BU DA BİZİM GENERALIMIZ
General Zaur Rzayev: "Bir dəfə
Ağdərədə əsir aldığımız bir erməni
«boyoviki» arsız-arsız «Xocalını gördünüz nə
hala saldıq? Siz türklərin
hamınızı o cür
qıracağıq"
- Bir cənub kəndində doğulmuş Zaur Rzayevin hərbçi peşəsini seçməyi hansı zərurətdən irəli gəldi?
- Mən Lənkəran rayonunun Şürük kəndində anadan olmuşam. Uşaqlığım müharibə illərinə düşdüyündən çox çətin keçdi. Müharibə dövrü yaşım az olub, amma bəzi hadisələri indi də xatırlayıram. Çətinliklə də olsa oxuduq, orta məktəbi başa vurub Bakıya gəldim. Pedeqoji İnstituta sənədlərimi verdim və qəbul olundum. Amma rayonda vəziyyət çətin idi. Ailəmiz güc-bəla ilə dolanırdı. Bakıda yaşamaq və oxumaq da asan deyildi. Təsəvvür edin ki, bir kənd uşağı, heç kimi olmayan bir şəhərdə qalır və oxuyur. Bir müddət bu ziddiyyətlər oldu. Nəhayət, 1958-ci ildə fikrimi qətiləşdirib sənədlərimi geri götürdüm. O vaxtkı Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə daxil oldum. Mənim kimisinə zabit olmaq daha əlverişli idi. Dövlətin hesabına yaşayır və oxuyursan, qalmağa yerin var, məktəbi qurtarandan sonra işlə təmin olunursan. Bu məktəbi qırmızı diplomla bitirdim və məni leytenant rütbəsində Almaniyada yerləşən alaya zabit göndərdilər. Təxminən 5 ilə qədər Almaniyada xidmət etmişəm. Sonra məni SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinə göndərdilər. İndi rusların Ermənistanın Gümrü rayonundakı bazasında əvvəlcə tabor qərargah rəisi, az sonra isə tabor komandiri oldum. Elə burada xidmət edə-edə, 1971-ci ildə Frunze adına Hərbi Akademiyaya da daxil oldum. Zaqafqaziya dairəsində 1988-ci ilədək xidmət etmişəm. 1988-ci ildə ordudan tərxis olunandan sonra bir müddət Azərbaycan Dövlət Universitetində hərbi kafedranın rəis müavini kimi çalışmışam. Həmin dövrlər çox çətin idi.
- Bəs Milli Orduya necə gəldiniz?
- 1991-ci ilin sentyabr ayında Müdafiə Nazirliyi yaradılmış, rəhmətlik Valeh Bərşadlı da nazir təyin olunmuşdu. Səhv etmirəmsə, ya sentyabrın 28-i, ya da oktyabrın 3-ü idi. Yaxşı tanıdığım, uzun müddət dostluq etdiyim bir zabit vardı -polkovnik Telman Mehdiyev. Onunla general Arif Salahov mənə dedilər ki, bəs ilk hərbi hissəni formalaşdırmağa başlayırlar. Mənə orduya gəlməyi təklif etdilər. Əvvəlcə tərəddüd etdim. Amma sonra fikrimi dəyişdim. Azərbaycan Ordusunda xidmətə başladım. Məni yenicə yaranmış, hələ əsgəri olmayan briqadaya komandir təyin elədilər. Sıfırdan bu briqadanı formalaşdırmalıydım. Öncə könüllülərdən ibarət birinci taboru yaratdıq. Onlar döyüşə könüllü gəlmişdilər və sonadək də yüksək səviyyədə döyüşdülər. Allah şəhid olanlarına rəhmət eləsin. Mənə tapşırılmışdı ki, bu taboru Şıx qəsəbəsində yerləşən 18110 saylı hərbi hissənin bazasında formalaşdırım. Briqada komandiri idim. Nə maşın vermişdilər, nə də silah. Sənədləşmə işlərini də özümüz evdə, arvad-uşağın köməyi ilə aparırdıq. Öncə Hərbi Andı hazırladıq və oktyabrın 9-da Ali Sovet qəbul etdi. Açığını deyim ki, o vaxt elə Müdafiə Nazirliyini də quru adı vardı. Mən gələndə nazirlik 4 şəxsdən ibarət idi: general Valeh Bərşadlı, general Dadaş Rzayev, general Arif Salahov, polkovnik Telman Mehdiyev və Bərşadlının sürücü-cangüdəni.
