Gözünüz aydın Flora xanım, Ağdam işğaldan
azad olub!: Ad gününüz mübarək!
23 iyul xarakteri, əqidəsi , xalqına münasibəti, insanlara hörməti və nəhayət sənəti
ilə sevilən-sevdiyim, xalq artisti Flora Kərimovanın
doğum gündü.
Adalet.az xəbər verir ki, korifey sənətkar 27 ildir ad gününü qeyd etmir. Çünki onun ad günü ilə Ağdamın işğalı eyni tarixə düşür. Bu gün isə (28-ci il) Flora xanım ad günü keçirə bilməyəcək. Çünki ötən həftə də qardaşı Akif Kərimov dünyasını dəyişib (Allah rəhmət eləsin)
Amma çalışacağam bu yazımla, onu sevənlərin, eyni zamanda ağdamlıların adından təbrik edim.
Vətənpərvər xanım, sözü bütöv qadın!
Hər il 23 iyul gözlədim ki, yəqin bu dəfə Flora xanım ad günü məclisi qurar, təntənə ilə yaxınlarını başına yığıb yeni yaşını qeyd edər... Hər dəfə Şəhidlər Xiyabanından geri dönəndə gözüm o xəbəri axtarıb. Amma yanılmışdım. Ad gününü 27 ildə bir dəfə də qeyd etmədi. Bir neçə il öncə belə bir hadisə oldu. Flora xanım nəinki ad günü keçirmədi, hətta belə bir sual verənlərə göz yaşlarıyla"Şəhidlərimin nənəsi yaşındayam. Bayram eləmək harama yaraşır? 23 iyul ad günüm yox, ən bədbəxt günümdü. Dərd, itki... Hər cavan balamız torpağa tapşırılanda onlarla bir yerdə mənim də canımdan bir parça torpağa tapşırılır. Bu gün mənə danışmaq çox çətindir. Yaralıyam. Ömür vəfa eləsə, məni Ağdamda təbrik edərsiniz”- cavabını da vermişdi.
Ötən il də ona israrla ad gününü keçirməyi məsləhət edənlərə:"Bu gün Ağdamın işğalından 27 il ötür! Anası qarabağlı olan mənim ad günümü unutduğum gündür! 27 ildir bu ağrı mənim, millətimin təqvimindədir. Bir ana övladının yoxluğuna ağlayırsa, bir övlad atasız qalıbsa, ürəyim sevinə, üzüm gülə bilməz! Haqqım yoxdur! Bağışlayın məni! Bağışlayın ki, yazılan hər xoş sözünüzə, hər yazınıza, sayğınıza tək-tək münasibət fürsətim olmur. Ancaq Sizlərə - xalqa hər zaman təzimim var. Var olun".
Təkrarsız sənətçinin mübarizə yolu...
Flora Kərimova 1941-ci il iyulun 23-də dünyaya göz açıb.
Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Yüksək sənət keyfiyyətləri ilə bərabər, insani keyfiyyətləri çox yüksək olan bir şəxsiyyət kimi üzdə olub.Odur ki, həyatı təqiblər və qadağalarla keçib.
Flora Kerimova ilk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən Qarabağ şikəstəsini oxuyub. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirib. Lakin Bakıya qayıtdıqdan sonra o dövrkü Mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırmışdılar.
"Ermənistan
SSR xalq artisti adı" qalmaqalı
Ən uzunmüddətli qadağanın tarixcəsi
isə daha maraqlı olub. O dövrdə Moskvada belə qərara alınmışdır ki,
hər respublikadan bir nəfərə
SSRİ Xalq artisti adı verilsin. Flora Kərimovanın Moskvanın Mərkəzi Televiziyasının sifarışı
ilə çəkilmiş
musiqili filmdəki ifasından mütəəssir
olan SSRİ Mədəniyyət
Nazırliyinin əməkdaşları,
Azərbaycandan seçiləcək
sənətkarın Flora Kərimova
olmasını istədiklərini
bildirmişdirlər. Bu
qərarın əsas
səbəbi sənətkarın
fantastik ölçülərə
malik səs imkanlarının olması
idi və bundan əlavə FLora Kərimova bir çoxlarından fərqli olaraq, Ali Musiqi Təhsilinə malik idi. Həm Asəf Zeynallı adına
musiqi məktəbini,
həm də Konservatoriyanı bitirmişdir,
həm də rus dilini sərbəst
bilirdi. Bunlar o dövrdə, ziyalı
üçün vacib
şərtlər idi.
