Dərd Qayası
(Əbülfət Mədətoğlunun “ancaq
O” kitabı ilə bağlı düşüncələr)
“COVİD-19” adlı kabusun bizləri ev
dustağına çevirdiyi indiki dövrdə ələlxüsus
da qələm əhli daha çox kitablara üz tutur. Həmin baxımdan dostum, tanınmış
şair-puplisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun
bu günlərdə mənə hədiyyə etdiyi,
“Adiloğlu” nəşriyyatında yenicə çapdan
çıxan “ancaq O” adlı kitabı da lap yerinə
düşdü. O, bu dəfə də oxucuları ilə
görüşünə əsasən “Bir qadına” silsiləsindən
say-seçmə seirləri ilə gəlib. “Yeni səs”
saytının baş redaktoru Fəridə xanım Rəhimli
Əbülfət Mədətoğlunun növbəti
kitabının redaktorudur. Onun kitaba ön söz əvəzi
yazdıqları oxucuları xəyallar dünyasına səsləyir:
“ancaq O” yaşanmış, yaşanan və yaşanacaq
duyğuların özü və
pıçıltılarıdır... “...ancaq O”-nu oxuyun!..
Yaşadıqlarınızı yenidən yaşayın,
yaşayacaqlarınızın xəyalını
qurun...düşünün... Doğrudan da elə kitabın
girişindəki, Əbülfətin sevgisinin himni təsiri
bağışlayan “ancaq O” şeiri səni xəyalllar
dünyasına qanadlandırır...
Dan üzüm, aylı gecəm
Onsuz heç kiməm, heçəm!
Bir də doğulub seçsəm –
Ancaq O!
Haqqın yerdə zərrəsi
Ruhun şehli – tər səsi!
Ürəyimin pərdəsi –
Ancaq O!
Əbülfət Mədətoğlunun istənilən
kitabını əlinə götürməyinlə poetik
ovqata köklənməyin bir olur. Onun şeirlərinin bədii-estetik
dəyəri ölçüyəgəlməzdir. Anındaca
gözlərin önündə kədər dəryasının
mahir qəvvası canlanır. Şeirlərdəki dərindən
də dərin emosional qat maqnit kimi səni çəkir.
Poetik həzinliklə – lal nəğmələrlə
baş-başa qalırsan. Onun şeirləri həm kllasik
dövrün, həm də bu günündür...
Bağçamdakı güllərin
Ləçəklərin də saydım...
Çiçək kimi qızların
Göyçəklərin də saydım –
İlk sənin adın oldu...
Əbülfət Mədətoğlu
yaradıcılığının özəlliyi ondadır
ki, qələm əhlindən kimsənin
çığırına gözaltı belə nəzər
yetirməz, eləcə də, kimsə də onun ləpirlərinin
izinə belə düşə bilməz. Şeirlərindən
bəllidir; dünyadan adi insani istəklərdən
savayı fövqəladə heç nə ummaz. O, pıçıltılarını,
etiraflarını, iç dünyasında
yaşadıqlarını gündəlik bölüşən
yeganə şairdir. Əbülfət müəllim Dərd
Qayasıdır, bu qayadan ovulan qum dənələri nəzmə
çəkdikləridir, bu nəsnələr təkrarsızdır.
O, dərdlə əzəldən qolboyundur. Onun şeirləri
gah dağlardan boylanır, gah da buludlardan ələnir...
Mən seçmədim, özü tapdı, bəyəndi
Ürəyimin düz əyninə gəldi dərd...
Göbəyini mənlə kəsdi həsrətin
–
Nübarın da elə özü dərdi, dərd!
Azərbaycan dilinin şəhdi-şirəsi
Əbülfət Mədətoğlunun şeirlərinin
mayasındadır. Onun qələmə aldıqlarını
oxuduqca doğma dilini daha dərindən bağrına
basırsan. Bu dilin imkanlarının sərhədsizliyi ilə
üzbəsurət olursan. O, elat “dili”nin də
mahir bilicisidir. Əslində, bu şeirlər Azərbaycan
türkcəsinin dolğunluğuna şəkk gətirənlərə
danılmaz cavabdır. Şairin sözlə davranış məharəti
həsəd doğurur. Ən əsası, onun öz ana dilinə
sevgisinin “O”na bəslədiyindən qətiyyən əksik
olmadığına şəkki-şübhən
qalmır...
