“Xaqani” poeması – böyük
ustad haqqında qiymətli əsər nümunəsi
Onu tanıyandan Xaqanini nə qədər
çox sevdiyini yaxşı bilirdim. Xaqanidən birnəfəsə
dediyi şeirlər, bəhs etdiyi mətləblər bu sevginin
həm də bir dirçəyə dayandığını
göstərirdi. Axı Xaqani, doğrudan da, təkcə
Azərbaycanın deyil, ümumən Şərqin ən
qüdrətli və böyük dühalarından biri idi: o,
qəsidə ustadı idi, ilk poema müəllifi idi, intibah
dövrünün simalarından idi, üsyankar və
mübariz şair idi və s. və i. Özünü ədəbiyyatın,
şeir və sənətin Günəşi, Xaqanı deyə
öyməsi bəlkə də sövqi-təbii idi.
Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndəsi
Asim Yadigar da məhz bu və digər səbəblərdən
qüdrətli söz ustadına məhəbbət bəsləyirdi.
Onun həyatını, obrazını canlandıracaq bir poema
üzərində də işlədiyini bilirdim. Və bir
gün əl boyda üzü yaşıl cildli bir kitab
uzatdı mənə. Baxdım, "Xaqani” idi. Uzun illərdən
sonra, 2010-cu ilin yanvar ayından başlayaraq üzərində
yorulmadan işlədiyi poemasını tamamlamışdı.
Mən də əsərin ilk hədiyyə edilən
adamlarından biri olmağın qürurunu
yaşayırdım. Nəzərdə tutdum ki, haqqında
yazım. Neçə illərin zəhməti, yuxusuz gecələri,
fikir, misra, qafiyə qovhaqovu... Heç olmasa bu zəhmətin
bəhrəsindən yazmalıydım...
Ümumiyyətlə, müəllif
Asim Yadigarın müxtəlif mövzulara həsr edilən
"Qisas qiyamətə qalmaz”, "Əgrək və Səgrək”,
"Sarı gəlinlər”, "Tacmahal”, "Bir gecənin
ağrısı”, "Kalba Musa çeşməsi”,
"Talesizlər”, "Kədərə heykəl”, "Mənə
söz verin”, "Bahar”, "Oğul dağı”, "İpar
Sultan” kimi poemaları var. Bu poemalar Naxçıvan ədəbi
mühitində poema janrının zənginləşməsi
və inkişafı istiqamətində uğurlu addımlardan
hesab olunur. Adıgedən "Xaqani” poemasını da 2019-cu
ildə tamamlayıb müəllif. 2020-ci ildə
Naxçıvanın "Əcəmi” Nəşriyyat-Poliqrafiya
Birliyində çap edilib.
Proloq, on üç fəsil və epiloqdan ibarətdir
əsər. Poemanın hər bir bölməsi,
hissəsi böyük ustad Xaqaninin sözlərindən
epiqrafla başlayır. Əsərin proloq hissəsində
böyük Azərbaycan şairi, "şeriyyətin
bayraqdarı”, qəsidə ustadı, söz dühası
Xaqaninin ictimai məzmun və humanist səciyyə verilmiş
misralarından axan kədər, təəssüf hissləri
dərhal diqqəti cəlb edir:
Sözümdən qəm süzülür
ağlayan kamanımdır,
Özüm də bir kamanam,
sızlayan zamanımdır.
Pənbə-pənbə ucalan
o ağ buludlar ki var,
Göy üzünü bürüyən
ahımdı, amanımdır...