- İlk taboru formalaşdırmaq yəqin
ki, çətin oldu...
- Bəli. İndi «birinci batalyon»
kimi tanıdığımız
bu tabor dediyim kimi, könüllülərdən
təşkil olunmuşdu.
Onları bizə verilən
bir uçuq-sökük
kazarmada yerləşdirdim.
Ruslar bizə yemək belə vermirdilər.
Güc-bəla ilə hərbi
hissənin köhnə
çarpayılarını gətirib kazarmanı düzəltdik. Gecələr bir neçə dəfə ruslar gəmidən bizim uşaqlar olan kazarmaya atəş də açmışdılar.
Məqsəd panika yaradıb,
onları ordudan uzaqlaşdırmaq idi.
Silahımız da yox idi. Gecə bölük növbətçisi
naryada əlində
ling və ya balta çıxırdı.
Bir həftə belə keçdi. Sonra adını unutmuşam,
bizim uşaqlardan biri ruslardan AKS markalı avtomat əldə etdi. Bir neçə əl qumbarası götürdülər.
Beləcə silahlanmaya başladıq.
Açığını deyim ki, hərbi hissənin rus komandiri razılaşmaya
baxmayaraq bizə silah vermək istəmirdi. Silahı bizim
əsgərlər rusların
əlindən zorla almışdılar. Komandir otağıma
gəlib, çox ədalı tərzdə
«polkovnik uşaqlarına
tərbiyə ver!
Aldıqları silahı geri
versinlər və üzr istəsinlər» deyə mənə əmr etdi. Onun hərəkətlərindən zara gəlmişdim. «Tərbiyəsiz özünsən»
deyib, qalstukundan yapışdım. Az qaldı boğulsun. Bayıra itələyib, «bir də mənim əsgərlərimə ilişmə!», - dedim. O gedən
oldu. Bundan sonra hərbi
hissədə vəziyyət
bizim xeyrimizə dəyişdi.
- Hərbi And qəbulu
necə oldu?
- Bizim birinci tabor Hərbi Andı 1991-ci il fevralın
8-də Şəhidlər Xiyabanında
içdi. Hamıda vətənpərvərlik hissi, döyüş ruhu vardı. And içmə mərasimində
deputatlar da iştirak edirdi. Hərbi Andı bizə general Dadaş Rzayev qəbul etdirdi. Mən taboru nizamlı şəkildə Hərbi
Anda gətirdim. Komandir olaraq Azərbaycan Ordusunun ilk andını da birinci olaraq
ictimaiyyət önündə
mən qəbul etdim. Andiçmədən bir neçə
gün sonra tağımlarımızı Qarabağın
müxtəlif bölgələrinə
göndərdik. İlk
şəhidimiz də
səhv etmirəmsə,
dekabrın ya 12-si, ya da 14-də Şuşa ətrafında
oldu. Bizim tağımlar Kərkicahan,
Malıbəyli, Nəbilər,
Kosalar kəndlərinin,
həmçinin Goranboyun
bir sıra kəndlərinin müdafiəsində
iştirak etdi. Goranboyda 1991-ci il
dekabrın 31-də tağım
komandirim, indi Veteranlar Cəmiyyətinin
sədri olan Füzuli Rzaquliyev kiçik bir əməliyyat keçirərək
bir neçə yüksəkliyi itkisiz geri aldı.
- O zamanın əsgərlərinin
döyüş ruhunu
necə qiymətləndirirsiniz?
