatırlayır və doymadan baxdığı Arazın sularını "Hər teli min havalı saza” bənzədərək metaforanın ən gözəl nümunəsini yaradır. Şairin həsrəti, kədərli duyğuları o vaxt sona çatacaq ki, aşağıdakı misraları gerçəkləşəcək:

 

Gəzim Araz sinəmdə,

 

Naxçıvan qucağımda.

 

M.Araz ilk növbədə vətəndaş olmağı bacaran, öz şəxsi taleyini xalqın taleyinə bağlayan, ruhunu xalqdan alan, damarlarında qeyrət qanı axan bir şair - vətəndaşdır. Bəlkə də, onun vətən daşı olmaq diləyindən irəli gələn həqiqi vətəndaşlığı, xalq adamı olmağı, sadəliyi, poeziyasında hər zaman hiss etdiyimiz ataya-anaya ehtiramlı olması, yurda, elə-obaya bağlılığı onun yaradıcılığının tərbiyəvi əhəmiyyətinin əsasını təşkil edir. Araz çayına da xalqın taleyinə, tarixi keçmişinə şahidlik edən ulu varlıq kimi baxmaq Məmməd Araz poeziyasının fərdi özünəməxsusluğudur. Şairin nəcib duyğularından yoğrulan, mərhəm hisslərinin ifadəçisinə çevrilən Araz mövzulu şeirlər silsiləsindən "Arazın nəğməsi” adlı şeiri həm məzmunca, həm həcmcə ən geniş və əhatəli olanıdır. O, tarixin min illərdən bəri qan yaddaşına çevrilən Araza qarşı hiss etdiyi duyğuları aşağıdakı misralarla belə ifadə edir:

 

Sən canlı tarixsən doğrudan, Araz,

 

Səsində min ildən qəm-qubar qalıb.

 

Sinəndə dil açan bu yanıqlı saz

 

Ulu babalardan yadigar qalıb.

 

M.Araz Arazı xalqımızın mübarizə, döyüş rəmzi kimi simvolizə edir.

 

Qoca şahidisən qoca dünyanın;

 

Çox nahaq qanlara boyanmısan sən.

 

Nə bilim, bəlkə də neçə ananın

 

İlıq göz yaşından yaranmısan sən...

 

 

 

Nə qədər ağarmış dərdin, möhnətin,

 

Ağrıdır sinəmi acı xəyallar.

 

Araz, dilin olsa sözün, söhbətin

 

Min il yazılası bir dastan olar.

 

 

 

Yox, yox, gəl incimə hələ uşaqdır

 

Bu nəğmə şairi, bu saz şairi;

 

Sabah dastanını başlayacaqdır

 

Bu Araz şeirinin Araz şairi!

 

Bu şeirin poetik ruhundan aydın duyulur ki, şair Arazdan nə qədər yazıbsa, yenə də demək istədiklərinin çoxunu deməyib, ümümiyyətlə, Araz dastanına başlamayıb. Eynulla Mədətli "Məmməd Arazın Araz dastanı” ilə bağlı fikirlərini belə ifadə edir: "Arazlaşır Məmməd Araz... Arazı günahlandıran, ittiham edən şairlərin heç biri Məmməd Araz qədər onu sevə bilmir. Bunun üçün ürəkdə yanğı gərəkdir. Elə yanğı ki, heç Araz da söndürə bilməsin: həmişəyaşar yanğını”. Alim bu haqdakı fikirlərini "Məmməd Arazın "Araz axır” poeması Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış ən yaxşı əsərlərdən biridir” – deyərək tamamlayır. Professor Y.Axundlu istiqlal şairlərindən biri kimi səciyyələndirdiyi Məmməd Arazın poeziyasını tədqiq edərkən onun Arazla bağlı şeirləri haqqında yazır: "Şairin Vətənə münasibətdən və məhəbbətdən söz açanda ilk növbədə onun Arazla bağlı şeirləri yada düşür. Onun bir sıra şeirləri, həmçinin "Araz axır” poeması bu mövzudadır” . M. Arazın 1959-60-cı illərdə qələmə aldığı "Araz axır...” poeması bəhs etdiyimiz mövzuya həsr etdiyi genişhəcmli əsəridir. Burada təsvir olunan süjet xəttində dayanan Ayrıgülüm adlı qız əslində bir oğlanın bir qıza olan sevgisindən yaranan baş qəhrəman olsa da simvolik bir obrazdır. Aşağıdakı misralara diqqət edək:

 

"Ayrıgülüm hazırlaş!

 

Oğlum deyəcək: hara?

 

Oğlum Təbrizə birbaş,

 

Gedək görək babanı”.

 

O, arzularını bu cür dilə gətirir. Əsgərin qəh-qəhə çəkib ona güldüyünü görəndə qıpqırmızı qızarır və ona dəli kimi baxmamasını utana-utana xahiş edir. Əsgərin cavabı:

 

- Ağlını yığ başına,

 

Dünyada qız qəhətdir?!