Müəllif bu sözləri Xaqaninin dilidən
verməklə onu dövrünün, zamanının kədər
və qayğı aynası olmasını ümumiləşdirməyə
çalışır. Bu həm də bir
şairlə dövranının cəngi-cadalı (Nizami Cəfərov
demiş), ziddiyyəti, qarşıdurması kimi də maraq
oyadır, oxucunun əsərə nüfuzuna zəmin
hazırlayan və ilk təəssürat oyadan "bir stilistik
manera” (N.Cəfərov) rolunu oynayır. Çünki ədəbiyyat
tariximizdə də deyildiyi kimi, bu böyük ustad
öz yaradıcılığında dövranının
ictimai-siyasi məzmununu əks etdirməyə qabil olan ilk
şeir-sənət dahisi idi. "Nizamiyə qədər ədəbiyyata
güclü ictimai-humanist məzmun və yüksək sənətkarlıq
gətirmişdir” (X.Yusifli). O təkcə
dövrün problemlərini əks etdirmir, həm də bu
zülmə boyun əyməyən əzm, iradə və
zehniyyət nümunəsi olaraq misraları ilə
döyüşür, üsyan qaldırırdı. Müəllif
Asim Yadigar da proloqun sonuna doğru özünü Xaqani irsinin
davamçısı olması ilə qürur duyduğunu ifadə
edir, sanki ənənəvi poema janrının tələbi
kimi əsərinin yazılma səbəbini göstərir.
Birinci fəsildən başlayaraq
on üçüncü fəsilə qədər əsər
Xaqaninin şəxsiyyəti, istedadı, şairlik qüdrəti,
yaşantıları, ömür yolu, tale və qisməti və
b. bütövlüklə özündə əhatə etməyə
çalışır. İstedadlı şairin
doğuluşundan başlamış əmisi Kafiəddin
Ömər ibn Osmanın onu tərbiyəsi,
verdiyi təhsil, onun Əbül Üla ilə
tanışlığı və ona şagirdlik etməsi,
şairin Şirvanşahlar sarayına düşməsi,
istedadının parlaması, sarayda
qarşılaşdığı problemlər, Şirvanşah
Mənuçöhr və oğlu Axsitanın şairə olan
münasibəti, gördüyü mükafatlar və acılar,
həbslərdəki əhvalı, yaşam
çırpıntıları, qayğıları,
hamısı ümumiləşdirilməyə
çalışılmış və şairin çox
canlı bir obrazı yaradılmışdır.
Doğrudur, əsərdə
oxucunun əvvəlcədən haqqında müəyyən təəssüratı
yaranmış söz ustadı Xaqaninin bir xarakter, qüdrətli
söz ustadı kimi həyatı və taleyinin təfərrüatları
əks olunmayıb. Əlbəttə, bu, müəllif Asim
Yadigarın qəlbən sevdiyi, ürəkdən
bağlandığı bir şairin şəxsi təxəyyülünün
işığında canlandırdığı
obrazının yaradılması ilə əlaqədardır.
Poemanın canlandırdığı Xaqani böyük söz
kəhkəşanında Günəş kimi parlayan,
ildırım kimi çaxan, tufan olub dünya ilə,
dövran ilə, gedişat ilə cəngi-cədələ
çıxan bir söz dühasını, xarakteri, obrazı əks
etdirir. Oxucu poemada zülmlə mübarizəyə
qalxmış nəhəng bir söz adamının həyatı
və taleyi ilə tanış olur. Bu taleyin
işığında konkret bir dövr, ictimai-siyasi mühit, ədəbi
inkişaf, mədəni vəziyyət təzahürünü
tapıb. Xaqaninin söz dühası və nəhəngliyini
daha qabarıq təqdim etmək, onun mübarizliyi və qətiyyətini
göstərmək üçün müəllif Xaqani kimi
söz sənətkarını əzməyə çalışan,
onu tez-tez cəzalandıran, ona kədər, acı verən,
zülm edən saray mühitini təqdim edir. Buna görə
də üçüncü fəsildən başlayaraq
zalım və ədalətsiz saray mühiti ilə Xaqaninin qətiyyətli
mübarizəsi öz əksini tapır. Xaqani Şirvanşah
Mənuçöhrdən, onun oğlu Axsitandan
gördüyü zülmü sakitcə qarşılamır, əksinə,
bir şairin göstərə biləcəyi və
aparacağı mübarizə forması ilə tam qətiyyət
və mübarizə nümunəsi ortaya qoyur. Buna
görə də əsər boyu oxucu zülmə və
zalıma qarşı od püskürən, qəzəb
yağdıran üsyankar şair ruhunu – zülmə boyun əymək
istəməyən Xaqanini görə bilir. İctimai
düşüncə və ədəbiyyat tarixində daha
çox ictimai məzmunlu əsərləri, üsyankar ruhu və
qətiyyətli mübarizəsi ilə sevilən və
yadda qalan Xaqani Şirvanini poemada görmək mümkün
olur. O öz qətiyyətli mübarizəsi və üsyankar
təbilə "Yer Allahlarına” qarşı
etirazını bildirir, onların həddi bilinməyən
zülmünə və özbaşınalığına
üsyan edir. Xaqaninin doğma Şirvanı tərk edərək
ikinci vətəni Təbrizə getməsi də məhz bu
etiraz və üsyanın nəticəsi kimi ciddi məzmun kəsb
edir. Onun İraqa getməsi, Məkkə və Mədinəni
səyahət etməsi də zülmdən baş
götürüb getmək kimi dəyərləndirilə bilər.