Lakin son anda elə sənətkarın
özü bu məsələni alt-üst
etdi. Belə ki, o dövrdə SSRİ Xalq artisti adını
almaq üçün
əvvəl Azərbaycan
SSR Xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını
almaq lazım idi və ancaq
bundan sonra SSRİ xalq artisti adını
verəcəkdilər. Əvvəlcə
hər şey yaxşı getsə də, söhbət Ermənistan SSR xalq artisti adına
gəldikdə Flora Kərimova
qətiyyətlə fəxri
adları almaqdan imtina etdi.
Buna görə
SSRİ hakimiyyəti Flora xanıma
aid olan bütün əsərləri arxivdən
silməyə başlayır.
Lakin xalqın sevgisi nəticəsində sənətkara
aid əsərlərin əksəriyyətinin
2-ci nüsxəsi gizlədilərək
bu günümüzə
kimi gəlib çatıb.
Tankın
qabağına getmişəm,
erməni əsgərlərinin
üzərinə yerimişəm...
Flora Kərimova daima
xalqın içində
olub. Xeyirində də, şərində
də. 1990-cı ildə 20 Yanvar hadisəsi törədiləndə
meydana çıxan yeganə sənətçi
Flora xanım idi.
O, 20 Yanvar hadisələrini
belə xatırlayır:
"Sənət adamları arasında ümumiyyətlə,
mübarizədə heç
kimi görmədim” deyir: "Əksinə, bir sənət adamı mənə küçəyə çıxdığım
üçün rişxənd
edirdi. O, dünyasını
dəyişib, Allah rəhmət
eləsin, ad çəkmək
istəmirəm. Küçədə mən qadınları qabağa-əsgərlərin üstünə
aparanda, orada ermənilər də var idi. Allah o dünyasını versin, həmin xalq artisti MDB klubunun qarşısında
dayanmışdı. Çox istehza
ilə mənə baxırdı. Xatırlayıram ki, qadınlar zəncirvari bir-birinin qoluna girmişdilər.
Qabaqda mən gedirdim, arxamda bir qadın
gedirdi, əynində qara köynək vardı. Şəklimiz
də var. Çöndüm,
arxaya baxdım görüm kim
gəlir. Gördüm ki, arxamda mötəbər elm qadınları
var. Onların arasında
Əminə Dilbazini gördüm, ürəyim
dağa döndü.
Mən risk olan yerdə həmişə olmuşam, amma heç bir sənət adamına orada rast gəlməmişəm.
Tankın qabağına getmişəm,
erməni əsgərlərinin
üzərinə yerimişəm,
onları yoldan qaytarmışam. Amma bir sənət adamını
yanımda görməmişəm.
O günləri xatırlamaq
mənə üçün
çox ağırdır.
Ayaqlarını paçalayıb, yalandan "Vətən, Vətən” deyə qışqıranlara nifrətim
var. Hansısa müğənni
vətənpərvərlik mövzsunda mahnı oxuyanda, özlüyümdə
düşünürəm ki, birdən hardansa bir güllə
səsi eşidildi, səni hansı çarpayının altından
çıxaraq? ”
Yubiley iliniz mübarək, Ağdamlı günlərdə
xoşbəxt olun!
Əsl Azərbaycan xanımı, əsl qarabağlı, əsl ana, əsl vətənpərvər və nəhayət əsl əsilzadə xanımın ötənilki fikirləri xatırlayaq:"Son hadisələr ümid verir ki, Şuşamı, Ağdamımı, Qarabağımı görə biləcəyəm. O zəfər günü fərəhimə, qürurlanmağıma səbəb olacaq ki, bu acı günlər qələbəmizlə tariximizin səhifələrində qalacaq!”
Bu gün rəşadətli Azərbaycan Ordusu gözümüzn yaşına bələnmiş işğal tarixini gündəmimizdən birdəfəlik silib. Deməli qarşıdan gələn illərdə səsinin, xanımlığının, gözəlliyinin vurğunu olduğumuz Flora Kərimovanın təntənəli doğum günü qonaqlığında ürək sözlərimizi onun özünə elə ürəklə deyə biləcəyik!
Gözünüz aydın Flora xanım. Ağdam işğaldan azad olub! Ad gününüz-80 yaşınız mübarək! Ruhu, qəlbu uşaq ruhu, uşaq qəlbi qədər təmiz olan Flora xanım! Necə gözəl illərə!
Əntiqə Rəşid
Ədalət.- 2021.- 24 iyul.- S.16.