- Mən şəxsən öz əsgərlərimdən
həmişə razı
olmuşam. Mənim əsgərlərim hər zaman «birinci batalyonun əsgəriyik» sözünü
qürurla deyib. Ən qanlı döyüşə
belə qorxmadan gedib. Rəhmətlik Aqil Quliyevin
bir tağımla Xocalını necə müdafiə etməsini yəqin ki çoxları
eşidib. Mənim
əsgərim Daşaltında
ölümə gözünü
qırpmadan getdi, Murovdağın qarlı qışında Kəlbəcəri
azad etməyə az qalmışdı.
Hansını deyim? Maraqlı bir
epizodu xatırlatmaq istəyirəm. 1994-cü ildə cəbhə komandanı idim. Bir erməni mayorunu əsir tutmuşduq. Danışırdı ki hücuma keçməzdən
əvvəl öyrənirik
görək bizim qarşımızda 701-in hansısa
taboru yoxdur ki... Bu özü
hər şeyi deyir. Adi bir briqada həm Ağdərədə,
həm Kəlbəcərdə,
həm də Laçında döyüşürdü.
Ağdərədə 12 kəndi azad
etmişdik, Laçında
da 40 kəndi. Laçın dəhlizinin 2 kilometrliyinə
çatmışdıq.
- General bu gün keçmiş
əsgərləri ilə
görüşürmü?
- Keçmiş əsgərlərim, döyüşdə mənimlə bir yerdə olmuş insanlar harada görsələr, hörmətimi saxlayır, yaxınlaşıb görüşür, hal-əhval tuturlar. Bu yaxınlarda metroda gedirdim. Vaqonda bir cavan oğlan qalxıb mənə yer verdi. Hal-əhval tutdu. Dedi ki mənim əsgərim olub. «Sahil»dən «Neftçilər»ə qədər yolda azı 5-6 nəfər yaxınlaşıb mənə «sizin əsgəriniz olmuşam» dedi. Mən əsgərimi sevmişəm və heç zaman əsgərimi başqa birisinin ayağına verməmişəm. Bəlkə də mənə bugünkü hörmət də ondan irəli gəlir. Fikirləşmişəm ki, qoy öləndə də «allah sənə rəhmət eləsin» desinlər. Gorumu söyməsinlər. Bir dəfə ermənilərlə Laçındakı Pir yüksəkliyindəki döyüşdə mənim bir neçə əsgərim şəhid olmuşdu. Gənclər idi. Orduya yenicə çağırılmışdılar. Həmin əsgərlərdən birinin valideyni həmin gün oğlunun yanına gəlmişdi. Heç nədən xəbərsiz bu hadisə baş verdi. Anasının ağlamağına dözə bilmədim. Keçmiş döyüşçülərdən ibarət tağıma tapşırıq verdim ki, yüksəkliyi bir saata geri alsınlar. Heç bir saat keçmədi. Yüksəklik geri alındı. Valideyni ora apardım, göstərdim ki, əsgərimin, oğlunun qisasını almışam. Postda 22 düşmən meyiti qalmışdı ki, onun da 15 nəfəri ya zənci, ya da başqa millətlərdən idi. Postu necə tutmalarını, oradakı əsgərlərimizi necə öldürmələrini videoya çəkmişdilər. O kaseti də ələ keçirdik. Bir dəfə Ağdərədə əsir aldığımız bir erməni «boyoviki» arsız-arsız «Xocalını gördünüz nə hala saldıq? Siz türklərin hamınızı o cür qıracağıq. Türk qadınları ermənilərə övlad doğacaq» deməsi məni özümdən çıxardı. Tapançanı çəkib yerindəcə vurdum.
- Sizin döyüş yolunuza bağlı maraqlı əhvalatlardan danışırlar.?