Zülm evində qala bilməyəcəyini başa düşən
şair Təbrizə sığınır və burada öz
rahatlığını tapmağa çalışır.
Poemada müəllif böyük söz
ustadı Xaqaninin dövrün gənc istedadlarından olan
Nizami Gəncəvi ilə görüşünə xüsusi
əhəmiyyətlə yanaşıb. Tədqiqatçıların
fikirlərinə görə, 1159-cu ildə Gəncədə
ikən qızdırma xəstəliyinə tutulan və Gəncəli
Şəmsəddin Təbib tərəfindən müalicə
edilən Xaqani, ehtimal ki, onda 18-19 yaşlarında olan Nizami Gəncəvi
ilə də görüşmüş və onunla dostlaşmışdır.
Dövrün böyük söz ustadı Xaqani dünyadan
köç edən zaman Nizami də ona mərsiyə
yazmış, həmin mərsiyədən
aşağıdakı bir beyt yaddaşlarda
qalmışdır:
Hey deyirdim ki, mənə mərsiyə Xaqani
yazar,
Heyf, Xaqaniyə mən mərsiyə yazdım
axır.
Əlbəttə ki, poemada bəhsi keçən
bu fəsil xüsusi bədii məqsəd daşıyır.
Bu fəsildə dövrana, dövrün pozulan nizamına,
ictimai mühitin ədalətsizlik və
haqsızlıqlarına, zülm və işgəncələrinə
qarşı kəskin münasibət başlıca yerdə
dayanıb. Fikrimizcə, hər iki ictimai məzmunlu əsərlər
müəllifi və mübarizə ruhlu qüdrətli sənətkarların
dövrə tənqidi münasibətli söhbətinin verilməsi
həm də oxucuda intibah dövrünə diqqəti cəlb
etdirməkdir. Buna görə də müəllif bu iki
qüdrətli sənətkarın ehtimal olunan
görüşünə real hadisə olaraq yanaşır və
bununla öz bədii məqsədini həyata keçirir.
Xaqaninin gileyli tavrı, mühitdən
narazılığı, duyduğu ikrah dövrün gənc
istedadı olan Nizami ilə görüşündə ona verdiyi
öyüd-nəsihətdə də aparıcı yer
alıb. Müəllif müdrik Xaqaninin nəsihətlərində
də ağsaqqallıq ruhuna diqqəti çəkir,
saraylardan bezmiş Xaqaninin dilindən buradakı
gözqamaşdıran həyata qarşı bu
parıltıların altında yatan göz yaşı və
ah-nalələri təqdim edir:
Xaqani Nizamiyə
verib öyüd-nəsihət,
Dedi: - Saraya getmə, -
budur sənə məsləhət.
Saray udacaq sənin
bütün istedadını,
Saraydan uzaq eylə
sən öz ilham atını.
Yelqanadlı atının
cilovunu burax sən,
Onda bütün dünyanı
sözünlə fəth edərsən.
İlhamının yüyəni
yad əllərdə olmasın,
Təzə-tər güllərin qoy
saraylarda solmasın...
Müəllif Asim Yadigarın şair təbilə
deyilən bu sözlər Xaqani irsinin didaktik əhəmiyyəti
olaraq xüsusi qabardılaraq bütün zamanlar
üçün əhəmiyyət qazanır. Sanki
bu fikir ümumiləşdirilir ki, hansı dövr olursa-olsun,
şair xalqın sevdiyi, inandığı və örnək
hesab etdiyi ziyalı-şəxsiyyət olmaqla öz ədalətini
və ləyaqətini hər zaman qorumağı bacarmalı,
heç bir qayğı və köməyə öz
istedadı və sözünü qul etməmələdir.