Yorulmuşam kədəri
Əynimdə daşımaqdan...
O da bezibdi məni –
Çiynində daşımaqdan...
Biz, dil tapa bilmədən
Bir ömürə şərikik...
Eyni naxış – ilmədən
Qoşalaşıb gəlirik...
Əbülfət Mədətoğlunun
şeirləri fəlsəfi çəkisi ilə də diqqəti
çəkir. Onun yazılarında kəlamlar
sıralanıb. Dədə Qorqud ruhu cövlan edir onun
yaradıcılığında. Dərsliklərə
salınası xeyli şeiri var, həm bədii dəyərinə,
həm də doğma dilimizi maksimum ehtiva etdiyinə görə...
Mən səhəri göy üzündə
açmışam
Ulduzları saya-saya baxışla...
Hörüyünə bir bənövşə
taxmışam –
Yuxudaydın... oyatmadım...
bağışla...
Şair yurd həsrətinə də sinə gərməkdə
dözümü “O”ndan alır. Həqiqətən tarixə
düşəcək bir sevgidir Əbülfət Mədətoğlunun
məhəbbəti. Ömürün müdriklik
çağında da seçiminə bir daha haqq
qazandırır. Səhəri dirigözlü açanda da
duası “O”nadır. Qibləsi sevgidir. Dan üzü onun
üçün sevgi ilə sökülür. Günəşin
al şəfəqləri onun eşqinin
cığırlarıdır. Məhəbbətdə
Füzuli sevdasından xeyir-dua alan Əbülfət Mədətoğlu
artıq özü də bu yöndə əzəmətli yol
salıb. Sinəsi sevgi gündəliyidir. Onun eşqi öləzimək
nədi, əksinə, getdikcə daha da gurlaşır. Bu
eşq tonqalının alovunun dilimləri şahə
qalxır. Bu, bahar tonqalıdır, sevgi ətirli. Əbülfət
Mədətoğlunun eşqi bahardan savayı fəsil
tanımır. Bax, onun sözdən don geyinən sevgisinin əzəməti,
bənzərsizliyi bundadır. Qələmə
aldıqlarının ətri tükənməzdir, təravəti
də bir an belə əksilməz. Bizə Əbülfət Mədətoğlu
kimi söz xiridarını, sevgi timsalını yetirən həm
də “O”dur. Şair pıqqa-pıqq qaynayan eşq tiyanında
ucsuz-bucaqsız okean təkin o baş-bu başa sözlə
avar çəkməkdədir...
Ruh ki, kükrədi, coşdu
Əzabları da xoşdu!
Cənnət gerçəksə, boşdu –
SEVGİSİZ!
Qələmi bircə gün belə
əldən qoymayan, mürəkkəb əvəzi sevgisinə
tuşlayan Əbülfət Mədətoğlunun
yazdıqları qətiyyən kəsərdən
düşmür bu qədər məhsuldarlığın
qarşılığında. Şair sözlə artıq
“O”nun timsalında daha bir nadir sevgi əfsanəsinin heykəlini
ucaldıb. O, öz
yaradıcılığı ilə çoxdan sübut edib
ki, sevgidən yoğrulan Tanrı fəlsəfəsinin
xiridarlarından biridir. Əbülfət Mədətoğlu
sözdən elə sevgi xalıları toxuyur ki, onların
naxışları təkcə Qarabağ mahalını ehtiva
etmir, əslində bütün, lap bütöv Azərbaycana
məxsusdur. Bu qələm əhlinin
yaradıcılığı səmimiyyət bulağıdır,
qətiyyən lillənməz. Onun şeirlərinin əksəriyyəti
bir gecədə göyərir, poeziyasının sirri-sehrinə
düşməmək mümkün deyil...
Dərd Qayası
Varlığına səcdə varsa,
Səcdəgah Allah, həm yarsa...
Məni bu sevgi aparsa –
Nə gözəl!..
