Kəpənək ömrü

 

Kənd camaatı arasında belə düşünənlər çox idi: "Zibər dünyaya gəlib ki, öz yekə bədəni,  kələ-kötür quruluşu ilə Allahın da, kənd əhlinin də zibərini aparsın". Kənd ona tuhaf adam kimi baxırdı. Cüssəsinin yekəliyinə görə yox, lal-dinməzliyinə, inamsızlığına görə. Gör müharibə nə vaxtdı bitmişdi. Zibər artıq yeganə qızını böyütmüş, ev-eşik eləmiş, nəvə-nəticə yiyəsi olmuşdu. Amma o, hələ də "Hitlerlə döyüşməyə" getmiş ərinin yolunu gözləyirdi. Aldığı qara kağıza bircə dəfə baxmışdı. Onu da məktub bilib açmış, elə o dəqiqə də cehizlik sandığının dibinə saldığı müşəmbənin arasına qoymuşdu. Bir qoymuş və qayıdıb bir də götürməmişdi. Arada bir öz-özünə gülümsünüb demişdi: "Hitler də mənim başıma corab hörür. Ta demir ki, məni fələk də aldada bilməz. Şəmildən heç Allah verdiyi canı ala bilmirdi... Şəmilin fırıldağıdır. Allah bilir, kimin cibinə pul basıb ki, götür mənim evimə qara kağız göndər. Özü də düşüb bir nemes qızının dalıynan, gedib keyfə. Gələcək. Keyfini sürüb, damağnı çağ eliyəndən sonra gələcək üstümə" . Şəmil onun gözündə elə döydümölməz idi ki,  gedib öz əli ilə yuyub basdırsaydı da, bir gün onun qəzəbli gözlərinin yataq otağının pəncərəsinə üst-üstə çəkdiyi kartonun, müşəmbənin, çadırın arasından yatdığı dəmir çarpayının üstünə zillənəcəyi anı  gözləyirdi. Qorxusundan Şəmil gedəni saçına qayçı vurdurmamış, üzünə sap saldırmamışdı. Kül kimi boz-bulanıq saçlarını boynunun donqar yerində topalayıb, yekə bir kündə eləyirdi. Qırış-qırış buxağından sallanan tükləri, az qala, hörüyə gəlirdi. Amma Zibər üzünü sapa, telini qayçıya həsrət qoymuşdu. Günlərin bir günü nemes arvadından bezib üstünə qayıdacaq Şəmilin zəhər kimi baxışlarının, kinayəli gülüşünün qurbanı olmamaq üçün dəymirdi heç nəyinə. Bilirdi ki, Şəmili şübhəyə salsa, günü qara olacaq...

 

Zibərin günü onsuz da qara idi. Şapalaq boyda Şəmilin xəyalı onun Günəşini elə batırmış, səmasını elə qara buludlara bələmişdi ki, Zibər olmuşdu bir daş heykəl... Bəlkə də daşın canında bir xuruş olardı, amma Zibərin canında heç nə qalmamışdı...

 

Danışırdılar ki, kənddə yetim Camal deyilən biri var imiş. Bir ayağı bir az gödək olduğundan müharibəyə getməmişdi. Şəmilin ölüm xəbəri çıxandan sonra bir gün dəyirmana dən aparan Zibəri atının tərkinə alıb çaydan keçirtmişdi. Sonra elə çayın sahilindəcə gözləyib, onu kəndə qaytarmışdı. Danışırdılar ki, Camal Zibərə elə vurulmuşdu ki, başını itirmişdi. Amma deməyə cəsarət etməmişdi. Çünki Zibər elə o çayı keçdiyi gündən bir qara daşa dönüb, düşmüşdü evinin bir küncünə. Qorxmuşdu özündən Zibər. Hiss etmişdi ki, deyəsən, başında bir az al-əlvan fikirlər dolaşır, elə həmin andan da özünü dustaq eləmişdi. Öz-özünə pıçıldamışdı: "Zibər deyil, kölgəsidi. Ölmüşdü Zibər ki, özünü Şəmilin təpiyinin altına sala". Beləcə, ta Camalın ölüm xəbəri çıxan günə qədər Zibər özünü ölümdən qorumuşdu. Onun üçün ölümün bir adı var idi - Şəmil. Ölü Şəmil, ya diri Şəmil. Heç bir fərqi yox idi.

 

Üzünə gün doğmuşdu qızından bu xəbəri eşidəndə:

 

- Bu gecə Camal keçinib...