Gözükölgəli və sözüəyri şair təkcə
özünə və xalqına deyil, tarixə və
insanlığa üz qarası olaraq böyük günah
yazılmış olur. Buna görə də poemada
dövrünün söz mülkünün Xaqanı olaraq
tanınann şair Xaqani Şirvani Nizami Gəncəviyə:
Bağlandı
əlim-qolum,
sarayda
yesir oldum,
Azadlıq
sevsəm də mən,
axırda
əsir oldum –
deyə
öz yanlışlarının etirafını bildirmiş
olur.
Poemanın
bu mühüm görüşdən bəhs edən hissəsi
VI fəsil olaraq keçir və Xaqaninin öz misrasından
epiqrafla başlayır:
Şahdan
tərif tacını istəmirəm geri mən,
O verdiyi
çörəyi geri istəyir nədən?
Bu maraqlı beyt özündə "şah mənə
verdiyi çörəyi geri istəyirsə, bəs mənim
ona xidmətim nə idi?” kimi məzmun kəsb edən bir
sualı ictimai düşüncəyə tuşlayır. 258 misralıq
və demək olar ki, poemanın həcmcə ən
böyük hissələrindən biri olan bu fəsildə
ictimai məzmun, xüsusilə bütün zamanlar
üçün aktuallığını və əhəmiyyətini
qoruyan ictimai-siyasi məzmunlu didaktika, öyüd-nəsihət
qabarıq təqim edilmişdir. Müəllif
A.Yadigar bu fəslə Nizami Gəncəvinin "Leyli və Məcnun”
poemasından olan ayrı-ayrılıqda 16 misrasını da
orijinaldan daxil etmişdir. Bu misralarda da
Nizaminin saraylara olan nifrəti və şairlik
üçün azadə fəaliyyət amalı diqqət kəsb
etmişdir. Hətta fikrimizcə, bu
misraları da müəllif Asim Yadigarın şəxsi qənaətinin
məhsulu olaraq Xaqaninin dilindən deyildiyini və çox əhəmiyyətli
əxlaqi-mənəvi məziyyət kəsb etdiyini deyə
bilərik. Bu o misralardır ki, söz ustadı Xaqani
vaxtilə Xaqana mənsub olması ilə öyünərək
hökmdarlara durmadan mədhiyyələr yazmış və
indi sarayların iç üzünü, hökmdarların və
siyasətin ikiüzlülüyünü, zülmünü və
zalımlığını görərək əvvəlki
sözlərindən dərin təəssüf və xəcalət
hiss etdiyini etiraf edir:
Mən
ibrət güzgüsüyəm
yüz-yüz şairə bu gün,
Xəcalətli
qalmışam
yazdığım sözlər üçün.
Bir
üsyankar şair yox
dünyada mənim kimi,
Söylə,
necə danım mən
yazdığım sözlərimi?!
İki
Xaqani yatır
bu
gün qəlbimdə mənim,
Onlar
bir-birinə
qənim
kəsilib, qənim.
Bir Xaqani
bəyənmir
o biri
Xaqanini,
Çox
gözəl anladın sən,
yəqin,
Nizami, məni.
Müəyyən mənada bu sözlər yalnızca
Nizamiyə deyil, onun timsalında bütün oxuculara və
bütün zamanların ziyalılarına hədəflənir. Müəllif
o fikri ifadə etməyə çalışır ki,
şairin dövrünün söz aynası, ədalət və
haqq carçısı olması üçün onun
könlü, gözü tox olması vacibdir və xidmət
etdiyi hər hansı ictimai qüvvə şairin
gözünü kölgəli, fikirlərini dolaşıq etməməlidir.
