Mənim
tanıdığım Qələndər Xaçınçaylı
Mən həmişə
insanda üç cəhətə xüsusi
önəm vermişəm;
tərbiyəyə, istedada
və zəhmətə!
Bu üç element bir-birilə birləşəndə insan
kimliyindən asılı
olmayaraq, daha kamil və daha
müdrik təsir bağışlayır. Ən
azından ona görə ki, bu cür insanlarla
söhbət edəndə,
ünsiyyət yaradanda
onlardan yalnız müsbət enerji alırsan. Hiss edirsən ki, qarşındakı dünyanı
dərk edən və həyatın hər cür çətinliklərini görmüş,
ayların, illərin sınağından keçmiş
bir insandı, bir ziyalıdı...
Qələndər Xaçınçaylını 2000-ci illərin əvvəllərində
tanımışam. Onda
Sabunçu rayonunda məktəb direktoru işləyirdim. Mənim həmyerlim və yaxın dostum Məhəmmədəli Mustafa
məktəbimizdən yazı
hazlayırdı. Gördüm
ki, yanında da tanımadığım
bir adam var. Və o adam ilk baxışdan,
ilk ünsiyyətdən
özünə qarşı
məndə
bir isti münasibət yaratdı.
Məhəmmədəli müəllim
onu mənimlə tanış edərək dedi:
- Bu, bizim
qəzetin şöbə
müdiri, şair-publisist
Qələndər Xaçınçaylıdı.
Çox zəhmətkeş
və bacarıqlı
adamdı...
... Elə o vaxtdan Qələndər Xaçınçaylı ilə
tanışlığımız yarandı. Məktəbimizdən
dəfələrlə maraqlı,
bir-birinə bənzəməyən
reportajlar, məqalələr
hazırlayırdı. Və
yazdığı məqalələr
də pedaqoji kollektiv tərəfindən
hörmətlə qarşılandı.
Yazılardan hiss
olunurdu ki, o, pedaqoji işi yaxşı bilir, təhsillə bağlı
kifayət qədər
məlumata malikdir. Əlbəttə, hər bir jurnalistə qiymət verən onun oxucusudur. Biz də Qələndər
Xaçınçaylının hər bir məqaləsini,
hər bir yazısını çox
böyük diqqətlə
oxuyurduq.
Mən hər
gün “Ədalət”
qəzetini böyük
bir sevgiylə alıram, oxuyuram və oxuduqlarımı digər dostlarıma danışıram. Birincisi,
qəzetin təsisçisi
və baş məsləhətçisi, millət vəkili Aqil Abbas bizim tələbə
yoldaşımız olub.
O, ADU-nun (BDU) filologiya
fakültəsində hələ
tələbə olarkən
bizim hamımızın
yaxın dostu idi. Bəlkə də Aqil Abbasdan
çox ikinci dostu olan çətin
tapılar. Sözümün
canı odur ki, qəzeti oxuyanda Faiq Qismətoğlunun
bir yazısı gözümə dəydi:
“Dünyanın ən
əzabkeş adamı”.
Yazını oxuyan kimi Qələndərin ölüm xəbərini
bilib yerimdə donub qaldım. Çünki 10-15 gün bundan əvvəl mənə zəng eləmişdi ki, müəllim, eşitmişəm
yaş həddi ilə əlaqədar təqaüdə çıxmısan.
Nə vaxt vaxtın olsa, mənə de, gəlib sizdən “Həftə içi” qəzeti üçün
maraqlı bir portret oçerki yazacam. Onun səsi
indi də qulağımdan getmir. Və həmişə də məktəbimizə
gələndə mənimlə
öpüşər-görüşər
və deyərdi ki, “səni verənə şükür!”.
Hər yeni
kitabı çıxanda
mənimlə görüşərdi.
Və kitablarına aftoqraf yazıb hədiyyə verərdi. Qəribəydi ki, həmişə hara isə tələsirdi. Deyirdim oturaq bir stəkan
çay içək,
qayıdırdı ki,
müəllim, işim
başımdan aşır,
məni gözləyirlər,
yazını hazırlamalıyam,
redaktora verməliyəm, yoldaşım ağır xəstədi,
gedib onun üçün aptekdən
dərman almalıyam və dərmanı da aparmalıyam evə və sonra yenə qayıtmalıyam işə...
