Özü yıxılanı həyat bağışlamır...
Bədii
əsər, xüsusilə
həyatı daha əhatəli əks etdirən irihəcmli roman
estetik tərbiyə qaynağı olmaq, insanlarda gözəllik hissi aşılamaqla yanaşı, həm də oxuyanlara ibrət vermək, gör-götür dünyasında
baş verənlərdən,
özgələrinin həyatından,
yüksəliş yollarından,
eləcə də səhvlərindən nəticə
çıxartmaq imkanı
yaradır. Məhəbbət İbrahimovanın "Ömürdən qurban olmaz” romanının başlıca keyfiyyətini
də bu məqamda axtarmaq lazım gəlir. İxtisasca mühəndis
olan, bədii yaradıcılığa zəngin
həyat təcrübəsi
qazanandan sonra başlayan Məhəbbət
xanım romanda öz qəhrəmanının
ibrət dolu həyatının eniş-yoxuşlarını
əks etdirir...
Gülşah adında bir qızın həyat hekayəsinin təqdim olunduğu roman yuxugörmə
ilə başlayır. İllərin o başında hələ dünyanın qayğılarından
uzaq, zamanın isti-soyuğunu görməmiş
bir qız uşağının sanki
rəsmdə canlandırılmış
portretini görürük.
Gələcəkdə rəssam olacaq
bu qız dənizin mavi mənzərəsi fonunda narın kəhrəba qumun üstü ilə sahilboyu qaçır. Bu tablodakı
sətiraltı məna
oxucunun nəzərindən
yayınmır: qız
gələcəyə gedir,
onun ömür yolu hələ qabaqdadır. "O, birdən-birə
durdu, başını
yuxarı qaldırıb
buludları seyr etdi. Topa buludlar ağappaq,
bəziləri də azacıq mavi idi. Qızcığaz başını aşağı salmadan yoluna davam etdi.
Bu dəfə, həqiqətən, özünü
səmalarda hiss edirdi.
Arxadan anasının səsi onu xəyallar
aləmindən ayırdı:
- Gülüm, ayağının
altına bax, yıxılarsan...”
Kübar bir ailədə dünyaya gəlmiş, yaxşı insanların əhatəsində böyümüş
Gülşah orta məktəbi bitirəndən
sonra ömrünü
rəssamlıq sənətinə
bağlamağı qərara
alır, İncəsənət
İnstitutuna daxil olur. Xəyal dünyasından
ayrıla bilməyən
Gülşahın qarşısında
ali məktəb
mühiti yeni üfüqlər açır.
Onu tezliklə ictimai işə cəlb edirlər. İnstitutun komsomol təşkilatının
rəhbəri Raufla ünsiyyəti yaranır.
Bundan sonra Gülşahın həyatının
yeni bir mərhələsi başlayır. O həm
zahiri yaraşığı,
həm ictimai fəallığı, həm
də dərslərə
münasibəti ilə
fərqlənən Raufa
vurulur, daim onun xəyalları ilə yaşayır...
İlk baxışda hər
şey təbii görünür. Gülşahın
nə xəyalpərvərliyində,
nə çılğın
sevgisində bir qəbahət axtarmaq olar: o, nazir qızı, çalışqan
tələbə, gözəl
gələcək vəd
edən istedadlı rəssam olmaqla bərabər, həm də həssas ürək sahibidir. Ürəyin
hökmü isə onu daim ucalmağa,
öz xəyallarının
səmasına yüksəlməyə
təhrik edir. Gülşahın faciəsinin
ilk rüşeymləri də
bu məqamda üzə çıxmağa,
özünü göstərməyə
başlayır: gözü
yüksəklərdə olan
Gülşah ayağının
altına baxmağı
unudur. Ayağının
altında isə onun özünün görə bilmədiyi dərin quyu var...
Gülşah ətrafındakı insanlara,
eləcə də bütün varlığı
ilə sevdiyi Raufa öz əxlaqının,
öz mənəvi dünyasının, ürək
saflığının gözləri
ilə baxır. Ona görə
də həyatın ağını qarasından
daha aydın seçən, həyata ayıq gözlə baxmağı bacaran yaxın rəfiqəsi Raziyyənin dediklərini vaxtında ciddi qəbul eləyə bilmir. Xüsusilə qızlarla münasibətdə
yüngül davranışlı
Raufun hərəkətlərindəki
eybəcərlikləri nə
özü görür,
nə də bu barədə deyilənlərə məhəl
qoyur. Saf ürəklə sevdiyi Raufla xoşbəxt ola biləcəyini
düşünür.
Əsərdə müəllifin qaldırdığı
tərbiyəvi problem öz
psixoloji başlanğıcını
bu ziddiyyətdən götürür: Gülşahın
xoşbəxtlik anlayışı
ilə Raufun xoşbəxlik anlayışı,
bu anlayışların
fəlsəfəsi bir-birindən
fərqli və uzaqdır. Əslində, bu anlayışların
ikisinin bir araya gəlməsi mümkün də deyil, biri o birini
inkar edir. Çox tezliklə məlum olur ki, Rauf
üçün həyatda
xoşbəxt olmağın
düsturu qarşıya
qoyduğu məqsədə
başqasının çiyinləri
üstündən çatmaqdır.
