Yolun haradı ey yolçu?
Toylara
elə həvəslə getmirəm, nəinki yaslara. Niyəsini
soruşana deyirəm, toyun səs-küyündən sonra
neçə gün özümə gələ bilmirəm.
Bir uşaqlıq dostum var, gülür, “elə deyil” deyir,
bilirsən ki, daha qabaqda toyun olmayacaq, amma bu yaslardan biri də
sənin üçün var.
Cavanlıqda belə sərrast ifadə
xoşuma gələrdi. İndi qıcıqlandırır.
Əvvəllər çalışardım ki, məni
başa düşsünlər, içimi acıb tökərdim.
Ona görə çox danışar, çox yazardım. Amma yaşlandıqca, tərsinə olur: az
danışır, az yazıram, kimsə sözdə dediyimdən
artığını başa düşəndə,
özümə əsəbiləşirəm. İllərlə
qoruya-qoruya bu çağa gətirib
çıxardıqlarıma yad əl dəyəcəyindən
qorxuram, nədir?
Ümumiyyətlə, görəsən,
çoxmu dəyişmişəm o illərdən?
***
O illər dedim, bir söhbət yadıma
düşdü. 1983-cü ildə Moskva Universitetinin
jurnalistikasını bitirib, Bakıya döndüm. Qala bilərdim,
APN-in türk redaksiyasından təklif gəlmişdi. Hələm-hələm
ələ düşən təklif deyildi. Amma bizim də
öz arzularımız varıydı axı! “Ulduzlara barmaq
silkib, daş atan” vaxtlarımız idi, Məmməd Araz
demiş. Məmməd Arazın həmin şeri yaman
coşdururdu bizi o vaxt. “Vətən mənə
oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim…”
Axır təyinatla gəlib “Azərinform”un, indiki AzərTAC-ın
iqtisadiyyat şöbəsində bir masanın arxasında
bitdim. Əmək cəbhəsindən xəbərlər
yazırdıq: “Beşillik plan 4 ilə yerinə
yetirildi”, “Ay haray, buruq ustası 10 əvəzinə 15 metr quyu
qazdı…”
Bir ildən sonra Moskvadan tələbə
dostumdan məktub aldım: “Səsin çıxmır,
haradasan?” Cavab yazdım ki, burda, “Azərinform”dayam,
bir masa veriblər, yeşiyi tarakanlarla dolu, telefon veriblər,
obyektlərə zəng edib hərəsi 3 manatlıq xəbərlər
hazırlayıram və günü-gündən
ağlımın necə azaldığını
müşahidə edirəm. O da qayıtdı ki, daha nə
istəyirsən?! Tarakanlarını yarışdır,
aristokrat əyləncəsidir; telefonunla bakılıların
yumor hissini yoxla; ağlının azalmağına gəlincə
isə, o gündən qorx ki, daha bunu özün də hiss etməyəsən!
H-ə-ə, deyəsən, axı hələ
hiss eləyirəm! Necə dəyişdiyimi, nəyin
dəyişdiyini. 37 il əvvəlki gələcəyə
sonsuz inamdan indi ehtiyatlı optimizm qalıb, sevinc
fışqıran gözlərdən kədər
süzülür, inadkarlığı məyusluq əvəz
edib, cəsarət odunun üstünə müdriklik su ələyib.
Yaşlandıqca başın keçəlləşməsi,
burnun və qulaqların böyüməsi də ki heç,
bunlar hamıda olur. Hə, bir də, əvvəllər dost məclislərində
mütləq “Uğura!” deyib badələrimizi cingildədirdik,
indi eləcə Bəxtimizi çağırırıq və
hortdadırıq.
Kədər
“Altmışdandır” deməyin. Bu cəmiyyətdə
kənardan gözə dar görünən, amma içəridən
e-e-ey, azadlığın üfüqlərinə qədər
uzanan sirli bir çevrə var ki, çoxdandır ora
düşmüşəm və nə çıxa bilirəm,
nə çıxmaq istəyirəm. Mənimçün ordan
ümumiyyətlə, çıxış yolu yoxdur, hərçənd,
istəyənə giriş qapısı tərsinə də
açılır. Orda gələni
“Sağlığımızda bir-birimizi itirməyək!”
sözləri ilə qarsalayır, gedəni “Çalış,
o tərəfdə Şərəfin əlindən
alınmamış öl” deyə birdəfəlik yola
salırlar. Yox-yox, bunu həyatdan gizlənənlərin, ya
küskünlərin dairəsi kimi başa düşməyin.
