Tanrıya göz  vuran şair

 

 

Yaşı 30-u keçənlərə gənc şair demək olarmı? Emin Piri 86 təvəllüddür. Əgər insan həyatının yaş mərhələlərini əsas götürsək, yox. Emini cavan şair adlandıraq gərək. Mənə qalsa bunun bir önəmi yoxdur. Önəmlisi odur ki, Emin Piri şeir yazma texnikasına çoxdan bələddir.

  Azərbaycan poeziyasında elə misralar var ki, onların üzərinə Emin Pirinin adı yazılıb, nəfəsi deyib. Başqa sözlə, hərhansı məhsulu emblemindən tanıdığımız kimi Eminin şeirlərini də misraların düzülüşündən, səsindən, fikrin, duyğunun ifadə tərzindən tanımaq çətin deyil.

  Onu müharibə şairi kimi tanıyırlar daha çox. Amma mən belə təqdimatın tərəfdarı deyiləm. Yazıda Emin Pirinin müharibə şeirlərindən də bəhs edəcəyik. Söz yox. Emini təkcə müharibə şairi kimi təqdim etməyi isə düzgün saymıram. Çünki çağdaş Azərbaycan poeziyasında elə psixoloji, romantik, lirik şeirlər var ki, onların müəllifi məhz Emin Piridir.

 

 

 

  ***

  Şair yeni tapıntılar etməli, təzə metaforalar yaratmalıdır. Emin Piri yaradıcılığı bu baxımdan bütöv və əhatəlidir. Onun şeirlərində obrazlı yanaşma güclüdür. Bənzətmələrində poetik təsirlilik açıqca sezilir.

 

qar ağlayırdı uşaqlarçün,

can verirdi

tankların

qanlı tırtılları altında

 

  Başqa bir nümunəyə baxaq.

  "Qız qalasıbu mövzuda yazılmış ən obrazlı şeirlərdən biridir. Səhər günəşi fonunda Xəzər dənizi Qız qalası gözlərimiz önündə canlanır. Şair həm mənzərə çəkir, həm obraz yaradır. Qız qalasını estetik təbiət hadisəsi kimi tərənnüm edir.

 

səhər

Qız qalası

üz-gözündə dənizin izi.

Günəş boylanar

qızarar öpüş yeri,

qızarar qalanın qızı...

əsrlərin daş yaddaşında

süzər qolları

dövrəsindəki qızlarla

yallı getmək istəyər

qollarını açan olsa.

Bəlkə qoşulub gedər

Götürüb qaçan olsa.

 

  ***

  Emin Pirinin şeirləri lirik hekayələrdir."Sağ qalan varmı?!” şeirinə diqqət edək. Şeir fevral şaxtası xəbəri ilə açılır.

 

Əsgər sinəsi axtarır

isinməyə

fevral şaxtasından

üşüyən güllə

 

  Emin müharibəyə insan taleyi kimi baxır ona lirizm qatır. Qışın sərt havası barədə qısa girişdən sonra şair mövzunu bir az daha açır. Finalda hazırladığı surpriz misraya (duyğuya!) bir az daha yaxınlaşır.

 

Hər əsgər tabutu

bir gəlinliklə köçər...

əsgər deyil,

sevən qızın arzularını

götürüb gedər

hər atılan güllə.

 

  Şaxtanı isə şair havanın temperaturu, ya da ağla ilk gələn "qar”, "soyuqsözləri ilə izah etmir. Əvəzində bir hekayəçinin alətləri ilə silahlanır. Dərin incə duyğular oyadan canlı mənzərə yaradır. Bir qız, bir soba, uzaqlarda bir səngər, sobaya atılan odun təbii dialoqlar. Çölün şaxtasını bir otağın içindən (içində!) öyrənirik.

 

soba yanında

gecəyarısı bir qız

məktub yazır səngərə

anasının yarıyuxulu

"qızım, yatmamısan?”

sualına diksinib

"üşüyürəm, ana,

odun atıram sobaya”...