Əbülfət Mədətoğlunun yurd həsrətli
şeirləri də təkrarsızdır, anbaan
yaşantıların bədii biçimdə
görüntüləridir. Həmin qəbildən şeirləri
əksər hallarda həmkarlarınkını kölgədə
qoyur. Bu, reallıqdır. Təsəvvür edin, milyonu ötən
qaçqını, məcburi köçkünü olan bir məmləkətdə
kimsə bu şeirlərə biganə qala bilməz. O cümlədən
qaçqınların, məcburi köçkünlərin
özləri belə şairin yurd həsrətinin dərinliyinə
və yüksək əyarına heyrətdə qalırlar...
Əriyir ömrüm, yaşım da,
Əriyir dağım, daşım da!
Papağım düşmən başında –
Bakıda papaq gəzirəm!..
Doğma yurdu bağrına basmaqdan yorulmur. Onun yurd həsrəti
dərindən də dərindir. Bu da təsadüfi
deyil, onu yaxından tanıyan dost kimi əvvəlki
yazılarımın birində bu barədə demişdim. Axı, Əbülfət Mədətoğlunun indiki
yurd həsrəti əvvəlki nəsillərinin Qərbi Azərbaycanla
bağlı nisgilinin üstə qərar tutub. Şairin əsli Naxçıvan və indi
yağı düşmənin özünə “Vətən”
elədiyi ellərimizə qədər gedib çatır.
Onun yurd həsrətinin şiddəti həm də bu
reallıqdan qaynaqlanır...
Gör
necə duman var, gör necə çən var
Ruhumun
oxşarı – gör neçə tən var...
Tay deyə
bilmirəm ana, Vətən var –
Gedə
bilmirəmsə, mən necə deyim?..
Ömrünü yüyənsiz, yəhərsiz illərə
bənzədən, bu ömrün yalmanına heç cür
yata bilmədiyini hayqıran şair ruhuna dağları birər-birər
hopdurub. Xatirələrin ətrindən doymaq bilməyən,
düşüncələrin çətirinə
sığınan Əbülfət Mədətoğlunun
doğmaca kəndini bağrına basmadığı gecə-gündüz
yoxdur. Sinninin bu çağında da
şair hələ də kənd uşağıdır.
Vaxtilə dəcəlliyin dadını doyunca
çıxarıb, mal-qara da, davar da otarıb, quzu səsləyib.
Şəlalə altında yuyunub,
ağacların ən hündür budaqlarına yüyürə-yüyürə
çıxıb. Böyüklərin
qarşısında elimizin adət-ənənəsinə
uyğun daim müntəzir olub, bu hələ də
canında-qanında olduğundan lap elə bu yaşında da
belədir...
Dizim torpaq
yalayıb
Dırnaqlarım
şum edib...
Dərdlər
məni üyüdüb –
Qaya idim –
qum edib...
Şair yurd həsrəti ilə sevgini tərəzidə
elə taraz yerləşdirir ki, məəttəl qalırsan. O, fəzilətlər
labrintində var-gəl eləməkdən yoruldum demək
bilmir. Təbi Tanrıdandır. O, “SÖZ” ün
ocağını gündəlik körükləyən
şairlərdəndir. Gün ərzində
“SÖZ”lə qurşaq tutmaqdan yoruldum demək bilmir. Onun
əsasən üç-dörd bəndlik şeirlərinin
xeylisində bir poemanın yükü var...
Hər an
azalsa da səbir, dözüm də
Cənnət
bu dünyadı – Sənlə, gözümdə!
Elə
gizlətmişəm Səni özümdə -
Təkcə
Allah görür, bir də ki, ruhum!
Əbülfət Mədətoğlu eşqini
köksündə dünyaya göz açdığı,
daxili dünyasına sinirdiyi dağlardan əxz eləyib. Ona görə də o,
sevgiyə daim başlı qarlı uca zirvələrdən
boylandığından onun məhəbbəti pakdır,
safdır, müqəddəsdir və müstəsnadır!!!
Açıq
qapı, ya pəncərə...kim döyər
Kim sevgini Əbülfəttək, de, öyər?!
Səni
belə niyə sevdim, kim deyər? –
Bunu
özüm sirr bilirəm hələ də!..
