Ruhlara  ehtiramla

 

 

 

Bu yazını başlamaq üçün təkcə içimdə deyil, elə iş otağımda da xeyli var-gəl etdim. Necə deyərlər, ipucu tapmaq müşkülə düşmüşdü. Üstəlik telefon zəngləri, gəlib-gedənlərin düşüncələrimə yaratdığı problemlər və bir də içimdəki narahatçılıq demək olar ki, toparlanmağa imkan vermirdi. Birdən diqqətim yarpaqları azacıq büzüşmüş dibçəkdəki "Ana ürəyi" çəkdi. Bu da elə bil qıfılın açarı oldu. Dilimdən yaddaşıma, yaddaşımdan ürəyimə... Və beləcə, bir də gördüm ki, başlamışam yazmağa. Özü də gizlincə, kimsənin duymadığı bir şəkildə. Çünki bu yazı ürəyimə yazılırdı...

 

Bir neçə günün söhbətidi. Trabzondan Əhməd qardaşım aramışdı. Söhbət əsnasında bildirdi ki, ürək doktorumun, yəni professor Mustafa Gökçənin anası haqqın rəmhətinə qovuşub. Mən doktorumun anasının rahatsız olduğunu elə onun özündən duymuşdum. O, bu barədə öz səhifəsində yazmışdı. Öyrənmişdim ki, rəhmətlik COVİD-19-a yoluxub. Və bir professorun, bir tibb uzmanının anası onun və digər doktorların çabalarına baxmayaraq, koronavirusdan xilas ola bilmədi...

 

Təbii ki, hər kəsə ana müqəddəsdir... hər kəsə anası üçün fərqli və özəl bir dünyadı. Bu mənada anasızlığı, atasızlığı yaşayanlar mənimlə razılaşarlar. Çünki təbii qanun olsa da, biz heç birimiz ana, ata, ümumiyyətlə, doğmalarımızın, sevdiklərimizin itkisiylə barışmırıq. Bunu zaman-zaman içimizdə ağrı kimi daşıyırıq. Xüsusilə duyğusal adamlar ana itkisindən çox üzülürlər. Mən doktorumla danışanda ona başsağlığı verməyə söz tapa bilmirəm. Çünki səsinin çalarları qətiyyətli, xəstəyə təsir etmək gücündə olan bu insanın uzaqdan da olsa necə kövrəldiyini, səsinin necə titrədiyini duymamaq mümkünsüz idi. Odur ki, birtəhər özümü ələ alıb, sözün gücünə söykənib dedim:

 

- Hocam, Cənnət anaların ayaqları altındadı! Analar həm də mələkdilər, övladlarını qoruyan mələkdi. Onlar ölmürlər, çünki mələklər ölümsüzdü. Onlar Tanrı dərgahındadılar... ordan övladlarını izləyirlər... onları hifz etməyə çalışırlar. Odur ki, siz ananızın ölümsüzlüyünə inanın və dualarınızı onun ruhu üçün edin. Mən də sizə qoşuluram və sizinlə bahəm paylaşıram.

 

Bəli, professor Mustafa Gökçənin hələ də qulaqlarımda qalan səsi mənə bir daha anlatdı ki, böyük Məmməd Araz "Ana itirmişəm ana yaşında" deyəndə haqlı imiş. Özü də bütünlüklə, sözün nöqtə vergülünə qədər haqlı imiş. Və kiminsə dünyasını dəyişən ana üçün rəhmətliyin yaşını soruşması bağışlanılmaz günahdır. Axı, anaların yaşı olmur!!!.

 

Hə, mən bu fikirləri sözə, yazıya köçürdükcə hardansa ağlıma bir qığılcım kimi işartı düşdü. O işartı içimi də, ruhumu da alışdırdı. Özüm də bilmədən başladım misraları pıçıldamağa. Yazdım ki:

 

 

 

 

 

Sızlayır az qala saçımın dəni

 

Elə bil bükülüb ağrı balınca...

 

Hər yerə ayağım çəkirdi məni -

 

İndi sürüyürəm onu dalımca...

 

 

 

 

 

Gözləyən, arayan yoxdu - bu bəlli

 

Xəyal da nalını itirib yolda...

 

Bircə şəkillərdi sözsüz təsəlli -

 

O da asılıbdı bu kirpik kolda...

 

 

 

 

 

Kədər də yorulub - biri bir qarış

 

Çıxıbdı ağzımdan nəfəsi çatmır...

 

Mənim içimdəki sonuncu yarış -

 

Sonuncu görüşə həvəsi çatmır...

 

 

 

 

 

Bu çöküş - dəvənin diz qatlaması

 

Filin məzarlığa üz tutmasıdı...

 

Bir aşiq ürəyin bu çatlaması -

 

Bir qızın sevgini unutmasıdı!..

