QƏLƏBƏ
GƏTİRƏN PAYIZ
Bu, bir ovqat
şeiridi
Üz-üzə oturmuşuq. Əslində bu,
üz-üzə otrumaqdan daha çox bir-birinin içinə
bələd olan iki dostun sözü ortaya qoyub onun dağı
arana çəkməsidir. Yəni hər
görüşümüzdə olduğu kimi, indi də
SÖZdən danışırıq... onun dünənini, bu
gününü, sabahını duyduğumuz və arzuladığımız
formada öz ələyimizdən keçiririk.
Yəni siz də xatırlayırsiniz, mən də
həmin bu söhbətin bir hissəsini sizə təqdim
etmişdim. Təqribən bir ay öncə Kəramətlə
etdiyim söhbətin bir hissəsini sizinlə bölüşərkən
vurğulamışdım ki, xeyli çəkən söhbətimiz
sözün dörd tərəfinə uzanıb getmiş və
bir az pərakəndəlik yaranmışdı. Amma əslində
bu, pərakəndəlikdən daha çox açıq
bir şəkildə Kəramətdən qoparmaq istədiyim
fikirlərdən məqamlar, fraqmentlərdi. İndi o fraqmentlərin
oxucusu olmağa dəvət edirəm sizi. Beləliklə:
- Kəramət, sən mütaliəyə
önəm verdiyini və hər bir yeni əsərdə yeni nələrsə
axtardığını söylədin. Bir de görüm,
axtardıqlarını tapa bilirsən?
- Birbaşa deyim ki, hər zaman istəyim
çin olmur. Kitabın görkəmi, tərtibatı, hətta
müəllifə olan böyük simpatyam bəzən təəssüf
doğurur. Öz-özümə deyirəm ki, əgər yaza
bilmirsənsə, deməyə sözün yoxdursa, bu pulunu niyə
göyə sovurursan? Niyə kağız parçası edirsən?
Onun əvəzinə özünə, ailənə,
dostlarına faydalı bir iş görərsən. Yəni
pulunu onlara xərcləyib bilərsən ki, nəyəsə
nail oldun. Heyf ki, biz bəzən söz imkanımızı nəzərə
almırıq, hesablamırıq. Sanki kitab müəllifi olmaq
“şair” olmaq bir sosializm yarışıdı. Bacaran da,
bacarmayan da, sözü olan da, olmayan da meydandadı.
- Məncə bu çoxluğun bir müsbət
tərəfi də var: o da seçim etmək, ələmək
fürsəti vermək tərəfidir...
- Olsun. Amma oxucu da yazıqdı axı. Gərək
vaxtını, enerjisini sərf eləyib o kitabları vərəqləyə
və görə ki, kim kimdi?! Kimin sözü hara qədərdi. Bu mənada mən çoxluğun, yəni kitab
bolluğunun tərəfdarı deyiləm. Amma o da bir gerçəkdi ki, əlhəcirət
zaman ən böyük hakimdi.
- Kəramət,
sənin söylədiklərinə istinad etsəm, onda bir
şeirini xatırlamalı oluram. Özün
yazmısan ki, “Ömür yorulub”. Onda belə
çıxır ki, yaşlaşmısan, yaşamaqdan
yorulmusan...
-
Xatırladım o şeiri. Tənqidçi dostum Nadir Adiloğlunun tez-tez
işlətdiyi “Yaman yorulmuşam, oğlan” sözləri
günlərin bir günü
içimi tərpətdi. Çünki
Nadir Adiloğlu mənim üçün ölmədi, sadəcə,
yoruldu. Və mən də yazdım:
Ölülər şaqqanaq çəkər
ölümə.
Bu
qocalmayan qoca kişi,
Dustaqlar təzə
dustağı
Necə
sevirsə,
Eləcə
sevindilər
...xəbərin çatınca.
Adam belə
içər ölümü,
Ləzzətlə,
qurtum-qurtum
Hərdən damcılayar dodaqlarından.
Şahlar
da sınıb oturar,
Oturar şahlıq taxtında.
Qəbrin
dikinə qazılsın
Sınıb
əyilməyən kişi,
Torpağın sınıq vaxtında.
Xəzəl adamları külək gəzdirir.
Gözləriniz
indən belə
Yaşıl yarpaq gəzəcək.
Budağa
qonmaqdan qorxan quşları
Qara torpaq çəkəcək.
Bu şeirimlə Nadir Adiloğluna etiraf etdim ki, adamlar
ölmürlər, yorulurlar. Söhbət o
adamlardan gedir ki, onlar öz sahələrində gərəklidilər,
işıqdılar, öndədilər və ən vacibi
dipdiridilər. Yəni sadəcə, ayaq
üstündə durub nəfəs almırlar, dipdiri olmaqla Vətənə
də, cəmiyyətə də, hər kəsə
faydalıdılar. Bax, bu mənada mən də
özümü artıq yorulanların sırasında
görürəm.
- Zənnimcə,
bu məqamda bir az tələsirsən.