Nə küskünlük? Hələ içlərinin, bəlkə,
ən zəifi mənəm, taleyimdən şikayətçi
deyiləm. Məktəbimizin “gözü”
sayılmışam, olimpiadalarda, teleyarışlarda birinci
olmuşam! Uşaqlıqdan, 8 yaşımdan mətbuatda
yazılarım dərc edilib! Futbolda yeniyetmələr
üzrə milli komandaya qədər gedib
çıxmışam! Ölkənin 1 nömrəli ali məktəbində
təhsil almışam. 28 yaşında Azərbaycanın tanınmış
və cəsur jurnalistlərindən sayılmışam,
düzdür, sevməyənlər və cəzalandıranlar
da olub, amma sevənlərin və qoruyanların təmasını
qat-qat artıq hiss etmişəm. Tələbələr
nəşriyyatın qabağında qarşılayıb evə
qədər ötürürdülər. 32 yaşımda
jurnalist-məmur karyerasının zirvəsinə də
qalxmışam: tanış olduğum gündən izi ilə
getdiyim Nəcəf Nəcəfovdan sonra prezidentin mətbuat
katibi olmuşam. Cəmi 7 ay işləmişəm. Ancaq
o dövrün redaktorları həmin 7 ayı unutmayıblar yəqin,
hər halda, sonrakı onilliklərlə çox müqayisəsini
aparıblar. 35 yaşımda jurnalistlər birliyinin sədri
seçilmişəm, 38-də ölkədə ilk Mətbuat
Klubu yaratmışam. Sonra Söz Azadlığını
Müdafiə Fondu… “Media açarı”… Mətbuat
Şurası… Kitablarım, ssenarilərim, məqalələrim…
Bunları tərif üçün söyləmirəm, yəni,
demək istəyirəm ki, özümürealizə ilə
bağlı heç vaxt problemim olmayıb. Nəyə macal
tapmamışamsa, ümid edirəm, Tanrım belinə
doladığı zaman kəndirindən bir az da açıb
uzadar, ucundan tutub yarımçıqlarımı tamamlayaram.
Amma can
atdığım elə bu idimi? Buna görəmi
“ulduzlara barmaq silkib, daş atırdıq?” Yox, biz yaşadığımız ölkədə
istədiyimiz cəmiyyəti qura bilmədik, gücümüz
yalnız özümüzə çevrə yaradıb ona Ləyaqətdən
divar hörməyə çatdı. Düzdür, hələ
danışmağa dilimiz, deməyə sözümüz var.
Ancaq danışanın hər tərəfdən üstünə
gəlirlər: “Sizin sözünüz lazım deyil, bizim
sözümüzü deyin, onda mikrofonu açarıq!” Bu isə, bilirsinizmi, nəyə oxşayır?
Uzun zaman həsrətində olduğun sevgilinlə
həbsxanada bir gecəlik görüş verələr və
yanına da şorgöz nəzarətçilər
yığalar.
Məyusluq
Çox təlatümlərdən keçmişəm,
çətin vəziyyətlərə düşmüşəm. Kütləvi
psixozlar, müharibələr, çevrilişlər, ümidlərin
gerçəkliklə döyüşdə qəhrəmancasına
şəhid olması səhnələri görmüşəm.
Amma həyatımda ən böyük sarsıntını
2003-cü il seçkilərinin səhəri
günü, oktyabrın 16-da yaşamışam. O günü
yadımdan çıxarmaram: mən kütlənin içində,
bir tərəfdən, baxışlarından qəzəb
yağan müxalifətçilərin, digər tərəfdən,
qalxanlı-dəbilqəli hökumət qoşunlarının
arasında dayanmışam. Qan vaxtından əvvəl
ağarmış saçlarımdan yanaqlarıma
süzülür, pencəyimin boynuna axır, ağ-appaq
köynəyimin yaxasına damçılayır, Heç
başımı kim
yardığını da bilmirəm: mitinqcilərmi daşla
vurublar, polislərmi dəyənəklə
parçalayıblar? Ağrı hiss etmirəm,
qışqırmaq istəyirəm: “İnsanlar, siz vəhşisiniz?”
Amma burada heç kəs heç kəsi
eşitmir. Ara yollarla Mətbuat Klubuna
qayıdıram, stul götürüb pəncərənin
qabağında otururam. Qaş qaralır.
