Badamlar çiçəkləyəndə

 

(Qürbət ömürlü Lütfi Zadəyə)

 

Həmin gün Xəzər sahilindəki küləklər şəhərinə yağış yağmırdı. Elə bil bu həndəvərin dəli xəzrisi gecikmiş bir məhəbbət görüşünə qara durnan kimi uçub gəlmiş bir qonağına əməlli-başlı xidmət etməyə çalışmışdı. Göy üzündəki yağmurların nəhəng qu quşlarına bənzəyən buludları şəhərin başı üzərindən pələsəng salmışdı.

 

Küləklər şəhərinin həmin yağmursuz günündə onun Moskvadan uçub gəlmiş bir ağbirçək qonağı, mərkəzi küçələrin biriylə, özünün boyatlanmış bir görüşünə doğru yol alırdı. Həm də bir tək onun getdiyi yol boyunu yağmurlu hesab etmək olardı. Çünki bir tək onun üzərinə yağış yağmağında idi. Həm də onu seyr edənlərin heyrətli nəzərlərindən. Bu şəhərin otuzuncu illərinin şagirdlərinin paltarını geydiyindən. Elə həmin libasının içində də öz ilk məhəbbətinin möcüzəsiylə ötən günlərinin içinə düşə bilmişdi.

 

Bakının ortasında, onun beş küçəsini birləşdirdiyindən özünə Parapet adı almış bağından bir az aralıda orta məktəblərdən biri yerləşirdi. On altı nömrəli məktəb otuzuncu illərin birinin payızında özünün məktəbli baharını yaşatmağa hazırlaşırdı.

 

Durnalarını səf çəkdirib köçürmüş payız həmin il on altı nömrəli məktəbin beşinci sinfinə şimaldan durnaboğaz qız balasını göndərmişdi.

 

Beşincilər yenicə ilk dərslərinə başlayanda məktəbin direktoru yeni şagirdlə sinfə daxil oldu.

 

- Züleyxa Rüstəmzadə yeni sinif yoldaşınız olacaq. Ailələriylə Moskvadan köçüb gəliblər. Atası Rüstəm müəllim Universitetimizə dəvət olunub...

 

Yeni şagirdə göz qoyandan beşinci sinfin oğlanlarını (bir tək Lütfəli adlı birisindən başqa) özünün lalə rənginə çəkildi.

 

Şəhər məktəblərinin çoxundan fərqli on altı nömrəli siniflərində, parta arxasında qızlarla oğlanlar yanaşı otururdu. Bir tək Lütfəli arxa cərgələrin birində tənha qalmışdı. Öz daxili aləminə qapalı həmin şagirdin payına qız yoldaşı düşməməsi ürəyindən olmuşdu. Elə ona görə məhəbbət dərsini keçməyə başladı. Oğlan qızın görkəmindən duruxan kimi oldu. Ona elə gəldi ki, həmin qız onun çox sevdiyi bir xalq mahnısından pərvazlanıb bura gəlmişdi.

 

Lütfəlinin atası mərkəzi qəzetlərin birinin müxbiri kimi Azərbaycana göndərilmişdi. Onlar doğma yerlərdən uzaqlarda yaşadıqları zaman atası ona sanki hər gün xalq mahnılarından nəğmə dərsi keçməli olmuşdu. Atasının patefonunu hələ yeddi yaşlarından Lütfəlinin üzünü görmədiyi Vətəninin nəğmə yuvası, valları da onun quş balaları olmuşdu. Valın birini sanki zaman səsləndirirdi:

 

Üzündə var xal bunun,

Başında var şal bunun,

Bir dəli şeytan deyir

Dur qadasın al bunun.

 

Züleyxanın üzündə xal, başında şal var idi. Bircə qadasını almaq qalırdı ki, arıq, cılız, qarıyayovuşmaz Lütfəli bunu özü üçün Bisütun dağı kimi çapılmaz hesab edirdi.