Çünki sən özün bir şəxsiyyət olaraq,
həm özün bir şair olaraq hər zaman öz nöqtəsində
və öz yerində görünürsən,
axtarılırsan. Bu da o deməkdir ki, ədəbiyyatda Kəramət
hələ çox gərək olacaq, hələ çox
aranıb-axtarılacaqdı, yeri görünən adam kimi.
- Təşəkkür
edirəm. Bu bir dost qəlbinin ifadəsidi. Lakin
elə gerçəkliklər var ki, onu biz müəyyənləşdirmirik.
Bax, bu mənada barəmdə dediyin xoş ifadələri,
səmimi fikriləri zamanın ixtiyarına verək. Çünki zaman
ən böyük hakimdi.
- Başa
düşürəm. Odur ki, sən deyən olsun. Lakin sən
tez-tez vurğulayırsan ki, bir ağac əkməyən, bir
koma tikməyən, ortaya bir söz qoymayan elə böyük
iddialarla adamın üstünə gəlir ki, heyrətlənirsən...
- Hə,
mən demişəm bunu. Hətta Türkiyədə, ədəbi
camidə söhbət düşəndə demişəm ki, əlimdə
bir şey yoxdu gözümə soxmağa. Amma
elə danışırsan sanki bütün ədəbiyyat sənin
çiynindədi. Öncə əlindəkini,
yəni yazdığını göstər mənə, sonra
iddialarını sərgilə. Çünki
ortaya qoyulan faktdı. Bax, Bakıya nəzər
salaq. Hələ də İçərişəhərə
tərəf yolu düşən hər kəs köhnə
binaların qarşısından keçəndə
xatırlayır ki, bu binanı kim tikdirib,
kimə aid olubdu. Bu mənada boş-boş dayanıb zəhlə
tökməkdən, qıcıq yaratmaqdandısa, başını
aşağı salıb istedadın, qabiliyyətin
səviyyəsində ortaya əsər qoymalısan. Mən həmişə bunu istəmişəm, bunun
tərəfdarı olmuşam.
- Kəramət,
sənin bir şirin də var. Adı “Əyri
düzgün”dü. Yəqin elə indicə söylədiyin
fikirlərdən doğulub o şeir. Yazmısan ki:
Torpağa
baxdıqca
əyilir
başdaşları.
Günaha
batdıqca əyilir adam.
Məni
düz saxladı dar ağacları,
Bir qızıl güllənin haqladığı yer.
Sınmağa qoymadı yazdığım şeir.
Xıncım-xıncım
olub gedərdim yoxsa,
Qoymadı
uşaqlar, dedilər: “Şax dur!”.
Allahın
əmrindən çıxıb gedirəm,
Mən uşaq əmrindən çıxa bilmirəm.
Əyriyə
tutulub qonur gözlərim,
Əyricə güzgüdür gözlərin indi.
Dünya adamısan, özünə baxma.
Özünə-sözünə
baxıb gülərsən,
Ya da ki,
çırparsan bir əyri daşı,
Qonur gözlərimə - əyri güzgüyə.
Əyilir,
əyilir bu Yer kürəsi
Üstündə ağacı, quşu əyilir.
Birini
qulağı, birini gözü,
Yüzünün, mininin işi əyilir.
Bu
dünya əyriyə öyrəşib, vallah
Düz adam görüncə,
Xortlayıb gələni görür elə bil.
Güzgü
önündəyəm, kimdi bu adam,
Səhərdən sözümə gülür elə
bil.
-
Xatırlatdı mənə bu şeirlər onun yazılma
məqamını. Həqiqətən həyatda
elə anlar olur ki, güzgüyə təkrar-təkrar
baxmalısan. Təbii ki, burda söhbət
məcazi güzgüdən gedir. Yəni
özün-özünə baxmalısan,
özün-özünə içində bir dar ağacı
qurmalısan. Və ordan özünü
asanda kiminsə təəssüfləndiyini duysan, deməli,
onda sən gərəklisən. Amma bir səs, bir hənir
hiss etməsən, deməli, ya yolunu çaşmısan, ya
yerində deyilsən, ya da artıq tükənmisən, bitmisən.
Məncə bax, içimizdəki bizi göstərən
güzgü labüdlükdü. Biz onunla baş-başa
qalmağı bacarmalıyıq. Bax, onda
biləcəyik ki, ədəbiyyatı, bütövlükdə
Azərbaycan sözünü təmsil edə bilərik, yoxsa
yox. Yalançı görüntü yaradan
iddiaçılar, özlərini söz fədaisi sayanlar, nə
bilim hansısa nələrisə yaradanlar olsa-olsa
beş-üç qadının şairi ola
bilər. Yəni şeir ithaf etdikləri, vəsf
etdikləri qadınların. Bir az da
öz ailələrinin.
- Kəramət,
söz adamının dövrü olur? Bilrisən
bunu niyə soruşuram? Çünki bir mənim
də qəbul etmədiyim qeyri-ciddi bölgü var –
altmışıncılar, yetmişincilər, səksənincilər
və s.