Onu da qeyd edim ki,
Qələndər Xaçınçaylı
ilə mənim aramda bir dostluq
yaranmışdı. Elə
ay olmazdı ki, mənə zəng eləməsin, əhvalımdan xəbər
tutmasın. Olduqca tərbiyəli, zəhmətkeş
və istedadlı adam idi. İnsan
ki, tərbiyəli oldu, zəhmətkeş oldu, o, Allah-Təalanın
verdiyi istedadı da cilalaya bilir,
axtarışlar aparır
və son nəticədə nə düşünürsə, onu
poeziyaya, şeirə çevirməyi bacarır.
Və Qələndər
də məhz belə yaradıcı insanlardan biri idi. Nə qədər
istedadlı idisə, nə qədər tərbiyəli idisə, nə qədər zəhmətkeş idisə,
bir o qədər də sadə adam idi. Görüşəndə
istəyirdi ki, ürəyini çıxarıb
sənə versin. Və bu xarakteri,
bu xasiyyəti, bu cəhətləri onu bizə sevdirən
əsas əlamətlər
idi.
Qələndər özü də
Azərbaycan Dövlət
Universitetini bitirmişdi
və universitetin müəllimləri ilə
bağlı çox maraqlı zarisovkalar, portret oçerklər qələmə alırdı.
Belə gözəl yazılardan birini də rəhmətlik sabiq millət vəkili, Azərbaycan Dövlət Universitetinin professoru, kafedra müdiri Şamil Qurbanova həsr eləmişdi. Qələndər Xaçınçaylı həmin portret oçerkində Şamil Qurbanovun Azərbaycanın
necə böyük ziyalısı olmasını,
xalq və millət tərəfindən
böyük məhəbbətlə
sevilməsini qeyri-adi bir formada və
səmimi qələmə
almışdı. Onun
Şamil müəllim
barəsində hazırladığı yazı tək
mənim deyil, həm də Şamil Qurbanovun doğmalarının və
əzizlərinin ürəyincə
olmuşdu. Çünki
Qələndər Xaçınçaylının
publisistikası və
poeziyası xalq yaradıcılığından bəhrələnmiş bir
bədii nümunədir.
Onun hansı
şeirini, hansı misrasını və hansı bəndini gözdən keçirirsən,
görürsən ki,
orda vətən məhəbbəti, insan sevgisi və Allaha olan ülvi
bir məhəbbət
var. Qələndər
Allahı çox sevməklə yanaşı,
həm də böyüyüb boya-başa
çatdığı Ağdamı,
böyük Azərbaycanı
çox istəyirdi.
O, bu vətənin, bu millətin və bu ölkənin
yolunda hər an döyüşməyə
və şəhid olmağa da hazır idi. Bayaq dedim, Qələndərin
şeirlərində vətənin
bütün gözəllikləri,
vətənin bütün
ağrı-acısı, dərdi-səri
əks olunub. Qələndər kədərdən
nə qədər çox yazırdısa, onun qəlbində və ürəyində böyük bir nikbinlik də var idi. Və
həmişə də
deyərdi ki, biz gec-tez Ağdama,
eləcə də digər işğal altında olan torpaqlarımıza dönəcəyik.
Mən bir
fikri də xüsusilə vurğulamaq
istəyirəm ki, yaxşı insanlar tək bir evdən,
bir ailədən, bir eldən getmir. Onlar sözün
həqiqi mənasında
böyük Azərbaycanın
kisəsindən gedir.
Bu yaxınlarda istedadlı şair Ramiz Məmmədzadənin
Qələndər Xaçınçaylı
ilə bağlı “Ağı” şeirini də oxudum. Və bir daha yəqin
etdim ki, Qələndərin dünyasını
dəyişməyi tək
məni kədərləndirmir,
Azərbaycan poeziyasında
sözü və yeri olan digər
insanları da kövrəldir. Ümumiyyətlə,
yaxşı insanlar, yaxı adamlar bu dünyada çox qala bilmirlər. Ən azından ona görə ki, yaxşı insanları, yaxşı adamları Allah-Təala da çox istədiyinə
görə, götürüb
aparır öz dərgahına. Və Qələndər Xaçınçaylı
da Allahın çox istədiyi bəndəsi idi ki, götürüb apardı öz yanına.
Qoy ruhu şad olsun,
məzarı da nurla dolsun! Və bir də şairlər, yazıçılar,
yaradıcı adamlar heç vaxt ölmürlər. Onlar öz
şeirlərində, öz
misralarında həmişə
yaşayır. Biz Qələndərin
şeirlərini oxuduqca
bu misralarda onun ürək döyüntüsü eşidəcək,
səsini duyacaq və yenidən onunla ünsiyyətdə olacağıq...
Səməndər
MƏMMƏDOV
AYB-nin
üzvü, Prezident təqaüdçüsü, şair-publisist
Ədalət.- 2020.- 3 sentyabr.- S.4.