Əbülfət Mədətoğlu və "Ancaq o"

 

Bu vaxta kimi tanıdığım şairlərin xarakter və şəxsiyyətlərindən aslı olmayaraq özlərinin mənəvi keyfiyyətinə baxmadan şeirlərini bəyənmişəmsə,o şeirlərdə özümü görürəmsə sevə-sevə oxuyuram. Çünki şairin sənətinə dəyər verməyi sevirəm. Bu gün haqqında yazmaq istədiyim dəyərli şairlərdən biri, şeirlərində öz ömründən başqa minlərlə insan ömrü yaşayan Əbülfət Mədətoğludur.

  Əbülfət Mədətoğlunun şeirləri oxucuları üçün bir ömür aynasıdır. Bir şair üçünbundan gözəl sənət əsəri ola bilməz. Çünki sənətdən söz yaratmaq asandır amma sözdən sənət yaratmaq üçün hər kəs öz işində gərək sənətkar ola... Məhz Əbülfət Mədətoğlu yazıları ilə şairliyin sənətkarıdır. "Ancaq o" adlı yeni kitabını oxuduqca buna daha da əmin oldumbu kitabı əldə etməyim mənimçün çox sevindirici oldu. Kitabda bir oxucu şairin sevincində öz sevincini, kədərini, yaşamını görə bilirsə, demək ki, ərsəyə gətirdiyi şeirlər öz ampulasında dəsti xəttini tapmışdır.

Türk şairlərinin birindən soruşurlar ki, siz niyə şeirlərinizdə həsr etdiyiniz insanların adlarını qeyd etmirsiniz?...Şair belə cavab verir:

"Mən şeirlərimi nömrəsiz eynəyə bənzədib yazıram, hansı oxucu oxuyarsa hər biri oxuyanda eyni gözlə görə bilsin".

Bəli "Ancaq o" kitabını oxuyub bitirdikdə Əbülfət Mədətoğlunun şeirlərində məhz özünün gördüklərini onun eynəyi ilə mən də görə bildim.Və onunçün də sevə -sevə oxudum bu kitabı. Şairin  bu kitabında şeirlərində ruhunun ovçu kimi şikarını ovlamağa hazır olduğu duyulur.Şair ruhu bu imiş demək...Bir ömrü deyil, min ömrü yaşar şair ruhu....

 

       Elə günüm olmur ki,

       ölüb-dirilməyim...

      Möcüzədi vallah

       hər gün

       ölməyim,

       həm dirilməyim.

 

Bəli, şeirində də bu gözəl misralarda əks etdirdiyi kimi hər gün digər ömürlər üçün ölüb dirilir şair. Əbulfət Mədətoğlu məhz bu ruhuna görə seçilir şeirləri ilə.

 

Xəyalimda nə varsa,

Üst-üstə çinləyirəm...

Özümlə danışanda

Səni də dinləyirəm...

         

İçimdəki sükutun

Bağrın yardı pıçıltın...

Nəsə düşdü yadına

Nə üçünsə hıçqırdın...

       

Çaşdım,yaşadıqlarım

Həm gerçəkdi,həm nağıl...

Bunlardan baş açmağa_

Qoymadın məndə ağıl!...

 

"Həm gerçək,həm nağıl"...Şeirində təsvir etdiyi kimi, şair hər kəsi öz ruhunda dinləməyi, duymağı bacarır. Buna görə oxuduqca bu kitabdakı şeirlər ruhumu oxşadı, qələmini incəliklə şeirlərində muncuq kimi sıralayan Əbulfət Mədətoğlunun ruhu haqqında öz təəsüratlarımı sizlərlə paylaşmağı özümə borc bildim.Bu kitabı sizlərə də oxumağı tövsiyyə edirəm , çünki bir şair hər kəsdən fərqli olduğunu başqalarına hiss elətdirə bilirsə demək o doğrudan da şairdir...

Əbülfət Mədətoğlu kimi.

 

Gülnar Ümid

Ədalət.- 2020.- 15 sentyabr. S. 6.