Həyat yoluna sevgisi gur işıq saldığından
illərin də onun yaddaçından nəyisə silməyə
gücü çatmır. Xatirələrini
alovlandırdığı tonqala kösöv əvəzi
tolazlayan şair bəzən ürəyini adicə bir məktuba
da bükmək qüdrətində olur. Bu, nadir
insanların, qələm əhlinin çəkə biləcəyi
yükdür...
Bir məktub
yazmaq
istəyirəm
özü də kağızsız...
qələmsiz...
Və
həm
də sözsüz...
kəlamsız...
Onu alan kimi
oxuyacağını
bilirəm,
hətta,
oxuyub
kövrələcəyinə də
içimdə,
bax elə
indidən –
sevinirəm...
Çünki,
o məktuba
ürəyimi bükəcəyəm!..
Və...
qəfil
gəldi ağlıma
bu sual –
indi,
de
görüm mənə,
bəs,
o məktubu sənə
necə
göndərəcəm?!
Əbülfət Mədətoğlunun ruhu daim Göylərdə
cövlan elədiyindən Yerə sığmayan şair olsa
da, təvazökarlığı əskilməz,
döşünə döymək onluq deyil. Dağların
vüqarından dərib qürurunu. Onun
yaradıcılığında süniliyə, pafosa qətiyyən
yer yoxdur. Şeirlərinin əksəriyyəti
pıçıltılarından qaynaqlanır. Yaxından tanıyanlar bilir, o, susanda da
danışır, qulaq kəsilə bilsən
pıçıltılarını mütləq duyacaqsan.
Şeirlərinin əksəriyyəti gecələr
doğulur. Dərdləri ilə
pıçıldaşmaq şakəridir. O, Tanrıdan
dərs alan kəslərdəndir...
Heç
nə yaza bilmədim,
göynədi vərəq – sinə...
Unutdum...
və getmədim –
Tanrının
son dərsinə...
İnanın,
mənə elə gəlir ki, Füzuli sağ olsaydı,
Əbülfət Mədətoğlunun şəxsində
mütləq indiki dövrün Məcnununu sözlə heykəlləşdirərdi.
Bəlkə də, ustad şair artıq bunu ruhu
ilə qələmə alıb, nə bilmək olar?! Həmin
Məcnunun Leylisi isə Əbülfətlikdir, onun
yaratdığıdır! Eşqin etalonu səviyyəsinə
yüksələn Füzuli də, məncə, bununla birmənalı
razılaşardı...
Tellərin
uzanan yolum
Burulub
qayıdır sənə...
Hər
yandan Məcnun bu könlüm
Vurulub
qayıdır sənə -
Dəlisi
olduğum Qadın!
Ədalət naminə, onu da deməliyik ki, Əbülfət
Mədətoğlunun say-seçmə şeirlərinin
kölgəsində qalan poetik nümunələri də var.
O, əksər şeirlərini “ütüləmədən” nəzmə
çəkir.
Di gəl, bu anlaşılandır. Ən azı yurd həsrəti, hələ də
yağı düşmənin tapdağında olan
torpaqlarımızın ağrı-acısından qovrulan
şairin gündəlik olaraq qələmə sarılması
başa düşüləndir. Bu, mahiyyətcə
məhsuldarlığa dəlalət etmir. Sadəcə,
o, qismən də olsa, bu yolla ovunur, ümidini körükləyir.
Ucsuz-bucaqsız eşq dəryasındakı
yaşantıları da ona aman vermir. Danılmaz
reallıq isə odur ki, ədəbi tənqid Əbülfət
Mədətoğluna münasibətdə hələ də səsini
qısır. Təəssüf ki, Azərbaycan
ədəbi səltənətinin azmanlarından, ustad
yazıçı Elçinin “Əbülfət
poeziyasının bədii-estetik səviyyəsi ədəbi
prosesin faktına çevrilməyə layiqdir!” kəlamı
da ədəbi tənqidçiləri qədərincə
yerindən dəbərtməyə yetmədi.
İnşallah!!!
Əbülfət,
qardaş, sənə bolluca səbir, ən azı yurd həsrətinə
son qoyulmasını və Tuğda da qələm
çalmağını arzulayıram!
Azad Müzəffərli
Ədalət.-2020.- 8
sentyabr.- S.5.