Raufu Gülşaha
bağlayan onun gözəlliyi, qabiliyyəti,
mənəvi keyfiyyətləri
deyil, nazir qızı olmasıdır. Raufun əqidəsinə
görə, Gülşahın
valideynləri qızlarının
xatirinə onun bütün problemlərinin
həllini öz üzərlərinə götürməli,
o, qayınata-qayınana qoltuğunda
istədiyi hər şeyə nail olmalıdır.
Qoltuq altında yaşamağı
həyat fəlsəfəsinə
çevirən Rauf yalnız fərdi xarakterinin deyil (bu amili də
göz ardına vurmaq olmaz!), ictimai mühitin qurbanıdır. Onda bu ələbaxımlıq, asılılıq
psixologiyasını yaradan
səbəblərdən biri
də cəmiyyətdəki
naqislikdir. Həmin naqislik
sovet gerçəkliyinin
insanlar arasında yaratdığı münasibətlərdən
gəlir. Zahirən hər
kəsin bərabər
olduğunun təbliğ
edildiyi cəmiyyətdə
dərin təbəqələşmə
var idi. İnsanlar arasındakı münasibətlər,
təbəqələşmənin yaratdığı əxlaqi
sarsıntılar həyatda
bir-birinə zidd olan kəskin qütblərin yaranması
ilə müşayiət
olunurdu. Bu təbəqələşmə bəzən sevib-sevilmək
kimi ülvi insan hisslərindən də yan keçmir,
insanların taleyini öz toruna salırdı.
Mənəvi dəyərlərin qorunmasına
üstünlük verən
ictimai düşüncə
isə buna əks reaksiya verir, müqavimət göstərirdi. Yüksək vəzifə sahiblərinin
övladlarına münasibəti
sağlam məntiqdən,
real həqiqətdən daha
çox, onların haqqında yaranan təsəvvür idarə
edirdi və bu təsəvvür həmişə düzgün
olmurdu.
Romandakı hadisələrin baş
verdiyi illərdə Nüsrət Kəsəmənlinin
məşhur bir şeirində sevən gənc oğlanın insanlıq qüruru ilə nazir qızının təkəbbürü
qarşılaşdırılır və insan qüruru
daha üstün tutulurdu:
Ayrılaq, unudaq kədəri,
yası,
Könlüm dediyini söyləyir dilim.
Səni
nazirliyin qara "Volqa"sı,
Mənisə ehtiyac gözləyir,
gülüm...
Raufun qarşısına
çıxan nazir qızı təkəbbürdən
uzaq olsa da, Rauf qürur haqqında düşünmür. Saf və təmiz məhəbbətlə sevən
nazir qızı (bu, bir başqası,
məsələn, pullu
mağaza müdirinin qızı da ola
bilərdi!) ilə yaxın olmaq, məqsədli evlənmək
həvəsi onu oxucunun gözündə daha da eybəcərləşdirir.
Nazir qayınatanın
hesabına hər şeyə nail olacağını
düşünən Raufun
oxu daşa dəyir. Romandakı nazir Şahsuvar
Kazımov cəmiyyətin
təsəvvüründəki vəzifə sahiblərindən
fərqlidir, Sovet rejimi üçün istisna təşkil edən insanlardandır.
Həyatındakı bütün nailiyyətləri
dişi-dırnağı ilə
qazanmış Şahsuvar
müəllim halal zəhməti
ilə yaşayır.
Yeganə övladını da halal böyüdüb. Şahsuvar müəllimin
yüksək tutduğu
mənəvi dəyərlər
gözünü qoltuq
altına girməyə
dikən insanın həyat fəlsəfəsini
inkar edir.
Gülşahla evlilikdən umduqlarını
əldə edə bilməyən Raufun iç üzü açılanda, həm Gülşah, həm də oxucu onun
əsl kimliyini tanıyanda isə artıq gec idi, olan olmuş,
keçən keçmişdi...
Yaradıcılığında mənəvi dəyərlərin
təbliğinə üstünlük
verən Məhəbbət
İbrahimovanın "Ömürdən
qurban olmaz” romanının tərbiyəvi
əhəmiyyəti bu
nöqtədə ümumiləşdirlib. Romanda təqdim
olunan ibrətli tale hekayəsi Gülşah kimi həyatın astanasında olan gənc qızlara xəbərdarlıqdır. Əsərdən çıxan tərbiyəvi
nəticə budur ki, gənc yaşında
ayağının altına
baxmadan gözüyumulu
sevgiyə qapılmaq özünü heçliyə
təslim etmək riski yaradır.
Gülşahın heçə qurban verdiyi ömrü geri qaytarmaq mümkün deyil. O, ölümü
tək-tənha, xəyalları
ilə baş-başa
qarşılayır. Xəyalında
peyda olan anası əlindən tutub, onu əbədiyyət
dünyasına aparır...
Əsərin əvvəlində Gülşahı
dəniz sahilinin kəhrəba qumları üzərində qaçan
qayğısız bir
qız kimi görmüşdük. Anası
ona xəbərdarlıq
etmişdi ki, ayağının altına
baxsın, yıxılar...
Həyat isə qumlu dəniz sahili deyil. Narın qumların üstündə
yıxılsan, qalxıb
yenidən yoluna davam edə biləcəksən. Gülşah
təbiətli insanlar
isə həyatda bir dəfə yıxılırlar...
Arzu Kazımqızı NehrəmliTarix üzrə
fəlsəfə doktoru
AYB və AJB-nin üzvü
Ədalət.- 2020.- 5 sentyabr.- S.9.