 

  Bu sadalananları Emin lirik hekayəyə çevirib. Amma onları verməkdə bir məqsədi var şairin. Sanki, hər şey fantastik sonluq üçün lazım imiş.

 

Daha

gecələri oyaq qalmağa

soba yanında

məktub yazmağa,

yalandan üşüməyə

sobaya odun atmağa

ehtiyac yoxdu...

səngərdən qıvrıla-qıvrıla

boğuq səsi gəlir

tağım komandirinin:

kimsə sağdı?!

 

  ***

  Məncə, Eminin bütün şeirlərinin bir ortaq tərəfi var. Bu, Emin Pirinin üslubi özəlliyidir: Nağıl sadəliyi onun musiqili atmosferi!

  Bizə Əli Kərimin poeziyasından da, Ekzüperinin "Balaca şahzadə”sindən tanış doğmadır həmin aura. Amma bu, ayrıca üslubi keyfiyyət kimi seçilir Emində. Emin Piri poeziyasının möhkəm poetik kökləri olduğunu düşünürəm.

 

  ***

  "Poetik köklərdemişkən. Şairin poetik təfəkkürü barədə bunu qeyd etmədən keçmək olmaz. Eminin şeirlərində zərif ironiya qatı da var. Bu, bəzən özünü tamam açıq, bəzənsə yarıgizli büruzə verir.

 

Əsəbimi soyutmaq istəyirəm

bir şeylə:

Təpik vurasan yer kürəsinə

Marsla Venera arasından keçə

sən sevinəsən "qol vurdumdeyə.

 

  ***

  Onun heca şeirləri var. "Buludları kim sağır?!” Eminin hecada yazdıqlarına ən yaxşı nümunələrdən biridir. Sözsüz ki, Emin Piri sərbəstdə daha uğurludur.

  Götürək "Ölüm kölgəsi”ni.

  Gənclik depressiyasının məhsuludur, yəqin ki. Hətta bu ciddi məzmunlu( yaxud təbiətli!) şeirdə Emin şirin ironiyasından qalmır.

  Şair üçün Tanrının varlığı problematik mövzu ola bilər. Varmı-yoxmu sualı onun fəlsəfi düşüncələrinin, ya da yaradıcılığının ana xətti kimi fərqlənə bilər. Amma Emin Piri üçün Tanrının varlığı-yoxluğu artıq üçüncü məsələdir. O, bir gəncin daxili sarsıntıları arasında Tanrı adlanan naməluma göz vururmuş kimi atmaca atır.

  Eminin "Ölüm kölgəsişeirindən aşağıda verdiyim parça, məncə, insanın mənəvi iztirabları baxımından onun ən yaxşı şeirlərindən biridir.

  Həyata üsyan, ölümlə barışıqlıq var bu şeirdə. Amma ölüm bütün üzləri ilə həyatın özüdür. Şair ölümə bir ikinci can verib. Onda həyat əlamətləri tapıb.

 

Aldadasan hamını...

Elə özünü ,

Tanrını da,

Onun yazdığı

75 illik ömrü .

28 yaşında atasan özünü

dənizin qolları arasına.

Cırasan alın yazısının qalan səhifələrini,

balıqlar öpə gözündən,

yosunlar anantək bələyə səni.

Allah köks ötürüb deyə:

"Bağışla.

bağışla məni!..."

 

 

 

  ***

  Emin 34 yaşındadır. Mənə elə gəlir, istedadla yazılmış yeni şeirlər müəllifi kimi ona minnətdar olmalıyıq. Təşəkkür etməliyik ki, Azərbaycan poeziyasını zənginləşdirib. Ona yeni məna verib. Ümid edirəm, Emin Piri bundan sonra da hər yeni kitabı, hər uğurlu şeiri ilə ədəbiyyatçıların yazı söhbətlərində qayıtdığı, bəhs etdiyi müəllif olaraq qalacaq.

 

Müşfiq Şükürlü

Ədalət.- 2020.- 8 sentyabr.- S.7.