 

 

 

 

 

***

 

 

 

Dibçəkdəki gülün torpağını yumuşalda-yumuşalda özümə təsəlli vermək istəyirəm. Barmaqlarımın ucundakı torpağın hənirini hiss edirəm. O istilik damarıma, qanıma işləyib. Bu məqamda nə vaxtsa yazdığım şeirin bir misrası ağlımın ucundan gəlib keçir. O şeirdə yazmışdım ki, torpaq çəkir adamı! İndi də hiss etdim bunu, özü də açıq-aşkar şəkildə. Hiss etdim ki, yerin üstündəki dostlarımın, güvəndiklərimin sayı azaldıqca, onların yerin altında sayı artdıqca mən də torpağa tərəf, yerin altına tərəf yaxınlaşıram. Ara məsafəmiz ölçüsü bilinməyən bir sürətlə, bir qayda üzrə azalıb, qısalıb.kim istəsə, qısalan ömür də deyə bilər. Amma fərq etmir. Söhbət Allahın verdiyi ömrü elə onun öz diqqəti, nəzərləri altında yarpaqlarını tökməsidi, saralmasıdı, qocalması və yaxud sınması, əyilməsi... bir də kökündən qopmasıdı. Deməli, bu bəlli yoldan qaçmaq, çəkinmək, o yolu dəyişmək mümkün deyil. Elə bəlkə də bunun özü də bir gözəllikdi. Çünki dəyişilməyən bəlli yolu hər kəs özü kimi, öz adıyla, öz yerişi ilə keçib gedir...

 

İndi barmaqlarımın ucundakı torpağa zilləmişəm gözlərimi. Və o torpaqdan aldığım istiliyin, hərarətin ürəyimdə yaratdığı auranı kağıza köçürmək, vəznə çevirmək istəyimi açıq-aşkar yaşayıram. Daha doğrusu, özü artıq məni qələmə, kağıza tərəf əl uzatmağa təhrik edir. Bu yerdə geri çəkilmək mümkünsüzdü. Ona görə də elə ovcumdakı torpağı gülün dibinə səpib kağıza, qələmə tərəf çevrilirəm. Bir də baxıb görürəm ki, yazmışam:

 

 

 

 

 

Mən dəqiq bilirəm ömür dəndi, dən

 

Onu vaxt üyüdür, zaman ələyir...

 

Külək yelkənini açanda bəzən -

 

Boş xırman yerini saman bələyir...

 

 

 

 

 

Könül dinləməyə fürsət düşəndə

 

Bir göz qırpımında vaxt buxarlanır...

 

İçimdə tərəddüd - bil, didişəndə -

 

Gözümdən səssizcə o buxar damır...

 

 

 

 

 

Kədər yol vərəqi, qəm ezamiyyə

 

Başlayır ürəyin bayatı turu...

 

Nişançı barmağı gedir tətiyə -

 

Saralır adamın içinin nuru!

 

 

 

 

 

Bəlkə də xoş deyil sənə bu yazı

 

Hətta yazılması günahdı bəlkə...

 

Xəyaldı ömürün sənlə bəyazı -

 

Ya da sevgimizdə sınaqdı... bəlkə!

 

 

 

 

 

İndi bu ovqatın, bu auranın içindən çıx görüm, necə çıxırsan. Çünki istisi ovcumdan, barmaqlarımın ucundan varlığıma işləmiş torpağın diqtəsi mənə torpaq - yurd həsrətini də xatırlatdı. Necə deyərlər, dərd batmanla gəldi. Qarşısına çıxmağa isə artıq gücüm, taqətim qalmayıbdı. Azalan, tükənən bu gücün bircə təsəllisi var. O təsəlli isə mənə o zaman əl uzadır ki, onda mən səni təkcə ürəyimdə, xəyalımda deyil, həm də gözlərimin önündə görürəm. Sənin gözlərindən, sənin çöhrəndən süzülən nur, işıq qaralan, kölgələnən gözümə, çöhrəmə işıq kimi boylanır. Deməli, bu, yaşatmaq istəyidi. Bu həm də yaşadıb yandırıb-yaxmaq mesajıdı. Ona görə də mən ondan qaçmıram. Əksinə, ona bir az da əyilirəm, bir az da yaxın olmağa çalışıram. Və onun da, Allahımın da, elə hər kəsin eşidə biləcəyi bir səslə, bir od-alovla bu misraları səsləndirirəm:

 

 

 

 

 

Mənim kimliyimi çözmə bu qədər

 

Çözüb tapacaqsan özünü məndə...

 

Saxlayır özünə yazılan qədər -

 

Kösövü özündə, közünü məndə!

 

 

 

 

 

Fikrin dolaşdırsa ağda qaranı

 

Dərədə, həm düzdə, dağda qalanı...