İşçilərim arxamda
yığışıblar, dalğası Azadlıq
meydanından xeyli aralı olan küçəmizə
çatmış döyüşün səhnələrini
izləyirlər. Cavan, köynəyi
cırıq bir oğlanın dalınca qaçan polisin
ayağı öz qalxanına ilişib yıxılır –
onlar sevinclə bağırışırlar. Uzaqda
“OMON”çular asfalta sərdikləri qadını təpikləyirlər
– “mənimkilər” inildəşirlər, mitinqçi dəstələrdən
biri hücuma keçib polisləri qaçmağa məcbur edəndə
isə qıyya çəkirlər…
Birdən
özümü saxlaya bilməyib, stuldan sıçrayıram
və ömrümdə ilk dəfə işçilərimin
üstünə qışqırıram:
– Çəkilin
pəncərədən. Nə səs-səsə
vermisiniz? Susun hamınız! Görmürsünüz,
dünya dağılır? Başa
düşmürsünüz ki, sabah biz
artıq başqa ölkədə oyanacağıq?!
Sabahı mən televiziyalarda və qəzetlərdə
16 oktyabr hadisələri haqqında materialları izləyəndən
sonra “Azərbaycan jurnalistikasına elegiya” adlı məqaləmi
yazdım. Və
bu gün – 17 il sonra o məqalədə dəyişəcəyim
yeganə söz varsa, o da “elegiya”dır: gərək “rekviyem”
yazaydım.
Müdriklik
Dünyanın ən böyük müdrikləri deyirlər
ki, nə qədər çox öyrənirsənsə, bir o
qədər çox sualın yaranır. Maraqlıdır,
insan həyatı boyu nə qədər sual verir? Hm, bu özü bir sual oldu axı. Görəsən, kimsə təxmini də olsa
sayıbmı? Bəs, verdiyin sualların
neçəsinə cavab tapa bilirsən? Şəxsən
mən ən azı bir sualın cavabını almamış
köçümü bu dünyadan çəkmək istəmirəm.
Bir dəfə anam qutaba
çağırmışdı. Çoxdan olub, indi
özünə qutab bişirən lazımdır. Boşqabı doldurub qabağıma qoydu. O biri
boşqaba qutab yığıb, üstünü dəsmalla
örtdü: “İndi gəlirəm”, dedi. Qayıdanda
soruşdum, hara apardın?
–
Qonşuya verdim, iki uşağı var. Əri dolandıra bilmədi,
başını götürüb Rusiyaya getdi. Əvvəl
puldan-paradan göndərirdi, xeyli vaxtdır xəbər yoxdur.
Arvad iki yerdə süpürgəçi işləyir,
çatdırammır, yazıq. Xəstə
qızı var. Sosial yardım da ala bilmir. Dediyinə
görə, rüşvət istəyirlər, verməyə
yoxudur. Olsaydı, balalarının
boğazına verərdi. O sahədə
tanışın-zadın yoxdur? Bəlkə
köməyin dəydi?
– Ana, mən
Allahın yerinə olsaydım, bilirsən, neyləyərdim?
– Əstəğfurullah de, a bala, ağzın əyilər.
– Əstəğfurullah. Ancaq ana, O-nun yerınə
olsaydım, mən bütün acların qarnını
doyurardım, xəstələri sağaldardım, müharibələrə
son qoyardım, dərdlilərin göz yaşlarını silərdim,
rüşvətxorların əlinə, şər-şəbədə
söyləyənlərin dilinə köz basardım, hər
yerdə haqq-ədalət yaradardım, sənə də uzun,
sağlam bir ömür bəxş edərdim.
Anam eynəyinin
üstündən mənə baxdı:
–
Oğul, bəs, sən heç fikirləşmirsənmi ki, O
özü bunları niyə eləmir?
Niyə eləmir? Bax, bu sualın cavabını
axtarıram. Mollalar inandırırlar ki,
guya insanları sınağa çəkir, imtahan edir. Nəyimizi
imtahan edəcək: öz əli ilə palçıqdan
yaratdıqları deyilikmi? Yaratdıqlarının əməllərini
görüb, dəhşətə gələndən sonra
özü fəryad eləməyibmi ki, “şeytan… cinlərdən
də olur, insanlardan da”! Və əgər bir
sözü ilə yer üzündə ədalət qura bilirsə,
nəyi gözləyir, yaxşını yamanın, haqqı
nahaqqın, vicdanlını imansızın ayağına
verir, onun meydanında tamahın, riyakarlığın,
satqınlığın at çapmasına dözür?