Buna görə də Xaqani kimi söz
ustadının ziddiyyətli obrazının yaranmasına da əsl
səbəb onun xeyli müddət saraylarda
yaşayıb-yaratması, ədaləti, haqqı məhz bu
çərçivədən görməsi ilə
bağlı olmuşdur. Sonradan –
özü zülmə, sitəmə, haqsızlığa məruz
qaldıqdan sonra şair anlaya bilmişdir ki, o, əsərlərində
uzun müddət zalımı tərifləmiş,
zülmkarın mərhəmətindən,
talançının səxavətindən bəhs etmiş,
qan udduran qüvvəni xeyir, mərhəmət sahibi kimi mədh
etmişdir. Bu mənada müəllif Asim Yadigar əsərdə
çox sevdiyi və hörmət duyduğu Xaqani Şirvanini
idealizə etmir, bəlkə də daha çox ictimai-ədəbi
düşüncədə onun haqqındakı mövcud
ziddiyyətli düşüncənin məzmunundan irəli gələrək
onu bir şəxsiyyət olaraq izah etməyə, bütün
ziddiyyətləri ilə ortaya qoymağa,
yanlışı-doğrusu ilə və əlbəttə,
yalnışlarını səbəblərilə təqdim
etməyə çalışır. Müəllif müəyyən
məqamda Xaqaninin sonralar nifrət və qəzəb
duyduğu saraylara mədhiyyəçilik etməsini onun gənclik
ehtirası və şöhrət həvəsilə
bağlayırsa, əslində zalım olanın müəyyən
vaxt mərhəmətli olduğuna inanması ilə əlaqələndirirsə,
sonralar şairin bu mədhiyyəçiliyinin zülmə,
zalıma tabe olması, boyun əyməsilə əlaqələndirərək
şair haqqında gerçək, inandırıcı bir
obraz, təəssürat yaratmaq istəyir:
Zəmanə
mum eylədi,
əydi
çox üsyankarı,
Xaqani bir
də gördü,
ömür olubdu yarı.
Təriflər
yağdırmışdı
Mənuçöhrə
bir zaman,
İndi də
Axsitanın
dövranıdır bu dövran.
Əyilməyən
poladı
sındırırlar bir anda,
Gör nə
qədər dik başlar
əyildi
bu zamanada.
Əyilməyən
başları
vurur əyri
qilinclar,
Yırtır
sirr pərdəsini
laltək
susan dörd divar.
...Kimə
tərif söyləsən
ünvanına gec çatar,
Amma bir
pis bir söz desən,
yeldən
də qanadı var.
Bir
sözünün üstünə
yüzün qoyub deyərlər,
Kəmfürsətlər
hər yerdə
düz
işini əyərlər.
Dikbaşlığın
nə verdi
zəmanədə, de, sənə,
Budur,
yerin zindandır,
günün ah-vaydır yenə...
Poemada keçən bu və bu kimi misralar, ümumiyyətlə,
Zaman və Şəxsiyyət, Şair və İctimai
mühit problemini daha çox qabardır. Bu cəhətdən
hər iki obyekti tənqid zamanı qarşılıqlı
münasibətlərə, real vəziyyətə nəzər
salmanın vacibliyini ehtiva etmiş olur. Bu misralar
həm də hər cür ziddiyyətli, mürəkkəb, hətta
qəddar ictimai şəraitə və onunla münasibətdə
olan insana – şəxsiyyətə obyektiv nəzər
salmağı təlqin edir. Poemanın bu tərzi bizi təkcə
Xaqani ilə zamanını deyil, ümumilləşdirmə
sayəsində Vaqifi və Zamanını, Hüseyn Cavid və
Zamanını, Səməd Vurğun və Zamanını və
b. kimi oppozisiyalar daxilində aydın qavrayışa,
düzgün ədəbi-ictimai təhlilə dəvət
etmiş olur. Bu oppozisiyalar daxilində oxucunu
dövrü qəddar və amansız olan bir şəraitdə
şairinə obyektiv baxmağa dəvət etdiyi kimi, şairi
yaltaq, qorxaq və mədhiyyəçi olan dövrə də
doğru yanaşmağı təlqin etmiş olur. Bu
baxımdan müəllif hər cür çalışır
ki, Xaqani haqqında oxucuda obyektiv, aydın, qərəzsiz təəssürat
yaranmış olsun: oxucu dövrü, zamanı da, onun
şairini, şəxsiyyətini də
qarşılıqlı münasibətdə necə varsa, o
cür qavraya bilsin. Bu mənada poemada ustad Xaqaninin "İstəmirəm
adımı çağırsınlar Xaqani, Mən yoxsullar
şairi Xəlqaniyəm, Xəlqani” misrası da özünəməxsus
dəyişimlə istifadə edilmişdir:
Deyirəm
daha məni
çağırmayın Xaqani,
Mən
yoxsullar şairi
Xəlqaniyəm,
Xəlqani!