 

- Camal keçinib?!

 

Üzü işıqlanmışdı Zibərin. Yanağına işartı qonmuşdu. İlk sualı bu olmuşdu:

 

- Görən niyə?

 

- Nə deyim. Elə yatdığı yerdə. Deyir, sinəsi göyəribmiş. Deyirlər, vurğun vurub.

 

Zibər ürəyindən belə keçirmişdi: "Vurğun vurmayıb... Gəlsinlər, mən deyim, nə vurub onu. Camalı Şəmil öldürüb. Yəqin eşidib-bilib ki, məni atının tərkinə alıb, gecəynən çöküb sinəsinə. Şəmilin əlində Camal nədir ki?! Qarışqa..." Sonra bir anlığa bir Şəmili gözünün qabağına gətirmişdi, bir də Camalı. Camalın kürəyində, yalan olmasın, beş Şəmil gizlənərdi. Amma Zibər yenə də düşünürdü ki, Camalın gecəynən Şəmil gəlib nəfəsini kəsib... Onun evinin həndəvərində dolaşdığı üçün.

 

Amma Camalın ölüm xəbəri çıxandan sonra Zibər üzüqoylu necə düşmüşdüsə, elə də qalmışdı. Darıxmışdı Zibər. Elə bil bütün ümidləri kəsilmişdi. Camalın atının tərkində çayı keçəndə eşitdiyi tək cümlə onun qapqara dünyasında var olan tək səs kimi gedib-gəlib qulaqlarında səslənmişdi:

 

- At farağat duran deyil, bərk yapış məndən.

 

Sonra özünü birtəhər ələ alıb beyninin dumanını qovmağa çalışmış, öz-özünə pıçıldamışdı: "Deyəsən, başın pozulur ha, Zibər. İstəyirsən, gecələrin birində vurğun vurmuş Şəmil gəlsin çöksün sənin də sinənə, desin indi gör kiminsə atının tərkində oturmaq, qollarını kiminsə belinə dolayıb, başını onun kürəyinə sıxmaq nə deməkdir". Elə o gün, bu gün gecə-gündüz bu aralarda dolaşan Camalı görməsin deyə yataq otağının pəncərəsinə üst-üstə çəkdiyi karton, müşəmbə, çadır örtükləri çıxartmamış, "Belə yaxşıdır", -  deyib, öz zülmətinə qapılmışdı. Bu zülmətdən sızan bir işıq teli belə bəzən onu qorxutmuşdu. Hərdən kefi babat olanda donqar boynunun dalında kündə kimi dolayıb yığdığı saçını açıb tökür, dişləri tökülmüş qırıq daraqla darayır və birnəfəsə pıçıldayırdı:

 

- Səni andıra qalasan. Düyün-düyündü...

 

Bu düyünlərin açılmağı heç çəkməsə, iki saat çəkərdi. Sonra Zibər haldan düşər, körük kimi enib-qalxan sinəsini götürüb özünü güc-bəla ilə çarpayısına çatdırardı.

 

Bəzən Zibər elə bu çarpayının üstündəcə havaya qalxıb uçar, xəyalları onu mavi səmaya doğru uçurardı. Zibərin boz-bulanıq saçları açılıb tokülər, havaya qalxan çarpayının ardınca qaranlıq gecədə  parıldayan bəmbəyaz qar kimi uçardı. Sonra çarpayı mavi səma ilə zümrüd rəngli çəmən arasında asılıb qalar, quş lələyi kimi yüngülcə çiçəkləri sayrışan çəmənə enərdi... Kəpənəklər uçuşub gələr, cırcıramalar şən nəğmələrini oxuyardı... Sonra bir at qanadlanardı, üstündə də pəhləvan cüssəli bir gənc... At  düz çəmənin ortasında yerə enər, tərkindəki gənc əlini Zibərə uzadıb pıçıldayardı:

 

- Gəl...

 

- Camal...

 

...Və elə həmişə bu yerdə Şəmil gələr, çıxıb Zibərin sinəsinin üstündə oturar, onu boğmağa başlayardı... Zibər iki əlini boynuna aparıb onun kilidlənmiş əllərini açmağa çalışar, nəfəsi kəsilər, xırıldayar və qan-tər içində oyanardı... Tez də yerindən qalxar, paslanmış dəmir parçalarından yamaq-yamaq darvazanı açıb özünü tozlu-torpaqlı kənd yoluna atardı.