- Döyüş özü elə maraqlı əhvalatdır. Amma ölümü, itimi var. Mən bu müharibədə çox çətinliklər gördüm. Bir dəfə fişəng tapançası əlimdə partladı, barmağımı apardı. Minaya düşdüm, salamat qaldım. Yanımda mərmi partladı, otaqda saatlı bomba, Allah saxladı. Sizə maraqlı bir əhvalat danışmaq istəyirəm. Mənə general rütbəsini səngərdə təqdim ediblər. Səhv etmirəmsə, Kəlbəcərin Çərəkdar kəndi istiqamətində olub bu hadisə. Ermənilər hücuma keçmişdi. Yanıma bir neçə əsgər götürüb qarşılarına çıxdım. Geri çəkilməməyi, elə lazım gəlsə burda da öləcəyimizi dedim. Pulemyotu özüm götürmüşdüm. Uşaqlar yolu bağladılar, mən isə yanımda bir rabitəçi, bir də avtomatlı əsgər yüksəkliyə qalxıb düşmən piyadalarını atəşə tutduq. Bir BMP-lərini də vurmuşduq deyəsən. Ermənilər ratsiya ilə deyirdilər ki, «ara bu türklərə kömək gəldi. Möhkəm dirəniblər. Vəziyyət çətindir». Mən isə onlarda panika yaratmaq üçün rabitəçiyə tapşırdım ki, açıq kodla öz tərəfimizə belə məlumat ötürsün ki, guya «qırıcılarımız gəlir. Yerinizi dəyişin». Ermənilər bunu eşidib dərhal geri çəkildilər. Amma qırıcılar gəlmədi. Bu döyüşün qızğın vaxtı bir də gördüm ki, dostum, Müdafiə Nazirliyinin idarə rəisi Telman Mehdiyev gülə-gülə gəlir. Dedi ki səni təbrik edirəm. General rütbəsi almısan. Əvvəl elə bildim zarafat edir. Amma özü ilə gətirdiyi general paqonlarını mənə uzatdı və prezidentin əmrini göstərdi. Bir dəfə də mən, Telman Mehdiyev və artilleriyanın komandiri vardı, polkovnik Səlimov. Biz ona «ded» deyərdik. Əsgərlərə «odboy» vermişik. «Ded» hardansa bir qarpız gətirmişdi. Kəsmək istəyirdik ki, irəlidəki bölüklərdən biri rabitəyə çıxıb ermənilərin hücuma keçdiyini, vəziyyətin gərgin olduğunu dedi. Təcili artilleriya dəstəyi istədilər. Əsgərlər yorulmuşdu. Dərhal Səlimov koordinatları alıb topu hazırladı. Mən mərmiləri silib verir, Səlimov tuşlayır, Mehdiyev isə atəş açırdı. Sonradan öyrəndik ki bütün atışlarımız uğurlu alınıb. Hətta hədəfi görmədən ermənilərin bir BRDM-ni də vurmuşduq.
- General yenə döyüş üçün darıxırmı?
- Niyə darıxmıram? Gözümün önündə əsgərlərim şəhid oldu. Onların qanını almağa söz vermişəm. Torpaqlarımızı geri almaq üçün müharibənin başlanması mütləqdir. Prezident əmr versə, yaşıma və səhhətimə baxmadan günü bu gün döyüşə gedəcəm. Yadımda ikən, mən Qarabağın ən gözəl yerlərini görmüşəm və o yerlərin azad olunması üçün qan tökmüşük. O vaxtdan bir arzum var. Sərsəng su anbarının kənarında bir ev tikib ömrümün qalan hissəsini orada yaşayım.
- General mundirinizi geyinirsinizmi?
- Hazırda Müdafiə Nazirliyinin
Hərbi Elmi Mərkəzində işləyirəm.
Arabir rəsmi tədbirlərə dəvət
olunduqda geyinirəm.
Redaksiyadan: Bu müsahibəni
paylaşdığına görə Elnur Eltürkə təşəkkür
edirik!
Rəşad Süleymanov
Ədalət.- 2020.- 9
yanvar. S. 5.