 

Bir müddət sonra ona baxmadan içində öz sevimli nəğməsini oxuyan Lütfəlidən Züleyxa soruşmalı olmuşdu:

 

- Sənin heç yoldaşın yoxmu? Heç kəslə qaynayıb-qarışmırsan?

 

- Bax onda Lütfəli istər-istəməz qıza baxmalı olmuşdu. Bu dəfə gözlərini gizlədə bilməyib, ürəyinin aynası kimi necə var elə göstərə bilmişdi. Demək istəmişdi:  Ürəyimdə bir Lütfəli də var, o, sizə mahnı da oxuyur. Qız onun ürəyindəki Lütfəlinin nəğməsini eşidə bilməmişdi. Amma zahirdəkini bütün saflığı, təmizliyi, dərinliyi ilə seyr etməyi bacarmışdı.

 

- Tənəffüslərin birində onun yerini dəyişdirmək istəyən rəfiqəsini cavabıyla təəccübləndirmişdi:

 

- Sinfin ən yaxşı yeri mənə düşübmüş. Oğlanlar arasında ən qiymətli şagird də Lütfəli imiş.

 

- Züleyxa cavab tapa bilmədiyi cəhətlərini, sualını verdi:

 

- Bir dəfə də əlini qaldırıb dərs danışmırsan, niyə?

 

- İlin axırına kimi səbr etsən biləcəksən...

 

- Demə, Lütfəlini müəllimə anası onu bütün fənlər üzrə hazırlaşdırırmış. Onun diləkçəsiylə oğlu imtahan verib birbaşa yeddinci sinfə keçəcəkmiş.

 

- Demək, birdən-birə iki yaş böyüyəcəksən.

 

Həmin kəlmələri qız gözləri böyüyə-böyüyə söyləmişdi. Oğlan ürəyindən keçirmişdi: Bilsəydim sinif yoldaşım Züleyxa olacaq, tələsməzdim.

 

Bunu Züleyxa eşidə bilmişdi. Və qürurlanıb oğlana ən mehriban təbəssümünü bəxş etmişdi. Bu dünyanın ən saf gülüşü bir yeniyetmənin bütün varlığını sonradan qürbətdə alacağı qızıl medaldan öncə öz qızılına çəkmişdi.

 

Lütfəlinin ürəyini onun sevimli nəğməsindən ilk məhəbbət mələyi kimi uçub gəlmiş qız, həmin mahnının valına çevirmişdi. O da hər gün ümidli gözlərini Züleyxaya dikib mahnısını eşidib-eşitməyəcəyini öyrənmək istəyirdi.

 

Nəhayət, yazağzı, dünya baharla şura gələn zaman eşitdirə bildi.  Bu da biologiya müəlliminin yaz müjdəsi sözlərindən sonra başa gəldi (Bəkir müəllim hər kəlməsini həmin yazın qaranquşlarından əvvəl uçurmağa çalışmışdı):

 

- Növbəti dərsimizi təbiət qoynunda keçirəcəyik. Elə hesab edin ki, bu il baharı orda qarşılıyacağıq. Həmin məkanı şəhərimizin yaza açılan qapıları da hesab etmək olar. Ora badam ağaclarıyla yazı ilk qarşılayan güşəmizdi.

 

- Həmin gün on altı nömrəli məktəbin beşinci sinif şagirdləri yaz üstə köklənmişdi. Onların üzündən-gözündən sevinc çiçəkləyirdi. Badam ağaclarının görüşünə onlara bənzər şəkildə cərgələnmişdilər.

 

- Demə, Bəkir müəllimin uşaqlığı, yeniyetməliyi Badamdar qəsəbəsində keçmiş, buranın hər qarışına bələdmiş. Şagirdlərinə də qəsəbənin üst yanında, ən mənzərəli "sinif otağı" seçə bilibmiş. Həmin yerin alt tərəfindən şəhər görünür, dəniz sahili tovuzquşu kimi cilvələnirdi. Üst tərəfindən cığırlar, yollar uzanıb üfüqlərə calanırdı. Uşaqların bahar dərsi müəllimin ağzı açılmamışdan başlamışdı. Onların hamısı baharın üfüqlərdən qopub durna qatarıyla buralara gələcəyini,  badamların tumurcuqlarını çiçəkləndirəcəyini, sonra Badamdardan enib yolunu şəhərə salacağını, həm düşünür, həm də gözləyirdi.