- Hə,
var belə bir şey. Amma mən də qəbul
etmirəm bunu. Mənim üçün
altmışıncılar nəslinin təmsilçisi bu
gün də yazıb-yaradırsa, o həm də ikiminincilərin
nümayəndəsidi. Yox, əgər
altmışıncıların zamanında yazıb elə
orda qalıbdısa, bu artıq missiyasını başa
çatdırmaq deməkdir. Ona görə də Nizami, Füzuli, ondan
üzübəri Cavid, Səməd Vurğun, Müşfiq, Rəsul
Rza bu gün də oxunursa, bu gün də onların poetik
fikirləri önəmlidirsə, bunu necə hansısa
dövrə, zamana sığışdırmaq olar? Bu poeziya nümunələri bütün
zamanlarındı. Bax, elə bizim
özümüzü aid etdikləri 80-ci illərin
yaradıcılığını gözümüzün
önünə gətirək. Onda görərik
ki, səksənincilər bu gün də yazırlar. Deməli, bunlar səksəndə qalmayıblar,
adaptasiya olublar ikiminincilərə. Buyursunlar, kimlər
iddialıdır, mən onlara bu məntiqi bir də izah edim.
Qardaşım, 70-ci illərə aid etdiyiniz
müəllifin bu gün ortaya qoyduğu hekayə, şeir,
povest hansı çalarıyla, hansı nüanslarıyla
70-ci illərə aid olduğunu göstərir. Söz, qələm 60-da da, 70-də də, bu gün
də eynidi. Sadəcə, təfəkkürdə və
istedadda püxtələşmə gedir və həmin yaradıcı
adamlar da öz sözlərini bu gün də ortaya qoyurlar. Bunun başqa bir yozumu yoxdur. Nəhayət, sən
məni bu dövrə, zamana aid edirsənsə, onda zəhmət
çək, Mirzə Fətəli Axundov ol, Üzey Hacıbəyov
ol, Cavid ol, Səməd Vurğun ol və s. özün ol və
məndən imtina et. Bir halda ki, özün ola
bilmirsən, onda yaxşısı budur elə gedib bildiyin
işin qulpundan yapışasan.
- Kəramət,
söhbtimizin bu yerində səndən bir cavab da istəyirəm.
Ümumiyyətlə, yaradıcılıq nədir
səninçün?
- Hər
hansı bir işi görmək, istəyir ev tikmək olsun,
şəhər salmaq olsun, yazı yazmaq, rəsm çəkmək,
bir sözlə, həyatın bütün sahələri
“yaratmaq” sözüylə bağlıdır - iqtisadiyyat da,
elm də, səhiyyə də, ümumiyyətlə, hər
şey. Fərdlər həmin sahələri
üzrə nəsə yaradır, yeni bir bina tikir, yeni bir rəsm
çəkir, yeni bir şeir yazır, yeni nəsə ixtira
edir. Bax, bütün bunlar Allahın
özündən sonra insana lütf edib
bağışladığı yaratmaq qabiliyyətidir. Mən də həmin o yaratmağın, o yaradıcılığın
qulpundan tutan bir Allah bəndəsiyəm. Çalışıram
ki, yaratdığın normal olsun, gərəkli olsun, sevilən
olsun. Bax, bu istəyimin də bəhrəsinə
təbii ki, oxucular və zaman qiymət verəcək. Elə oxucuların qiymətinin özü də
yaratmaqdı. Mən belə
düşünürəm.
- Kəramət,
söhbətimizin bu yerində sənin bir şeirini
xatırladım. Yazmısan ki:
Külək
itik gəzəcək,
Daşacaq bu daş səbir.
Nə bu
yağış kəsəcək,
Nə də qurtaracaq bu sentyabr.
O
başı bu başa ölçdün,
Vağzal boşaldı- doldu.
Qatar da
çıxıb getdi,
Bilet əlində qaldı.
Gözləmə
otağında
Hey
gözləyib qalasan.
kimsə
də “getmə” demir
Sən də dönüb gələsən.
Külək
itik gəzəcək
Daşacaq bu daş səbir.
Haçan yağış kəsəcək?
Təqvimdə
bütün aylar sentyabr.
Niyə məhz sentyabr?
- Bilirsən,
bu bir ovqat şeiridi. Və mən o ovqatın
içərisində müəyyən məqamları ifadə
etməyə çalışmışam. Görünür, alınır, ona görə diqqətimi
çəkibdi. Qalsın bu şeirin daha geniş yozumu
növbəti söhbətimizə...
... Bəli, indi payızdı. Bizə
QƏLƏBƏ bağışlayan payız... həsrətini
çəkdiyimiz yurd yerlərinə bizi qaytaran payız... Sentyabr da payızın ilk ayıdı.
İnşallah, Kəramətlə bu payızın da
çözümünü edərik...
Söhbətləşdi: Əbülfət Mədətoğlu