 

Sərhəddəki əsgərlə olan dialoqunda bir anlıq müharibə illərinə - 1941-45-ci illərə qayıdır. Onlara verilən hərbi əmri və o vaxtkı öz əsgər düşüncələrini xəyalına gətirir. Vətəni uğrunda Araz sahilindən Berlinəcən gedən əsgərin başından keçənləri xatırlayır. Bu poemanın süjet xəttində dayanan Araz bütövlükdə Vətəni təmsil edir.

 

Məmməd ArazIn "Görüşməmiş dostlar” şeri cənublu qardaşlarımızın hüquqsuz həyatıdır. Məlumdur ki, bir cox görkəmli şairlərimiz Araz cayına və Cənubi Azərbaycanın dərdinə dair elə təsirli şerlər, elə sənət inciləri yaratmışlar ki, bundan sonra həmin mövzuda orijinal söz demək, bədii kəşf səviyyəsinə yüksələn şeir yazmaq hünərdir. Məmməd Araz "Görüşməmiş dostlar” şeri ilə məhz belə bir mövzuda yeni baxış nümayiş etdirdi. Şair öz fikrini ifadə etmək üçün Arazın hər iki sahilini əhatə edən Böyük düzü şeirin obyekti olaraq götürmüş, biri o tayda, digəri bu tayda olan iki çobanın həyatını və diləklərini qələmə almışdır. Bu çobanların çox maraqlı həyatı vardır. Hər ikisi eyni vadinin müxtəlif çəmənliyində sürü otarır, hər ikisinin ocaqları bir alışır, "yaylımları bir başlanır”, hər ikisi sürüsünü eyni çayda suvarır, hər ikisi tütəklərində eyni havanı çalır, qışda eyni qışlağa, yayda eyni yaylağa qalxırlar. Onlar şəxsən görüşməsələr də qırılmaz və əbədi tellərlə bir-birinə bağlıdırlar. Ancaq bu iki çobanın həyatı bir-birinə nə qədər bənzəyirsə, bir o qədər də fərqlənir. Şair bu iki insanın timsalında iki dünyanı, iki ictimai sistemi qarşılaşdırır. Çobanlardan biri cəbhədən qəhrəmanlıq nişanı ilə qayıtmış, o birinin ürəyindən isə ehtiyac və ailə dərdi öz nişanını asmışdır. Burada xalqı, Vətəni düşündürən böyük bir ictimai-siyasi fikir vardır. İctimai qayədən, xalq idealından məhrum olan əsərlər isə nə qədər bəzək-düzəkli olsa, gözəl vəzn-qafiyə donuna geydirilsə də təsirsizdir.

 

Ümumiyyətlə, şairin vətənə, ana yurda, ulu torpağa, elə-obaya həsr olunmuş şeirlərində də müəyyən hiss-həyəcanı, daxili duyğuları, hissi narahatlıqları ifadə etmək üçün Araza xitab edir və ya müəyyən münasibətlə adı çəkilir. Məsələn, yurdumuzun hər cür gözəlliklərini vəsf edən, poetik tablo yaradan "Ana torpaq” şeirində "Arazımda Nizamilər, Füzulilər nəğməsi var” – deyərək şairin daha özüllü və sistemli şəkildə ədəbiyyata, poeziyaya gətirdiyi Arazın səsini bir nəğməyə və ədəbiyyat nəhənglərinin poetik duyğularını bu nəğmənin nəqarətinə bənzədir. Qeyd olunduğu kimi Araz şair üçün nisgil, ağrı, həsrət yeridir. O, şeirlərində xalqının, millətinin taleyindəki nisgili, ağrını, həsrəti Araza xitabən dilə gətirərək bəzən bütöv bir şeirini bu mövzuya həsr edir, bəzənsə müxtəlif mövzulu şeirlərində məqamı gəldikcə xatırlayır. Məsələn, "Təklənmə”, "Saç ağartdım”, "Şair ya baxtım”, "Böyüklər, uşaqlar”, "Oxuyan Təbriz”, Xudafərin körpüsünün daşlarını sökmək istəyən mühəndisə səsləndiyi "Daş harayı” və s. şeirləri bu mövzudadır. Məmməd Arazın yaradıcılığınada sütun olan, daim qırmızı xətlə keçən Araz mövzusunun yekunu sankı "Sərhəd çəpərləri” adlı şeiri ilə tamamlanır:

 

Özümdən-özümə muştuluq yetər,

 

Gözlərim, sizin də gözünüz aydın!