 

- Həmin gün və qışdan sıxılmış 30-a qədər uşağın Badamdar laylasında ilk baharla ilkin görüşləri baş tutdu. Onlar ağırlıqlarını-uğurluqlarını töküb yaza çəkilə bildilər. Badam ağaclarıyla bərabər çiçəkləndilər, yaz qaranquşlarının, onları qarşılayan göyərçinlərin səmada atəşfəşanlığının şahidi oldular.

 

- O günü uşaqlar hərəsi bir tərəfə dağılışanda Züleyxa  ilə Lütfəli nə edəcəklərini hələ bilmirdilər (Bəlkə də ətraflarındakı bahar həsrətli ağacların birinin budağının dirijor çubuğuna çevrilib onları hərəkətə gətirəcəyini gözləyirdilər). Meh əsib budaqları tərpətdi və Bəkir müəllimin son kəlmələrini də nəğmə kimi səsləndirdi:

 

- Yazağzı indi bir yerdə durub qalmayın. Yoxsa siz də məktəbli fidanlar kimi kök ata bilərsiniz...

 

- Onlar da ələləşə tutuşdu. Ürəklərini tutuşdura-tutuşdura xeyli addımladılar. Bahar hər ikisinin dilini də aça bilmişdi. Həmin gün ürəkləri qaynar söz çeşməsinə dönmüşdü (Bulaqlar yer altda xeyli yol keçdikdən sonra üzə çıxır). Onların kəlmələri də xeyli zaman sonrası qaynamağa başlayırdı.

 

- Züleyxa:

 

- Mən skripka çalıram. Son aylar havalarımı səsləndirəndə səni gözüm önünə gətirirdim.

 

- Mən səni özümün nəğmə mələyim hesab edirəm. Elə bilirəm ki, ən çox sevdiyim bir mahnıdan uçub gəlmisən. Hər gün həmin mahnını ürəyimdə sənin üçün oxumuşam.

 

- Bu gün necə, ürəklə oxuyarsanmı?

 

- Lütfəli üzünü bahar gələn yollara çevirmişdi. İlk məhəbbətinin çiçəyinə bu qaradinməz oğlanı həmin an tale oxuda bilmişdi:

 

Üzündə var xal bunun,

 

Dərs ilinin sonunda Lütfəli qız qarşısında qara buluda dönmüşdü.

 

- İki sinif qabağa atlanmağının fikrini eləmə. Onsuz da məktəbimiz bir olacaq.

 

Qız Lütfəlinin sözlərinin yağmuruna batmalı olmuşdu.

 

- Biz Təbrizə köçürük.

 

Zorla özünə və sözünə gələ bilmişdi.

 

- Amma mən qayıdacağam. Hökmən görüşünə gələcəyəm. Badamlar çiçəkləyəndə...

 

Məktəbli formasındakı ağbirçək baxış yağışları altda Fəxri Xiyabana çatdı. Məzarüstü bir abidənin qarşısında dayandı. Ondan həmin kəlmələr həm eşidildi, həm də eşidilmədi. Badamlar çiçəkləyəndə gələ bilmədin. Tale yolları da kəsdi, Badamdarın ağaclarını da. İndi onlar ancaq o qəsəbənin quru adında çiçəkləyir.

 

Abidə də öz mahnısını oxudu, ya oxumadı:

 

Bir dəli şeytan deyir,

Dur qadasın al bunun.

 

Həmin an dünyanın ən qəmli güşələrinin birində saçları badam çiçəyinə dönmüş bir ağbirçək vardı.

 

Bir də nəğməsiylə bərabər boyatlaşmış bir məzar...

 

Vaqif NƏSİB

Ədalət.- 2020.- 24 oktyabr.- S.21.