 

Arxasınca Şəmil gəlirmiş kimi xoflu-xoflu irəliləyər, başını qaldırıb sağına-soluna baxmazdı. Hətta o qədər baxmazdı ki, kənd camaatının dilində lətifəyə çevrilən bir əhvalat da baş vermişdi.

 

Deyir, günlərin birində, Zibər cüt əlləri büzdümünün üstündə, topa saçı donqarının ortasında, yol gedirmiş, Qumru arvad da təndirə çörək yapırmış. Çörəklər gün işığında qızıl imperial kimi par-par yanır, quşlar çörəyin ətrinə coşub elə oxuyurmuşlar ki, Qumrunun təndiri dönüb olubmuş cənnətin tən ortası. Qumru da bir əli təndirdə, bir əli gözünün üstündə başlayıb Zibəri çağırmağa:

 

- Ay Zibər, gəl çörək kəs...

 

- Yemirəm, ay Qumru, yemirəm... Qumru qayıdıb bir ağız da deyər... Zibər yenə də çörək kəsməz. Yoluna davam edər. Elə bu yerdə Qumru gurultuyla aşıb düşər təndirə...

 

Qumru qışqırar:

 

- Zibərrrrr... Yandım...

 

Zibər geri qanrılmaz, deyinə-deyinə yoluna davam eləyər:

 

- Ay bacı, niyə yanırsan, dedim yemirəm dana...

 

Zibər gedər... Kimsə handan-hana gəlib Qumrunu təndirdən çıxardar. Amma Qumru çox yaşamaz... Gedər Zibərin badına...

 

Bu söhbət kənddə Zibərin tuhaf olduğunu bir daha təsdiqləmiş, bu haqda bütün şübhələrə son qoymuşdu.

 

Həmin gün lap sübhdən oyanmışdı... Yuxudan qalxan kimi də kartonun, müşəmbənin, çadırın cırıq-süzük yerlərini hamarlamış, iynə ucu boyda işıq sızan yerləri dartıb bərkitmişdi. Pıçıldaya-pıçıldaya qalmışdı:

 

- Allah, sən saxla. Allah, sən saxla...

 

Bircə dəfə Camalın atının tərkinə minməsəydi, bəlkə də içində bu qədər qorxu, qəsvət olmazdı. Amma... "Lənətə gələsən səni, at (Lənətə gələsən səni, Camal" deməyə dili gəlmirdi) Hardan çıxdın o yerlə-göylə oynayan çayın ortasında?! Qoymazdın, girəm boğulam öləm orda?! O gündən bəri ölüb-dirilirəm onsuz da hər gün. Heç bilirsən, ölüb-dirilmək necə ağırdır?! Ölməyə nə var ki?! Ölüb-dirilmək həyat deyil ki...

 

Allahım, nə ola, mənə bir kəpənək ömrü verəydin. Bircə gün əlvan qanadlarımla dolaşaydım çiçəkləri ləçək-ləçək... Otların arasında itib-bataydım, günəş şəfəqləri ilə sığallanaydım, günün sonunda deyəydin "Bitdi ömrün". Mən də yığışıb köç edəydim. Qanadlarımda çiçək ətri, ağzımda bal ləzzəti, gözlərimdə çəmən şəkli... Vermədin. Bir kəpənək ömrü ilə, bir çəməni çox gördün mənə. Vermədin..."

 

Uçalandı... Hiss etdi ki, başı bədəninin üstündə dayanmır. Bütün gecəni Şəmili görmüşdü yuxuda. Sinəsinin üstündə oturmuşdu. Əlləri daraq kimi bir-birinə keçib boğazına sarılmışdı... Zibər pıçıldadı:

 

- Harda olsa, indilərdə gələcək...

 

Sürünə-sürünə gedib yataq otağının qapısını kilidlədi. Özünü çarpayısına çatdırdı. Uzandı. Elə dərindən nəfəs aldı ki, ciyərləri hava ilə ağızbaağız doldu. Son dəfə dodaqları açılıb-yumuldu. Və...

 

Otaqda bir kəpənək peyda oldu. Qanadları solğun, heysiz... Ora-bura vurdu özünü. Divarlara çırpdı... Qəfildən qanadları işım-işım işıldadı, göyqurşağının yeddi rənginə çaldı. Pəncərələr qarşısında taybatay açıldı... Və o, çəmənə, bir günlük ətir və səadət dolu kəpənək ömrü yaşamağa uçdu...

 

Sevinc NURUQIZI

 Ədalət.- 2020.- 24 oktyabr.- S.21.