Poemada Xaqaninin ömrünün sonlarına doğru daha əyilməz
və inadkarlaşmış xasiyyəti qabarıq şəkildə
təqdim edilir. Müəllif Xaqanini bütün
ağrı və acıların, kədər və
üzüntülərin, sınaq və yoxlamaların
qarşısında möhkəm iradəli, sınmaz xarakterli
olaraq təqdim edir. Şirvanşah Mənuçöhr
və oğlu Axsitandan küsən Xaqanini sarayı tərk
etdikdən sonra nə qədər israrla saraylara dəvət
etsələr də, o qəbul etmir və öz kasıb
daxmasında oturmağı hökmdara xidmətdən
üstün tutur. Poema müəllifi
Xaqaninin ətrafını bürüyən paxıl və
xainlərdən ibarət sədaqətsiz saray mühitini VII fəsildə
daha aydın əks etdirir. Çünki
üzdə Xaqana yaltaqlanıb onu mədh edənlər Xaqani təxəllüslü
bu istedadlı şairi Xaqanın gözündən salmaq və
ona düşmən etmək üçün hər cür əməldan
çıxırlar. Lakin məlum olur ki,
üzdə Xaqana mədh deyib onu öyənlər, şairi
ona xəyanətdə günahlandırıb gözündən
salmaq və cəzalandırmaq həvəsində olanlar
özləri Xaqana qarşı sui-qəsd marağında
olanlar, nifrət və xəyanətlərini gizlin-gizlin fəaliyyətə
çevirənlərdirlər. Buna görə
də bu qaranlıq işlərin üstü açılandan
və xainlərin gizlin planları ortaya çıxandan sonra
Xaqan Mənuçöhr onların özlərini cəzalandırır
və xəyanətin layiqli cəzasını verir.
Taleyin də Xaqaniyə qarşı
acımasızlığı əsərdə unudulmayıb. Giley-güzar,
şikayət və kədər dolu şeirlərinin təsiri
ilə müəllif şair Xaqaninin övladlarının
(oğlu və qızının) itkisindən doğan sonsuz
ata kədərini də bütün poetik qüvvətilə əks
etdirib. Lakin heç nə Xaqanini bir daha
saraya dönməyə vadar edə bilmir və öz kasıb
daxmasında şair Xaqani "yoxsullar şairi Xəlqani”
olaraq yaşayır və öz etibarını, hörmət
və nüfuzunu qoruyur. Bu baxımdan əsərdə
müəllif xüsusi həvəs və bədii zərurətlə
Xaqani Şirvaninin dalınca evinə gələn İsmətəddinlə
görüşünü də ayrıca fəsil daxilində
təqdim edib. Şairin həyatında
xüsusi yeri olan İsmətəddini və onunla
görüşünü öz poemasına daxil etmək
müəllif üçün əhəmiyyət kəsb
edirdi. Poemada Xaqani ilə İsmətəddinin
münasibətinə dair xüsusi və ya hər hansı bir
məlumat yer almayıb. Lakin, məlumdur
ki, bu, Şirvanşah Mənuçöhrün bacısı
İsmətəddindən bəhs edir. O İsmətəddin
ki, şairlə aralarında müəyyən məhəbbət
duyğuları keçib və şair "Eşq və məhəbbətdə
guşənişinlik və Mənuçöhrün
bacısı İsmətəddinin mədhi” adlı şeirini
məhz ona həsr edib. Poema müəllifi də
şair Xaqaninin həyatına enmək, onun saraydan duyduğu
nifrini daha qabarıq əks etdirmək üçün İsmətəddinlə
görüşü və şairin Şirvana
dönüşü üçün onun
yalvarışlarını daxil edib. Xaqani
hətta İsmətəddinin yalvarışlarına baxmayaraq
saraya dönməkdən imtina edir və saray şairi
olmağı birdəfəlik rədd etmiş olur. Müəllif bununla əslində Xaqaninin qəlbinin
dərinliyində və həyatının gizlinlərində
qalan eşq ağrısını belə aşaraq saraya getməməsi
nüansı ilə onun saraylara olan nifrətinin qüvvətini
təzahür etdirmək istəmişdir.
