DANIŞAN KURQANLAR

  Hər bir xalqın özünəməxsus tarixi var bu tarix zaman-zaman araşdırılır. Təbii ki, həqiqi tarixi olan həmin o tarixi gerçəkliyə, faktlara söykənən xalqlar heç vaxt başqasının tarixinə əl uzatmır, onu mənimsəməyə, özününküləşdirməyə çalışmır. Çox təəssüf ki, bu gün başqasının tarixinin şanlı, maraqlı səhifələrini özününküləşdirməyə bununla da özünə tarix yaratmağa çalışan bir düşmənlə çəpər qonşusu olmağa məcburuq. Bizim istəyimizdən asılı olmadan tarixi bizi Ermənistanla olmayan bir dövlətin gəlmə nümayəndələrilə qonşu edib. böyük dövlətlərin həm çirkin, həm böyük siyasətləri erməni kimi hər bir məqama yarayan, hər bir durumda istifadə olunan milləti alətə çeviribdi. Ondan öz məqsədləri üçün istifadə edərək siyasətini gerçəkləşdirib.

Təbii ki, öncə vurğuladığımız məcburi qonşuluq bizim həyat səviyyəmizə, elə tariximizin özünə bu ya digər şəkildə təsirsiz ötüşməyib. Lakin bir gerçək var ki, biz nəyisə kimdənsə öyrənəndə ona istinad etməyi özümüzə borc bilirik. Amma düşmənlərimiz istinad əvəzinə mənimsəməyə üstünlük verir, özününküləşdirməyi həyat devizinə çevirir.

Bu mənada Yuxarı Qarabağın tarixi abidələri özü-özlüyündə mövcud durumu ilə hər şeyi diktə edir. Hələki işğal altında olan bu ərazilərdə düşmən abidələrimizi özününküləşdirməklə məşğuldu. Amma bir gerçək var ki, onu qürurla vurğulamaq lazımdı.

Belə ki, Azərbaycanın hər qarış torpağı tarixdi, hər qarış torpağında dünyaya göstəriləcək nələrsə var. Əgər arxeoloqlarımızın araşdırmalarına, tapıntılarına, apardıqları qazıntılara diqqət yetirsək, onda söylədiklərimizin qədər həqiqət olduğuna şübhə yeri qalmaz.

Bax, bu mənada götürəndə ölkənin hər bir istiqamətində aparılan arxeoloji qazıntılar tariximizə hədiyyə verməklə yanaşı, bizə kimliyimizi təkrar-təkrar xatırlamaq imkanı da yaradır.

İstər şimal bölgəsində, istər cənubda, istər aranda, istər digər ərazilərimizdə, xüsusilə Naxçıvanda aparılan qazıntılar bizim arxeologiya elmimizin inkişafına, onun dünya tarix elminə hədiyyələr verməsinə şərait yaratmışdı. Bu mənada cənub bölgəsində aparılan qazıntıların önəmi xüsusilə qeyd edilməlidir. Çünki cənub qonşularımızla olan ilişkilər qarşılıqlı maraq doğuran mövzular, axtarışlar tariximizin zənginləşdirilməsi baxımından da önəmlidir.

Bu gün AMEA-nın Tarix İnstitutunun əldə etdiyi uğurlara diqqət yetirəndə onda arxeoloqların da fəaliyyəti diqqət çəkdi. Öyrəndik ki, Tarix İnstitutunun arxeoloji ekspedisiyası bu gün öz planına uyğun olaraq axtarışlarını davam etdirməkdədir. Bu axtarışların uğurlu nəticələri kifayət qədərdir həmin nəticələr tarix elmimizə, eləcə bütövlükdə xalqımızın tarixinə uğurlu əlavələrdir.

Məhz bu mənada məsələyə yanaşanda, onda hər bir qarış torpağımızın dəyəri birə min artır.

Yeri gəlmişkən, arxeoloqlarımızın hələ 1989-cu ilin yayında apardıqları təhqiqat işləri zamanı AMEA-nın Tarix İnstitutunun cənub arxeologi ekspedisiyası yeni bir səhifə açmışdı.