Mənə bəzən elə gəlir ki, O sadəcə,
bizi müşahidə edir, üzərimizdə eksperiment
aparır. O-nun başqa dünyaları, bu
dünyalarda başqa insanları da var. Oralarda isə başqa
eksperimentlər gedir. Vaxtı çatanda
bizi görüşdürəcək. Bəlkə,
döyüşdürəcək, hərçənd, buna zəhmət
çəkmək də lazım deyil, qovğaya həmişə
hazırıq.
Axı
yalnız O-nun yaratdığı ədalət gözəl ola, rahatlıq gətirə bilər.
İnsanların nail olduqları ədalət çox vaxt
özləri kimi eybəcər alınır, yeni
haqsızlıqların başlanğıcını qoyur. Bizə elə gəlir ki, O-nun adını
şüar edib, öz əlimizlə qurmaq istədiyimiz ədalət
qarşımıza çıxanda, xoş ətirli, göz
oxşayan, bakirə qıza bənzəyəcək. İşi sona çatdıranda isə
görürük ki, bizim ədalətimiz ağzından qan,
köynəyindən tər, şalvarından sidik iyi gələn,
zorlanmış bir qocadır. Qəzzafi
kimi. Ya da qoca qiyafəsinə girib,
özü bizi zorlamağa gəlmiş yalançı
xilaskardır.
Ömür
yolunun başlanğıcında adama elə gəlir ki, həyatı
başqalarınınkından fərqlənəcək,
mütləq yaxşılığa doğru fərqlənəcək:
sənin qələmin korşalmayacaq, səni düşmənlərin
üstələməyəcək, sənin dostların
dönük çıxmayacaq, səni övladların incitməyəcək,
sən yalqız qalmayacaqsan, sənin sevgin heç vaxt tükənməyəcək
və gözlərini də səni sevən insanların əhatəsində
yumacaqsan. Sonda isə tənhalıqda, əlin
ağrılı ürəyinin üstündə
ötüb-keçənləri yada salacaq, hər şeyin
nisbi olduğunu düşünəcək və
öz-özünə təskinlik verəcəksən: “Nə
olursa-olsun, mən xoşbəxt həyat yaşamışam”.
Hər
şey doğrudan nisbidir! Bir jurnalda oxumuşam
ki, bu gün Londonda avtomobillərin orta hərəkət
sürəti saatda 12 kilometrdir. Düz yüz il bundan əvvəlki kimi. Bu da sənə bir əsrlik
tərəqqinin nəticəsi!
Hər
şey nisbidir! Dünyanın ən
hündür zirvəsi ilə ən dərin çökəkliyi
arasındakı məsafə cəmi 20 kilometrdir. Hətta tısbağa yerişli London taksisində bu
yolu uzağı iki saata keçmək mümkündür.
Amma hələ ki yer üzünə həmin 20
kilometri qət etməyə – dünyanın dibinə enib,
sonra damına qalxmağa qadir olan bir insan gəlməyib.
Gəlməyəcək də. Çünki bu 20 kilometr əslində yerdən
günəşə qədər olan məsafədən
uzundur.
Hətta
sevgi də nisbidir, hətta ağrı da! İnsanlar
yaxından tanıdıqları bir adamın
ağrısına həddən artıq həssas yanaşa,
tanımadıqları bütöv bir xalqın dərdinə
tam biganə qala bilərlər. Mən bunu
Fransada Lara Fabianın konsertində başa düşdüm.
Biz Nimə insan haqlarına həsr olunmuş konfransa
gəlmişdik. İştirakçılara
Fabianın konsertinə meriyanın pulsuz biletləri
paylanmışdı. Sevgilisi, 24
yaşlı müğənni Qreqori Lemarşal nadir xəstəlikdən
öləndən sonra o, ilk dəfə səhnəyə
çıxırdı. Alqışlar kəsən
kimi məşhur “Mən səni sevirəm”
mahnısının akkordları səsləndi. Lara susurdu, ağzını açıb bu sözləri
deməyə özündə güc tapa bilmirdi. Nəhayət, şaşırmış
musiqiçilər də dayandılar. Onda
bütün zal Laranın yerinə oxumağa başladı.
Adamlar “Mən səni sevirəm” əvəzinə,
“Biz səni sevirik” deyirdilər. Bu, o qədər
gözəl, o qədər həyəcanlı anlar idi ki, Lara
dözmədi, gözlərindən yaş axdı. Zal da ağlayırdı. Mənim
yanımda hönkürən isə Fransanın beyin mərkəzlərindən
birinin rəhbəri, konfransın bugünkü
sessiyasının sədriydi. Günorta həmkarım
Azərbaycanda Xocalı faciəsinin qurbanları barədə
danışanda, onun çıxışını kəsib
“təbliğat” adlandırmışdı. Bu faciədə isə yüzlərlə gəncin
sevgi tarixçəsinə bir gecədə son qoyulmuşdu.