Poemanın epiloqu da maraqlı misralarla süslənib. Məşhur
"Şairlər qəbiristanlığı”ndan (Məqbərətüş-şüəaradan)
bəhs edən, burada onlarla Azərbaycanın söz
dühasının uyuduğunu bildirən poema müəllifi
vaxtilə "söz mülkünün şəhriyarı”
kimi böyük şöhrət qazanmış Xaqani
Şirvaninin də məzarının burada olduğunu və
bu müqəddəs məkanda uyuduğunu özünəməxsus
poetik vüsət və həssaslıqla ifadə edir.
"O, sözünün önündə diz
çökdürdü zamanı, Sözüylə Günəş
kimi gəzdi bütün cahanı. ...Şeirləri
Günəştək dünya gəzir, dolanır, Cahan onun
sözünün işığına boyanır”, – deyə
yazan Asim Yadigar bu kimi misraları ilə bir tərəfdən ədəbiyyat
tarixində Xaqaninin qazandığı hörmət və
etibardan bəhs edir, eyni zamanda özünün Xaqani kimi ustad
bir şairə olan sonsuz məhəbbət və
ehtiramını ifadə etmiş olur.
Ümumiyyətlə, poema xaqanişünaslıq
üçün xüsusi əhəmiyyəti olan bir əsər
olaraq dəyərləndirilə bilər. Xaqani haqqında geniş təfərrüata
yol vermədən onun sənətinin əsl məziyyəti və
qüdrətini poetik ifadəyə çevirən şair Asim
Yadigar sözü və şəxsiyyətilə zülm və
istibdad dolu geniş ictimai qüvvələrə, hakimlərə
və hakimiyyətə qarşı üsyankar etirazı və
mübarizə ruhu əxz edən qəzəbilə
döyüş açan mərdanə bir şairin
obrazını yaratmışdır. Bu davranış nə qədər
həyatı saray adamlarına mədhiyyələr yazmaqla keçən
bir şairin gerçək həyatına, tərcümeyi-halına
uyğun olmasa da, yanlışlarına nifrin və qəzəb
yağdırıb özünü arındıran, əsərlərinin
bir çoxunu ictimai eybəcərliklərə, zülmə,
şərə qarşı mübarizə və üsyana həsr
edən qüvvətli şairin əsl, yaddaqalan
simasını ortaya qoymuşdur. Məhz bu Xaqani
Xəlqanilik ruhunu özündə ehtiva edən, şairlik vəzifəsini
ləyaqətlə təmsil və əks etdirən bir şəxsiyyət,
söz ustadı, xalqın sevdiyi şəxs olaraq təzahür
tapır. Müəllif o Xaqaninin obrazını
yaradır ki, sözü hələ XII əsrdə hər cür
zülm və istibdada qarşı, azadlıq əleyhdarlarına
qarşı ildırım kimi çaxır, tufan kimi tozanaq
qoparır, zülmü, sitəmi, məhrumiyyət və məhkumiyyəti
ortadan qaldırmağa cəhd edirdi. Məhz bu
ictimai məzmunlu əsərlərin pafosunun üzərində
zamanın söz bayraqdarı, intibah qüdrəti, əsalət
ehtivası olan Nizami Gəncəvi irsi, Nizami sözünün
qüdrəti meydana gəlir.
Çox oxunaqlılıq və maraq kəsb edən əsər
XIII fəsil və Epiloqla bitirsə də, oxucunun qəlbində
tamamlanmayan bir əsər təəssüratı yaradır. Əsər elə
bir istedad və təblə, böyük həvəs və
cuşla yaradılıb ki, oxucu əsərin nə zaman
bitdiyinə təəccüb qalır və bu şirin,
oxunaqlı əsərdən ayrılmaq istəmir. Ümumiyyətlə, ədəbi fikirdə
özünə layiqli yer tutacaq bu poemaya müəllifin yenidən
qayıtmaq və onu zənginləşdirmək ehtiyacını
oxucuların maraq dairəsi və müraciətləri zərurət
yaradacaqdır. Əsər həm də
böyük bir insanın obrazını yaratmaq
baxımından da bütün dövrlər üçün
özünə əhəmiyyət qazanmaqla böyük maraq
və diqqət oyandırır. Poemanın
Azərbaycan ədəbiyyatı tarixində Xaqaniyə həsr
olunan əsərlər arasında qəti və xüsusi bir
yerə malik olduğunu da məmnuniyyətlə deyə bilərik.