Belə ki, ekspedisiyaya rəhbərlik etmiş tarix elmləri doktoru, arxeoloq Abuzər Ələkbərovun öz həmkarları ilə birlikdə üzə çıxardıqları kurqan-qəbirlər böyük bir ərazini əhatə edir. Bir az da dəqiq ifadə etsək. Məhz Abuzər Ələkbərovun rəhbərliyi altında arxeoloji ekspedisiyanın Masallı rayonu üzrə işləyən dəstəsi bu rayonun Əmirtürbə kəndi ərazisində uyuyan bir tarixin üstünü açıbdı. Bu tarix isə özü ilə birlikdə xeyli sirlərin ipucunu alimlərimizin ixtiyarına veribdi.

Aparılan qazıntılar zamanı məlum olub ki, Əmirturbə kəndi ərazisində qədim bir qəbirsitanlıq var. Bu qəbiristanlıqda diqqəti çəkən, hətta nadir tapıntılar arxeoloqları özünə cəlb edib.

aparılan qazıntılar zamanı uzunluğu 2,125 metr olan qəfəsvari hörgünün ətrafında xeyli bəzək əşyaları üzə çıxıbdı.

Bu bəzək əşyaları içərisində müxtəlif formalı muncuqlar, tunc bilərziklər, qadın-bəzək əşyaları sairə olubdu. Təbii ki, bu tapıntı qazıntı işlərinə marağı bir az da artırıb.

daha geniş əhatədə aparılan qazıntılar zamanı buradan astroloji qalıqlar da ortaya çıxıbdı. Alimlərimizin araşdırması zamanı məlum olub ki, həmin qalıqlar cavan qıza məxsusdur.

Bəli, Əmirtürbə qəbiristanlığında aparılan qazıntılar vaxtı alimləri təəccübləndirən bir məqam da olubdu. Bu da dəfn mərasimi ilə bağlıdır.

Həmin qazıntılarda iştirak etmiş arxeoloqların fikrinə görə, bu gün dəfn mərasimi Azərbaycan ərazisində ilk dəfə diqqəti çəkib. Yəni alimlərimiz uzun illərin axtarışları nəticəsində ilk dəfə olaraq kvadrat şəkilli qəbirlərlə qarşılaşıblar. Həmin qəbirlərin uzunluğu 4, eni isə 1,8 metrdir.

Arxeoloqlarımızın hesabatlarından məlum olur ki, Əmirturbə qəbiristanlığında tapılan qəbirlərin döşəməsi rəngli maye ilə suvanıb. Sonra qəbrin içərisində tonqal qalanıb.

Bundan sonra dəfn mərasimi icra olunub. Yəni meyit hələ tam sönməmiş odun üstünə yerləşdirilmişdi. Buradakı digər bir maraqlı cəhət odur ki, həmin qəbrin ayaq tərəfində iki ədəd saxsı qab aşkar olunmuşdur.

Saxsı qabın biri bütövdü, digəri isə sındırılıb. Alimlərimiz düşünür ki, bu, dəfn mərasiminin icrası zamanı bir qayda, bir adət olaraq bəlkə dəfnin iştirakçıları tərəfindən bəlkə sındırılıb.

Ehtimal olunur ki, tapılmış sümük qalıqlarının bəzi hissələri yanıbdı. Bu da onu deməyə əsas verir ki, həmin dövrün adətinə görə, dünyasını dəyişənin meyiti dəfn zamanı müqəddəs hesab olunan oda verilirmiş. Hər halda, bunun özü onu göstərir ki, tariximizin inancımızın bir ünvanı olan oda sitayiş, atəşpərəstlik barəsində yazılanların, deyilənlərin kökü çox-çox uzaq qərinələrə gedib çıxır.

Son qazıntılar zamanı Əmirtürbə qəbiristanlığı ərazisindəki kurqan-qəbirlərdən kənd təsərrüfatı alətləri, o cümlədən dəmir baltalar da tapılmışdı. Fikrimizi tamamlayaraq bildirmək istəyirik ki, tapılan maddi-mədəniyyət nümunələri Azərbaycan ərazisində bütün təsərrüfat sahələrinin bu ya digər formada inkişaf etdirildiyini sübut edir. Yəni tarixin faktı hər şeyi öz yerinə qoyur.

 

ƏBÜLFƏT MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Ədalət.- 2020.-18 iyul.- S. 4.