Bayrağımız Şuşada dalğalanacaq

 

 

 

Müharibə ilə bağlı ağrılı-acılı çox xatirələr var. Hansı birini deyim, bilmirəm. Xatirələr o qədər çoxdur ki, sözə sığmır. İnanın, indi eşitdiyimiz qələbə xəbərləri yaralarımıza məlhəm olur”. “Ədalətqəzetinin qonağı Qarabağ qazisi Cəlal Məmiyevdir.

 

-İlk olaraq özünüzü təqdim edin...

 

-1974-cü ildə Lerikdə anadan olmuşam. Qarabağ qazisiyəm. 1992-ci ildə hərbi xidmətə çağrıldım. Ağdam-Füzuli istiqamətində olan döyüşlərdə iştirak etmişəm. 1994-cü ildə Horadiz istiqamətində düşmən hücumunu dəf edərkən yaralanmışam. İndiyədək yadımdadır, mart ayının 3-ündə düşmənin minaatandan atəş açması nəticəsində 2 nəfər-mən döyüş yoldaşım yaralandıq, 3 nəfər isə şəhid oldu.

 

-90-cı illərdən danışaq, yəni o illərlə bağlı xatirələrinizdən...

 

-Müharibə ilə bağlı ağrılı-acılı çox xatirələr var. Hansı birini deyim, bilmirəm. Xatirələr o qədər çoxdur ki, sözə sığmır. İnanın, indi eşitdiyimiz qələbə xəbərləri yaralarımıza məlhəm olur. Sizə əsgər getməyim haqqında danışım. 1992-ci ildə Bakıda texnikumu bitirdikdən sonra hərbi xidmətə çağrıldım. Hərbi komissarlığın önündən 22 nəfər gənc əsgərliyə yola salındı. Gənclərin çoxsu Bakıdan idi. Bizə rəhbərlik edən bir leytenantdan soruşduq ki, bizi hara aparırlar? Dedi ki, Lənkəran-Astara zonasına. Avtobus Hacıqabul yolundan dönəndə leytenanta yaxınlaşdım ki, bəs hara gedirik? Söylədi ki, bayaq dedim axı. Mən cavab verdim ki, bu yol ora aparmır. Dedi, haradan bilirsən? Dedim ki, özüm Lerikdənəm. Güldü, cavab verdi ki, Ağdama gedirik. Dedim, gözəl. Mənim üçün çox xoş oldu cəbhə bölgəsinə getmək. Orada 45 gün təlim keçdikdən sonra müxtəlif batalyonlara bölündük. Hərbi xidmətim elədir ki, hər saniyəsində bir xatirə var. Danışdıqca bitməz.

 

“5 qəlpə yarası almışam

 

-Döyüş yoldaşlarınızla əlaqə saxlayırsınızmı?

 

-Əlbəttə. Demək olar ki, əksəriyyəti ilə münasibətim var. Təsəvvür edin ki, 28 ildən sonra Famil adında bir döyüş yoldaşımı axtarıb tapdım. Daha sonra Əlixan adında gizirimiz vardı, 1993-cü ildən təxminən 2008-ci ilə qədər onunla heç bir əlaqəm olmamışdı. Düz 15 il sonra onu axtarıb tapdım. Onlar mənim tək döyüş yoldaşlarım deyillər, qardaş qədər əziz insanlardır. Hər birinin xətri mənim üçün əzizdir. Bu bilirsiniz, deməkdir? Birliyimizin bariz nümunəsidir bu. Müharibənin ən gözəl cəhəti odur ki, bir-birini tanımayan insanlar yumruq kimi birləşirlər.

 

-Yəqin ki, dostlarınızla da tez-tez həmin illəri xatırlayarsınız?

 

-Sözsüz ki, elədir. Bu yaxınlarda Çingiz Qəhrəmanov haqqında olan videonu gördünüz. Çingiz bəy 1994-cü ildə bizim batalyon komandirimiz olub. Çingiz Qəhrəmanovla bağlı bir məqamı danışım. Bir gün dumanlı bir hava idi, mən Çingizin yanında rabitəçi idim. Çingiz çox irəliləmişdi həmin vaxt. Gəldim, yanına, mənə dedi ki, get, birdən səni vurarlar. Cavab verdim ki, getmirəm, vurulacamsa, qoy vurulum. Yəni Çingiz özündən çox insanları düşünən şəxsdir. Onu da 1994-cü ildən keçən ilədək görməmişdim. Keçən il onu da tapdım. Həmin xatirələri Çingizin yadına salanda ağladı. Torpaqlarımız işğaldan azad olunduqca sevinc göz yaşlarına qərq oluruq. Bilirsiniz, elə bir dönəmdəyik ki, gözlərimiz ağlayır, bir gözümüz sevincdən, biri kədərdən. Kədər şəhidlərimizə görədir. Amma qəbul etmək lazımdır ki, müharibə şəhidsiz olmur. Allah şəhidlərimizə rəhmət eləsin.

 

Müharibədə əsas ürəkdir

 

-Düz deyirsiniz. Qələbə xəbərləri ürəyimizi sakitləşdirir...

 

-Bax mən 5 qəlpə yarası almışam. Onlardan da 1 qəlpə bu günə kimi hələ oynağımdadır. İnanın ki, qələbə xəbərləri gəldikcə heç ağrılarım olmur, özümü gümrah hiss edirəm. Qələbə biz qazilərin yaralarına dərmandır. Elə duyğular var ki, onlar dillə ifadə edilə bilmir. Ki, bu gün mən elə vəziyyətdəyəm.

 

-Allah Azərbaycan Ordusunu qorusun...

 

­-Amin, amin, min kərə amin. Bizi yaradan Allahdır. Allaha qurban olum. O bu günləri bizə yaşadır, torpaqlarımız işğaldan azad olunur. Allah Ordumuzu qorusun. Ürəyimizlə, canımızla, son damla qanımıza qədər Ordumuzun yanındayıq. Hazırda oğlum da əsgərlikdədir. Razıyam, mən daxil hər kəs gedək, döyüşək, təki qələbə bizim olsun. İnanıram ki, tezliklə Bayrağımız Şuşada dalğalanacaq. Allah Ali Baş Komandanımızı qorusun. O, Azərbaycanın Milli Qəhrəmanıdır. Bu gün bizim birliyimizin qarşısında heç kim heç dayana bilməz. Dünya müharibə tarixinə nəzər salsaq, deyərəm ki, mən inanmıram, bizim əsgərlərimiz kimi cəsur ürəkli əsgər hansısa bir müharibədə olsun. Müharibədə əsas ürəkdir. O olandan sonra əliyalın şəkildə düşmənə qalib gəlmək olar. Bu gün xalqımızın cəsur ürəyi var. Millətimizin bu cəsarətinin qarşısında baş əyməmək mümkün deyil. Allah xalqımızı qorusun.

 

Rövşən Tahir

 

Ədalət.- 2020.- 31 oktyabr.- S.9.