Bu əsər bütün oxucu kütləsinin
maraq dairəsinə uyğun yazıldığından gələcəkdə
məktəblilər üçün də maraqlı bir əsər
olaraq oxudulacağına əminliyimizi bildirə bilərik.
Əsərə rəy yazan akademik Nizami Cəfərovun da bu
sözlərini həm əsər, həm də müəllif
haqqında ən yaxşı təhlil, şəffaf və
obyektiv münasibət olaraq qiymətləndirmək olar ki:
"...bu günə qədər xaqanişünaslıq
böyük şair-mütəfəkkiri Azərbaycan mədəni-ictimai
təfəkküründən nə qədər
mümkündürsə, o qədər uzaqlaşdırmaq
baxımından əlindən gələni əsirgəməmişdir.
Asim Yadigarın neçə illər üzərində
işlədiyi "Xaqani” poemasının ilk fəsillərini
oxuyanda, sözün açığı, məndə belə
bir təsəvvür yarandı ki, həmin
"uzaqlaşdırma” prosesi məlum inersiya ilə davam edir:
nə "Proloq”, nə birinci, nə ikinci, nə də
üçüncü fəsil məni açmadı... Niyə? Ona görə ki, müəllifin
...misraları nə qədər axıcı olsa da, belə
bir sual doğururdu ki, Xaqaninin dünya (və zaman) ilə bu
cür cəngi-cidalının bir səbəbi olmalı idi,
ya yox?... Dördüncü fəsildən
etibarən Xaqani tarixdən bizə məlum olan xarakteri, şəxsiyyəti
(və başlıcası, poema müəllifinin zəruri
ideya-estetik interpratasiyası) ilə görünməyə
başlayır. Və bu, o qədər
effektli görüntüdür ki, hətta belə bir təsəvvür
yaranır ki, ilk fəsillərdəki ümumi mülahizələr
hadisələrin sonrakı dramatizmi üçün hardasa
uğurlu üslubi hazırlıq, stilistik üslubi manera
imiş. Və bundan sonra elə bil orta əsrlərə
məxsus kamil bir mənzum xalq romanını dinləyirsən...”
(Cəfərov N. Asim Yadigarın "Xaqani” dastanı. //
A.Yadigar. Xaqani (poema). Naxçıvan:
Əcəmi NPB, 2020, 108 s., s. 3-5.) Əsərin digər rəyçisi
olan Əməkdar elm xadimi, professor
Hüseyn Həşimli də əsəri belə səciyyələndirir:
"...istedadlı şairimiz Asim Yadigarın "Xaqani”
poeması ustad sənətkarımızın taleyi, şəxsiyyəti,
ömür yolu, mübarizələri barədə dolğun təsəvvür
yaradan, onu oxucuların daha yaxından tanımasına kömək
göstərən, "kimdir Xaqani?” sualına poeziyanın
dili ilə cavab verən dəyərli, dolğun bir əsərdir”
(Həşimli H. Böyük ustadın adına layiq //
A.Yadigar. Xaqani (poema). Naxçıvan:
Əcəmi NPB, 2020, 108 s., s. 25.) Beləliklə,
poema Xaqani kimi söz ustadına həsr olunmuş bədii əsərlər
arasında bütün ədəbi-bədii məziyyətlərinə
görə ləyaqətlə təmsil olunur. Bu lirik-epik poemanın geniş oxucu kütləsinin
zövqünü oxşayacağına, maraq dairəsini
yaxşı mənada istila edəcəyinə tam əminlik
ifadə edə bilərik.
Ramiz QASIMOV
AMEA Naxçıvan
Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Ədalət.- 2020.- 3
sentyabr.- S.-5.