 

Qapının üstündən as dağdağanı -

 

Gəz, "Nəzər duası" sözünü məndə...

 

 

 

 

 

Demə ki, keçibdi pərvanə yaşım

 

Yorulub ürəyim, ağarıb başım...

 

Bir təbəssüm çilə sən, yaşıllaşım -

 

Günəş bil, ömürlük gözünü məndə!..

 

 

 

 

 

***

 

Adətimdi, içimdəki düşüncələri, ağrı-acını, elə sevinci də qələmə pıçıldayanda, kağıza köçürəndə bir az rahatlanıram. Elə bil ki, yorğun, ağır bir işdən sonra ilıq suyun altından keçib sonra qarşımdakı buğlanan çayla baş-başa qalırsan. Onda özün də, sözün də dupduru olur. Yəni özün də, sözün də bir-birinə elə sarmaşır ki, onları ayırmaq, onları haralarasa yozmaq həm çətinləşir, buna həm də adam heç ürək də eləmir. Bu mənada mən dostlarımla həmsöhbət olanda, onlarla istənilən süfrə arxasında bir araya gələndə mənən, ruhən rahatlıq tapıram. Çünki anlayışla qarşılanıram, səbrlə dinlənilirəm. Hətta nöqsanımı da, yanlışımı da onu elə ustalıqla mənə həzm etdirirlər ki, heç ruhum da incimir. Bir də baxıb görürəm ki, onlar haqq olanı mənə öz dilimlə etiraf etdirirlər. Məhz bu yaşantılara görə, mən fələkdən zaman alanda ürək dostlarımı, ruh doğmalarımı axtarıram. Elə rahatlıq üçün də, özüm və dostlar üçün də...

 

Son görüşümüzdə Azad Müzəffərli və Akif Cabbarlının yaratdığı ovqat məni əməlli-başlı tərki-silah elədi. Yəni ruhun yorğunluq daşını atdırır kənara. Bir də baxıb gördüm ki, atdığım daşın dalınca baxa-baxa havalı adamlar kimi danışıram. Daha doğrusu, qələmsiz yazdığım şeiri pıçıldayıram. Deyirəm ki:

 

 

 

 

 

Avara olardım, sərbəst olardım

 

Ağlıma gələnlə sərməst olardım...

 

Özümə bablara tər-dəst olardım -

 

Mən şeir yazmağı tərgidə bilsəm...

 

 

 

 

 

Adıma yazılan yad daşa köçməz

 

Gördüyüm gözümə, yaddaşa köçməz...

 

İçimdən vərəqə, ya daşa köçməz -

 

Mən şeir yazmağı tərgidə bilsəm...

 

 

 

 

 

Min dadda, tamdadı balı, şəkəri

 

Qələmə çökdürür onu çəkəni!

 

Ürəyim olmazdı sözün nökəri -

 

Mən şeir yazmağı tərgidə bilsəm...

 

 

 

 

 

Gecəni gündüzə calaq etməzdim

 

Ahları içimdə qalaq etməzdim...

 

Bu ömrü bir sısqa bulaq etməzdim -

 

Mən şeir yazmağı tərgidə bilsəm...

 

 

 

 

 

Əlimi dərgaha açmazdım bəlkə

 

Özümdən özünə qaçmazdım bəlkə...

 

Ürəyə bu qədər acımazdım bəlkə -

 

Mən şeir yazmağı tərgidə bilsəm...

 

 

 

 

 

Bilmirəm, necə yazdım və ümumiyyətlə, nədən yazdım. Amma onu bilirəm ki, bu şeiri mütləq yazmalı idim. Ən azından ona görə ki, bu dünyada insanın bacardığı hər nədisə, onu icra etməsi labüddü.

 

Çünki Allah hər kəsi bir missiya ilə yaradıb. Bax, bu mənada mən də içimdə doğulub ruhumun pıçıltısı olan misraları şeirə çevirdim. Necə alınmağı indiki anda mənim üçün o qədər də önəmli deyil. Axı, ruhum rahatlanıb. Və...

 

 

 

 

 

Xatırla bu nağılı

 

Keçmişdən yarpaq kimi...

 

Dəsmal küncünə bağlı -

 

Bir çimdik torpaq kimi...

 

 

 

 

 

Gətir gözün önünə

 

Yol üstündə bir ağac...

 

İnancına, dininə -

 

Elə onu pir, ağac!

 

 

 

 

 

As şəklini budaqdan

 

Sonra da öp yarpağı...

 

Səp dua tək dibinə -

 

O bir çimdik torpağı!..

 

 

 

 

 

... Ruhlara ehtiramla... Ruhlarla görüşmək ümidilə bu qədər!..

 

 

Əbülfət MƏDƏTOĞLU yazır

 

 

Ədalət.- 2020.- 5 sentyabr.- S.8