 

Qəlbimdən birbaşa Təbrizə gedən

 

Bir yol cilovladım, bir tel ayırdım.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra yazılan bu misralar şairin Təbriz həsrətli poeziyasının mahiyyətini açıq ifadə edir. Bütövlükdə ictimai məna daşıyan bu şeirdə sərhəd çəpərlərinin sökülməsini haqdan gələn yuxu kimi ifadə edir. Arzudan, xəyaldan doğan həqiqi məntiqə xidmət edən, tarixi haqqa qovuşan bu şeirin məzmunu Məmməd Araz yaradıcılığında həsrətin sona yetməsinin poetik təcəssümüdür. 50-80-ci illərdə bu cür həssas bir mövzunu əlində bayraq tutan şairin xəyallarının reallaşdığı müstəqilik illərində öz alovunu sanki Arazın suyu ilə söndürür.

 

Nəticə olaraq onu qeyd edə bilərik ki, şair, yazıçı, publisist, ictimai xadim və ən nəhayət, böyük Azərbaycan filosofu Məmməd Araz yaddaşlarda həm də yaxşı insan, sınmaz, qorxmaz, mubariz bir şair kimi əbədiyyətə qovuşdu. Özünü Araza, səsini tutqun Araza bənzətdi, "Nə zaman ki qələm gəlir əlimə, Araz gəlir dilimə” yüksək pafoslu xitabını edərək, yaddaşlarda Araz abidəsi ucaltdı. Onun yaradıcılığının ilkin və sonrakı mərhələlərində bütün mövzuları "tükənsə” də, Araz mövzusu dərdləri kimi bitmək, tükənmək bilmədi. Bəlkə də bu üzdən Məmməd Arazın şeirlərində "Araz mövzusu” çox işləndi. Bu şeirlərini adlarının oxşar və ya ümumi olmasına rəğmən müraciət olunan mövzular təkrar deyildi. Hər şeirdə fərqli tərəflərdən baxılaraq yeni mövzular işlənmişdir. Bir qisim şeirləri də biri-birinin davamı kimi səciyyələndirmək olar.

 

Məmməd Araz Araz dərdini milli bir məsələyə çevirmişdi. O, Araz çayının Məcnunudur. Araz onun şeirlərinin mayasıdır, gövhəridir. Araz şairin həsrət dolu Leylasıdır. Araz şair üçün axıb gedən bir ömürdür. Məmməd Arazın keşməkeşli taleyi və söz dünyasıdır.

 

M.Araz nəinki klassik şairdir, nəinki bir şair kimi sevilir, həmçinin sadə bir xalq adamı kimi ümumxalq sevgisi qazanmışdır. O sənət kredosuna və yazan qələminə heç bir zaman xəyanət etmədi. Çünki M.Araz vətəninin, millətinin, torpağının vurğunudur. Onun qələmindən çıxan heç bir şeirində, misrasında təkəbbür yoxdur. Şairin öz yaradıcılığında vəsf etdiyi "mən”i və ya M.Arazı milyonların zərrəsinə, dənizlərdə damlaya, dumanda görünməyən qaraltıya, qayaların altında kiçik bir daş parçasına, mamıra, bəzənsə qapıda əsən vətən küləyinə və s. bənzətsə də, əslində bunlar M.Arazın özünü ifadə vasitələri deyildi; bu, Xalq şairinin millətinə, vətəninə, torpağına, ulu yurduna verdiyi böyük dəyərin bariz ifadəsi idi. Ona görə xalqının sevilən şairidir ki, o, xalqına və millətinə xas olan milli dəyərləri hər şeydən uca tutub. M.Araz sadəlik, təvəzökarlıq rəmzidir və hər zaman oxucusuna təkəbbürdən yoxsul, sadəliklə zəngin olan yaradıcılıq təqdim edib. Araz çayı Məmməd Arazın bütün yaradıcılığından axır. Bu poeziyada bir çay yatağı kimi uzansa da, çox zaman çoşur, dəli-dəli aşıb-daşır. Onun düşüncəsindəki milli və bəşəri problemlər Araz çayının timsalında ümumiləşdirilərək bədii həllini tapır. Şairin Araz mövzulu silsilə şeirləri gələcəklə keçmiş arasında tarixi körpü yaradır. Azərbaycan torpağını Araz çayı axmadan, ədəbiyyatını isə Məmməd Araz poeziyası olmadan təsəvvür etmək mümkün deyil. Onu bütövlükdə yaradıcılığının əsas qayəsi vətəni sev nidasıdır və işıqlı Azərbaycan gələcəyinin nurlu sabahına çağırışıdır. Nə qədər ki doğma torpağımızın qoynunda Araz çayı yırğalanır, həzin-həzin, dəli-dəli axır Məmməd Arazın olməz irsi bir o qədər əbədiyaşar olacaq.

 

ZÜLFİYYƏ İSMAYIL

 

AMEA Naxçıvan Bölməsi

 

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 Ədalət.- 2020.- 24 oktyabr.- S.11,15.