Və bunu xəstəlik eləməmişdi,
bunu insanlar eləmişdilər.
İnsana həyatda rahatlıq üçün nə
lazımdır? Əlbəttə, can
sağlığı. Amma bir yerin
ağrımayınca, qədrini bilməzsən. Bəs, sonra? Dünyadan layiq
olduqlarını ala bilməyənlər iddia edəcəklər
ki, mənəvi saflıq və vicdan təmizliyi. Elə deyil. Nə rahatlıq?
Vicdan təmizliyi qədər əzab və məhrumiyyətlər
hesabına başa gələn heç nə yoxdur. Daha sonra? Dünyadan layiq
olmadıqlarını da artıqlaması ilə alanlar birmənalı
söyləyəcəklər ki, pul və vəzifə.
Pula etirazım yoxdur, bir şərtlə ki, onun
yolunda sağlamlığını da, mənəviyyatını
da əldən verməyəsən. Həm
də varına-vəzifəsinə sığınıb
rahatlıq tapanları ən primitiv varlıqlar hesab edirəm.
Yuxu! İnsana həyatda əsl rahatlıq gətirən
yeganə şey yuxudur.
Yuxu
28
yaşımda 60 yaşlı Mustafa kişi
haqqında yazmışdım ki, mən qocalara vurğunam.
Qocalara ha! 60 yaşında ha! Yazmışdım ki, “tərcümeyi-hala
çevrilmiş” qırış-qırış sifətlərdən,
qıyıq gözlərin yumşaq və ironik
baxışlarından xoşum gəlir; zamanın və
tütünün hisindən saralmış çal
bığları, qurumuş şabalıd yarpağına bənzər
əlləri sığallamağı sevirəm. Bunları yazanda özümü təsvir etməyə
çalışmışdım.
Hələ o vaxt düşünürdüm ki, qoca
adamın həyatı üçün yuxuda ölməkdən
gözəl sonluq yoxdur.
…Qadın
gecə saat 3-də telefon kitabçasının ərinin nəyinə
lazım olduğunu soruşmadı. Həm də
ki, telefon dünəndən xarab idi. Amma Mustafa kişi özü deməsə, qadın
heç vaxt ona artıq sual verməzdi.
–
Çox sağ ol, Maral, di get yat, dincəl
bir az. Mən də yatım. Qorxma,
ağrılarım çəkilib, özümü
yaxşı hiss edirəm.
O,
qadının ağ saçlarını
sığalladı, kitabça uzadan əlindən
öpdü. Qadının əti ürpəşdi.
Ərinin baxışlarında qayğı
qarışıq, istəmədən verdiyi əzablara görə
bir günah hissi də oxunurdu.
Qadın bir saatdan artıq yatmamışdı ki, elə
bil kimsə onu çağırıb oyatdı. Ərinin
otağında işıq yanırdı.
Nə qorxu, nə qışqırıq var idi. Telefon
kitabçası çarpayının yanındakı kətilin
üstünə qoyulmuşdu. Qadın onu
qapıb küçəyə qaçdı. Uşaqlara xəbər etmək lazım idi. Hərəsi
bir yerə dağılmışdı: böyüyü
Bakıda, ikincisi Moskvada, üçüncüsü
Vilnüsdə, sonbeşik Klaypedada yaşayırdı.
Poçt küçənin qarşı tərəfində
yerləşirdi. Qadın ayaqlarının altında yeri hiss etmirdi. Ağlamırdı. Yeganə hiss etdiyi şey
içində və ətrafında uğuldayan boşluq idi. Sanki böyük bir şarı doldurub havaya
buraxmışdın.
Poçtun binasına girəndə qadının birdən
yadına düşdü ki, pul kisəsi paltosunun cibində
qalıb, paltonu isə geyməyi unudub. O, dabanı üstə
fırlanıb bayıra atılmaq istədi, amma ayağı
sürüşdü. Qadın yıxıldı, telefon
kitabçası əlindən çıxıb havada qövs
cızdı və vərəqlərin arasından daş
döşəməyə göydə rəqs edə-edə
bir şax 25-lik düşdü…
Qadın daha göz yaşlarını saxlaya
bilmədi…
Arif Əliyev
Ədalət.-2020.- 1 sentyabr.- S.1;4.